Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-573/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 27.04.2022-ci il tarixli, e-2- 2(113)-2393/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Sukanal İdarəsinin nümayəndələri tərəfindən tərtib edilmiş 601003 saylı, 13 iyun 2021-ci il tarixli akt əsasında əsassız hesablanmış 6984 manat məbləğin Balıqçı restoranın adına qeydə alınmış abonent hesabından silinməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.04.2022-ci il tarixli, e-2-2(113)-2393/2022 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı nümayəndəsi vəkil Nümayəndə həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin 27.04.2022-ci il tarixli, e-2-2(113)-2393/2022 nömrəli qərardadının ləğv edilməsini, əks təqdirdə isə işin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, İddiaçı ilə Sumqayıt sukanal idarəsi arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanmasına dair müqavilə olmadığına görə pretenziyanın elektron qaydada məhkəmə elektron hökumət portalı vasitəsi ilə göndərmək mümkün olmamışdır. Belə ki, məhkəmə elektron hökumət portalında məhkəmə sistemində yeni pretenziya göndərilməsi üçün müqaviləyə dair məlumatların doldurulması məcburi tələb olunur. Belə ki, ünvan 1 ünvanda yerləşən Balıqçı restoranını ******* nömrəli çıxarışa əsasən İddiaçı məxsusdur. İddiaçı ********** VÖEN əsasında ona məxsus Balıqçı Restoranını işlədir. 13 iyun 2021-ci il tarixdə Sumqayıt Sukanal İdarəsinin nümayəndələri tərəfindən Balıqçı Restoranında sudan qeyri-qanuni istifadə edilməsi baradə qanunsuz olaraq 601003 saylı, 13 iyun 2021-ci il tarixli akt tərtib edilmişdir. Balıqçı restoranının abonent kodunun Sumqayıt Sukanal İdarəsində X1 adına hansı səbəbdən açılmasına dair heç bir məlumat yoxdur. Bakı Kommersiya Məhkəməsinin 12.05.2022-ci il tarixli, e-2- 2(113)-2393/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27.04.2022-ci il tarixli, e-2- 2(113)- 2393/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Həmin Məcəllənin 152.1.4.-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Elektron məhkəmə” informasiya sistemindən məlum olur ki, Cavabdeh ASC-nin “elektron məhkəmə” iformasiya sisteminə yaradılmış kabineti mövcuddur. Lakin iddiaçı cavabdeh tərəfindən MPM-nin 150.2.-ci maddəsində qeyd olunan qaydada iddia ərizəsinin alınmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən qanunla nəzərdə tutulmuş qaydada iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə kollegiyası şikayət ərizəsində qeyd edilənlərlə qismən razılaşır və qeyd edir ki, tərəflər arasında müqavilə olmadığından, bu kateqoriya mübahisələr üçün qanunda mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına dair tələb olmadığından iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin məhkəməyə təqdim olunmaması iddia ərizəsinin geri qaytarılmasına əsas ola bilməz. Lakin iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin MPM-nin 150.2-ci maddəsinə uyğun olaraq göndərildiyi haqqında sübut iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsinin qaytarılmalı olduğuna dair məhkəmənin mövqeyi əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27.04.2022-ci il tarixli, e-2- 2(113)-2393/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 27.04.2022-ci il tarixli, e-2- 2(113)-2393/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-573/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-573/2022
03.06.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver