Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-504/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış borcun ləğv edilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-205/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2019 tarixdə göndərilmiş EBAB 290365 saylı elektron qaiməyə əsasən ondan tələb edilən 2.196 manat məbləğində borcun ləğv edilməsi və İddiaçı MMCyə məxsus olan Səbail rayonu, Səlyan Şossesi 2 ünvanında yerləşən “Belaruski” adlı mağazanın su istifadəsində borcun olub-olmaması məsələsinə yenidən baxılması tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə cavabdeh tərəfindən ona göndərilmiş xx.xx.2019 tarixli EBAB 290365 saylı elektron qaiməyə əsasən sonuncuya məxsus Səbail rayonu, Səlyan Şossesi 2 ünvanında yerləşən “Belaruski” adlı mağazada sudan istifadəyə görə 2.196 manat məbləğində borc yaranmışdır. İddiaçı həmin borc məbləği ilə razılaşmır. Belə ki, o, xx.xx.2018 tarixindən etibarən ona təqdim olunan bütün hesab-fakturalar üzrə ödənişləri tam həcmdə həyata keçirilmiş və hər hansı borcunun yaranması mümkünsüzdür. Mağazada quraşdırılan su sayğacı tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli S- 3187/19 saylı müqaviləyə əsasən cavabdehin əməkdaşları tərəfindən texniki şərtə və layihəyə uyğun qaydada quraşdırılmış, lakin həmin sayğac quraşdırılan zaman hər hansı bir borcun olub-olmaması barədə mağaza nümayəndələri məlumatlandırılmamış və bununla bağlı hər hansı bir akt tərtib olunmamışdır. Bundan əlavə həmin qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində deyil, xx.xx.2018 tarixindən orada icarə müqaviləsi əsasında fəaliyyət göstərir. İcarə müddətində isə sudan istifadəyə görə davamlı olaraq tərəfindən tam hissədə ödənişlər edilmişdir. Cavabdeh tərəfindən əsassız hesablanmış borc onun sudan istifadə hüququnu müəyyən şəkildə məhdudlaşdırmış, bu da öz növbəsində cavabdeh tərəfindən qanunvericiliyin tələblərini pozması ilə nəticələnmişdir. Belə ki, plastik kartla ödəniş həyata keçirildiyindən vəsait ödənilən kimi həmin vəsait kartdan əsassız hesablanmış borca çıxılır. Bu səbəbdən sudan istifadə hüququnu həyata keçirmək mümkün olmur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ASC tərəfindən xx.xx.2019 tarixdə göndərilmiş EBAB 290365 saylı elektron qaiməyə əsasən İddiaçı MMC-dən tələb olunan borc məbləğindən 2.013 (iki min on üç) manat hissəsinin silinməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin təmin olunan hissədə ləğv edib, iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, işə baxan məhkəmə MPM-in yuxarıda göstərilən tələblərini pozmuş, faktlara və sübutlara, tərəfimizdən təqdim edilmiş hüquqi dəlillərə qətnamə çıxararkən düzgün qiymət verməmiş, öz qətnaməsini qüvvədə olan maddi hüquq normalarına uyğun əsaslandırmamış, qətnamədə faktların ifadəsi təhrif edilmiş və tərəflər arasında mövcud olmuş qarşılıqlı münasibətlərə və iş üzrə həqiqi hallara uyğun olmamışdır. “Sudan istifadə Qaydaları”nın tələbinə əsasən iddiaçıya məxsus su sayğacının dövri yoxlamadan keçirilməsi üçün Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin əməkdaşları tərəfindən obyektə baxış keçirilmiş, sayğac x xxx 2019-cu il tarixli iş əmri ilə çıxarılmış və İdarənin Suölçən X2 gətirilməsi üçün iddiaçıya təqdim edilmişdir. İddiaçının nümayəndəsi Pərviz Əsədovun iştirakı ilə sayğacın müayinəsi keçirilmiş və bu barədə xx xxxx 2019-cu il tarixli, 89651/0046162 saylı rəy tərtib edilmişdir. Müayinə nəticəsində sayğacın mexaniki hissəsinin zavod möhürünün qırıldığı, hesablayıcı mexanizmin kipləşdirən kəmərində müdaxilənin aşkar olunduğu, sayğacın təmirə və istismara yararsız olduğu müəyyən edilmişdir. Həmin rəy əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4 nömrəli cədvəlinə uyğun olaraq iddiaçıya dəymiş ziyan hesablanmışdır. Tərəf bu məbləği ödəməkdən imtina etmişdir. Cavabdeh ASC-nin X6 əməkdaşları tərəfindən sayğaca müdaxiləyə görə 2.196 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qətnamədə obyektdə yerləşən su sayğacına müdaxilə olunduğunu, lakin həmin müdaxilə iddiaçı tərəfindən obyektin icarəyə götürüldüyü vaxtdan əvvəl olduğunu qeyd etmişdir. Halbuki, məhkəmənin belə qənaətə gəlməyinə heç bir əsas və sübut mövcud deyil. Belə ki, iddiaçı xx.xx.2018-ci il tarixindən obyektdə fəaliyyət göstərir. Cavabdeh ASC tərəfindən obyektə hesablanmış borc isə xx.xx.2019-cu il tarixdə olmuşdur. Məhkəmənin təkcə borcun, məhz, 2019-cu ilin avqust ayı üçün hesablanmış hissəsinin, yəni, 183 manat məbləğində borcun düzgün olmasını göstərən hər hansı bir əsaslandırma olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Əliyeva apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, iddiaçının nümayəndəsi Z.Bağırzadə onunla razılaşmamış, borcun əsassız hesablandığını bildirərək qətnaməni qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı Səbail rayonu, Səlyan Şossesi 2 ünvanında yerləşən mübahisəli qeyri-yaşayış sahəsini (“Belaruski” mağazası) xx.xx.2018ci il tarixdə X5 ilə aralarında bağlanmış icarə müqaviləsi əsasında icarəyə götürmüş və xx.xx.2019-cu il tarixdə cavabdehlə aralarında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə imzalanmışdır. İşə əlavə olunmuş cavabdehin apellyasiya şikayətinin dəlillərindən, mübahisəli qeyriyaşayış sahəsi barədə “Abonent haqqında məlumat” vərəqindən və Mexaniki su sayğacının təmiri və ya dəyişdirilməsi haqqında xx.xx.2019-cu il tarixli aktdan görünür ki, cavabdeh tərəfindən iddiaçının fəaliyyət göstərdiyi həmin obyektdə “Sudan istifadə Qaydaları”nın tələbinə əsasən su sayğacının dövri yoxlamadan keçirilməsi üçün Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş, xx.xx.2019-cu il tarixli iş əmri ilə sayğac çıxarılaraq İdarənin Suölçən X1 müayinədən keçirilmiş və bu barədə xx xxxx 2019-cu il tarixli, 89651/0046162 saylı rəy tərtib edilmişdir. Həmin rəyin, dövlət plombu və su təchizatı müəssisəsinin loqolu plombuna aid, habelə yoxlamanın və növünə dair hissələrindən görünür ki, vizual baxış zamanı müəyyən olunmuşdur ki, “su sayğacının dövlət plombu yoxdur, bununla belə qırılma və müdaxilə qrafalarında qeyd mövcud deyil (boşdur). Eyni zamanda, sayğacın Cavabdeh loqolu plombu var, lakin həmin plomba dair nə qırılma, nə də ki ona müdaxilə qeydi yoxdur (qrafa boşdur). Qeyd olunanlar onu deməyə əsas verir ki, su sayğacı zavod plombu vurulmayan sayğac olmuş, sayğacın Cavabdeh loqolu plombu isə yerindədir və ona müdaxil mövcud deyil. Lakin, laboratoriya rəyinin - sınağın nəticəsinə dair hissəsində ziddiyyətli olaraq, qeyd olunur ki, “sayğacın zavod möhürü yoxdur. Hesablama mexanizminin kipləşdirici kəmərində müdaxilə izləri var. Hesablama məxanizmində müdaxilə aşkar olundu. Təmirə və istismara yararsızdır.” Rəydə qeyd edilən uyğunsuzluqları baxımından məhkəmə kollegiyası hesab edir ki, rəydə təsbit olunan məlumatlar həqiqəti əks etdirən sübutetmə vasitəsi kimi nəzərə alına bilməz. Birincisi, ona görə ki, sayğaca zavod möhürünün vurulmaması iddiaçının təqsirinə yozula bilməz. İkincisi, sayğacın hesablama mexanizminə sözlərlə müdaxilə edildiyi qeyd olunsa da, bu müdaxinənin konkret nədən ibarət olduğu açıqlanmamış və bu halda konkret olaraq iddiaçının təqsiri aydınlıq gətirilməmişdir. Üçüncüsü, sayğıcın müayinəsinin vizual, yəni, adi gözlə aparılması və müdaxilə izlərinin müşahidə olunduğuna istinadən, birbaşa qəti şəkildə “hesablama mexanizminə müdaxilə aşkar olunmuşdur” nəticəsinə gəlinməsi də əsassızdır. Çünki, sayğac sökülmədiyi halda, onun daxil mexanizminə baxış keçirilmədiyi halda, müdaxilənin həqiqiliyi şübhə altına düşür, ağlabatan görünmür. Tədqiq olunan sübutlarla müəyyən edilən hallar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının su sayğacının müdaxilə olunmasında təqsiri sübuta yetirilmiş hesab oluna bilməz. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, şəxsin üzərinə hüquqa zidd hərəkət və hərəktsizliyi, daha konkret ziyan vurulmasında təqsiri sübuta yetirilməyincə onda mücərrəd bir ziyanın əvəzinin ödənilməsi tələb oluna bilməz. Beləliklə də, birinci instansiya məhkəməsi tərəfindən 2196 manat məbləğində iddiaçıya əlavə sərfiyyat hesablanaraq ödənilməsinin ondan tələb olunması işin hallarına münasibətdə həqiqiqətə uyğunluğu istisna olunur. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən borcun 2.013 (iki min on üç) manat məbləğində hissəsini əsassız hesab edərək ləğv etməsi ilə razılaşır. Cavabdehin apellyasiya şikayətinin, məhkəmənin qətnamədə, “borcun məhz 2019cu ilin avqust üçün hesablanmış hissəsinin, yəni, 183 manat məbləğində borcun düzgün olmasını göstərən hər hansı bir əsaslandırma mövcud olmadığını” mübahisələndirəndirməsinə gəldikdə isə, birincisi, həmin hissədə iddianın rədd olunması cavabdehin xeyrinə olan bir nəticədir. İkincisi, qətnamənin həmin hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyi halda, cavabdehin qeyd olunan dəlilləri əhəmiyyətsiz olduğundan, formal xarakterli dəlillər kimi qiymətləndirilməlidir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının fəaliyyət göstərdiyi obyektdə olan su sayğacının dövri yoxlamasının keçirilməsi qanunvericiliyə də uyğun olmamışdır. Belə ki, «Su təchizatı və su tullantıları haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin «d» bəndinə əsasən su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi öz vəsiqəsini təqdim edərək su təchizatı və tullantı sularının axıdılması sahəsinə aid olan qurğulara, cihazlara, mexanimlərə və qovşaqlarva, sahibinə əvvəlcədən bildirməklə, qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız baxış keçirə bilərdi. Qanunvericiliklə müəyyən edilən qayda isə aşağıdakılardan ibarətdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 3.2-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndi nəzərədə tutur ki, sahibkalıq subyektində yoxlama , baxış və s. yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Əks halda belə yoxlamanın, baxışın hüquqi nəticəsi yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Su təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi təsərrüfat obyektində su sayğacının dövri yoxlaması və su sayğacının həmin çıxarılaraq laboarator müəyinəyə götürülməsi - Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edilmədən həyata keçirilmişdir. Deməli, belə yoxlamanın hüquqi nəticələri etibarsızdır. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə ilə iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticəni faktlar nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. MPM-in 385.2-ci maddəsinin tələbindən isə görünür ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə də, cavabdehinapellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsının qanunsuz və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri təkzib olunur. Ona görə də məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-205/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-205/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-504/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-504/2020
01.10.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver