Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-507/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdehin nümayəndəsi və X2 iştirakı ilə, İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 56/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (borc verən) ilə İddiaçı2 (borc alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 765 kredit xətti müqaviləsindən görünür ki, (1.1-ci bəndə görə) borc verən borc alana 18 ay müddətində (xx.xx.2021-ci il tarixədək) 35.000 manat məbləğində, kredit xəttindən istifadəyə görə illik 18% ödəmək şərtilə bərpa olunmayan kredit xətti açmağı, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür.
2. xx.xx.2019-cu il tarixli 765 saylı kredit xətti müqaviləsinə əlavə 1 olan kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən İddiaçı2 tərəfindən kredit xətti müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 35.000 manat, faizin məbləği 4.908,28 manat, sonuncu ödəniş tarixi xx.xx.2021-ci il olmaqla cəmi ödəniləcək məbləğ 39.908,28 manat məbləğində müəyyən edilmişdir.
3. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (borc verən) ilə İddiaçı2 (borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0440/K saylı kredit müqaviləsindən görünür ki, (1.1-ci bəndinə görə) borc verən borc alana 24 ay müddətində (xx.xx.2023-cü il tarixinədək) 23.645,92 manat məbləğində, kreditdən istifadəyə görə illik 18% ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür.
4. xx.xx.2021-ci il tarixli 0440/K saylı kredit müqaviləsinə əlavə 1 olan kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən İddiaçı2 tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 23.645,92 manat, faizin məbləği 5.081,86 manat, sonuncu ödəniş tarixi xx.xx.2023-cü il olmaqla cəmi ödəniləcək məbləğ 28.727,78 manat məbləğində müəyyən edilmişdir.
5. İddiaçı2 xx.xx.2019-cu il tarixli 765 saylı kredit xətti müqaviləsi üzrə qalıq borcun bağlanması məqsədilə yeni kredit müqaviləsi bağlanarkən bank tərəfindən ondan əsassız olaraq 765 saylı kredit xətti müqaviləsi üzrə 6803 manat məbləğində ödəniş edilməsinin tələb edildiyini və həmin tələb əsasında tərəfindən müvafiq ödəniş edildiyini əsas göstərərək əsassız ödənilmiş pul vəsaitinin geri qaytarılmasını bildirir. Cavabdeh isə xx.xx.2019-cu il tarixli 765 saylı kredit xətti müqaviləsi üzrə hər hansı artıq ödəmənin edilmədiyini, iddiaçının ödədiyi məbləğin bir hissəsinin vergi orqanı tərəfindən iddiaçının vergi və sosial sığorta haqları üzrə borcuna silindiyini, bir hissəsinin isə mübahisəli müqavilə üzrə faiz borcunun bağlanmasına yönəldildiyini əsas gətirərək iddianın rədd edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6.İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Beynəlxalq Bankına artıq ödədiyi 6803 manat pulun geri qaytarılması, hüquqi yardımın göstərilməsi ilə əlaqədar Xırdalan Vəkil Bürosuna ödədiyi 204 manat, ümumilikdə 7007 manat pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun (mediasiya ilə bağlı xərcin) tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 7.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 05 Avqust 2019-cu il tarixdə Azərbaycan Beynəlxalq Bankı ilə 18 ay müddətinə 35.000 manat məbləğində kredit xəttindən istifadəyə görə illik 18 faiz ödəmək şərti ilə kredit götürmüşdür. Kreditin təminatı kimi banka qardaşı X1 məxsus ünvan 1 ünvanında olan evini ipoteka qoymuşdur. Götürdüyü kredit üzrə aylıq 2347,55 manatı hər ay, demək olar ki, koronavirus pandemiyası başlayana qədər ödəmişdir. Pandemiya başlayan zaman onun da sahibkarlıqla məşğul olduğu sahə ziyan çəkməyə başlamış, 18 mart 2020-ci il tarixdən mağazalarını bağlamışlar və heç bir iş ilə məşğul olmamışlar. Sahibkarlıqla məşğul olan şəxslərin düşdüyü zərərin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makro iqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncam imzalanmışdır. Həmin sərəncamın 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin xx.xx.2020-ci il tarixli, 16 saylı qərarı ilə təsdiq edilmişdir. Təsdiq edilmiş tədbirlərə əsasən fiziki şəxslərin və biznesin, xüsusilə pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi, bu məqsədlə bankların requlyativ yükünün azaldılması, bəzi iqtisadi sahələrin kredit resurslarına çıxış imkanlarının artırılması, pandemiya dövründə iqtisadi subyektlərin ödəniş xidmətləri üzrə xərclərinin azaldılması, sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və sığorta olunanların hüquqlarının qorunması, kapital bazarı iştirakçılarına requlyativ tətillərin və güzəştlərin verilməsi nəzərdə tutulmuşdur. Fiziki şəxslərin və pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi, habelə bank sektoru üzrə requlyativ çərçivənin modifikasiyası tədbirləri çərçivəsində kreditlərin təsnifləşdirilməsi üzrə requlyativ tələblər yumşaldılmış və dividend ödənişləri məhdudlaşdırılmış, kreditlərin təsnifləşdirilməsi üzrə güzəştlər faizləri subsidiyalaşdırılan sahibkarlıq kreditlərinə və dövlət fondlarının vəsaiti hesabına verilmiş kreditlərin restrukturizasiyasına şamil edilmişdir. Bununla yanaşı, kredit təşkilatlarına əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, həmçinin borcalanlar üzrə neqativ məlumatların kredit bürosuna xüsusi qeydlə təqdim olunması tövsiyə edilmişdir. Bütün nəzərdə tutulmuş güzəştlərdən yararlanmaq məqsədilə o 2020-ci ilin dekabr ayının 29-da Azərbaycan Beynəlxalq Bankına götürdüyü kreditin restrukturizasiya edilməsi barədə müracət etmişdir. Sonra dəfələrlə götürdüyü kreditin restruktrurizasiya üçün banka getsə də, geri qaytarmışlar. Nəhayət 04 may 2021-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankı ilə 0440/K nömrəli yeni müqavilə bağlamışdır. Yeni müqavilə bağlanarkən bank tərəfindən yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərinin nəzərə alınmadığını, bankdan götürdüyü kreditin pandemiya dövründə hesablanması ilə yanaşı əlavə pul və faizlər hesablanmasının şahidi olmuşdur. Belə ki, pandemiya başlayana qədər o bank hesabına 16.432,85 manat pul ödəmişdir ki, bunun da 13.343,53 manatı əsas borc, 3089,32 manatı faiz olaraq hesablanmışdır. Pandemiya başlayandan sonra AR Prezidentinin, Nazirlər Kabineti qərarının və Mərkəzi bankın tövsiyəsinə uyğun olaraq ödənişlərini saxlamışdır. 04 may 2021-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankından götürdüyü krediti restruktrurizasiya edilməsi üçün yeni kredit müqaviləsi bağlamışdır. Bu zaman ondan 6803 manat əlavə olaraq pul ödənilməsinini tələb etmişlər. Bunun qanunsuz və əsassız olduğunu bildirdiyində, ona kredit müqaviləsinin restruktrizasiya etməyəcəklərini bildirmişlər. Əlavə faizlərin və cərimələrinin yaranmasının qarşısını almaq və ipoteka qoyulmuş evi bankın girovdan çıxarmaq məqsədilə hesabladıqları qanunsuz əlavə ödənişləri ödəmək məcburiyyətində qalmışlar. Bankın qeyriqanuni və əsassız hesablandığı ödənişlər geri qaytarılmalıdır. 8.19.05.2022-ci il tarixdə cavabdehin nümayəndəsi məhkəməyə arayış təqdim edərək, arayışda qeyd edilənləri bankın iş üzrə mövqeyi kimi nəzərə alınmasını xahiş etmiş və arayışda qeyd edilmişdir ki, Bankın Sənaye filialı və iddiaçı arasında xx.xx.2019-cu il tarixində imzalanmış, 765 saylı kredit müqaviləsinə əsasən 18 ay müddətinə, dövriyyə vəsaitinin artırılması məqsədilə 35.000 manat məbləğində kredit iddiaçıya xx.xx.2019-cu il tarixində verilib; iddiaçı xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində ödənişlər etmişdir. Bu ödənişlər müqaviləyə əsasən faiz borcu və əsas borca yönəldilmişdir. Qeyd etmək lazımdır ki, bu ödənişlər üzrə cərimə faizinə yönəldilmə aparılmayıb (istisna olaraq xx.xx.2020-ci il tarixli ödəniş yubanma (gecikmə) ilə olduğu üçün 1,94 manat cərimə faizi tutulub); xx.xx.2020-ci il tarixindəki ödənişdən sonra iddiaçı tərəfindən uzun müddət ödənişlər edilməmişdir. xx.xx.2020-ci il tarixindən sonra növbəti ödəniş xx.xx.2021-ci il tarixində edilmişdir. Bu tarixdəki ödəniş müqaviləyə əsasən faiz borcuna yönəldilmişdir. Qeyd etmək lazımdır ki, bu ödəniş zamanı 265 gün yubanma olmağına baxmayaraq edilmiş tövsiyəyə əsasən demək olar ki, cərimə faizi tutulmamışdır (cərimə faizi həddindən artıq çox cüzi məbləğdə - 0,98 manat, yəni 98 qəpik olmuşdur); xx.xx.2020-ci il tarixindən sonra da uzun müddət iddiaçı tərəfindən ödənişlər edilməmişdir. Növbəti addım olaraq xx.xx.2021-ci il tarixində iddiaçı ilə 0440/K nömrəli yeni kredit müqaviləsi bağlanılmışdır. Bu kredit müqaviləsinin təyinatı bank ilə iddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 765 saylı kredit xətti müqaviləsi üzrə 23.645,92 məbləğində qalıq borcun bağlanılması olmuşdur. 0440/k nömrəli yeni müqavilənin xx.xx.2021-ci il tarixində bağlanılmasına baxmayaraq bank müvafiq vəsaiti iddiaçıya dərhal ödəyə bilməmişdir, çünki iddiaçının əvvəlki kredit üzrə ödənilməmiş faiz borcu və cərimə faizləri qalmışdır. Həmçinin iddiaçının DSMF-yə ödənilməli olan ödənilməyən ödənişləri qalmışdır. Buna görə də iddiaçıya hesabını möhkəmləndirmək üçün vəsaitlərin ödənilməsinin məqsədəuyğun olması bildirilmişdir. İddiaçı yeni kredit üzrə vəsaiti əldə etmək, əvvəlki faiz borcu, cərimə faizləri və DSMF ödənişlərini bağlamaq üçün öz növbəsində xx.xx.2021-ci il tarixində 6175 manat vəsaiti, xx.xx.2021-ci İl tarixində isə 628 manat vəsaiti, ümulikdə 6803 manat vəsaiti hesaba daxil etmişdir. Bu 6803 manat üzrə: xx.xx.2021-ci il tarixində 662,36 manat vəsait DSMF-yə yönəldilib; xx.xx.2021-ci il tarixində 424,54 manat vəsait DSMF-yə yönəldilib; xx.xx.2021- ci il tarixində 5.691,33 manat vəsait əvvəlki kredit üzrə faiz borcuna (3.028,61) və cərimə faizinə (2.662,72) yönəldilib; xx.xx.2021-ci il tarixində 24 manat vəsait yeni kredit üzrə komisyon haqqa yönəldilib. Bundan sonra bank tərəfindən xx.xx.2021-ci il tarixində iddiaçının hesabına yeni kredit üzrə 23.645,92 manat vəsait köçürülüb; xx.xx.2021-ci il tarixində iddiaçı hesabına 119 manat vəsait daxil edib. Bu vəsait üzrə xx.xx.2021-ci il tarixində 118,23 manat əvvəlki kredit üzrə faiz borcuna yönəldilib. Nəhayət, xx.xx.2021-ci il tarixində iddiaçı 23.705,03 manat ödəniş edib, bu ödəniş üzrə 23.645,92 manat əsas borcun bağlanılmasına, 59,11 manat isə faiz borcuna yönəldilib. Beləliklə, bank ilə iddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilənin 6.2-ci maddəsinə, xx.xx.2021-ci il tarixli kredit müqavilənin 1.2-ci maddəsinə əsaslanaraq, həmçinin yuxarıdakı 8 bənddə qeyd olunanları nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, bank tərəfindən aparılan əməliyyatlar tərəflər arasında bağlanılmış müqaviləyə və qanunvericiliyə uyğun olmuşdur. Bu isə o deməkdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi 6.803 manat vəsaitin qanunsuz ödənilməsi tələbi tamamilə əsassızdır. 9.Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-56/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-dən 3.732,44 manat məbləğində pul vəsaiti, eləcə də mediasiya xərclərinin əvəzi olaraq 60 manat və vəkil xərclərinin əvəzi olaraq 204 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı2 ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat pul vəsaitinin 50 manat hissəsinin cavabdehdən, 50 manat hissəsinin isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməsi qət edilmişdir.
10. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-56/2023 saylı qətnaməsinin ləğv edilməsini, bu iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən yeni qətnamə qəbul edilməsini, iddia tələbinin rədd edilməsini (təmin edilməməsini) xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllə müqavilə bağlayan tərəflərin həmin müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklər və bununla bağlı tərəflərin daşıdıqları məsuliyyəti konkret olaraq müəyyən etmişdir. Yuxarıda adıçəkilən 399.3-cü maddədə qeyd olunduğu kimi müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Hazırkı halda İddiaçı2 ilə Bank arasında bağlanan xx.xx.2019-cu il tarixli müqaviləyə diqqət yetirsək, həmin müqavilənin 7.1-ci maddəsində qeyd edilmişdir: “Bu müqavilə Tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və Tərəflərin bu Müqavilə üzrə öhdəlikləri tam icra olunanadək qüvvədədir”. Həmçinin həmin müqavilənin 7.2-ci bəndində qeyd edilmişdir: “Müqavilənin qüvvədə olma müddətinin qurtarması Tərəfləri həmin müddət qurtarana qədər yol verilmiş pozuntulara görə məsuliyyətdən azad etmir”. Qeyd olunan bəndlərdən də görünür ki, tərəflər arasında bağlanılan müqavilədə birbaşa olaraq müqavilənin tərəflərin öz öhdəliklərini tam icra edəcəyi vaxta qədər qüvvədə olacağı, həmçinin həmin müddətin bitməsinin yol verdikləri pozuntulara görə məsuliyyət daşımaları təsbit olunmuşdur. Hazırkı halda iddiaçı qeyd olunan müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmiş, buna görə də Bank tərəfindən müqavilə şərtlərinə və qanunvericilyinə uyğun olaraq faiz və cərimə borcları hesablanmışdır. Təbii olaraq bu hesablanmaların həm qanunun, həm də müqavilənin tələblərinə əsasən yalnız borclu tərəfindən öhdəliyinin tam şəkildə icra olunmasından sonra dayandırılması nəzərdə tutulmuşdur. İşin faktiki hallarına baxsaq, görərik ki, xx.xx.2021-ci il tarixində iddiaçı ilə 0440/K nömrəli yeni kredit müqaviləsi bağlanılmışdır. Bu kredit müqaviləsinin təyinatı Bank ilə iddiaçı arasında bağlanılmış həmin xx.xx.2019-cu il tarixli 765 saylı kredit xətti müqaviləsi üzrə 23.645,92 manat məbləğində qalıq borcun bağlanılması olmuşdur. 0440/k nömrəli yeni müqavilənin xx.xx.2021-ci il tarixində bağlanılmasına baxmayaraq Bank müvafiq vəsaiti iddiaçıya dərhal ödəyə bilməmişdir, çünki iddiaçının əvvəlki kredit üzrə ödənilməmiş faiz borcu və cərimə faizləri qalmışdır. Həmçinin iddiaçının DSMF-yə ödənilməli olan (sığorta ödənişləri və s.) ödənilməyən ödənişləri qalmışdır. Buna görə də iddiaçıya hesabını möhkəmləndirmək üçün vəsaitlərin ödənilməsinin zəruriliyi izah olunmuşdur. İddiaçı yeni kredit üzrə vəsaiti əldə etmək, əvvəlki faiz borcu, cərimə faizləri və DSMF ödənişlərini bağlamaq üçün öz növbəsində xx.xx.2021-ci il tarixində 6175 manat vəsaiti, xx.xx.2021-ci il tarixində isə 628 manat vəsaiti, ümumilikdə, 6803 manat vəsaiti hesaba daxil etmişdir. Bundan sonra Bank tərəfindən xx.xx.2021-ci il tarixində iddiaçının hesabına yeni kredit üzrə 23.645,92 manat vəsait restruktruzasiya edilməklə köçürülmüşdür. Bu hissədə xüsusi diqqət yetirilməli olan məqam iddiaçının qeyd olunan vəsaitin yenidən restrukturizasiyası ilə bağlı razılıq ərizəsində mövcud olan borcun qeyd edildiyi kimi qəbul edilməsinə razılıq verməsi halıdır. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Bankla restrukturizasiya müqaviləsi bağlayarkən ona xx.xx.2019-cu il tarixli müqavilə üzrə mövcud olan əsas, faiz və cərimə borcları barədə məlumat verilmiş, ona qalıq faiz və cərimə borclarının ödənilməsinin yeni müqavilə bağlanılması üçün zəruri olduğu bildirilmiş və müqavilənin bağlanması seçimi ona buraxılmışdır. İddiaçı həmin ödənişləri ödəməyi özü istəmiş, bununla bağlı ona heç bir məcburiyyət olunmamışdır (Əgər belə olsa idi, iddiaçı hazırda müqavilənin etibarsızlığı tələbi ilə müraciət edərdi). İddiaçıya həmin məbləğlər bildirilərkən və o öz iradəsi ilə bu məbləğləri ödəyərkən artıq həmin tarixədək olan bütün borc məbləğini qəbul edərək öz razılığını məhz yeni restrukturizasiya müqaviləsini imzalamaqla bildirmişdir. Bu da onu göstərir ki, iddiaçı həm əsas, faiz və cərimə borclarının miqdarı, həm də restrukturizasiya üçün əvvəlki müqavilə üzrə ödəməli olduğu faiz və cərimə borcları, həmçinin qeyd olunan DSMF ödənişlərindən xəbərdar olmuş, bunlarla razılaşmış və könüllü şəkildə ödənişləri həyata keçirmişdir. Daha sonra xx.xx.2021-ci il tarixində iddiaçının hesabına 119 manat vəsait daxil edilmiş, bu vəsait üzrə xx.xx.2021-ci il tarixində 118.23 manat əvvəlki kredit üzrə faiz borcuna yönəldilmişdir. Nəhayət, xx.xx.2021-ci il tarixində iddiaçı 23.705,03 manat ödəniş etmiş, bu ödəniş üzrə 23.645.92 manat əsas borcun bağlanılmasına, 59.11 manat isə faiz borcuna yönəldilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli müqavilə üzrə öz öhdəliklərini yalnız xx.xx.2021-ci il tarixdə tam icra etmiş, həmin tarixədək müqavilə qüvvədə olmuş, iddiaçıya hesablanmış faiz və digər borclar, həmçinin həmin borcların bağlanması üçün müvafiq pul vəsaitlərini ödəməsi isə tamamilə qanuni və əsaslı olmuşdur. Hazırkı halda məhkəmə xx.xx.2019-cu il tarixli müqavilənin müddətinin xx.xx.2021-ci il tarixdə bitməsini əsas gətirərək, ekspertizanın qarşısında xx.xx.2021-ci il tarixdən etibarən iddiaçının hansı miqdarda pul ödəməsi barədə sual qoymuş, ekspert rəyinə əsasən iddiaçının xx.xx.2021-ci il tarixə banka olan əsas borcunun 23.643,04 manat, faiz borcunun 1.739,43 manat, xx.xx.2021-ci il tarixə əsas borcunun 0.00 manat, faiz borcunun 0.00 manat təşkil etməsi, artıq ödənilmiş məbləğin 3.732,44 manat olduğu müəyyən edilməsi qənaətinə gələrək həmin məbləğin Bankdan tutulması barədə qətnamə qəbul etmişdir. Halbuki məhkəmə kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu nəzərə almamışdır. İddiaçının xx.xx.2021-ci il tarixə olan əsas borcu 23.643.04 manat olmuş, həmin borcu xx.xx.2021-ci il tarixdə bağlamışdır. Göründüyü kimi iddiaçı həmin məbləği 3 aydan çox müddətə, daha dəqiq desək, 107 gün müddətinə öz əlində saxlamışdır. Sadə riyazi hesablama ilə hesablayaq: 23.643.04 x 5% = 1182.15. Bu məbləğ 1 il üçün nəzərdə tutulmuş ziyan məbləğidir. Hər gün üçün dəymiş ziyanı hesablayaq: 1182.15 ÷ 365 = 3.23. Daha sonra bu məbləği gecikdirilmiş günlərin sayına, yəni 107 günə vuraq: 3.23x107=346.54. Göründüyü kimi əgər müqavilə müddəti yekunlaşmışsa və müqavilə üzrə müəyyən olunan faizlərin hesablanması məhz həmin tarixdən etibarən dayandırılmalı olsa belə, məhkəmə kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu və bu hüquq əsasında Bankın tələb etməli olduğu 346.54 manat vəsaiti nəzərə almalı, həmin məbləği iddianın təmin olunan hissəsinə aid etməməli idi. Odur ki, qeyd olunan hissədə də məhkəmə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
16. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
17. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
18. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
20. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
21. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
22. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
24. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
25. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.
26. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mübahisələndirilən – iddianın təmin edilən hissəsində əsaslıdır.
29. Hazırkı işin halları ilə müəyyən olunur ki, İddiaçı2 ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli, 765 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC İddiaçı2 müqavilədə müəyyən edilmiş şərtlərlə 35.000 manat məbləğində kredit xəttinin açılmasını, İddiaçı2 isə kredit məbləğini və faizləri ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra tərəflər arasında xx.xx.2021-ci il tarixli 0440/K saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən xx.xx.2019cu il tarixli 765 saylı kredit xətti müqaviləsi üzrə qalıq borcun bağlanması məqsədilə İddiaçı2 24 ay müdddətinə illik 18%-lə 23.645,92 manat məbləğində kredit verilmişdir.
30. "xxxx" ASC tərəfindən verilmiş 331 saylı, xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə təsdiq edilir ki, İddiaçı2 "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə istifadə olunub 35.000 manat, ödənilmiş əsas borc 35.000 manat, ödənilmiş faiz 8.054,87 manat, ödənilmiş cərimə faizi 2.665,64 manat, ödənilməmiş əsas borc 0.00 manat, borc üzrə cəmi tələb edilən məbləğ 0 manatdır.
31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2022-ci il tarixli, 9/4219 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, İddiaçı2 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 765 saylı kredit xətti müqaviləsi üzrə borcalanın banka olan borcu xx.xx.2021-ci il tarixə əsas borcu 0.00 manat, faiz borcu 0.00 manat, artıq ödəniş məbləği 6.626,60 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.
32. Təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2023-cü il tarixli, 9/7066 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, İddiaçı2 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 765 saylı kredit xətti müqaviləsi üzrə borc alanın xx.xx.2021-ci il tarixə banka olan əsas borcu 23.643,04 manat, faiz borcu 1.739,43 manat, xx.xx.2021-ci il tarixə əsas borcu 0.00 manat, faiz borcu 0.00 manat, artıq ödəniş məbləği 3.732,44 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.
33. Cavabdeh "xxxx" ASC isə xx.xx.2019-cu il tarixli 765 saylı kredit xətti müqaviləsi üzrə hər hansı artıq ödəmənin edilmədiyini, iddiaçının ödədiyi məbləğinin bir hissəsinin vergi orqanı tərəfindən iddiaçının vergi və sosial sığorta haqları üzrə borcuna silindiyini, bir hissəsinin isə mübahisəli müqavilə üzrə faiz borcunun bağlanmasına yönəldildiyini bildirsə də, 17 yanvar 2023-cü il tarixli, 9/7066 saylı ekspert rəyi ilə İddiaçı2 "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 765 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə banka olan əsas borcunun 23.643,04 manat, faiz borcunun 1.739,43 manat, xx.xx.2021-ci il tarixə əsas borcunun 0.00 manat, faiz borcunun 0.00 manat təşkil etməsi və artıq ödənilmiş məbləğin 3.732,44 manat olduğu müəyyən edilmiş, eyni zamanda iddiaçının hesabına daxil olan bütün pul vəsaitləri, o cümlədən vergi, DSMF borcu və digər ödənişlərə, hətta başqa müqavilə üzrə borclara yönəldilmiş pul vəsaitləri mübahisəli müqavilə üzrə ödəniş kimi nəzərə alınmamışdır.
34. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
35. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir.
36. İlkin ekspert rəyi verilən zaman 765 saylı kredit xətti müqaviləsi üzrə borc alanın artıq ödəniş məbləğinin müəyyən edilməsi zamanı ekspert tərəfindən iddiaçının hesabına daxil olan bütün pul vəsaitləri, o cümlədən vergi, DSMF borcu və digər ödənişlərə, hətta başqa müqavilə üzrə borclara yönəldilmiş pul vəsaitləri mübahisəli müqavilə üzrə ödəniş kimi nəzərə alındığından birinci instansiya məhkəməsi həmin rəyi nəzərə almamış, təkrar ekspert rəyi ilə isə həmin daxilolmalar müqavilə üzrə ödəniş kimi nəzərə alınmamışdır.
37. Beləliklə kollegiya qeyd edir, İddiaçı2 Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən "xxxx" ASC-dən öhdəlikdən kənar ödənilmiş 3.732,44 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
38. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
39. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
40. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-56/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən -iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov