Məhkəmə qərarları › İş №2-2(103)-416/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-416/2021

31.03.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-416/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlunun və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Rövşən Rafiq oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 ilə, iddiaçı X1 Cavabdehnə qarşı cərimənin silinməsi tələbi barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2- 2(113)- 1463/2021 nömrəli qərardadından (hakim Emin Əliyev) Cavabdeh tərəfindən verilən şikayəti üzrə işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 14688 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X3, eyni zamanda, məhkəməyə iddia təmin tədbiri barədə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək, ona məxsus istixanaya qazın verilməsinin dayandırılmasının Cavabdehnə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-1463/2021 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, hazırki iş üzrə yekun qərar çıxarılana qədər iddiaçı X2 məxsus Salyan rayonu, Qarabağlı kəndində yerləşən istixanaya (abonent kodu **********00023) qazın verilməsinin dayandırılmasının Cavabdehnə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Salyan RQİİ-nin əməkdaşları tərəfindən Salyan rayonu Təzəkənd kəndində qaz xətlərinə baxış keçirilən zaman X3 63 mm-lik diametrli yeraltı borudan sayğacdan kənar əlavə qaz xətti çəkərək istixanada qazdan qanunsuz istifadə etməsi müəyyən olunmuş və bu barədə akt tərtib edilmişdir. Aşkar olunmuş qazdan qanunsuz istifadə faktı ilə bağlı qanunamüvafiq tədbir görülməsi üçün Salyan RQİİ-nin xx.xx.2021-ci il tarixli 01İR/13-03 tarixli məktubla Salyan rayon Prokurorluğuna müraciət edilmiş və hazırda araşdırma aparılır. Azərbaycan Respublikası Mülki- Prossesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun (Qanun) 3-cü maddəsinə görə məhkəmələr fiziki və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə etməlidir, Qanunun 13-cü maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə icraatı tərəflərin hüquq bərabərliyi təmin olunmaqla həyata keçirilir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən irəli gələrək hesab edirlər ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırmamalı və əsaslı dərəcədə zərər dəyməsinə səbəb olmamalıdır. Bu yanaşma “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında (Qərar) da öz təsdiqini tapmışdır. Belə ki, Qərarın 1-ci hissəsində qət olunmuşdur ki, “məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir”. Hesab edirlər ki, mövcud qanunvericiliyin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarının tələblərinə baxmayaraq, bəhs edilən qərardadların qəbul edilməsi neqativ tendensiyanın formalaşdırılmasına, o cümlədən vicdansız istehlakçılar tərəfindən məhkəmə prosesinin aşkar surətdə uzadılmasına, məhkəmə prosesi başa çatanadək hətta istifadə etdiyi qaza görə yaranmış cari borcun ödənilməməsinə, mövcud borcun ödənilməsi müddətinin suni surətdə uzadılmasına və bununla əlaqədar Cavabdeh İB üzrə debitor borcun şişirdilməsinə, yığım səviyyəsinin azaldılmasına, cari təmir-bərpa işlərinin maliyyələşdirilməsində ciddi sıxıntıların yaradılmasına səbəb olur Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1463/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, iddiaçı lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2- 2(113)- 1463/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbir görülə bilər. Məhkəmə iddianı təmin etmə tədbiri görülməsi ərizəyə qiymət verərkən bu tədbir görülmədikdə iş üzrə yekun qərar qəbul edilənədək iddiaçının qanunu mənafeyinin pozulma ehtimalını, işdə iştirak edən şəxslərin qanuni mənafeləri arasında tarazlığın təmin edilməsini nəzərə almalı, hər bir ərizə həmin mübahisə kontekstində qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə tərəfindən iddianı təmin etmə tədbiri görülərkən əsas götürülməli olan məqsəd işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin də mənafeləri və onların müdafiəsindəki mütənasibliyin qorunmasıdır. İddiaçıya cavabdeh tərəfindən hesablanmış borc mübahisələndirildiyi üçün iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək həmin borcla əlaqədar iddiaçının qaz təchizatının dayandırılması onun qanuni mənafelərinin səmərəli məhkəmə müdafiəsinin təmin edilməsi baxımından məqsədəuyğun olmadığından ərizənin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2- 2(113)-1463/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2- 2(113)-1463/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar