Məhkəmə qərarları › İş №2-2(103)-367/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-367/2024

29.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-367/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kooperativ üzvləri olan X4, Ayhan Çalbaya, X2, Əli-zadə Dilarə Famil qızına, X5 və X1 pay haqlarına uyğun ödənilməli olan 1,416,060.00 (bir milyon dörd yüz on altı min altmış) manat divident məbləği və dövlətin büdcəsinə ödənilməli olan 228,028.00 (iki yüz iyirmi səkkiz min iyirmi səkkiz) manat divident vergisi, 410 (dörd yüz on) manat mediasiya xərcinin cavabdehlərdən tutularaq iddiaçının kassasına qaytarılması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli e-2-2(113)-6226/2023 qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı kooperativ üzvləri olan X4, Ayhan Çalbaya, X2, Əli-zadə Dilarə Famil qızına, X5 və X1 pay haqlarına uyğun ödənilməli olan 1,416,060.00 (bir milyon dörd yüz on altı min altmış) manat divident məbləği və dövlətin büdcəsinə ödənilməli olan 228,028.00 (iki yüz iyirmi səkkiz min iyirmi səkkiz) manat divident vergisi, 410 (dörd yüz on) manat mediasiya xərcinin cavabdehlərdən tutularaq iddiaçının kassasına qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-6226/2023 saylı qərardadı ilə İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və X6 qarşı kooperativ üzvləri olan X4, Ayhan Çalbaya, X2, Əli-zadə Dilarə Famil qızına, X5 və X1 pay haqlarına uyğun ödənilməli olan 1,416,060.00 (bir milyon dörd yüz on altı min altmış) manat divident məbləği və dövlətin büdcəsinə ödənilməli olan 228,028.00 (iki yüz iyirmi səkkiz min iyirmi səkkiz) manat divident vergisi, 410 (dörd yüz on) manat mediasiya xərcinin cavabdehlərdən tutularaq iddiaçının kassasına qaytarılması barədə iş üzrə icraata xitam verilmişdir. İddiaçı MTK şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-6226/2023 saylı iş üzrə icraata xitam verilməsinə dair qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qərardad qəbul edilərkən Bakı Kommersiya Məhkəməsi mülki hüquq münasibətləri ilə bağlı mübahisələrin həll edilməsinin prosessual prinsiplərini və qaydalarını pozmuşdur. Bundan əlavə, məhkəmə hazırki mübahisə ilə bağlı hüquq münasibətlərini tənzimləyən normativ xarakterli aktları ətraflı araşdırmamışdır. İddiaçı Mənzil Tikinti Kooperativinin təsisçilərinin ümumi yığıncağının 18 sentyabr 2023-cü il tarixli iclasının Protokol qərarında Kooperativ üzvləri - X4, Ayhan Çalbaya, X2, Əli-zadə Dilarə Famil qızına, X5 və X3 ödənilməli olan 1,416,060.00 manat dividentin cavabdehlər tərəfindən kassaya qaytarılması qərara alınmışdır. Bu divident məbləğinin cavabdehlər tərəfindən qaytarılmasının həyata keçirilməsi mümkün olmamışdır. O səbəbdən mümkün olmamışdır ki, ödənilməli olan vəsait Kooperativin əvvəl sədri işləmiş Cavabdeh1 və Kooperativin üzvü X8 tərəfindən mənimsənilmişdir. Bu mənimsəmə faktı Kooperativin hazırki sədri Fazil Nəhmətovun ümumi yığıncaqda məruzəsində aşkar olunmuşdur. Belə ki, qeyd edilən məbləğ Kooperativin kassasında müəyyən olunmamışdır və həmin vəsait cavabdehlər tərəfindən mənimsənildiyindən MTK-nın kassasına qaytarılmamışdır. Kənar auditor şirkəti olan “X7” Məhdud Məsuliyyəti Cəmiyyətinin "xxxx" Mənzil Tikinti Kooperativinin Sumqayıt şəhəri, H. Əliyev prospekti 16-cı məhəllə ünvanında inşa edilmiş 16 mərtəbəli (mansardlı) 2 girişli yaşayış binasının tikintisinə çəkilmiş xərclərin, yaşayış və qeyri-yaşayış sahələrindən daxil olmuş vəsaitin və təsisçilərlə hesablaşmanın auditinin nəticələrinin təsdiqinə dair ümumi yığıncağın 18 sentyabr 2023-cü il tarixli iclasının Protokol qərarında xüsusilə külli miqdar təşkil edən 1,416,060.00 manat divident və 228,028.00 manat divident vergisinin cavabdehlər tərəfindən ödənilməli olunduğu qərara alınmışdır. Ümumi yığıncaqda sədrin məruzəsində məlum olmuşdur ki, divident və divident vergisi Kooperativin əvvəl sədri işləmiş Cavabdeh1 və Kooperativin üzvü X8 tərəfindən mənimsənilmişdir. Bununla da bu vəsaitlərin qaytarılması ilə bağlı məhkəmədənkənar və məhkəmə qaydasında tədbirlərin görülməsi ümumi yığıncaq tərəfindən MTK-nın sədrinə tapşırılmışdır. Vəsaitlərin cavabdehlərdən tutularaq aidiyyəti üzrə ödənilməsini təmin etmək üçün Pretenziya və mediasiya qaydasında müvafiq tədbirlərin görülməsinə baxmayaraq vəsait cavabdehlər tərəfindən qaytarılmamışdır. Ümumi yığıncağın qərarının icrası olaraq iddiaçının məhkəmədənkənar qaydada başqa təsir vasitəsi olmadığına görə əmlak hüquqlarının müdafiəsi məqsədilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə mübahisəyə baxmaqdan əsassız imtina edərək iş üzrə icraata xitam vermişdir. Bakı Kommersiya Məhkəməsi iddiaçı tərəfindən işin materiallarına əlavə edilən mötəbər sübutlarına obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Məhkəmə həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi olmadığı halda, məhkəmə sübutları tədqiq etmədən səhv nəticəyə gəlmişdir. Məhkəmə işin aşkar mübahisəsiz hallarını belə müəyyən edə bilməmişdir. Bakı Kommersiya Məhkəməsinin qərardadında gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Bunu işin materiallarında olan sübutlar təsdiq edir. Məhkəmə qərardadında qeyd edir ki, kooperativdən payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir və də, kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə məhkəmə qaydasında baxılmalı deyildir. Məhkəmə nəzərdən qaçırmışdır ki, hazırki mübahisə ilə məhkəməyə müraciətin edilməsi İddiaçı MTK-nın təsisçilərinin ümumi yığıncağının 18 sentyabr 2023-cü il tarixli iclasında qərara alınmışdır. Yəni ümumi yığıncaq iddiaçının ali idarəetmə orqanıdır, bu orqanın məhkəməyə müraciətin edilməsi hüququndan istifadə edilməsi qərarını məhkəmə əhəmiyyət verməmişdir. Qanunvericidə bu orqandan üstün orqanın olması yoxdur. İddiaçı MTK-nın dividenti Sumqayıt şəhəri, H. Əliyev prospekti 16-cı məhəllə ünvanında inşa edilmiş 16 mərtəbəli (mansardlı) 2 girişli yaşayış binasının tikintisinə çəkilmiş xərclərin, yaşayış və qeyri-yaşayış sahələrindən daxil olmuş vəsaitin və təsisçilərlə hesablaşmanın auditinin nəticələrinin təsdiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, bu dividentin ödənilməsi qaydası Mülki Məcəllənin 110-2.1, 110-2.2-ci maddələrində nəzərdə tutulmuşdur. Məhkəmə qərardadında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110-2.1, 110-2.2-ci maddələri istisna olmaqla digər maddələrə qərardadında istinad etmişdir ki, bu maddələri hazırki mübahisəyə düzgün tətbiq edə bilməmişdir. Halbuki, məhkəmə Mülki Məcəlləsinin 110-2.1, 110-2.2-ci maddələrini tətbiq etməklə düzgün nəticəyə gələ bilərdi. İddiaçı “mənimsənilmiş divident məbləğinin və divident vergisinin qaytarılmasına dair” iddia tələbinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim etmişdir. İşin icraata götürülməsi və mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilməsi üçün iş materiallarında yetərincə sübutlar mövcuddur. Hazırki mübahisə ilə bağlı hazırki tarixə yeni sübutlar mövcud deyildir. Bakı Kommersiya Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və kommersiya işinin materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli e-2-2(113)-6226/2023 qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, kooperativdən payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir və də, kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. 109.6-cı maddəsinə əsasən əlavə əmlak pay haqqı üzv tərəfindən bu Məcəllənin 109.5-ci maddəsində göstərilən pay haqqından əlavə, öz arzusu ilə ödənilən və kooperativ ödənişlərindən (əsas kooperativ ödənişlərindən) başqa, həmçinin dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ verən paydır. 109.7-ci maddəsinə əsasən üzvlük haqqı iştirakçının kooperativ üzvlüyünə daxil olması zamanı bununla bağlı xərclərin ödənilməsi üçün verilən pul məbləğidir. Kooperativ üzvünün kooperativ ödənişləri (əsas kooperativ ödənişləri) və dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ vardır. 109.9-cu maddəsinə əsasən dividend (əlavə kooperativ ödənişləri) yalnız səs hüququna malik olan üzvlərə onların əlavə əmlak pay haqlarına və kooperativin ortaq (assosiativ) üzvlərinin mütləq əmlak pay haqlarına mütənasib surətdə ödənilən kooperativ mənfəətinin bir hissəsidir. 109-4.1.5-ci maddəsinə əsasən kooperativin üzvlərinin mənfəətin bölüşdürülməsində iştirak etmək və digər ödənişləri almaq hüququ vardır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı iddia tələbində cavabdehlərə qarşı pay haqlarına uyğun ödənilməli olan 1,416,060.00 (bir milyon dörd yüz on altı min altmış) manat divident məbləği və dövlətin büdcəsinə ödənilməli olan 228,028.00 (iki yüz iyirmi səkkiz min iyirmi səkkiz) manat divident vergisinin tutulmasını qeyd etsə də, işin hallarından görünür ki, iddianın əsasını faktiki olaraq dəymiş zərərin ödənilməsinin tələb edilməsi təşkil edir. Bundan başqa, hazırkı işdən görünür ki, iddiaçı təsisçilər deyil MTK-dir, belə olan halda özü özündən dividentin ödənilməsini tələb etməsi qeyri mümkündür. Bundan əlavə, birinci instansiya məhkəməsi hazırkı məsələnmin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olduğunu bildirsə də, hazırkı işdən görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativinin təsisçilərinin ümumi yığıncağının 18 sentyabr 2023-cü il tarixli iclasının Protokolu qəbul edilmiş və qərarda Kooperativ üzvləri - X4, Ayhan Çalbaya, X2, Əli-zadə Dilarə Famil qızına, X5 və X3 ödənilməli olan 1,416,060.00 manat dividentin cavabdehlər tərəfindən kassaya qaytarılması qərara alınmışdır. MPM-in 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan məsələlər müəyyən olunmaqla iş üzrə sonrakı prosessual hərəkətlər edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və yuxarıda qeyd olunan əsaslara görə iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MTK tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli e-2-2(113)-6226/2023 qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar