Məhkəmə qərarları › İş №2-2(103)-433/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-433/2020

19.08.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-433/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh İB-yə qarşı cərimənin aradan qaldırılması və yeni sayğacın alınması üçün ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-556/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış, 1.200 manat məbləğində borcun silinməsi və yeni sayğacın alınmasına ödənilmiş 530,43 manat məbləğində pulun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Şixliniski 39 saylı binanın qarşısında iddiaçıya məxsus obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Həmin obyektin qaz sayğacı Cavabdeh nümayəndələri tərəfindən xx.xx.2019-cu il tarixdə sökülmüş və laboratoriya yoxlanışına göndərilmişdir. xx.xx.2019 - cu il tarixində Cavabdeh əməkdaşları obyektə gələrək, heç bir əsas təqdim etmədən sayğacın istismar müddətinin bitdiyini və yenisi ilə əvəz etmək üçün 530 manat 43 qəpik ödəmək məcbuiyyətində olduğunu bəyan edərək, ödəmədiyi təqdirdə qaz xəttini kəsəcəklərini bildirmişlər. Məcburiyyət qarşısında qalıb o, cavabdehə 530 manat 43 qəpik ödəmişdir. Yeni saygac quraşdırılan müddətdən 2 ay sonra xx.xx.2019-cu il tarixdən Cavabdeh İstehsalat Birliyinin əməkdaşları AKT № MSK 29/1640-01107-1 nömrəli aktı təqdim edərək, iddiaçının sayğacın plomblarının rəngi uyğun olmadığına görə ona 1.200 manat cərimə yazılmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-556/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı əsassız hesablanmış 1.200 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən araşdırma natamam və birtərəfli aparılaraq maddi hüquq normalarının tətbiqində səhvə yol verilib, nəticədə İddiaçı iddiası qismən təmin edilərək düzgün olmayan əsassız bir qətnamənin qəbul edilməsinə səbəb olub. Belə ki, Birliyin nümayəndələri İddiaçı iştirakı ilə qaz sayğacına baxış keçirilmiş və qaz sayğacının ekranının işləmədiyi, plombların rənginin fərqli olduğu müəyyən olunaraq müvafiq qaydada aktlaşdırılmışdır. İddiaçı həmin aktı imzalamış və qaz sayğacının müdaxilə olduğunu təsdiqləmişdir. Bundan sonra Birliyin daimi fəaliyyət göstərən komissiyası tərəfindən itirilmiş qazın bərpası olaraq qaz hesablanaraq abonentin hesabına daxil edilmişdir. Qaz sayğacının iddiaçıya məxsus olması və həmin qaz sayğacına müdaxilə edilməsi birbaşa iddiaçının maraq dairəsindədir. Göründüyü kimi iddiaçı qaz sayğacına müdaxilə etmiş və təbii qazı talamışdır. Göründüyü kimi, işə baxan məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol verməklə yanaşı, eyni zamanda kobud prosessual pozuntulara yol verib ki, bu da nəticədə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olub. İşə apelyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, lazımı qaydada xəbərdar edilsə də cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçı apelyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, obyektdən idman zalı kimi istifadə olunur. Obyekt Cavabdeh İB-nin 13 saylı sahəsindən 500 metr məsafədə yerləşir və obyektin smart tipli sayğacı 13 saylı sahənin hüdudları daxilində yerləşir. Cavabdehin əməkdaşları sayğacı çıxaranda bildirmişlər ki, sayğacın istismar müddəti bitib və yenisi ilə əvəz olunmalıdır. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-556/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 372.6.-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşdən göründüyü kimi, iddia tələbi qismən təmin edilmiş, cavabdeh qətnamənin təmin edilən hissəsindən apelyasiya şikayəti vermiş, iddiaçı isə qətnamədən şikayət verməmişdir. Bu səbəbdən də məhkəmə qətnamənin əsaslılğını apelyasiya şikayəti həddində yoxlayır. İş materiallarından görünür ki, Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək təbii X2nın pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən İddiaçı 6.048 m3 qaz sərfiyyatına görə 1.200 manat borc hesablanmışdır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus obyektdə qaz xətti üzərində yeni G-6 markalı qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan abonent kodu **********1004001 olan İddiaçı abonent saldosundan görünür ki, iddiaçının 2019-cu ilin aprel ayınadək qalıq və aktlar üzrə heç bir borcu qeydə alınmamış, yeni sayğac quraşdırıldıqdan sonra sərfiyyatda artım olması barədə cavabdeh tərəfindən sübutlar təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacı yoxlanılması üçün çıxarılmış, xx.xx.2019-cu il tarixdə isə təbii X2nın pozulması haqqında ******* saylı akt tərtib edilərək iddiaçıya 90 gün (hansı aylar olduğu qeyd edilmədən) üçün 6.048 kub metr qaz sərfiyyatına görə 1.200 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 336 saylı və xx.xx.2019-cu il tarixli, 228 saylı hesab fakturalarından görünür ki, 2019-cu ilin aprel və ayları üçün İddiaçı ödəməli olduğu məbləğ 121.40 manat müəyyən edilmişdir. Əgər akt əsasında cavabdehdən aprel, may, iyun ayları üçün 1.200 manat ödənilməsi tələb edilirsə eyni dövr üçün iki dəfə borc hesablandığı müəyyən olunur. Qaz sayğacının yoxlanılması barədə xx.xx.2019-cu il tarixli aktda elektron ekranın, klapanın işləmədiyi, plombların rənginin fərqli olduğu, xətaların normal olduğu qeyd edilmişdir. Qeyd edilən pozuntuların sayğaca müdaxilə nəticəsində yarandığı, bu müdaxilənin iddiaçı tərəfindən edildiyi iş materialları ilə sübut edilmir. “X2”nın 5.4-cü bəndinə görə qaz sayğacları qaz paylayıcısı tərəfindən həmin Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Hazırkı halda iddiaçının silinməsini tələb etdiyi 1.200 manat borc məbləği iddiaçıdan maddi zərərə görə tələb edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. İş materiallarından isə görünür ki, Cavabdeh İB ******* saylı aktla sayğacın yararlı olmaması ilə əlaqədar qaz paylayıcıya dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək 1200 manat borcun silinməsini qət etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək iddiaçının təbii qazdan istifadə etməsi tam qanuni olduğu üçün sayğacın yoxlamada olduğu dövr üçün iddiaçıya “X2”nın 5.4-cü bəndinə uyğun olaraq borc hesablanmalı idi. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki,apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-556/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh İB-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-556/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar