Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-582/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, X2, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh “xxxxxxxx” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X7 iştirakı ilə, X2 cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi, dəymiş maddi zərərin cavabdehdən tutulması barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1623/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh ASCtərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: X3 cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli 69578748 saylı hesab ödəniş vərəqi ilə hesablanmış 17.143,83 manat borcun silinməsi, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 6.937 ha torpaq sahəsində inşa edilmiş “istixana”ya verilən elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində dəymiş 25.000 manat maddi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 6.937 ha torpaq sahəsi icarə hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı tərəfindən torpaq sahəsində “istixana” quraşdırılmışdır. xx xxxxxx 2020-ci il tarixdə cavabdehin əməkdaşlarının iştirakları ilə iddiaçıya məxsus obyektə baxış keçrilməsinə dair akt tərtib edilmişdir. Aparılan yoxlama zamanı NDQ seriyalı 006732 saylı akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, sayğacın texniki parametrləri: Sayğacın seriya nömrəsi 69206443, Sayğacın tipi-Luna, Gərginlik (voltu) - 3x57/100v, cərəyan (amper) - 3x3A, G/T və G/T görə əmsal KxK-5=1200, dövlət möhürü - yuva, alt qapaq möhürü 829094, sayğac göstəricisi 321,750. Yoxlama zamanı aktda aşkar edilmiş pozuntular qrafasında sayğacın dövlət möhürünun pozulmadığı, alt qapaq möhürünün pozulmadığı, sayğacdan kənar xətt və ya istifadəçilərin olmadığı, xüsusi açar, aparat və s. vasitəsi ilə sayğacın dövrdən kənarlaşdırılmadığı, G/t-nun yükü hiss etmə və ya yanılma olmadığı, sayğac diskinin ilişmədiyi müəyyənləşdirilmişdir. Sayğacın göstəricisində pozuntu aşkar edilməsi qeyd edilmişdir. Tərtib edilmiş aktın pozuntunun qısa məzmunu və cərəyan qəbul ediciləri (və ya ölçülən güc, kvt) qrafasında qeyd edilmişdir ki, EESQ-na uyğun sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac dövrənin 6 kv-luq tərəfində quraşdırılmışdır və sayğacın quraşdırılma sxemi səhvdir. Bu səbəbdən dövrədən axan yüklə, sayğacın qeyd etdiyi yük ölçülmüş. Pfak=220 kv, Psay=146kvt, Dp=33%. Aktla sayğac sxeminin bərpa edilməsi tələb edilmişdir. Akta qeyd edilərək: sayğac sxem yoxlanması üçün abonent tərəfindən əlavə aktiv yük verildiyi göstərilmişdir. xx xxxxxx 2020-ci il tarixdə cavabdehin sayğacın quraşdırılması və uçota nəzarət idarəsinin əməkdaşının, Zirə Elektrik şəbəkəsinin əməkdaşının, abonentin nümayəndəsinin iştirakları ilə sayğac sxemlərinin yoxlanması, quraşdırılması və dəyişdirilməsi üzrə 194792 saylı akt tərtib edilmişdir. Cavabdehin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdən obyektə elektrik enerjisinin verilməsi dayandırılmışdır. Cavabdeh tərəfindən xx xxxxxx 2020-ci il tarixdə 69578748 saylı hesab ödəniş vərəqi göndərilərək NDQ seriyalı 006732 saylı akta əsasən 17.143,83 manat məbləğində pulun ödənilməsi tələb edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 6.937 ha torpaq sahəsindəki istixana qeyri-yaşayış obyektinə avadanlıqlar cavabdeh tərəfindən quraşdırılmış və xətlər cavabdehin əməkdaşları tərəfindən şəbəkəyə qoşulmuşdur. Elektrik enerjisinə qoşulma xətləri cavabdehin əməkdaşları tərəfindən istismara qəbul aktından əvvəl qoşulmuş və əməkdaşları tərəfindən təhvil-təslim aktı ilə təhvil verilmişdir. İddiaçı tərəfindən həmin əraziyə hər hansı bir müdaxilə olunmamışdır. İddiaçının və istixanada işləyən əməkdaşlar tərəfindən uçot cihazları zədələnməmiş, uçot cihazlarının qoşulma sxemləri pozulmamış, uçot cihazlarından kənar özbaşına yük qoşulmamışdır. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 6.937 ha torpaq sahəsində yerləşən “istixana” əmlak kompleksində şitil yetişdirilməsi məqsədi ilə elektrik enerjisi ilə təchiz olunması üçün “AzCİS” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən qeyri-yaşayış obyektinin elektrik yüklərinə dair hesabat tərtib edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə TX-18/0564 saylı texniki şərt hazırlanmış və təsdiq edilmişdir. İddiaçı torpaq sahəsində “istixana” tikməklə şitil yetişdirmə fəaliyyəti ilə məşğul olur. İddiaçı vergi ödəyicisi kimi reyestrdə qeydiyyata alınmış və ona ********** saylı VÖEN verilmişdir. Göründüyü kimi, iddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Belə olan halda, müəyyən edilir ki, cavabdeh enerji təchizatı müəssisəsi tərəfindən iddiaçıya məxsus obyektdə elektrik enerjisinin istifadə qaydalarının yoxlanması aparılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Qanunun tələblərinə əməl etməli idi. Həmin yoxlamanın nəticələri, yəni, iddiaçının abonent hesabına işlənmiş 17.143,83 manat məbləğində borc, qanunvericiliyin qeyd olunan tələbləri baxımından etibarsızdır. Yoxlama üzrə tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli 006732 nömrəli aktda sayğacın göstəricisində pozuntu aşkar edilməsi qeyd edilsə də pozuntunun nədən ibarət olması qeyd edilməmişdir. EEİQ yoxlanmasına dair aktda sayğac dövrənin 6 kv-luq tərəfində quraşdırılmışdır və sayğacın quraşdırılma sxeminin səhv olmasının iddiaçıya heç bir aidiyyatı yoxdur. İddiaçıya məxsus “istixana”ya elektrik enerjisinin verilməsi üçün texniki sənədlərin hazırlanmasından başlamış, bütün quraşdırma işlərinin aparılması, sayğacın elektrik cərəyanına quraşdırılması və ya elektrik cərəyanının sayğaca quraşdırılması cavabdeh tərəfindən həyata keçirilmişdir. Elektrik enerjisinin “istixana”ya verilməsinə dair bütün işlər ötən müddət ərzində cavabdeh tərəfindən həyata keçirilmişdir. Elektrik enerjisi yüksək təhlükə mənbəyi olduğundan iddiaçı tərəfdən elektrik enerjisinin obyektə verilməsi ilə bağlı müstəqil hər hansı bir fəaliyyət həyata keçirilməmişdir. İddiaçının “İstixana”ya elektrik enerjisinin verilməsi ilə bağlı fəaliyyəti 2018-ci ilin iyun ayından ötən müddət ərzində cavabdeh tərəfindən verilmiş X5 etməyinə görə sərf etdiyi elektrik enerjisinin dəyərinin ödənilməsi olmuşdur. Hər ayda bir dəfə enerji sərfiyyatı cavabdehin nümayəndəsi tərəfindən sayğac əsasında çıxarılmış qəbzlə hesablanmış və iddiaçıya təqdim edilmiş hesab ödəniş vərəqi təqdim edilmişdir. Hesab ödəniş vərəqi əsasında ödənişlər aparılmışdır. Cavabdehin iddiaçıdan 2018-ci ilin iyun ayından ötən müddət üçün hesablaşma aparması Qaydaların 8.16-cı bəndinə uyğun hesab oluna bilməz. Cavabdeh, iddiaçı barəsində tərtib etdiyi aktla sübut olunmamışdır ki, EEİQ-nın pozulması kimin təqsirli hərəkətləri nəticəsində baş vermişdir və yaxud dareal olaraq qeyd olunan qaydalar hansı müddətdən pozulmuşdur. Cavabdeh tərəfindən pretenziya alınmasına baxmayaraq ötən müddət ərzində pretenziyaya cavab verməmişdir. Lakin elektrik enerjisinin verilməsi bərpa edilmiş, 17.143,83 manat pulun ödənilməsi tələb edilmişdir. Pozulmuş hüququnun bərpa edilməsi üçün məhkəməyə müraciət edəcəyini bildirdikdən sonra yenidən elektrik enerjisinin verilməsi dayandırılmışdır. Cavabdehin elektrik enerjisinin verilməsini qanunsuz dayandırması nəticəsində iddiaçıya maddi zərər dəymiş, istixanada yetişdirilən 200.000 manat məbləğində tərəvəz şitillərinin məhv olmaqdan qorumaq üçün yanacaq vasitələrindən istifadə edilməklə “istixana”ya istilik verilmişdir. Elektrik enerjisi ilə yanacaq enerjisinin qiymət fərqi nəticəsində dəymiş maddi zərərə görə və tərəvəz şitillərinin bir hissəsinin isitmə ilə təmin edə bilinməməsi nəticəsində məhv olmasına görə 25.000 manat məbləğində maddi zərər dəymişdir Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1623/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən X9 xx.xx.2020-ci il tarixli 69578748 saylı hesab ödəniş vərəqi ilə hesablanmış 17.143,83 manat borcun silinməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri bundan ibarətdir ki, məhkəmə akta əsasən hesablanmış borcun silinməsi qənaətinə gələrkən mübahisəyə əsasız olaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Preziden6nin xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müddəalarını tətbiq etmişdir. Belə ki, məhkəmə akta əsasən hesablanmış borcun silinməsinə dair nəticəsini onunla əsaslandırmışdır ki, aktın tərtib olunmasına səbəb olan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müddəalarına uyğun aparılmamış, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, ona görə də onun hüquqi nəticələri qanunsuzdur. Halbuki, iddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama heç də onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və “X8 Qaydaları”na riayət olunması vəziyyətini yoxlamışdır. Bu səbəbdən, qeyd edilən normalar hazırkı iş üzrə mübahisəyə tətbiq edilə bilməzdi. Məhkəmə hazırkı iş üzrə mübahisəyə “X5 Qaydaları”nın 8.15 və 8.17-ci bəndlərini tətbiq etməli olduğu halda əsassız olaraq tətbiq etməmişdir. Belə ki, mübahisələndirilən akta əsasən cavabdeh tərəfindən iddiaçı ilə yenidən hesablaşmanın aparılması EEİQ-nin 8.15 və 8.17-ci bəndlərinin tələblərinə əsaslanmışdır. EEİQ-nin 8.15-ci bəndinə əsasən, elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizat müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. EEİQ-nin 8.17-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. İşin faktiki hallarına görə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli NDQ seriyalı 006732 saylı akta əsasən iddiaçıya məxsus istixanada elektrik enerjisi uçotu və “X8 qaydaları”na riayət olunması vəziyyətinin yoxlanılması zamanı sayğacın quraşdırılma sxeminin səhv olması, nəticədə dövrədən axan yüklə (Pfaktiki = 220 kvt) sayğacın qeyd etdiyi yük (Psayğac = 146 kvt) arasında fərq əmələ gəlməsi müəyyən edilmişdir. Aktda qoyulan tələbə əsasən xx.xx.2020-ci il tarixli aktla qüsur aradan qaldırılmışdır. Aşkar edilən pozuntu ilə əlaqədar cavabdehin akt komissiyasının xx.xx.2020-ci il tarixli icra vərəqinə əsasən istehlakçı ilə yenidən hesablaşma aparılaraq, itirilmiş elektrik enerjisini bərpa etmək üçün 322,288 göstərici x 1200 əmsal x 33 % : 67 % = 190487 kvts əlavə sərfiyyat (17.143,83 manat əlavə ödəniş) hesablanmışdır. Aktda göstərilən hal EEİQ-nin 8.17-ci bəndində nəzərdə tutulan pozuntu hallarından qoşulma sxemlərinın pozulması halını ifadə etmişdir. Sözügedən pozuntu halı abunə haqqında invoysa əsasən pozuntu aradan qaldırıldıqdan sonra əvvəlki dövrlərlə müqayisədə elektrik enerjisi sərfiyyatında artıma doğru fərqin müşahidə olunması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə mübahisəyə EEİQ-nin 8.15 və 8.17-ci bəndlərini tətbiq edib iddianı rədd etməli olduğu halda, əsassız olaraq tətbiq etməmiş və bununla maddı hüquq normalarının pozuntusuna yol vermişdir. Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X11 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. X2, onun nümayəndəsi və vəkili Nümayəndə1məhkəmə iclasında apelyasiya şikayəti ilə razı olmadığını bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1623/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirilir. Məhkəmə qətnaməni mübahisələndirilən hissədə yoxlayaraq hesab edir ki, qətnamənin həmin hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyil. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli NDQ seriyalı 006732 saylı aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən iddiaçıya məxsus obyektdə elektrik enerjisi uçotu və “X8 qaydaları”na riayət olunması vəziyyətinə baxış zamanı elektrik sayğacının dövrənin 6 kv-luq tərəfində quraşdırılması və sayğacın quraşdırılma sxeminin səhv olması aşkar edilmişdir. Akt əsasında tərtib edilmiş icra vərəqindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya akta əsasən 190487 kvts əlavə sərfiyyat (17143,83 manat məbləğində borc) hesablanmışdır. xx xxxxxx 2020-ci il tarixli ********* saylı hesab ödəniş vərəqinin surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya NDQ seriyalı 006732 saylı akta əsasən hesablanmış 17143,83 manat məbləğində borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 fəaliyyəti göstərdiyi obyektdə elektrik uçotu sisteminə baxış keçirilməsi məqsədilə aparılan yoxlama dövlət reyestrində qeydə alınmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə hesab edir ki, “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçının elektrik enerjisi uçotuna baxış keçirilməsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədiyi üçün yoxlamanın hüquqi nəticəsi olmadığından yoxlama nəticəsi olaraq tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli NDQ seriyalı 006732 saylı akta əsasən iddiaçıdan tələb edilən 17.143,83 manat borcun silinməsi barədə barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır. Apelyasiya şikayətində cavabdeh qeyd edir ki, “xxxxxxxx” ASC tərəfindən maliyyəhəyata keçirilmiş yoxlama iddiaçının təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmadığından məhkəmə bu yoxlamanın dövlət reyestrində qeydə alınmalı olduğuna dair düzgün nəticəyə gəlməmişdir. Məhkəmə apelyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “X5 qaydaları”nın 8.34-cü bəndinə görə, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Qeyd edilən normanın tələbindən göründüyü kimi, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin hesablaşma elektrik sayğacına baxış keçirilməsi də sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalı olan yoxlama hesab edildiyindən hazırkı halda cavabdeh tərəfindən həyata keçirilmiş baxışın dövlət qeydiyyatından keçməməsi həmin baxış nəticəsində tərtib edilmiş aktın hüquqi qüvvəsinin tanınmasını istisna edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)- 1623/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1623/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-582/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-582/2020
18.11.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver