Məhkəmə qərarları › İş №2-2(103)-412/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-412/2022

29.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-412/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə Cavabdeh MMM-ə qarşı qeyri-yaşayış sahəsindən qanunsuz istifadəyə son qoyulması və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-62/2022 nömrəli iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 1.279,6 kv.m. sahədən ibarət olan qeyri-yaşayış sahəsinin 1,85 x 6,2 metr ölçüdə olan hissəsinə cavabdehin qanunsuz istifadəsinə son qoyulması, boşaldılaraq ona təhvil verilməsi, ona məxsus sahənin üstünə cavabdeh tərəfindən quraşdırılmış dəmir pilləkənin cavabdehin maddi vəsaiti hesabına sökülməsi, klinikanın Sarayevo küçəsi tərəfindən piyada keçidini məhdudlaşdıran, həmçinin kinoteatrın kənar görüntüsünü məhdudlaşdıran artıq tikilinin cavabdehin maddi vəsaiti hesabına sökülməsi və 60 ayın icarə haqqı məbləği, yəni 15.780 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1,85 x 6,2 metr ölçüdə olan anbar tikilisinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 10 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğdə pul vəsaitinin 50 manat məbləğdə hissəsinin cavabdehdən, 50 manat məbləğdə hissəsinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, dəyişdirilib, iddianın rədd olunan hissədə də tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddia tələbinin qeyri-yaşayış sahəsinin üzərindəki dəmir pilləkənin sökülməsi hissəsində əsaslı olması, qətnamənin həmin hissədə əsassız olması ilə bağlı mövqe ondan ibarətdir ki, həmin pilləkən gələcəkdə də iddiaçıya maneçilik törədəcəkdir. Eyni zamanda, cavabdeh klinikanı inşa edərkən Sarayevo küçəsi tərəfindən piyada keçidinə təxminən 3-4 metr daxil olmuşdur ki, bu da piyadaların hərəkətlərini məhdudlaşdırmaqla yanaşı, kinoteatrın görünməsini qarşısını alır ki, son nəticədə də kinoteatrın normal fəaliyyətinə maneçilik törədir. İddia tələbinin 60 ayın icarə haqqı məbləği, yəni 15.780 manat (60 ay x 263 manat) pul vəsaitinin cavabdehdən tutulması hissəsində əsaslı olması, qətnamənin həmin hissədə əsassız olması ilə bağlı mövqe ondan ibarətdir ki, həmin ərazidə qeyri-yaşayış sahəsinin 1 kv.m-nin orta icarə haqqı məbləği 23 manat təşkil edir. Bu barədə "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatı da təqdim olunmuşdur ki, həmin hesabatı da məhkəməyə təqdim etmişdir. Qaldı ki, icarə haqqının tutulması tələbi irəli sürüləndə tərəflər arasında icarə müqaviləsinin mövcud olmaması, həmin sahənin əvəzsiz qaydada cavabdehin istifadəsinə verilməsi ilə bağlı qeyd edir ki, cavabdeh qeyri-yaşayış sahəsindən təxminən 10 ildən artıq müddətdir ki, istifadə edir. Cavabdeh qeyd olunan qeyri-yaşayış sahəsindən istifadə ilə bağlı ona hər hansı bir ödəniş etmədiyindən, həmçinin, qeyd olunan qeyri-yaşayış sahəsindən MMC olaraq özü istifadə etmək qərarına gəldiyindən, 2016-cı ildən etibarən həmin qeyri-yaşayış sahəsinin MMC-yə qaytarılması tələb olunur və qanunsuz olaraq sahəni qaytarmaq istəmir. Belə olan vəziyyətdə isə cavabdehlə icarə müqaviləsi bağlanması mümkünsüz olmaqla, həmçinin, məntiqi baxımdan qeyri-mümkün məsələdir və ən azından 2016-cı ildən etibarən mübahisəli qeyriyaşayış sahəsinin icarə haqqı iddiaçıya ödənilməlidir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin iddia rədd olunan hissədə dəyişdirilərək, iddianın qalan hissədə də təmin olunması xahiş edildiyi, cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarıldığı, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissəyə, tərəflər arasında mübahisəsiz olduğundan, toxunulmamalı, qətnamə yalnız iddia rədd olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. İşdən müəyyən edilir ki, Hüquqların dövət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa (reyestr nömrəsi **********51-06301) əsasən, ünvan 2 ünvanda 0,20417 ha torpaq sahəsi və ümumi sahəsi 2.033,6 kv.m. olan 4 mərtəbəli qeyri-yaşayış binası xüsusi mülkiyyətdə olmaqla, iddiaçının adına hüquqi qeydiyyata alınmış və xx.xx.2013-cü il tarixli Texniki pasport tərtib edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa (reyestr nömrəsi **********86-06301) görə, ünvan 3 ünvanda istifadədə olan 0,12236 ha torpaq sahəsi və mülkiyyətində olan ümumi sahəsi 2.304 kv.m. olan 2 mərtəbəli qeyri-yaşayış binası cavabdehin adına qeydiyyata alınmış və xx.xx.2014cü il tarixli Texniki pasport tərtib edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli hesabatda qeyd olunmuşdur ki, ünvan 2 nömrəli qeyri-yaşayış binasının “A” tikilisinin tərkibində yerləşən 1 kv.m. üçün aylıq icarə haqqı 23 manat təşkil edir. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizası üzrə xx.xx.2021-ci il tarixli 10/1414 nömrəli rəyinə əsasən, ünvan 2 ünvanda yerləşən İddiaçı MMC-nin mülkiyyətində olan qeyri-yaşayış binasına dair tərtib edilmiş xx.xx.2013-cü il tarixli texniki pasport sənədində A1 literli tikilinin 1,85x6,2 metr ölçüdə olan 22 saylı anbar tikilisi faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur. Cavabdehə məxsus klinikanın yerləşdiyi inzibati binanın planlı yerləşməsinin, ölçülərinin və konfiqurasiyasının xx.xx.2014-cü il tarixli Texniki pasport sənədinə uyğun olmasını, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********86-06301 reyestr nömrəli çıxarış sənədinə əsasən qeydiyyata alınmasını nəzərə alaraq, həmin binanın şəhərsalma tikinti və norma qaydalarına, həmçinin, layihəyə uyğun inşa edildiyi, baxış zamanı cavabdehə məxsus klinikanın yerləşdiyi binanın ətrafında layihədənkənar tikintiquraşdırma işlərinin aparılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. MPM-in: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 5.2. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya şikayətinin iddianın qeyri-yaşayış sahəsinin üzərindəki dəmir pilləkənin sökülməsi hissəsində əsaslı olması, həmin pilləkənin gələcəkdə də iddiaçıya maneçilik törədəcəyi barədə dəlili əsassızdır. Belə ki, xx.xx.2021-ci il tarixli ekspert rəyinə görə, cavabdehə məxsus klinikanın yerləşdiyi binanın ətrafında layihədənkənar tikinti-quraşdırma işlərinin aparılmadığı müəyyən edilmişdir. Pilləkənin qanunsuz inşa olunması iş üzrə sübuta yetmədiyindən, cavabdehin ondan istifadə etməsi də qanunsuz deyil. Şikayətin cavabdeh klinikanı inşa edərkən Sarayevo küçəsi tərəfindən piyada keçidinə 3-4 metr daxil olmasına dair şikayəti də əsaslı deyil. Belə ki, iddiaçı öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət edə bilər. Piyada keçidində piyadaların hərəkətinin məhdudlaşdılırdığı güman olunan halda isə iddiaçı başqa şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmiş olur ki, bu halın da qanunda nəzərdə tutulmuş olması tələb olunur. İddiaçı isə belə bir qanuni hala istinad etmir, bu hal işdən də müəyyən edilmir. Şikayətin 60 ayın icarə haqqı məbləği 15.780 manat pul vəsaitinin cavabdehdən tutulması dəlili də əsassızdır. Belə ki, bunun üçün tərəflər arasında icarə müqaviləsi bağlanmış olmalı idi. Lakin işdən görünür ki, tərəflər arasında belə bir müqavilə mövcud olmamışdır və həmin sahə əvəzsiz qaydada cavabdehin istifadəsinə verilmişdir. 15.780 manat pul tələbi faktiki cəhətdən əmlak icarəsi ilə əsaslandırıldığından, məhkəmə düzgün olaraq verilən tələb, o cümlədən onun faktiki əsası üzrə qətnamə çıxarmışdır. MPM-in: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə yaxud dəyişdirilməsinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-62/2022 nömrəli iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar