Məhkəmə qərarları › İş №2-2(103)-428/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-428/2025

22.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-428/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ilkin, Cavabdeh3 İddiaçı və İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinə qarşı qarşılıqlı iddiaları üzrə (Açar sözlər: əmlakın qanunsuz sahiblikdən geri qaytarılması, mülkiyyət hüququnun müdafiəsi, neqator iddia) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və X4 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 və onun nümayəndəsi (vəkili) Vəkil3 Sadiq oğlunun, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair ilkin, Cavabdeh3 İddiaçı və İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinə qarşı “qeyri yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiaları üzrə Bakı Kommersiya Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh3 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 56 ünvanında yerləşən, ümumi sahəsi 81,6 m2 təşkil edən, Nəsimi rayon MKTB-nin balansında olan qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Əmlak Nazirinin 02 may 2000-ci il tarixli 25 saylı Sərəncamına əsasən xidmət məqsədi ilə İddiaçı müddətli istifadəsinə verilmiş, bununla bağlı İddiaçı və Dövlət Əmlak Nazirliyinin Dövlət Əmlakının Registri, İcarəyə verilməsi və Torpaq Departamenti arasında 04 may 2000-ci il tarixli 213 nömrəli icarə müqaviləsi bağlanmışdır.

2. Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən sözügedən qeyri-yaşayış sahəsinin İddiaçı icarəçi qismində məxsus olması barədə texniki pasport tərtib edilmişdir (13 dekabr 2001-ci il tarixli 000739 nömrəli).

3. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 may 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 56 ünvanında yerləşən 88,5 m2 qeyri-yaşayış binasının “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət proqramı”na, həmçinin Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq, icarəçi İddiaçı adına özəlləşdirilməsi barədə 18 fevral 2002ci ildə qərar qəbul edilmiş, onunla 25 fevral 2002-ci il tarixdə 582 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi imzalanmış və keçmiş İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən İddiaçı 27 fevral 2002-ci il tarixli 001296 qeydiyyat nömrəli “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamə” verilmişdir.

4. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 04 dekabr 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “X3 adına Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X3 adına hazırda Azərbaycan Respublikasının digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. X3 adına ünvan 3 ünvanda qaraja dair 24 may 2021-ci il tarixli texniki pasport tərtib edilmişdir”.

5. X5 07 iyul 2021-ci il tarixində vəfat etmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 12 aprel 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, “07 iyul 2021-ci il tarixdə vəfat etmiş, 28 may 1972-ci il təvəllüdlü X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhər 19 saylı notariat ofisinə bacısı Cavabdeh3 tərəfindən müraciət daxil olmuşdur. X3 vəfat etməsi ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında 27 sentyabr 2021-ci il tarixində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sənədləşmə işlərinin aparılması üçün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən 0.06 hektar torpaq sahəsinə dair mərhum X3 adına çıxarış və texniki pasport verilməsi xahiş edilir.”.

7. Cavabdeh3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və İddiaçı qarşı “keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tblisi prospekti 56 ünvanında yerləşən birmərtəbəli binanın 88,5 m2 qeyri-yaşayış sahəsinin İddiaçı adına özəlləşdirilməsi barədə qəbul olunmuş 18 fevral 2022-ci il tarixli qərarın və həmin qərar əsasında İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli 001296 qeydiyyat nömrəli “Dövlət Əmlakının hüquqi və fiziki şəxsə satılması haqqında” şəhadətnamənin ləğv edilməsi; Bakı şəhəri, Nəsimi rayonu, Tblisi prospekti 56 ünvanında yerləşən birmərtəbəli binanın 88,5 m2 qeyri-yaşayış sahəsinə, Nəsimi rayonu, Cavadxan küçəsi 7 saylı binanın həyətində, 366 saylı İstilik Məntəqəsinin yanında sahəsi 24,4 m2 olan qarajın miras qoyan qardaşı Eldəniz Əliyevin planı və hazırlığı əsasında tikilmiş “PAKMARKET”ə sahiblik və istifadə hüququnun tanınması” tələblərinə dair iddiası Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır.

8. Bakı İnzibati Məhkəməsi hesab etmişdir ki, Cavabdeh3 müvafiq iddia tələblərini irəli sürmək üçün subyektiv hüquqa malik deyildir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı (ilkin iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (ilkin cavabdeh və ya ilkin cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 56 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən ilkin cavabdehlərin çıxarılması və qeyriyaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi belə əsaslandırılmışdır ki, 2022-ci ildə X5 iddiaçıya Bakı şəhər ərazisində torpaq sahəsi almaq və onun üzərində qeyri-yaşayış sahəsi (obyekt) tikməyi, gələcəkdə bu obyektin icarəyə verilməsini və əldə olunan gəlirin öz aralarında bölüşdürülməsini təklif etmiş, Eldəniz Əliyevlə yaxın qohum oluduğuna görə, habelə onun kommersiya işlərini mükəmməl bildiyindən ona inanaraq və etibar edərək iddiaçı öz pul vəsaiti hesabına adına alqı-satqı yolu ilə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 56 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsini alaraq həmin yerdə obyektlər tikdirmişdir. Həmin obyektlər icarəyə veriləndən sonra iddiaçının razılığı ilə icarə pulları X5 tərəfindən yığılaraq, iddiaçıya verilməklə yanaşı özü də götürmüşdür. X5 07 iyul 2021-ci il tarixdə vəfat etdikdən sonra mərhumun bacıları Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 iddiaçıya qarşı “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi vermiş, lakin sonradan iddianı geri götürmüşlər. Buna baxmayaraq, iddiaçının adına rəsmiləşdirilən (sözügedən qeyri-yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində İddiaçı adına qeydiyyatdan keçmişdir) obyektdən qanunsuz istifadə etməkdə davam edirlər. Onlar bunu onunla əsaslandırırlar ki, əmlak onların vəfat etmiş qardaşlarına məxsusdur və miras qalmış qeyri-yaşayış sahəsinə onlar vərəsəlik hüququna daxil olunmalıdırlar. Hesab edir ki, cavabdehlərin həmin qeyri-yaşayış sahəsinə heç bir subyektiv hüququ yoxdur.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qərardadı ilə iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) göndərilmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qərardadı ilə aidiyyətin müəyyənləşdirilməsi üçün iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmiş, Ali Məhkəmənin 01 mart 2024-cü il tarixli qərarı ilə iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

13. Cavabdeh3 (qarşılıqlı iddiaçı) İddiaçı və İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinə (qarşılıqlı cavabdehlər) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, İddiaçı adına İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentində Dövlət Əmlakının hüquqi və fiziki şəxsə satılması haqqında 529262 saylı (qeydiyyat №-si 001296) şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Tblisi prospekti 56 ünvanında yerləşən birmərtəbəli binanın 88,5 m2 qeyri-yaşayış sahəsinə, Nəsimi rayonu, Cavadxan küçəsi, 7 saylı binanın həyətində, 366 saylı İstilik Məntəqəsinin yanında sahəsi 24,4 m2 olan qarajın miras qoyan qardaşı Eldəniz Əliyevin planı və hazırlığı əsasında tikilmiş “PAKMARKET”ə sahiblik və istifadə hüququnun tanınması, hüquqi yardımın göstərilməsinə görə ödənilən 150 (bir yüz əlli) manatın, dövlət rüsumu olaraq ödənilən 100 manatın cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh3 qarşılıqlı iddia tələblərini onunla əsaslandırmışdır ki, mərhum qardaşı X5 mübahisəli qeyri-yaşayış sahəsini tikib ərsəyə gətirmiş, öldüyü günə qədər həmin sahəni çörək sexi kimi işlətmişdir. Qardaşı, digər bacıları və qardaşının Bakı şəhərində pasport qeydiyyatı olmadığına görə sözügedən qeyri-yaşayış sahəsini müvəqqəti olaraq bibisi qızı İddiaçı mülki etibarnamə alaraq, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində kirayəçi qismində onun adına yazdırmışdır. Eldəniz Əliyev 07 iyul 2021-ci ildə qəflətən vəfat etmiş, onun yasının 3-cü günündə, İddiaçı Eldənizə verdiyi mülki etibarnaməni ləğv etdirmiş, dərhal işə başlayaraq, İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentində Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 529262 saylı (qeydiyyat №-si 001296) şəhadətnamə almışdır. Eldənizin ölümündən sonra da qeyri-yaşayış sahəsini (çörək sexini) o, bacıları Ülviyyə, Aybəniz ümumi əmlak kimi birgə işlətmiş, hazırda da işlədirlər. Bundan əlavə, qardaşından miras qalmış, Nəsimi rayonu, Cavadxan küçəsi 7 saylı binanın həyətində, 366 saylı İstilik Məntəqəsinin yanında sahəsi 24,4 m2 olan qarajın arası açılaraq, Eldənizin planı əsasında tikilmiş “PAKMARKET”ə qatılmışdır. Həmin marketin bütün materialları Eldəniz tərəfindən alınıb hazırlanmış, lakin işlərin başa çatdırılmasına ölüm ona imkan verməmişdir.

15. Birinci instansiya məhkəməsinin 03 aprel 2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş, ona ilkin iddia ilə birlikdə baxılması qərara alınmışdır.

16. Məhkəmə iclasında iştirak edən ilkin iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddia tələbinin təmin,qarşılıqlı iddia tələbinin isə rədd olunmasını xahiş etmişlər.

17. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

18. Cavabdeh3 izahatında həmçinin bildirmişdir ki, ünvan 3 binanın həyətində, 366 saylı İstilik Məntəqəsinin yanında sahəsi 24,4 m2 olan qaraj onlara məxsusdur, hazırda özlərinin istifadəsindədir və onunla bağlı iddiaları yoxdur (cild 2, səhifə 48).

19. İlkin iddia üzrə Cavabdeh2 məhkəmə iclaslarında iştirak etməmişdir.

20. Məhkəmənin 13 yanvar 2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia tələbinin “şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsi üzrə işin icraatına xitam verilmiş, eyni tarixli qətnamə ilə isə ilkin iddia tələbinin təmin, “qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması” barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi qət olunmuşdur.

21. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, ilkin iddiaçı əmlakın mülkiyyətçisi olsa da, əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Belə ki, həmin əmlak ilkin cavabdehlərin istifadəsindədir. Cavabdehin mübahisəli əmlak üzərində hər hansı əmlak hüquqlarının olması, həmin əmlakdan istifadə etməkdə davam etməsi üçün hər hansı əsasın olması müəyyən olunmamışdır.

22. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 7 saylı binanın həyətində, 366 saylı İstilik Məntəqəsinin yanında sahəsi 24,4 m2 olan qarajla bağlı məhkəmə vurğulamışdır ki, həmin hissədə iddia tələbi, iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından təmin edilə bilməz.

23. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 152-ci və 157-ci, Mülki Prosessual Məcəllənin 14.1-ci, 14.2-ci, 77.1-ci, 218.3cü maddələrinə istinad etmişdir.

24. Qətnamədən Cavabdeh3 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ilkin iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını, keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tblisi prospekti 56 ünvanında yerləşən birmərtəbəli binanın 88,5 m2 qeyri-yaşayış sahəsinin İddiaçı adına özəlləşdirilməsi barədə qəbul olunmuş 18 fevral 2022-ci il tarixli qərarın və həmin qərar əsasında İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli 001296 qeydiyyat nömrəli “Dövlət Əmlakının hüquqi və fiziki şəxsə satılması haqqında” şəhadətnamənin ləğv edilməsini xahiş etmiş, şikayətində, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

26. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, ilkin iddia üzrə digər cavabdehlər də apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, ilkin iddiaçı və onun nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişlər.

27. Cavabdeh3 və onun nümayəndəsi (vəkili), habelə ilkin iddia üzrə digər cavabdehlər həmçinin bildirmişlər ki, ünvan 3 binanın həyətində, 366 saylı İstilik Məntəqəsinin yanında sahəsi 24,4 m2 olan qaraj hazırda özlərinin istifadəsindədir və onunla bağlı iddiaları yoxdur, qətnamənin həmin qarajla bağlı hissəsini mübahisələndirmirlər.

28. Qarşılıqlı iddiaçının cavabdeh qismində göstərdiyi İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti (hazırda Əmlak Məsələləri Dövlət Xidməti) nümayəndəsini məhkəməyə göndərməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

29. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

30. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu

31. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

33. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

34. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmununhəqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

35. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

37. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

38. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

40. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

41. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsivə başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

42. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

51. “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “...məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir”.

52. Məhkəmə kollegiyası şərh olunanları nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin ilkin iddia tələbinin təmin, qarşılıqlı iddianın isə “Bakı şəhəri, Nəsimi rayonu, Tblisi prospekti 56 ünvanında yerləşən birmərtəbəli binanın 88,5 m2 qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, hüquqi yardımın göstərilməsinə görə ödənilən 150 (bir yüz əlli) manatın, dövlət rüsumu olaraq ödənilən 100 manatın cavabdehlərdən alınıb ona verilməsi” hissələrinin rədd olunması hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qarşılıqlı iddiaçı iddia tələbinin “İddiaçı adına İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentində Dövlət Əmlakının hüquqi və fiziki şəxsə satılması haqqında 529262 saylı (qeydiyyat №-si 001296) şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsi üzrə icraata xitam verilməsi ilə bağlı qərardadı ümumiyyətlə mübahisələndirməmiş, qətnamədən verdiyi apellyasiya şikayətində isə qətnamənin ləğv olunmasını xahiş etsə də, həm birinci instansiya məhkəməsində, həm apellyasiya baxışı zamanı verdiyi izahatlarda “Nəsimi rayonu, Cavadxan küçəsi, 7 saylı binanın həyətində, 366 saylı İstilik Məntəqəsinin yanında sahəsi 24,4 m2 olan qarajın miras qoyan qardaşı Eldəniz Əliyevin planı və hazırlığı əsasında tikilmiş “PAKMARKET”ə sahiblik və istifadə hüququnun tanınması” tələbi üzrə gəlinən nəticə ilə razılaşdığını bildirmişdir.

53. Başqa sözlə, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddiaçının “Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 7 saylı binanın həyətində, 366 saylı İstilik Məntəqəsinin yanında sahəsi 24,4 m2 olan qarajın miras qoyan qardaşı Eldəniz Əliyevin planı və hazırlığı əsasında tikilmiş “PAKMARKET”ə sahiblik və istifadə hüququnun tanınması” tələbinin rədd olunması ilə bağlı hissəsi, habelə “İddiaçı adına İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentində Dövlət Əmlakının hüquqi və fiziki şəxsə satılması haqqında 529262 saylı (qeydiyyat №-si 001296) şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə xitam verilməsi apellyasiya baxışının predmeti deyildir.

54. Məhz bu səbəblə, qarşılıqlı iddiaçının apellyasiya şikayətində qeyd etdiyi “keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 56 ünvanında yerləşən birmərtəbəli binanın 88,5 m2 qeyri-yaşayış sahəsinin İddiaçı adına özəlləşdirilməsi barədə qəbul olunmuş 18 fevral 2022-ci il tarixli qərarın və həmin qərar əsasında İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli 001296 qeydiyyat nömrəli “Dövlət Əmlakının hüquqi və fiziki şəxsə satılması haqqında” şəhadətnamənin ləğv edilməsi” xahişinə də qiymət verilə bilməz.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

55. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır (yoxlanılan hissədə) və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

56. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

57. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

58. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

59. İlkin iddiaçı, mülkiyyətində olan əmlakın ilkin iddia üzrə cavabdehlərin qanunsuz sahibliyində olduğunu bildirir və onların əmlakından çıxarılmasını tələb edir; ilkin iddia üzrə cavabdehlər isə iddiaya etiraz edərək, həmin əmlakın mərhum qardaşlarına aid olduğunu, ilkin iddiaçının əmlaka mülkiyyət hüququnu qanunsuz yolla əldə etdiyini irəli sürürlər.

60. X9 (§ 29, 30), həm də onun davamı olaraq mülki qanunvericilik (§ 36) mülkiyyət hüququnun, o cümlədən mülkiyyətdən sahiblik və istifadə hüquqlarının qorunmasını təsbit etmişdir. Bu hüquq isə digər məsələlərlə yanaşı Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (“R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı).

61. Göründüyü kimi mülkiyyət hüququnun sərbəst şəkildə həyata keçirilməsi, həmçinin üçüncü şəxslərin müdaxiləsini aradan götürmək hüququnu da ehtiva edir və bu baxımdan ilkin iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 152.5-ci və 157.4-cü maddələri təşkil edir. Həmin normalar mülkiyyət hüququnun qorunması ilə əlaqəli olan mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi iddiasını, yəni neqator iddia ilə bağlı müddəaları tənzimləyir.

62. Ümumi olaraq əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır; petitor iddia anlayışı mülkiyyət hüququ barədə verilən iddiaları ehtiva edir.1

63. Neqator iddia dedikdə - mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin hayata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı müqavilədən kənar tələbi başa düşülür. Vindikasiya iddiası kimi neqator iddia da mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələrindəndir. Neqator iddia irəli sürmək hüququna

1 Ali Məhkəmə, İş № 2(102)-1444/2024, (https://sc.supremecourt.gov.az/storage/Mulki/2024/2_1444+27.05.2024.pdf) (§ 26) Ali Məhkəmə, İş № 2(102)-1560/2024, (https://sc.supremecourt.gov.az/storage/Mulki/2024/2_1560+27.05.2024.pdf) (§ 27) mülkiyyətçi, habelə titul sahibi əmlaka sahib olduqda, lakin ondan istifadə və onun üzərində sərəncam imkanlarından məhrum olduqda malik olur. Başqa sözlə, neqator iddianın predmeti sahiblikdən məhrum etmə ilə əlaqədar olmayan pozuntunun aradan qaldırılmasına yönələn iddiaçının tələbidir. Əksər hallarda üçüncü şəxs özünün qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi ilə mülkiyyətçiyə əmlakdan istifadə səlahiyyətlərini həyata keçirməyə maneə törədir. Neqator iddianın əsasını iddiaçının əmlakdan istifadə, onun barəsində sərəncam hüquqlarının əsasları və bu səlahiyyətlərin həyata keçirilməsinə üçüncü şəxsin fəaliyyəti ilə maneə yarandığını təsdiqləyən şərtlər təşkil edir.2

64. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.3

65. Beləliklə, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır: 1. mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı; 2. cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli; 3. həmin hərəkətlər hüquqazidd olmalıdır.4

66. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 56 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ ilkin iddiaçıya aiddir.

67. İlkin iddia üzrə cavabdehlərin isə onun öz əmlakından istifadə etmək hüququna maneə olan hərəkətlər etməsi işin mübahisəsiz halını təşkil edir. Belə ki, həm qarşılıqlı iddiada, həm də məhkəmə iclasında verdikləri izahatlarında ilkin iddia üzrə cavabdehlər ilkin iddiaçıya məxsus qeyri-yaşayış sahəsini faktiki olaraq istifadə etmələrini təkzib etməmiş, əksinə özlərinin ona hüquqlarının olduğunu irəli sürmüşlər.

68. Nəhayət qeyd olunmalıdır ki, ilkin cavabdehlərin ilkin iddiaçıya məxsus əmlakdan istifadələri hüquqaziddir; belə ki, onlar ilkin iddiaçının mülkiyyət hüququnu mübahisələndirərək əmlakın mərhum qardaşlarına aid olduğunu irəli sürsələr də, bununla bağlı iddia tələbləri məhkəmə tərəfindən mümkün hesab edilməmişdir.

69. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

70. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayətini vermək üçün ödədiyi dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

2 Ali Məhkəmə, İş № 2(102)-1541/2024, (https://sc.supremecourt.gov.az/storage/Mulki/2024/2_1541+04.06.2024.pdf) (§ 69) 3 Ali Məhkəmə, İş № 2(102)-3317/2024, (https://sc.supremecourt.gov.az/storage/Mulki/2024/2_3317+24.10.2024.pdf) (§ 20, 52) 4 Ali Məhkəmə, İş № 2-1(102)-1573/2024, (https://sc.supremecourt.gov.az/storage/Inzibat/2024/9_1573+12.07.2024.pdf) (§ 40) Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-114/2025 saylı iş üzrə 13 yanvar 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar