Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-555/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştrakı ilə iddiaçı X2 borcun silinməsi və artıq ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(82)-393/2021 nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsindən tərəflərin apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 13.02.2020-ci il tarixli 040220 nömrəli akta əsasən **********00001 nömrəli koda hesablanmış 8.449,60 manat borcun silinməsi, G-4 markalı qaz sayğacının göstəricisinə əsasən hesablanmış 8.148,40 manat məbləğdə borcdan ödənilmiş 5.479,60 manat məbləğdə pulun cavabdehdən alınaraq geri qaytarılması, həmin sayğac üzrə olan 2.668,80 manat məbləğdə borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, cavabdeh tərəfindən təqdim edilmiş saldo nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, 2020-ci ilin fevral ayında **********0001 saylı abonent üzrə Elster G-650 TRZ EK 220 sayğac üzrə 8.449,60 manat ödənilmiş qaz sərfiyyatına görə yenidən borc yazılmışdır. Həmçinin, **********0000 saylı abonent üzrə Elster G-4T DİAFRAQMA sayğac üzrə 2013-cü il üzrə 445 manat, 2014-cü il üzrə 220 manat, 2015-ci il üzrə 439 manat, 2016-cı il üzrə 230 manat, 2017-ci il üzrə 773 manat, 2018-ci il üzrə 1.058,80 manat, 2019-cu il üzrə 2.830,80 manat, 2020-ci ildə isə 1.421,60 manat məbləğdə ödədiyi qaz sərfiyyatına görə yenidən borc yazılmışdır. İddiaçı həmin dövrlər üçün bütün borcunu ödəmiş və heç bir borcu olmadığı halda təkrar hesabat aparılmışdır. Ödənilmiş borc silinməli və həmin məbləğ geri qaytarılmalıdır. Bu barədə pretenziya və iddia ərizəsini cavabdehə təqdim etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.02.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən tərtib olunmuş 13.02.2020-ci il tarixli 040220 nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi dövrdə qazın sərfiyyatı haqqında” akta əsasən iddiaçıya hesablanmış 8.449,6 manat məbləğdə borc silinmiş, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğdə pul vəsaitinin cavabdehdən iddiaçıya ödənilməsi qət edlmiş, qalan hissədə iddia rədd edilmiş, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilmişdir. Qətnamə ilə razılaşmayan tərəflər ondan apellyasiya şikayətləri verərək, iddiaçı təmin olunmayan hissədə dəyişdirilib, iddianın həmin hissədə də təmin olunmasını, cavabdeh təmin edilmiş hissədə ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, iddia ərizəsi onunla əsaslandırılmışdı ki, cavabdehin nümayəndələri 13.02.2020-ci il tarixdə istixanaya quraşdırılmış qaz sayğacına baxış keçirmiş, sayğacın işləməməsini, sayğacın 42.248 kub.m. qazı yazmamasını bildirərək akt yazıblar və akta əsasən həmin qazın hesabata salınacağın bildiriblər. İddiaçının nümayəndəsi Tahir Nəzərov qış ayları olduğu və istixananın qızdırılması üçün başqa yol olmadığı üçün aktı imzalamaq məcburiyyətində qalmışdır. Sonradan cavabdeh tərəfindən 8.449,60 manat borc **********00001 nömrəli koda işlənmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus istixanada qanunsuz yoxlama aparılmış, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri kobud şəkildə pozulmuşdur. Bundan əlavə, istixanada layihələndirmə aparılarkən cavabdehin nümayəndələri 2 qaz sayğacı quraşdırılması barədə layihədə qeyd etdilər. İstixananın qaz xəttinin başlanğıcına G-650 markalı qaz sayğacı, istixananın daxilində isə G-4 markalı qaz sayğacı quraşdırıldı. G-4 qaz sayğacı daxili məişət cihazlarında istifadə edilmiş qazı qeydə alır və bir sözlə nəzarət funksiyası daşıyır. Lakin cavabdeh təşkilat G-4 markalı qaz sayğacına əlavə abonent kodu açaraq onun qeydə aldığı qaz sərfini həmin koda əlavə edir və pulun ödənilməsini tələb edir. Cavabdeh tərəfindən həmin koda 2013-cü ilin iyun ayından 2021-ci ilin fevral ayınadək 8.148,40 manat borc hesablanıb, ödədiyi puldan 5.479,60 manat hissəsi həmin koda köçürülüb və həmin sayğac üzrə 2.668,80 manat borc qalıb. Bildirir ki, G-650 qaz sayğacı istixanaya gələn qaz xəttinin başlanğıcında quraşdırılmış və istixanada olan bütün qaz cihazlarının işlətdiyi qazı qeyd alır. G-4 qaz sayğacı da həmin qaz sayğacından gələn xəttin üzərinə quraşdırılmış və inzibati binada istifadə olunan qazın yazılmasına nəzarət funksiyası daşıyır. Lakin cavabdeh G-4 qaz sayğacının təkrar qeydə aldığı qaz sərfıyyatını borc kimi hesablayır və hesaba işləyir. Halbuki G-4 qaz sayğacının qeydə aldığı qaz sərfıyyatı başlanğıc nöqtədə G-650 qaz sayğacı vasitəsilə qeydə alınmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, cavabdehin nümayəndələri tərəfindən 13.02.2020-ci il tarixdə iddiaçıya məxsus istixananın qaz sayğacının sərfiyyat göstəricisi iddiaçının nümayəndəsinin iştirakı ilə qeydə alınarkən sayğacın qaz sərfini qeydə almaması müəyyən edilmişdir. Bu səbəbdən də sayğacın arxiv məlumatları oxunmuş və sayğacın 04.02.2020-ci il tarixdən 11.02.2020-ci il tarixədək qaz sərfini qeydə almaması müəyyən edilmişdir. Arxiv məlumatına əsasən sayğacın sutkalıq qaz sərfi 5.281 kub.m. olmuşdur. Bu səbəbdən də sayğacın işləmədiyi dövr üçün hesabat aparılmış, sayğacın 42.248 kub.m. qaz sərfini qeydə almaması müəyyən edilmişdir (5.281 kub.m. x 8 gün = 42.248 kub.m. x 0,20 manat = 8.449,60 manat ). Bu barədə iddiaçının nümayəndəsinin iştirakı ilə akt tərtib edilmiş və 42.248 kub.m. qaz sərfi abonentin hesabına işlənmişdir. İddiaçının nümayəndəsinin aktı imza etməsi 04.02.2020-ci il tarixdən 11.02.2020-ci il tarixədək G-650 markalı qaz sayğacının qaz sərfiyyatını qeydə almamasını təsdiq edir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçıya məxsus istixanada sayğacsız dövrə aparılan hesabat tərəflərin qarşılıqlı surətdə tərtib etdiyi akta əsasən aparılmışdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi iddiaçının apellyasiya şikayətini qəbul etməyib, öz apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, iddiaçının apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 13.02.2020-ci il tarixli 040220 nömrəli aktla iddiaçıya məxsus Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən müəssisədə qaz sayğacının 04.02.2020-ci ildən 11.02.2020-ci ilədək (8 gün) işləmədiyi, gündəlik qaz sərfinin 5.281 kub.m. götürülməklə qaz sayğacı işləmədiyi dövrdə istifadə olunan qazın sərfiyyatı **********00001 kod üzrə 42.248 kub.m. müəyyən edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə görə, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 13.1-ci maddəsinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 13.3-cü maddəsinə görə, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə» 28.08.2013-cü il tarixli 955 nömrəli Fərmanının 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1-ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, qaz təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh mübahisəli yoxlama barədə məlumatları AR Ədliyyə Nazirliyinə verməmiş, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun 2.1-ci maddəsi anlamında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bu səbəbdən, iddia 13.02.2020-ci il tarixli 040220 nömrəli akta əsasən **********00001 nömrəli koda hesablanmış 8.449,60 manat borcun silinməsi hissədə əsaslıdır. İddia G-4 markalı qaz sayğacının göstəricisinə əsasən hesablanmış 8.148,40 manat məbləğdə borcdan ödənilmiş 5.479,60 manat məbləğdə pulun cavabdehdən alınaraq geri qaytarılması, həmin sayğac üzrə olan 2.668,80 manat məbləğdə borcun silinməsi hissədə isə qismən əsaslıdır. Belə ki, işdə olan, həm G-650, həm də G-4 markalı qaz sayğacına dair abonentin saldolarının müqayisəli təhlilindən görünür ki, G-650 markalı sayğac qaz sərfiyyatını qeydə almadığı bəzi dövrlərdə G-4 markalı sayğacın sərfiyyat qeydə aldığı hallar olmuşdur ki, bu da iddiaçının “G-4 qaz sayğacının qeydə aldığı qaz sərfıyyatı başlanğıc nöqtədə G-650 qaz sayğacı vasitəsilə qeydə alınmışdır” arqumentini təkzib edir. Misal olaraq, iddiaçının silinməsini tələb etdiyi dövrlərdən G-4 sayğacı 2013-cü ilin iyun ayında 445 manat, 2014-cü ilin sentyabr ayında isə 220 manat sərfiyyat qeyd etdiyi halda, G-650 sayğacı eyni dövrlərdə sərfiyyat qeydə almamış, 2015-ci ilin sentyabr ayında isə 412 manat sərfiyyat qeyd etdiyi halda, G-650 sayğacı eyni dövrdə 7 manat sərfiyyat qeydə almışdır. Bu da o deməkdir ki, G-4 sayğacı G-650 sayğacdan keçib də qeydə alınmayan sərfiyyatları da qeydə alır. Cavabdeh də iddianın dəqiqləşdirilməsi ərizəsinə yazılı etirazında göstərmişdir ki, “G-4 markalı qaz sayğacının quraşdırılmasına əsas istixananın qazanxanasının işləmədiyi müddətdə inzibati binada istifadə olunan qaz sərfiyyatının qeydə alınmasıdır. Belə ki, G-650 markalı qaz sayğacının nominal qaz sərfi qeydiyyatı 52 kub.m. təşkil edir. G-4 markalı qaz sayğacının nominal qaz sərfi qeydiyyatı isə 0 kub.m. təşkil edir.” İşin bu halı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsinin diqqətinə çatdırılıb, onunla müzakirə edilərək, hesablamalarla bağlı dəqiqləşdirmə təqdim etməsi tövsiyə olunsa da, o, növbəti məhkəmə iclasında iştirak etməmiş, dəqiqləşdirilmiş hesablamanı Məhkəməyə göndərməmişdir. Belə olan halda, iddianın hesablanmış 8.148,40 manat məbləğdə borcdan ödənilmiş 5.479,60 manat məbləğdə pulun cavabdehdən alınaraq geri qaytarılması, həmin sayğac üzrə olan 2.668,80 manat məbləğdə borcun silinməsi tələbində hesablamanın faktiki meyarı G-650 sayğacda qeydə alınıb da G-4 sayğacda təkrar qeydə alınan sərfiyyatların nəzərə alınması olmalıdır. İddianın sözügedən tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanmağa dair müddəaları təşkil edir. Belə ki, Mülki Məcəllənin: 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə kollegiyası bildirir ki, Mülki Məcəllənin 1095-ci maddəsində müəyyən edilən 2 illik müddət iddia müddəti deyil. Ona görə də Mülki Məcəllənin iddia müddətləri ilə bağlı tələbləri hazırkı işə tətbiq olunmur. İddiaçının silinməsini tələb etdiyi 2.668,80 manat borc məbləğinin hesablandığı 01.02.2021-ci il tarixdən geriyə 2 il 01.02.2019-cu il olmaqla, bu tarixlər arasında həm G- 650 sayğacda, həm də G-4 sayğacda təkrar qeydə alınan sərfiyyatlar 2019-cu ildə 324.40, 534.20, 476.40, 196.20, 167, 227 və 290 manat, 2020-ci ildə isə 322, 482.40, 365.60, 161.20, 71.40, 19, 3.40, 274.80 və 349 manat məbləğdə olmaqla, cəmi 4.276, 60 manat təşkil edir. Cavabdeh iddiaçının hesabına əsassız varlandığı üçün, həmin məbləğdən də abonentin saldosunda borc kimi görünən 2.668,80 manat silinməli, 1.607,80 manatı isə iddiaçıya qaytarılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu mənada cavabdehin apellyasiya şikayəti də qismən əsaslıdır. Birinci instansiya məhkəməsi qətnamədə göstərmişdir ki, “Aktın abunəçinin nümayəndəsi qismində T.Nəzərov adlı şəxs tərəfindən imzalanması barədə Cavabdeh İBnin istinad etdiyi dəlilə gəldikdə məhkəmə qeyd edir ki, əvvəla cavabdeh akta imza atmış şəxsin iddiaçının nümayəndəsi olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir, digər tərəfdən isə həmin şəxsin iddiaçının nümayəndəsi olması ehtimal edilsə belə, iddiaçının nümayəndəsinin aktı imzalaması faktı yalnız onun aktla tanış olmasını təsdiq etməklə akt əsasında hesablanmış borcun iddiaçı tərəfindən mübahisələndirilməsini istisna etmir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə həmin hissədə də razılaşmır. Belə ki, iddiaçı özü iddianın dəqiqləşdirilməsi ərizəsində göstərmişdir ki, onun nümayəndəsi Tahir Nəzərov qış ayları olduğu və istixananın qızdırılması üçün başqa yol olmadığı üçün aktı imzalamaq məcburiyyətində qalmışdır. MPM-in: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunan hissədə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, rədd edilən hissədə isə mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması əsası ilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli (MPM-in 385.1.1 və 385.1.2-ci maddələri), iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməli (MPM-in 384.0.2-ci maddəsi), apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir (MPM-in 119.1ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-393/2021 nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən 13 fevral 2020-ci il tarixli 040220 nömrəli akta əsasən **********00001 nömrəli koda hesablanmış 8.449,60 manat (səkkiz min dörd yüz qırx doqquz manat altmış qəpik) məbləğdə borc silinsin. İddiaçı X2 G-4 markalı qaz sayğacına hesablanmış 2.668,80 manat (iki min altı yüz altmış səkkiz manat səksən qəpik) məbləğdə borc silinsin. 1.607,80 manat məbləğdə pul Cavabdeh İB-dən alınaraq iddiaçı X3 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçının və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova