Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-593/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-231/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 30.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X3” MMC Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən sayğacsız aylar üçün hesablanmış 2795 manat borc məbləğinin 1557,4 manat məbləğində hissəsinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.03.2021-ci il tarixli e-2-2(113)-231/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh İB apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. 21 yanvar 2020-ci il tarixdə iddiaçıya məxsus ünvana Cavabdeh İB-nin nümayəndələri tərəfindən baxış keçirilmiş və yoxlama üçün G25 75160835 saylı sayğac çıxarılmışdır. Yoxlama bitdikdən sonra G25 75160835 saylı sayğac 06 mart 2020-ci il tarixdə yenidən yerinə quraşdırılmışdır. Cavabdeh İB-nin nümayəndələri tərəfindən 31 yanvar 2020-ci il tarixli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” ******* saylı akt tərtib olunmuş və akta əsasən 21.01.2020ci ildən 31.01.2020-ci ilə kimi qeyd olunan müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 375 kub.m, aylıq sərfin miqdarı 4125 kub.m olmaqla qaz sərfinin məbləği 825 manat müəyyən edilmişdir. Habelə Cavabdeh İB-nin nümayəndələri tərəfindən “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 28 fevral 2020-ci il tarixli 000335 saylı akt tərtib olunmuş və akta əsasən 01.02.2020-ci ildən 29.02.2020-ci ilə kimi qeyd olunan müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 234 kub.m, aylıq sərfin miqdarı 6786 kub.m olmaqla qaz sərfinin məbləği 1357,20 manat müəyyən edilmişdir. Bundan əlavə 31 mart 2020-ci il tarixli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 3357 saylı akt tərtib olunmuş və akta əsasən 01.03.2020-ci ildən 06.03.2020-ci ilə kimi qeyd olunan müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 15,5 kub.m, aylıq sərfin miqdarı 228 kub.m olmaqla qaz sərfinin məbləği 45,60 manat müəyyən edilmişdir. Qeyd olunan borc məbləğləri iddiaçıdan tələb olunmuşdur. İddiaçı bildirir ki, borc heç bir əsas olmadan qanunsuz olaraq hesablanmışdır. Cavabdeh iddiaya etiraz edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İşin mübahisəsiz halıdır ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği qaz sayğacının olmadığı dövrlərə aiddir. Lakin cavabdeh qaz sayğacının olmadığı dövr üçün borcun hansı qaydada hesablanması ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bundan başqa nəzərə alınır ki, cavabdeh tərəfindən qaz sayğacının olmadığı dövr üçün hesablanmış cəmi 2795 manat məbləğində borcun 1200 manat hissəsi iddiaçı tərəfindən ödənilmişdir. Göründüyü kimi hazırda silinməsi tələb olunan və qaz sayğacı olmadığı dövrü əhatə edən borcun hansı qaydada hesablanması qeyri-müəyyəndir. Ona görə də, iddiaçı həmin borcun silinməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-231/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 30.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-593/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-593/2021
08.06.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver