Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-462/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Əbdürrəhimovanın katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-253/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı MMC cavabdeh “xxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə “xxxxxxxx” ASC tərəfindən hesablanmış 126456,29 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-253/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı MMC-nin icarəsində olan ünvan 2ndə yerləşən qeyri-yaşayış sahəsinə (“Neptun” supermarket) “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, NDQ N006802 saylı akta əsasən hesablanmış 119200 (yüz on doqquz min iki yüz) manat məbləğində borcun silinməsi, qalan hissədə iddianın rədd edilməsi, iddianın verilməsinə görə qanunda nəzərdə tutulmuş 30 manat dövlət rüsumunun 25 manat hissəsinin cavabdeh “xxxxxxxx” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh “xxxxxxxx” ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinə aid elektrik sayğacına “xxxxxxxx” ASC-nin nümayəndələri tərəfindən baxış keçirilmiş və xx.xx.2019-cu il tarixli NQD 006802 saylı akt tərtib edilmişdir. Həmin akta əsasən ünvan 2 ünvanında istehlakçıya məxsus obyektdə (abonent kodu 06/40458) EEİQ-yə uyğun sayğaca baxış keçirilən zaman sayğacın üzərinə xüsusi aparat qoyulması aşkarlanmış, qoyulmuş cihaz xüsusi ötürdüyü tezliklər nəticəsində sayğacın işləməsinə maneələr yaratdığı və sayğacın dövrdən keçən yükü qeyd etmədiyi müəyyən edilmişdir. Aşkar edilən pozuntu ilə əlaqədar cavabdehin akt komissiyasının xx xxxxxx 2019-cu il tarixli icra vərəqinə əsasən istehlakçı ilə yenidən hesablaşma aparılaraq, itirilmiş elektrik enerjisinə görə 1.380.000 kvts əlavə sərfiyyat hesablanmış, itirilmiş elektrik enerjisinin dəyərini təşkil edən 124200 manat iddiaçıdan tələb olunmuş və sayğac yenisi ilə əvəz edilmişdir. İddiaçı bildirir ki, həmin borcun hansı əsaslarla hesablanmasını müəyyənləşdirmək üçün cavabdeh orqana müraciət etdikdə, cavabdeh orqanın əməkdaşları tərəfindən sayğacın çıxarılıb dəyişdirildiyi və köhnə sayğacda müdaxilə olunduğuna görə həmin borcun hesablandığı bildirilmişdir. Həmin sayğac qeyri-yaşayış sahəsinin çölündə yerləşdiyindən çıxarılıb yeni sayğac qoyulduğu və bununla bağlı hər hansı hərəkətlərin cavabdeh tərəfindən aparıldığı, həmçinin həmin sayğaca kim tərəfindən və nə zaman müdaxilə olunduğu barədə heç bir məlumatları yoxdur. Buna görə də, həmin əsaslarla hesablanmış borclar tamamilə əsassızdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı sayğaca müdaxilə etmişdir. Ona görə də, itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinə görə istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Hazırkı işin də mübahisəsiz halıdır ki, elektrik enerjisi sayğacı enerjitəchizat müəssisəsinin balansında olmayan (MTK-nın balansında olan) transformator məntəqəsində quraşdırılmış, transformator məntəqəsi açarla bağlı olmuşdur. Belə olan halda isə enerjitəchizat müəssisəsi həmin sayğacın işlək vəziyyətdə saxlanmasına nəzarəti həyata keçirilməsinə dair real imkana malik olmamış, yəni bu nəzarəti həyata keçirmək vəzifəsini istehlakçı daşımışdır. Bundan başqa işin hallarından görünür ki, qeyd edilən transformator məntəqəsində bir neçə elektrik enerjisi sayğacı quraşdırılsa da, məhz iddiaçının icarəsində olan qeyriyaşayış sahəsinə aid sayğacın üzərində sərfiyyatın düzgün qeydə alınmasına maneələr yaradan cihaz quraşdırılmışdır. İddiaçının belə bir cihazın quraşdırılmasında yeganə maraqlı şəxs olduğunu nəzərə alınarsa, iddiaçının cihazın quraşdırılmasından məlumatlı olmaması barədə dəlilləri inandırıcı görünmür. Eyni zamanda birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 öz ifadəsində bildirmişdir ki, Cavabdeh ASC-də Satışa nəzarət idarəsində mühəndis vəzifəsində işləyir. 218 saylı yarımstansiyadan qidalanan ünvan 3 ünvanında yerləşən MTK-da elektrik enerjisində itki aşkar olunduğundan, orada baxış keçirmək istəmişlər. Həmin MTK-nın trasnformatoru binanın zirzəmisində yerləşir. Ora yaxınlaşandan sonra transformator məntəqəsinə daxil ola bilməmişlər. Zirzəmidə gözləmişlər. Yarım saatdan sonra bir nəfər yaxınlaşmış, özünü mühafizəçi kimi təqdim etmişdir. Tranformator məntəqəsinə daxil olmaq üçün o sahənin nəzarətçi mühəndisinə zəng vurmuşlar. Trasformator yerləşdiyi məntəqə MTK-nın balansındadır və qapısı iki qıfıl ilə bağlanmışdır. Daha sonra arxa qapıdan bir oğlan yaxınlaşmış və qapını açmışdır. Cavabdeh ASC-nin əməkdaşları transformator məntəqəsinə daxil olmuşlar. Birinci bölmədə olan iddiaçının icarəsində olan qeyri-yaşayış sahəsinə (“Neptun” supermarket) aid sayğacın üzərində yad cihaz aşkar olunmuşdur. Baxış keçirdikdən sonra müəyyən olunmuşdur ki, sayğacın yaddaş bloku pozulub. Həmin görüntü də lentə alınmışdır. Göründüyü kimi elektrik enerjisi sayğacının zədələnməsi istehlakçının təqsirindən baş vermişdir. Bu baxımdan kollegiya hesab edir ki, “xxxxxxxx” ASC “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinə görə sayğacın qoşulma sxeminin yoxlanması tarixindən başlayaraq yenidən hesablaşma aparmaqda haqlı olmuşdur. Yenidən hesablaşmanın məbləğinə münasibətdə isə birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, məhkəmə iclasında iştirak edən cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi yenidən hesablaşmanın sayğacın sonuncu qoşulma sxeminin yoxlanması tarixdən pozuntu aşkar edildiyi tarixədək - 10 aylıq müddət üçün aparıldığını bildirmiş, lakin elektrik enerjisi sayğacının zədələnməsi nəticəsində 10 aylıq müddət üçün qeydə alınmamış elektrik enerjisinin dəyərinin məhz 124200 manat məbləğində olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, pozuntu aşkar edildiyi aydan əvvəlki 5 ay ərzində (2019-cu ilin iyun-oktyabr ayları) mübahisəli qeyri-yaşayış sahəsində orta aylıq sərfiyyat 3000 manat (iyun ayı - 3027,6 manat; iyul ayı - 3157,2 manat; avqust ayı - 3106,80 manat; sentyabr ayı – 2869 manat; oktyabr ayı – 2718 manat) məbləğində olduğu halda pozuntu aradan qaldırıldıqdan sonrakı 5 ay ərzində (2020-cu ilin yanvar-may ayı) orta aylıq sərfiyyat 3500 manat (yanvar ayı - 3380,4 manat; fevral ayı - 3693,6 manat; mart ayı - 3326,4 manat; aprel ayı - 3726 manat və may ayı 3420 manat) dəyərində olmuşdur. Beləliklə, sayğacın zədələnməsi aradan qaldırıldıqdan və yeni sayğac quraşdırıldıqdan sonra qeyri-yaşayış sahəsində sayğacın qeydə aldığı elektrik enerji sərfiyyatına görə bir aylıq müddət üçün hesablanan məbləğlər orta hesabla 500 manat artmışdır. Bu halda isə əvvəlki sayğacın 10 aylıq müddət ərzində qeydə almadığı sərfiyyatın 124200 manat (bir ay üçün 12420 manat) dəyərində olması barədə cavabdehin irəli sürdüyü dəlillər əsaslı və ağlabatan görünmür. Belə olan halda məhkəmə hesab edir ki, yenidən hesablaşma pozuntu aşkar edilməmişdən əvvəl və yeni sayğac quraşdırıldıqdan sonra istehlakçının elektrik enerjisi sərfiyyatları arasında fərq nəzərə alınmaqla aparılmalı və qeyri-yaşayış sahəsində sərfiyyat orta hesabla ayda 500 manat artdığından 10 aylıq müddət üçün 5000 (500x10) manat məbləğində müəyyən edilməlidir. Akta əsasən hesablanmış 124200 manat borc məbləğinin qalan 119200 (124200-5000) manat hissəsi isə silinməlidir. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh “xxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-253/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-462/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-462/2020
29.09.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver