Məhkəmə qərarları › İş №2-2(103)-333/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-333/2021

16.03.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-333/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3128/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı2 MMC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli 031119 saylı akt əsasında hesablanmış 6060 manat və xx.xx.2020-ci il tarixli NDQ 008036 nömrəli akt əsasında hesablanmış 5705,01 manat elektrik enerjisi borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-3128/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Xəzər-Y” Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2020-ci il tarixli 031119 saylı akt əsasında hesablanmış 5011,94 manat (beş min on bir manat doxsan dörd qəpik), xx.xx.2020-ci il tarixli NDQ 008036 nömrəli akt əsasında hesablanmış 5705,01 manat (beş min yeddi yüz beş manat bir qəpik) məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh “xxxx” ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə xx.xx.2020-ci il tarixli 031119 saylı aktla bağlı mübahisəyə EEİQ-nin 8.16-cı bəndini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Belə ki, həmin aktla müəyyən edilən hal - güc transformatorunun zədələnməsi və sayğacın yanaraq sıradan çıxması EEİQ-nin 8.16-cı bəndində nəzərdə tutulan uçotun istehlakçının təqsiri olmadan müvəqqəti pozulması halını ifadə etmişdir. Ona görə də, xx.xx.2020-ci il tarixli 197184 saylı aktla sayğac yenisi ilə əvəzlənmiş və xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən aktda göstərilən halla əlaqədar istehlakçı ilə 1 ay müddətinə hesablaşma aparılaraq, 163 kvt (sayğacın göstəricisi) x 80 əmsal (cərəyan transformatorunun əmsalı) : 6 gün x 31 gün = 67373 kvts sərfiyyat (6063,57manat) hesablanmışdır. Həmçinin iddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama heç də onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və “X1 Qaydaları”na riayət olunması vəziyyətini yoxlamışdır. Bu səbəbdən, məhkəmənin qeyd etdiyi normalar hazırkı iş üzrə mübahisəyə tətbiq edilə bilməzdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X5 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır. İddiaçıya məxsus Abşeron rayonu, Güzdək qəsəbəsi, Qızılqaya ərazisində yerləşən daş karxanasında xx.xx.2020-ci il tarixdə güclü külək nəticəsində xətt qırılaraq həmin obyektə gedən xəttin üstünə düşmüş, nəticədə güc transformatorları zədələnmiş və elektrik sayğacı tamam sıradan çıxmışdır. Cavabdehin əməkdaşları iddiaçının çağırışı əsasında baş vermiş qəza səbəbindən baxış keçirilməsi üçün dəvət edilmiş və “xxxx” ASC tərəfindən məlum təbii hadisə zamanı baş vermiş qəza nəticəsində xx.xx.2020-ci il tarixli 031119 nömrəli akt tərtib olunmuşdur. Elektrik sayğacı laboratoriya yoxlamasından keçmiş və yoxlama zamanı sayğacın ekran tablosunun işləmədiyi və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Xətdə gərginliyin olmaması səbəbindən yükü ölçmək mümkün olmamış və hesabatın keçən aya uyğun aparılması və yeni sayğacın quraşdırılması aktda qeyd olunmuşdur. Həmin akt əsasında iddiaçıya 67373 kvts elektrik enerjisi sərfiyyatına görə (31 gün üçün) 6063,57 manat borc hesablanmışdır. Abunə haqqında məlumata görə iddiaçının aprel ayı üçün elektrik enerjisi sərfiyyatının məbləği 835,20 manat, mart ayı üçün 1180,80 manat, fevral ayı üçün 1828,80, iyun ayı üçün 2059,20 manat, iyul ayı üçün 1449,20 manat olmuşdur. Həmçinin iddiaçı tərəfindən may ayı ərzində istifadə etdiyi elektrik enerjisinə görə 233,54 manat ödəniş edilmişdir. Bundan başqa iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış elektrik sayğacına “xxxx” ASC-nin nümayəndələri tərəfindən baxış keçirilmiş və xx.xx.2020-ci il tarixli NDQ 008036 nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən sayğacın yaddaşı oxunan zaman müəyyən müddət ərzində sayğacdan keçən yükün qeyd olunmaması aşkarlanmış, obyektin sayğacı yeni sayğacla əvəzlənmiş, əvvəlki sayğacın yaddaşının oxunması üçün laboratoriyaya göndərilmişdir. Qüsur kimi müxtəlif vaxtlarda gərginlik və cərəyan kəsilmələrinin aşkarlandığı göstərilərək xx.xx.2020-ci il tarixdə iddiaçıya 5705,01 manat məbləğində borc hesablanmışdır. İddiaçı bildirir ki, xx.xx.2020-ci il tarixli aktla hesablama əvvəlki aylara uyğun aparılmalı olduğu halda, 1 ay üçün 6060 manat məbləğində sərfiyyatın hesablanması əsassızdır. Bundan başqa, onun tərəfindən işıq pulu vaxtlı-vaxtında ödənilməsinə baxmayaraq, xx.xx.2020-ci il tarixli akt əsasında onlara borc hesablanması tamamilə qanunsuz və əsassızdır. Bundan başqa, yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmədən, bu sahədə olan qanunvericilik normalarının pozulması ilə aparılmışdır. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.8-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsinin təqsiri olmadan, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasındakı hesablaşma elektrik sayğacının işi pozulduqda, elektrik enerjisinə görə hesablaşma tərəflərin razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğacının normal işi dövlət elektroenergetika müəssisəsi tərəfindən bərpa olunmalıdır. Hazırki işdə də güclü külək nəticəsində elektrik xətti qırılaraq iddiaçıya məxsus daş karxanasına gedən xəttin üstünə düşmüş, nəticədə güc transformatorları zədələnmiş və elektrik sayğacı tamam sıradan çıxmış, bu barədə tərtib olunmuş xx.xx.2020-ci il tarixli 031119 nömrəli aktda elektrik enerjisinə görə hesabatın əvvəlki aya uyğun aparılması qeyd olunmuş, lakin hesablama əvvəlki aylara uyğun olaraq aparılmamışdır. Belə ki, bununla bağlı birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, aktın tərtib edildiyi may ayı üçün sərfiyyatın hesablanması əvvəlki aylara uyğun aparılmalı, əvvəlki üç ayın (fevral, mart, aprel) sərf məbləğləri toplanıb, 3-ə bölünməklə orta aylıq sərfiyyat məbləği çıxarılmalıdır. Alınan ((1180,80+1828,80+2059,20):3=1281,6) 1281,6 manat məbləğdən may ayı ərzində istifadə edilən elektrik enerjisinə görə ödənilən 233,54 manat çıxılmalı (1281,6-233,54=1048,06), alınan 1048,06 manat məbləğ may ayı üçün iddiaçı tərəfindən cavabdehə ödənilməli olan borc olaraq müəyyən edilməli, qalan 5011,94 manat (mübahisələndirilən 6060-1048,06=5011,94) məbləğində borc silinməlidir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin hissədə iddianın qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Həmçinin kollegiya hesab edir ki, xx.xx.2020-ci il tarixli NDQ 008036 nömrəli akt əsasında hesablanmış 5705,01 manat məbləğində borcun silinməsi hissəsində də iddia əsaslıdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Lakin cavabdeh mübahisəli yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmişdir. Belə olan halda isə həmin yoxlama nəticəsində hesablanan borc iddiaçıdan tələb oluna bilməz. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3128/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar