Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-576/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçının Cavabdeh ASC-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (81)-1200/2019 saylı, 22.11.2019-cu il tarixli qətnaməsindən (hakim Fərid Mədətli) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC tərəfindən hesablanmış 2.196 manat su təchizatı və kanalizasiya xidmətləri borcunun İddiaçı abonent haqqında məlumatından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 26.07.2019-cu il tarixdə Cavabdehxxxx"İddiaçı Dövlət Müəssisəsi yerləşdiyi Bakı şəhəri, Yeni Yasamal 1, Dadaş Bünyadzadə 1 ünvanına “su xəttinə qanunsuz qoşulma” bəhanəsi ilə əsassız olaraq 2.196 manat borc yazılmışdır. Lakin, sözü gedən ünvanda cavabdehə məxsus su xəttinə qanunsuz qoşulma olmamışdır. Sadəcə həmin ünvanda qanunsuz qoşulma olan ərazidə başqa abonentə məxsus ərazidə qanunsuz qoşulma olmuşdur və ona aid sayğac olmadığından cərimə iddiaçının abonent hesabına yazılmışdır. Bununla bağlı iddiaçı cavabdehə əsassız borcun silinməsi barədə 19.08.2019-cu il tarixində müraciət etməsinə baxmayaraq, müraciət cavabsız qalmış və borc silinməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (81)-1200/2019 saylı, 22.11.2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin e-2-2 (81)-1200/2019 saylı, 22.11.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamış, yəni tərəflər arasındakı həqiqi münasibətlərə, faktlara əsaslanmamış, eyni zamanda, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Birinci instansiyası məhkəməsinin Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfindən sudan sayğacdankənar qaydada qoşulmaqla haqqı ödənilmədən qanunsuz istifadəsini aşkarlaması faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirməsi, bunun Ədliyyə nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab edilməsi barədə gəldiyi nəticə də tamamilə qanunsuz və əsassızdır. Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfin səlahiyyətli şəxslərinin razılığı ilə həyata keçirdikləri su təchizatı sisteminə cari baxış sahibkarlıq fəaliyyətinin yoxlanılması kimi qiymətləndirilə bilməz. Bu baxış “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə həyata keçirilmişdir. Həmin qanunun 50-ci maddəsinin 2-ci bəndində göstərilir ki, aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələri bu maddədə nəzərdə tutulmuş məqsədlər üçün obyektlərə əvvəlcədən bildirmədən daxil ola bilərlər: a) fövqəladə hadisə zamanı; b) obyekt sahibi işlərin aparılmasına etiraz etmədikdə; c) suyun çirklənməsini, ondan qeyri məqsədlər üçün və səmərəsiz istifadəni aradan qaldırmaq və həmçinin bu Qanunun müddəalarının pozulmasının qarşısını almaq üçün. Hazırki iş üzrə də iddiaçı tərəf əməkdaşları tərəfindən obyektin su təchizatı sisteminə baxış keçirməsinə etiraz etməmişdir. Bundan əlavə də obyektdə sudan səmərəsiz istifadə halı, qanunun müddəalarının pozulması halı öz təsdiqini tapmış və bunun qarşısı qanunvericiliyin tələblərinə uyğun alınmışdır. Cavabdehin əməkdaşları tərəfindən iddiaçının su təchizatı sisteminə baxış keçirilməsi onun sahibkarlıq fəaliyyətinin və ya təsərrüfat fəaliyyətinin yoxlanması olmadığından bu baxış sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi barədə tələbin heç bir hüquqi əsası yoxdur. Göründüyü kimi, qanunvericiliyin niyyəti “qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanı”nın fəaliyyətini nizama salmaqdır və sadə məntiqə belə zidd olardı ki, qanunvericilikdə müxtəlif normativ hüquqi aktlar eyni məsələ ilə bağlı tam fərqli mövqelər müəyyən etsin. Cavabdeh “ASC”-nin əməkdaşları obyektə baxış keçirərkən sudan qeyriqanuni istifadə halı aşkarlanmış və bu zaman video çəkiliş aparılmış və buna müvafiq olaraq 14 iyul 2019-cu il tarixli, MXD-11080 saylı inventar akt tərtib edilmişdir. Buna görə də akt və akta görə hesablanmış dəymiş ziyanın məbləği tam əsaslıdır. Belə ki, qanunsuz qoşulma nəticəsində Cavabdeh ASC-yə maddi ziyan dəymiş və qanunvericiliyin tələblərinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləği cəmi 2196 manat məbləğində hesablanmışdır. Eyni zamanda tərtib olunmuş inventar aktın təsdiq olunmuş surəti, abonent kartı, istehlakçı ilə Cavabdeh ASC arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair imzalanmış müqavilənin təsdiq olunmuş surəti, həmçinin aktın tərtib olunması zamanı lentə alınan video görüntü olan disk cavabdeh tərəfindən tərtib olunmuş etirazla birlikdə məhkəməyə təqdim edilmişdir. Buna baxmayaraq məhkəmə qərəzli olaraq qətnamədə tərtib olunmuş aktın məhkəməyə təqdim edilmədiyini qeyd etmişdir. Bundan əlavə, işə baxan hakim Cavabdeh ASC-nin əməkdaşları tərəfindən aktın tərtib olunması zamanı guya iddiaçının və onun nümayəndəsinin iştirakı təmin olunmamışdır. Halbu ki, MXD-11080 nömrəli akt obyektin nümayəndəsi Cəfərov Samir tərəfindən imzalanmışdır. Hakim birtərəfli mövqedən çıxış edərək heç bir araşdırma aparmadan, obyektin yerləşdiyi əraziyə baxış keçirmədən, yalnız iddiaçının dediklərinə əsaslanaraq cavabdeh tərəfindən təqdim olunmuş video görüntüdə qeyd olunanların başqa bir obyektə məxsus olduğunu qətnamədə qeyd etmişdir. İşə apelyasiya qaydasında baxılması 16.06.2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olsalar da, nümayəndələri iclasda iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (81)-1200/2019 saylı, 22.11.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh ASC və İddiaçı arasında su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün 05 yanvar 2012-ci il tarixli, 070774 saylı müqavilə bağlanmışdır. İşdə olan MXD-11080 saylı, 14.07.2019-cu il tarixli inventar aktında qeyd edilmişdir ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilərkən müəyyən edilmişdir ki, obyektdə d=15 mm-lik rezin boru vasitəsilə sudan qeyri-qanuni istifadə edilir. Qeyd edilən akt əsasında iddiaçıya 12 ay ərzində sudan qeyri-qanuni istifadəyə görə 2.196 manat ziyan hesablanmışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, obyektdə sudan d=15 mm-lik xətdən qeyriqanuni istifadə olunduğuna görə Yasamal SKİ tərəfindən su təchizatının dayandırılması qeyd olunsa da, qeyri-qanuni sudan istifadə olunmasının aşkarlanması barədə hər hansı akt məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə maddi sübut olaraq təqdim edilmiş video görüntüyə birinci instansiya məhkəməsində işə baxılarkən baxış keçirilmiş və video görüntüdə qeyd olunanların müəssisəyə aid olmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı izahatlar və işin hallarına əsasən müəyyən edilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən aşkar edilərək kəsilən d=15 mm-lik xətt iddiaçının yerləşdiyi obyektin arxa hissəsində, ona aidiyyəti olmayan uzaq məsafədə yerləşən kafeyə aid su xətti olmuşdur. Həmçinin cavabdehin əməkdaşları tərəfindən ərazidə aparılan yoxlamadan iddiaçının heç bir məlumatı olmamış, onun nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı, apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilindəAzərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi, Cavabdeh” ASC içməli su təchizatı və çirkab sularının axıdılması xidmətləri sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə qaydaları"nın 4.1.1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM (su təchizatı və kanalizasiya müəssisəsi) ilə müqavilə bağlamaq istehlakçının vəzifəsidir. Qaydaların tələblərindən göründüyü kimi, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halı aşkar edildikdə Cavabdeh ASC-nin əməkdaşları əvvəlcə qoşulmanın tarixini müəyyənləşdirmək üçün tədbirlər görməli, mümkün olmadıqda isə suyun həcmini bir illik dövr üçün hesablamalıdırlar. Lakin hazırkı halda cavabdeh tərəfindən bununla əlaqədar hər hansı araşdırma aparılmamış, məhkəmə iclasında iddiaçının bir il müddətində tullanti sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə etdiyini təsdiq edən sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Su Məcəlləsinin 43-cü maddəsinə əsasən su obyektlərindən istifadə edənlərin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulan qaydada bərpa edilməlidir. Məhkəmə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminə baxış keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədyindən yoxlama qanuni hesab edilə və yuxarıda qeyd edilən normaların tələbləri baxımından hüquqi nəticə yarada bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (81)-1200/2019 saylı, 22.11.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh ASC-nin apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (81)-1200/2019 saylı, 22.11.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-576/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-576/2021
16.06.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver