Məhkəmə qərarları › İş №2-2(103)-406/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-406/2023

02.05.2023 · Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-406/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Birgə Müəssisəsinin cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1966/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Birgə Müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. "xxxx" Birgə Müəssisəsi ilə “X5” MMC arasında 24 iyul 2019-cu il tarixli, C 162-19 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" Birgə Müəssisəsi müxtəlif çeşidli laminat parket, DSP, MDF, mebel aksessuarları, qapılar və sair malları “X5” MMC-yə satmağı, sonuncu isə aldığı materialların dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı "xxxx" Birgə Müəssisəsi cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X6” MMC-dən 42401 (qırx iki min dörd yüz bir) manat borc və 200 manat mediasiya xərcinin alınaraq iddiaçı "xxxx" Birgə Müəssisəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

3. İddiaçı bildirir ki, müqaviləyə əsasən “X5” MMC-nin direktoru X1 ümumi dəyəri 65401 manat məbləğində müxtəlif çeşidli (laminat, Parket, DSP, MDF) mebel aksesuarları, qapılar və digər malları icraçıdan təhvil alaraq istifadəsi üçün qəbul etmişdir. Cavabdeh aldığı malların dəyərinin bir qismini, 23000 manat məbləği "xxxx" Birgə Müəssisəsinin hesabına ödəyərək, özünə inam və etibar qazanmış, qalan 42401 manat borcunu isə qısa bir zamanda ödəyəcəyinə söz vermişdir. “X5” MMC-nin direktoru X1 iddiaçı tərəfindən müəssisəyə dəvət edilmiş və ondan tələb edilmişdir ki, qısa bir zamanda qalan borcunun ödənilməsini təmin etsin. Ona görə də, xx.xx.2021ci il tarixdə borcun etiraf edilməsinə dair akt tərtib edildi ki, 42401 manat borcu xx.xx.2021-ci il tarixədək həqiqətən tam ödəyəcəkdir. Lakin borclu “X5” MMC-nin direktoru Şahid ünvanına rəsmi məktubla və mobil telefonla dəfələrlə borcun ödənilməsi ilə bağlı müraciət olunsa da, hər dəfə müxtəlif bəhanələr gətirərək, məsuliyyəti digər şəxslərin üzərinə atmaqla ödənişdən yayınır. Cavabdehə borcun ödənilməsi üçün dəfələrlə xəbərdarlıq edilmişdir ki, bağlanmış müqavilənin şərtlərini kobud halda pozduqlarına görə barələrində müvafiq tədbir görülməsi məqsədi ilə qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçı tərəfindən məhkəməyə müraciət olunacaq. Lakin qarşı tərəf bu günədək iddiaçının qanuni tələblərinə heç bir məhəl qoymayaraq, borcun ödənişindən qəti olaraq imtina edir və müxtəlif bəhanələr gətirərək yayınır.

4. Cavabdeh iddianı qismən qəbul edir və bildirir ki, cavabdehə cəmi 31000 manatdan bir az artıq dəyərdə mal verilmiş, bununla bağlı cavabdehə elektron qaimələr göndərilmiş, onların əsasında ödənişlər edilmişdir. Qeyd olunan məbləğdən 23038,73 manat ödənilmiş, hazırda cavabdehin iddiaçıya 7998,94 manat məbləğində borcu qalmışdır. İddiaçının göstərdiyi məbləğdə malların verilməsi ilə bağlı heç bir sübut təqdim edilmir, bu barədə cavabdehin mühasibatlıq sənədlərində də heç bir məlumata rast gəlinmir. Keçmiş direktorla borcun etiraf edilməsi barədə tərtib olunmuş aktın cavabdehə aidiyyatı yoxdur və həmin akta möhür vurulmamışdır. Həmin akt sonradan da tərtib oluna bilər. Keçmiş direktorun hüquqi şəxsin əleyhinə ifadə verməsi də onun qərəzli olduğunu göstərir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1966/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən 8513,69 manat (səkkiz min beş yüz on üç manat altmış doqquz qəpik) məbləğində əsas borc və 100 (yüz) manat mediasiya xərci olmaqla, cəmi 8613,69 manat (səkkiz min altı yüz on üç manat altmış doqquz qəpik) məbləğində pulun tutularaq iddiaçı "xxxx" Birgə Müəssisəsinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. İddiaçı "xxxx" Birgə Müəssisəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

11. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

12. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

13. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

15. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmamış hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsassızdır.

19. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.

20. Eyni zamanda tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 31552,42 manat dəyərində malların cavabdehə təhvil verilməsi və ödənilməli olan məbləğ cavabdehin heç bir etiraz etmədiyi xx.xx.2019-cu il tarixli, EAAX seriyalı, 687279 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAY seriyalı, 136943 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAZ seriyalı, 515554 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAZ seriyalı, 530725 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAZ seriyalı, 516629 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAZ seriyalı, 660252 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAZ seriyalı, 903791 nömrəli, xx.xx.2019-cu il tarixli, EBAA seriyalı, 670989 nömrəli və xx.xx.2019-cu il tarixli, EBAE seriyalı, 494106 nömrəli elektron qaimələr və cavabdehin etirafı ilə təsdiq olunur.

21. Həmçinin işdə olan xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli ödəniş tapşırıqlarına və xx.xx.2022-ci il tarixli hesabından çıxarışa əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 23038,73 manat məbləğində pul vəsaiti ödənilmişdir.

22. İddiaçı isə cavabdehə 31552,42 manat məbləğində deyil, bundan daha artıq 65401 manat məbləğində mal verdiyini bildirsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

23. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş borcun etiraf edilməsi barədə aktlar isə bunu təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

24. Belə ki, xx.xx.2021-ci il tarixli aktdan görünür ki, “X5” MMC-nin keçmiş direktoru X1 xx.xx.2019-cu il tarixdən yaranan 42401 manat məbləğində olan borcu etiraf edərək, xx.xx.2021-ci il tarixədək "xxxx" Birgə Müəssisəsinə ödəyəcəyini bildirmişdir. Qeyd edilən akt yalnız iddiaçının möhürü təsdiq edilmişdir.

25. Həmçinin xx.xx.2021-ci il tarixli borcun etiraf edilməsi barədə aktdan görünür ki, “X5” MMC-nin keçmiş direktoru X1 xx.xx.2019-cu il tarixdən yaranan 42401 manat məbləğində olan borcu etiraf edərək "xxxx" Birgə Müəssisəsinə ödəyəcəyini bildirmişdir. Qeyd edilən akt yalnız idiaçının möhürü ilə təsdiq edilmişdir. Əlavə olaraq aktda qeyd edilmişdir ki, 20 % payının avadanlıqlarla bilrikdə yaranmış 42401 manat məbləğində olan borcun əvəzinə "xxxx" Birgə Müəssisəsinin mülkiyyətinə keçirilməsinə etiraz etmirlər.

26. Göründüyü kimi həmin aktlar cavabdehin keçmiş direktoru (sonradan iki dəfə direktor dəyişib) tərəfindən imzalanıb və aktlarda cavabdehin möhür yoxdur.

27. Bu hal isə aktların sonradan tərtib olunması ehtimalını, o cümlədən keçmiş direktorla iddiaçı arasında münasibətlərin yaxşı olmadığını istisna etmir.

28. Bu mənada kollegiya hesab edir ki, eyni səbəblərə görə iddiaçı tərəfindən şahid qismində təqdim edilən Şahid ifadəsi də sübut qismində qəbul edilə bilməz.

29. Hazırki apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilən xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı da mötəbər sübut kimi qiymətləndirilə bilməz.

30. Çünki, əvvəla həmin təhvil-təslim aktı Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən gecikdirilmiş sübutdur və hazırda qəbul edilə bilməz.

31. Bundan əlavə həmin aktı da cavabdehin keçmiş direktoru imzalayıb və aktda cavabdehin möhürü yoxdur.

32. Bundan başqa işin yuxarıda müəyyən olunan hallarından göründüyü kimi, təhvil verilən malların dəyərinin ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmişdir.

33. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə2 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

34. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə işgüzar adətlər, yəni malların verilməsi və ödənişlərin həyata keçirilməsi məhz elektron qaimələr əsasında aparılmışdır.

35. İddiaçı tərəfindən cavabdehə 31552,42 manat dəyərindən artıq 65401 manat dəyərində malın verilməsini təsdiq edən elektron qaimələr isə təqdim edilməmişdir.

36. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 31552,42 manat dəyərindən artıq 65401 manat dəyərində malın verilməsi sübut olunmur.

37. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı həmin hissədə rədd etmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" Birgə Müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1966/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar