Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-29/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, iddiaçı “xxxx” ASC cavabdeh “xxxx” MMC-yə qarşı (X4 3-cü şəxs qismində cəlb edilməklə) “əmlakın qanunsuz sahiblikdən geri alınması və pul” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-128/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən (hakim S.Nuriyeva) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı “xxxx” ASC cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən iddiaçı “xxxx” ASC-nin xeyrinə 80000 (səksən min) manat məbləğində pul vəsaitinin tutulması, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 615-ci məhəllədə istifadədə olan birmərtəbəli 965 kv.m əsas sahədən ibarət 2 növ qeyri-yaşayış binasının cavabdeh “xxxx” MMC-nin qanunsuz sahibliyindən alınması, həmin qeyriyaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı X4 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-128/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-128/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2021-ci il tarixə təxirə salınmış, məhkəmənin iclasında iştirak edən tərəflərin nümayəndələri barışıq sazişini məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə barışıq sazişini işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, barışıq sazişinin şərtləri təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)- 128/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)- 128/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 261-262, 263-264, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.
1. İddiaçı ********** qeydiyyat nömrəsi, **********78-06301 reyestr nömrəsi ilə İddiaçı ASC- nin adına mülkiyyət hüququ ilə qeydiyyata alınmış Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 2615-ci məhəllədə yerləşən ümumi sahəsi 965 m2 olan qeyriyaşayış binası üzrə xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün icarə haqqı ödənilməsi və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması barədə tələblərindən imtina edir. Bu iddiadan imtina gələcəkdə həmin predmet üzrə tələbin digər cavabdehlərə yönəldilməsini istisna etmir.
2. Cavabdeh qeyri-yaşayış sahəsindən icarə hüququ əsasında istifadə etməkdə davam edir.
3. Cavabdeh xx.xx.2020-xx.xx.2020-ci il dövrü üzrə cəmi ƏDV xaric 360 000 (üç yüz altmış min) manat illik icarə haqqını bu barışıq sazişi qüvvəyə mindikdən sonra 60 (altmış) gün ərzində iddiaçıya ödəyir.
4. Barışıq sazişi qüvvəyə mindikdən sonra tərəflər arasında aylıq icarə haqqının xx.xx.2021- xx.xx.2021-ci il dövrü üzrə ƏDV xaric 30 000 (otuz min) manat olmasını, xx.xx.2021-ci il tarixindən sonrakı dövr üçün isə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar vəziyyətdən asılı olaraq qarşılıqlı razılaşdırılmasını nəzərdə tutan icarə müqaviləsi bağlanılacaq.
5. İddiaçı mülkiyyətçi kimi qeyri-yaşayış sahəsi ilə bağlı qüvvədə olan qanunvericilikdən irəli gələrək bütün öhdəlik və vəzifələri icra edir, qeyri-yaşayış sahəsinin texniki təhlükəsizlik, sanitariya-gigiyena, həmçinin insanların sağlamlığı üçün zəruri digər müvafiq normalara uyğun halda cavabdehə təhvil verir.
6. Cavabdeh iddiaçı ilə razılaşdırmaqla qeyri-yaşayış sahəsi ilə bağlı, binanın xarici konstruksiyasına zərər yetirməmək şərti ilə, öz mülahizəsinə əsasən əsaslı və carı təmir, abadlaşdırma, montaj, quraşdırma işlərini, həmçinin qurğu, avadanlıq və s. quraşdırılmasını həyata keçirmək hüququna malikdir və qeyri-yaşayış sahəsi ilə bağlı kommunal (su, qaz, elektrik enerjisi, kanalizasiya, zibil daşınması və s.) xidmət haqlarını öz hesabına ödəyir.
7. Bu barışıq sazişinin qüvvədə olduğu dövr ərzində mülkiyyət hüququnda dəyişiklik baş verərsə, iddiaçı belə dəyişikliyin baş verdiyi tarixdən dərhal, lakin hər bir halda 3 iş günündən gec olmayaraq cavabdehə rəsmi məlumat verməlidir.
8. İddiaçı üçüncü şəxslərin, o cümlədən keçmiş mülkiyyətçi X2 cavabdehin qeyriyaşayış sahəsindən istifadəsinə mane olmamasını təmin etmək, belə maneələr (o cümlədən, məhkəmə qərarları ilə müəyyən edilən təmin tədbirləri) yarandığı halda öz hesabına həmin maneələri və onun nəticələrini aradan qaldırmaq və bu maneələri dəf edən məhkəmə qərarları barədə məlumat vermək, belə hallara və onlardan irəli gələn nəticələrə, o cümlədən xx.xx.2020-ci il tarixindən sonrakı dövr üçün ödəniləcək icarə haqlarına görə risk və məsuliyyəti tam olaraq daşımağı öz üzərinə götürür.
9. Cavabdeh 30 (otuz) gün əvvəldən yazılı bildiriş verməklə qeyri-yaşayış sahəsindən istifadəni dayandıra bilər.
10. Bu sazişin 3-cü və ya 4-cü bəndi Cavabdeh tərəfindən icra edilməzsə Sazişə İddiaçı tərəfindən birtərəfli qaydada xitam verilə bilər.
Tərəflər arasında barışıq sazişi bağlanması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-128/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.