Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-61/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi, İddiaçı Nümayəndə1 Ələsgər oğlunun iştirakı ilə, İddiaçı Nümayəndə1 Ələsgər oğlunun Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2- 2(113)-4512/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı ilə cavabdeh arasında 2019-cu il 27 mart tarixində bağlanmış və müddəti 2020-ci il 31 dekabr tarixinədək olan KTTX/0419 nömrəli Xidmət müqaviləsinə (bundan sonra – “müqavilə”) əsasən, icraçı (iddiaçı) özünə məxsus “Howo” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran texnika ilə sifarişçinin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra etməyi, sifarişçi isə icraçının gördüyü işlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə görə, hər bir texnika ilə aylıq xidmət haqqı vergilər daxil 4.500 manat təşkil edir. Xidmətlərin təhvil-təslim aktı imzalanıb möhürləndikdən sonra 7 iş günü ərzində icraçı sifarişçiyə əvvəlki ay üçün hesab-faktura tərtib edir, sifarişçi həmin sənədi qəbul etdikdən sonra icraçıya ödəniş edir (müqavilənin 2.4-cü bəndi).
2. 31 mart 2019, 30 aprel 2019, 31 may 2019, 31 iyul 2019, 31 may 2020, 30 iyun 2020, 30 iyul 2020, 31 avqust 2020, 30 sentyabr 2020, 31 oktyabr 2020, 30 noyabr 2020, 10 dekabr 2020-ci il tarixli Xidmətlərin təhvil-təslim aktlarına görə (12 akt üzrə) xx.xx.2019cu il tarixli xidmət müqaviləsinə əsasən işlərin tam təmin edilməsi **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə icra edildiyi qeyd edilsə də, 31 avqust 2019, 30 sentyabr 2019, 31 oktyabr 2019, 30 noyabr 2019, 30 dekabr 2019, 31 yanvar 2020, 29 fevral 2020, 31 mart 2020, 30 aprel 2020-ci il tarixli Xidmətlərin təhvil-təslim aktlarına görə (9 akt üzrə) işlərin tam təmin edilməsi **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yanaşı, **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə icra edilmişdir.
3. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli KTTX 27/0419 saylı müqavilənin 2 №-li Əlavəsinə əsasən iddiaçı tərəfindən xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək olan dövrdə 21 akt tərtib edilmişdir. Tərtib edilmiş həmin aktlarla əlaqədar xx.xx.2019-cu ildən xx.xx.2020-cu ilədək olan dövrdə eyni sayda (21) elektron qaimə fakturalar tərtib edilmişdir. Həmin qaimə fakturalara və xidmətlərin təhvil-təslimi aktlarına əsasən, 2019-cu il 27 mart – 2020-ci il 10 dekabr tarixləri arasında iddiaçı tərəfindən müqavilə üzrə cavabdehə cəmi 119.550 manat dəyərində xidmətlər göstərilmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya 21 ədəd təhvil-təslim aktı və eyni sayda elektron qaimə fakturaya görə ödənilməli olan məbləğ ümumilikdə 119.550 manat təşkil etməli olduğu halda, ödənilmiş məbləğ 103.750 manat təşkil etmişdir. Bu isə cavabdehin iddiaçıya 15.800 manat qalıq borcunun olduğunu təsdiq edir.
5. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2021-ci il 6 iyul tarixli pretenziya məktubunda cavabdehə hesablanmış 15.800 manat xidmət haqqının bu məktubu aldığı vaxtdan 3 gün müddətinə ödəmək təklif olunmuş, əks təqdirdə tam həcmdə ödənişin, cərimənin, həmçinin nümayəndəyə çəkilən və məhkəmə xərclərinin ondan tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir.
a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Nümayəndə1 Ələsgər oğlu (iddiaçı) 2021-ci il 6 sentyabrda Cavabdeh MMCyə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 15.800 manat məbləğində borcun (xidmət haqqı) və 30,4 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu il 31 avqust, 30 sentyabr, 31 oktyabr, 30 noyabr və 10 dekabr tarixli aktlara əsasən, Müqavilə (bax yuxarıda §§ 1-3) əsasında icraçı tərəfindən Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində hər ay işlər tam təmin edilmiş və müqaviləyə əsasən, xidmət haqqı hesablanmış, hesablanmış xidmət haqqına uyğun olaraq elektron qaimə hər ay cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən işlərin və xidmətlərin göstərilməsi haqqında göndərilmiş elektron qaimə fakturalar qəbul edilmişdir. Müqavilə üzrə 15.800 manat xidmət haqqı hesablanmış, borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya göndərilməsinə baxmayaraq, bu günə kimi həmin borc cavabdeh tərəfindən ödənilməmişdir.
8. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.2.6, 21, 385.1, 430.1, 448.1, 449, 1096, 1097-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 26-cı maddələrinə istinad olunmuşdur.
9. İddia ərizəsinə qarşı cavabdeh etiraz təqdim etməmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 30 noyabr tarixli e-2-2(113)-4512/2021 saylı qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehdən 15.800 manat və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (hakim – A.Əliyeva).
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlmiş, cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və MM-in normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya göstərilmiş xidmət üzrə 15.800 manat məbləğində ödənilməmiş borcu yaranmışdır.
12. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 425.2, 442-ci, MPM-in 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Cavabdeh həmin qətnamədən 2022-ci il 18 yanvar tarixində apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddia tələbinin isə təmin olunmamasını xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının 2022-ci il 4 aprel tarixli 2-2(103)-277/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsi mahiyyətcə podrat müqaviləsi olmuş, həmin müqaviləyə əsasən, iddiaçının (podratçının) icra etdiyi işin əvəzi olaraq razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə yaranmış borcunu ona ödəməlidir.
16. Apellyasiya şikayətinin məhkəmə iclasları barədə cavabdehin məlumatlandırılmaması barədə dəlili iş materialları ilə təkzib olunur. İşin 9, 13, 17 və 47-ci vərəqlərində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamələrə əsasən, məhkəmə iclaslarının vaxtı barədə bildirişlər cavabdehin hüquqi ünvanı olan ünvan 1m olunmuşdur. Əgər cavabdehin faktiki fəaliyyət göstərdiyi ünvan ilə rəsmi qeydiyyata alındığı ünvan fərqlidirsə, bundan irəli gələn məsuliyyət də məhz ona aiddir.
17. Şikayətin işlərin görülməsini təsdiq edən yekun təhvil-təslim aktlarının təqdim edilməməsi barədə dəlili də əsassız olmuşdur. 2020-ci ilin avqust-noyabr aylarında görülmüş işlərin təhvil-təslim aktları mövcud olmuş, digər aylara dair təhvil-təslim aktlarının təqdim edilməməsi isə özlüyündə həmin aylarda işlərin görülməməsi demək deyil.
18. Bu mənada, məhkəmə kollegiyası dəlilləri formal olan şikayətlə bütövlükdə razılaşmamışdır. İddiaçı müqavilə üzrə cəmi 119.550 manat dəyərində xidmət göstərdiyini, bunun müqabilində cavabdehin cəmi 103.750 manat məbləğdə pul ödədiyini, 15.800 manat borcunun qaldığını irəli sürmüş, cavabdeh tərəflər arasında xidmət müqaviləsinin bağlandığını, müqavilənin qanuniliyini, iddiaçı ilə aralarında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığını, iddiaçı tərəfindən işlərin görüldüyünü, özünün müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyini, müqavilə üzrə iddiaçıya borcunun yarandığını və borcunun məbləğini mübahisə etməmişdir. Cavabdehin müqavilə üzrə iddiaçıya borcunun yaranması və həmin borcun məbləği tərəflər arasında müqavilənin bağlanması, iddiaçının ona təqdim etdiyi və 5 gün ərzində etiraz etmədiyi üçün qüvvəyə minən elektron qaimələr, müqavilə üzrə göstərilmiş cəmi 119.550 manat dəyərdə xidmətlərə görə iddiaçıya ödədiyi 103.750 manat məbləğdə pul və xidmətlərin təhvil-təslimi aktları ilə təsdiqini tapmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 427.3, 442, 448.1, 448.2, 752.1, 753.1-ci, MPM-in 14.2, 77.1, 217.1, 217.3, 384.0.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli Qərarı ilə təsdiq edilmiş, zamana görə qüvvədə olmuş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə istinad etməklə əsaslandırmışdır.
20. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 13 aprel tarixində iddiaçı və cavabdehə məxsus şəxsi elektron kabinetlərində yerləşdirilmişdir.
21. Cavabdeh həmin qətnamədən 2022-ci il 2 iyun tarixində kassasiya şikayəti verərək, onun tamamilə ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasının 2-2(102)- 495/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli 2-2(103)-277/2022 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
23. Kassasiya instansiyası məhkəməsi hər iki instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarında cavabdehin iştirakının təmin edilməməsinə dair (1-ci dəlil) dəlilinə tənqidi yanaşmış, lakin qətnamə qəbul edilərkən müqavilə müddəalarının nəzərə alınmaması, 15.800 manat məbləğində işlərin görülməsinə dair əsas sübut olan xidmətlərin təhvil-təslim aktlarının məhkəməyə təqdim edilməməsinə düzgün qiymət verilməməsi (2-ci dəlil) ilə əlaqədar kassatorun dəlili ilə razılaşmışdır.
24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 88-ci və 217.1-ci maddələrinin tələblərinə zidd hesab edildiyindən ləğv edilmişdir.
25. Kassasiya instansiyası məhkəməsi iddianın əsasını təşkil edən təhvil-təslim aktlarının mövcudluğunun həm həmin dövrlər üzrə işlərin görüldüyünün təsdiq edilməsi, həm də təhvil-təslim aktlarının olmadığı aylar üzrə işlərin görülmədiyi qənaətinə gəlmək üçün əsas olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2022ci il 20 aprel tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə (bax § 49) görə düzgün hesab etməmiş və bu halın iş üzrə birmənalı nəticəyə gəlməyə imkan vermədiyini qeyd etmişdir.
26. Kassasiya instansiyası məhkəməsi yeni apellyasiya baxışı üçün araşdırma istiqaməti kimi, iddiaçının tələb etdiyi borcun həqiqətən də yaranıb-yaranmamasının, yaranmışdırsa, bunun hüquqi əsaslarının, o cümlədən məhz hansı xidmətlərin təhvil-təslim akt(lar)ı əsasında yaranmasının, ümumiyyətlə tərəflərin əməkdaşlıq etdikləri qalan dövrlər üzrə də belə aktlar tərtib edib-etmədiklərinin, eləcə də təhvil-təslim aktları tərtib edilmədən cavabdehin iddiaçıya pul vəsaiti ödəyib-ödəməməsinin, bir sözlə, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanın, işgüzar adətlərin xarakterinin müəyyən edilməli olmasını qeyd etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
27. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdeh məhkəməyə verilməsindən, məhkəmənin keçirilməsindən, belə bir qətnamənin olmasından xəbərsiz olmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəmənin elektron sisteminə daxil olarkən təsadüfən belə bir qətnamənin çıxarıldığını öyrənmişdir. Cavabdehə məhkəmənin olması barədə məlumat gəlməmişdir.
28. Məhkəmə qətnamə çıxararkən tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli KTTX 27/0419 nömrəli xidmət müqaviləsinin 2.2-ci, 5.1-ci maddələrinə əhəmiyyət verməmiş, tərəflərin müqavilə şərtlərinə məhəl qoymamış, qiymət verməmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər hər biri xidmət göstərən hər texnika üçün ayrıca gündəlik xidmət cədvəli tərtib edir və həmin cədvəl texnikanın faktiki işlədiyi günləri, saatları göstərilən xidmətləri və digər göstəriciləri təsdiq edən və İcraçı ilə Sifarişçi arasında bu Müqavilənin tələblərinə əsasən hesablaşmaların aparılması üçün əsas sənəd hesab edilir.
29. Müqavilənin 5.1-ci bəndinə əsasən işlərin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 nəfər səlahiyyətli şəxsin imzası ilə və Tərəflərin möhürləri ilə təsdiq edilən yekun təhviltəslim aktına əsasən həyata keçirilir.
30. İddiaçı məhkəməyə müqavilənin 2.2 və 5.1-ci bəndlərinə uyğun sənədləri təqdim etməmiş və məhkəmə buna münasibət bildirməmiş, qiymət verməmişdir. Məhkəmə işə birtərəfli, tərəflərin çəkişmə prinsipinə riayət etmədən, işi tam, ətraflı, obyektiv araşdırmadan tez-tələsik əsassız qətnamə çıxarmışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Cavabdeh məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsi heç bir üzrlü səbəb olmadan gəlmədiyindən, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini mümkün hesab etmişdir.
33. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə qarşı etiraz etmiş və kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq cavabdehlə aralarındakı işgüzar münasibətlərlə əlaqədar bildirmişdir ki, özünə məxsus 2 ədəd Howo markalı betonqarışdıran maşınla cavabdehə xx.xx.2019-cu il tarixli müqavilə əsasında xidmət göstərib. Müqavilənin 1.1-ci bəndi ilə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı kimi **- XV-*** qeyd edilsə də, sonradan işlərin çoxluğu və cavabdehin razılığı ilə **-RL-*** dövlət qeydiyyat nişanlı 2-ci Howo markalı betonqarışdıran maşını işlərin görülməsinə cəlb etmişdir. Müqavilənin 2.1-ci bəndi bir neçə maşının işə cəlb edilməsini istisna etmədiyindən, habelə cavabdeh Xidmətlərin təhvil-təslimi aktlarına hər 2 maşının məlumatları və gördüyü işlər və ödənilməli məbləğ qeyd edildiyi halda təsdiq etdiyindən, zərurət olduqda 2 maşınla xidmət edilmişdir. Xidmət etdiyi dövrdə ödənişlər təhvil-təslim aktları və elektron qaimə fakturalara əsasən aparılmışdır. İddiaçı təhvil-təslim aktlarını, elektron qaimələri təkrarən məhkəmə kollegiyasına təqdim etmiş və özünün tərtib etdiyi üzləşmə aktını məhkəməyə təqdim edərək, bildirmişdir ki, cavabdehə 2019-cu il 31 martından etibarən 10 dekabr 2020-ci il tarixədək 21 dəfə təhvil-təslim aktlarını və həmin aktlar əsasında tərtib edilmiş elektron qaimə fakturalar vermişdir. Cavabdeh ödəməli olduğu 119.550 manatdan, 103.750 manat ödəniş etmiş, 15.800 manat borcu qalmışdır. Sonuncu dəfə 30 dekabr 2020-ci ildə 15.000 manat ödəniş edilmişdir. Həmin ödənişlə 14, 15, 16-cı fakturalar üzrə borclar tam, 17-ci faktura üzrə borc qismən bağlanmış, 17-ci fakturadan 1100 manat olmaqla, 18-21-ci fakturalar üzrə isə (18-20-ci fakturaların hər biri üzrə 4500 manat, 21-ci faktura üzrə isə 1200 manat) tam ödənişlər edilməmişdir. Beləliklə, cavabdeh iddiaçıya 15.800 manat (1100+4500+4500+4500+1200=15.800) borclu qalmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
35. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
36. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
37. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
38. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
39. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
40. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
41. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli Qərarı ilə təsdiq edilmiş, zamana görə qüvvədə olmuş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarında müəyyən edilmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
50. MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
51. İşdən müəyyən edilir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə KTTX/0419 nömrəli Xidmət müqaviləsi bağlanmışdır. Müddəti xx.xx.2020-ci il tarixədək olan müqaviləyə əsasən icraçı (iddiaçı) özünə məxsus “Howo” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran texnika ilə sifarişçinin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra etməyi, sifarişçi isə icraçının gördüyü işlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə görə, hər bir texnika ilə aylıq xidmət haqqı vergilər daxil 4.500 manat təşkil edir. Müqavilənin 2.4-cü bəndinə əsasən, xidmətlərin təhvil-təslim aktı imzalanıb möhürləndikdən sonra 7 iş günü ərzində icraçı sifarişçiyə əvvəlki ay üçün hesab-faktura tərtib edir. Sifarişçi həmin sənədi qəbul etdikdən sonra icraçıya ödəniş edir.
52. İddiaçının cavabdehə təqdim etdiyi 21 ədəd elektron qaimə fakturalara və eyni sayda Xidmətlərin təhvil-təslimi aktlarına əsasən xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasında iddiaçı tərəfindən KTTX/0419 nömrəli müqavilə üzrə cavabdehə cəmi 119.550 manat dəyərində xidmətlər göstərilmişdir. İşdə olan 12 ədəd mədaxil orderləri və ödəniş tapşırıqlarına görə, cavabdeh tərəfindən iddiaçıya cəmi 103.750 manat məbləğdə pul ödənilmişdir.
53. Cavabdehin iddiaya birbaşa münasibətinin öyrənilməsi məhkəmə iclaslarında iştirak etməməyi səbəbindən mümkün olmasa da, apellyasiya şikayətinin dəlillərindən dolayı yolla aydın olur ki, cavabdeh Müqavilənin 2.2-ci və 5.1-ci bəndlərinin nəzərə alınmamağından narazıdır. Müqavilənin 2.2-ci bəndi üzrə cavabdeh hər bir texnika üçün gündəlik xidmət cədvəlinin tərtib edilmədiyinə, 5.1-ci bənd üzrə isə işlərin təhvil verilməsinin hər 2 tərəfdən azı 2 nəfər səlahiyyətli şəxsin imzası ilə təsdiq edilməli olduğuna istinad etmişdir.
54. Buradan müəyyən edilir ki, cavabdeh həm göstərilmiş xidmətlərin birdən çox nəqliyyat vasitəsilə icra edildiyini, həm də işləri icra etmiş nəqliyyat vasitələrinin iddiaçıya aid olmasını qəbul edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Müqavilə əsasında işlərin 9 təhvil-təslim aktı üzrə 2 nəqliyyat vasitəsilə, 12 təhvil-təslim aktı üzrə isə 1 nəqliyyat vasitəsilə iddiaçı tərəfindən icra edildiyi işin mübahisəsiz halı kimi qiymətləndirilməlidir.
55. MM-in 427.3, 442, 448.1, 448.2, 752.1, 753.1-ci maddələrinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli Qərarı ilə təsdiq edilmiş, zamana görə qüvvədə olmuş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinin tələbləri baxımından işin müəyyən olunmuş faktiki hallarına münasibətdə mübahisəyə hüquqi qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsi mahiyyətcə podrat müqaviləsidir, həmin müqaviləyə əsasən iddiaçının (podratçının) icra etdiyi işin əvəzi olaraq razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə yaranmış borcunu ona ödəməlidir.
56. Məhkəmə iclasları barədə məlumatlandırılmamasına dair cavabdehin apellyasiya şikayətinin dəlillərinin iş materialları ilə təkzib olunduğu Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-495/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərarında təsdiqini tapdığından məhkəmə kollegiyası həmin dəlilin əsassızlığı ilə əlaqədar əlavə əsaslandırma qeyd etmədən Müqavilənin 2.2-ci və 5.1-ci bəndlərinin tələblərinin nəzərə alınmadan qətnamə qəbul edilməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibət bildirməyi prosessual qənaət prinsipi baxımından məqsədəmüvafiq hesab edir.
57. Məhkəmə kollegiyası müqavilənin 2.2-ci bəndindəki gündəlik xidmət cədvəlinin tərtib edilməməsi, habelə 5.1-ci bənddəki işlərin təhvil verilməsinin hər 2 tərəfdən azı 2 nəfər səlahiyyətli şəxsin imzası ilə təsdiq edilməli olmasına dair apellyasiya şikayətinin dəlillərinə işdə olan Xidmətlərin təhvil-təslimi aktlarında cavabdeh tərəfindən müəssisənin direktorunun imzası və möhürü ilə təsdiq edilməsi, daha sonra həmin aktlar əsasında iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimə fakturaların 21-indən 16-sının tam, 17-cisinin qismən olmaqla, ödənilməli olan ümumi məbləğin çox hissəsinin (103.750*100%/119.550=86,78%) icra edilməsi, yalnız son 4 aktın icra edilməməsinə görə tənqidi yanaşır və həmin dəlilləri iddianın əsaslılığının şübhə altına alınması üçün mötəbər hesab etmir.
58. Birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsindəki ilk icraat zamanı istinad edilmiş xx.xx.2020-ci il tarixli 17 nömrəli Xidmətlərin təhvil-təslimi aktı ilə 2020-ci ilin avqust ayı ərzində, xx.xx.2020-ci il tarixli 18 nömrəli Xidmətlərin təhviltəslimi aktı ilə 2020-ci ilin sentyabr ayı ərzində, xx.xx.2020-ci il tarixli 19 nömrəli Xidmətlərin təhvil-təslimi aktı ilə 2020-ci ilin oktyabr ayı ərzində, xx.xx.2020-ci il tarixli 20 nömrəli Xidmətlərin təhvil-təslimi aktı ilə 2020-ci ilin noyabr ayı ərzində xx.xx.2019-cu il tarixli KTTX 27/0419 nömrəli müqaviləyə əsasən hər ay üzrə 4.500 manat məbləğdə işlərin tam təmin edildiyi, aktların cavabdehin direktoru M.İsgəndərovun imzası və möhürü, habelə iddiaçının imzası ilə təsdiq edildiyi, həmin aktlara əsasən iddiaçı tərəfindən cavabdehə ödənilməsi üçün müvafiq olaraq EBAP 829074 nömrəli xx.xx.2020-ci il tarixli, EBAR 378753 nömrəli xx.xx.2020-ci il tarixli, EBAS 409975 nömrəli xx.xx.2020-ci il tarixli və EBAV 184361 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimə fakturalar təqdim edildiyi qeyd edilsə də, digər aktların iş materiallarında olmaması ilə iddia olunan borcun yaranma əsasının qeyd edilməməsini kassasiya instansiyası məhkəməsi pozuntu kimi müəyyən etmişdir.
59. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
60. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, iddia ərizəsində tələb edilən 15.800 manat məbləğdə borcun hansı dövr və hansı təhvil-təslim aktları üzrə yaranması aydın olmur. Halbuki həmin xüsusat hazırkı işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, işlərin təhvil verilməsi Yekun Təhvil- Təslim Aktına əsasən həyata keçirilir. Göründüyü kimi, sözügedən aktların tərtib olunması müqavilənin imperativ xarakterli müddəasıdır və tərəflərarası işgüzar münasibətlərdə, ən azından, 2020-ci ilin dörd ay üzrə belə aktların tərtib olunması təcrübəsi formalaşmışdır. Bu da hər iki tərəfin həmin müqavilə müddəasının formal olaraq kağız üzərində qalmamasına, reallaşmasına önəm verdiklərini göstərir. Buna baxmayaraq 2020-ci ilin avqust-noyabr ayları istisna olmaqla, iddiaçının, tərəflərin əməkdaşlıq etdikləri digər dövrlər üzrə tərtib olunmuş belə təhvil-təslim aktlarını məhkəməyə təqdim etməsi iş materiallarından görünmür. Eyni zamanda, tərəflər arasında işgüzar əməkdaşlığın mübahisəsiz dövrləri (mübahisəsiz ödənişlər) üzrə təhvil-təslim aktları tərtib olunmadan cavabdeh tərəfindən iddiaçıya pul vəsaitinin ödənilib-ödənilməməsinə də apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilməmişdir. Halbuki sözügedən halın aydınlaşdırılması tərəflər arasındakı formalaşmış işgüzar təcrübənin düzgün qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Odur ki, hazırkı vəziyyətdə iddiaçının tələb etdiyi borcun həqiqətən də yaranıb-yaranmaması, yaranmışdırsa, bunun hüquqi əsasları, o cümlədən məhz hansı xidmətlərin təhvil-təslim akt(lar)ı əsasında yaranması, ümumiyyətlə tərəflərin əməkdaşlıq etdikləri qalan dövrlər üzrə də belə aktların tərtib edilib-edilməməsi, eləcə də təhvil-təslim aktları tərtib edilmədən cavabdehin iddiaçıya pul vəsaiti ödəyib-ödəməməsi, bir sözlə, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanın, işgüzar adətlərin xarakteri qətnamədən tam aydın olmur.
61. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə 2-2(102)-495/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərarındakı göstərişlər (bax yuxarıda § 26) üzrə təkrar apellyasiya baxışı zamanı iddiaçının tələb etdiyi borcun həqiqətən də yaranıbyaranmaması, yaranmışdırsa, bunun hüquqi əsasları, o cümlədən məhz hansı xidmətlərin təhvil-təslim akt(lar)ı əsasında yaranması, ümumiyyətlə tərəflərin əməkdaşlıq etdikləri qalan dövrlər üzrə də belə aktlar tərtib edib-etmədikləri, eləcə də təhvil-təslim aktları tərtib edilmədən cavabdehin iddiaçıya pul vəsaiti ödəyib-ödəməməsi, bir sözlə, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanın, işgüzar adətlərin xarakterinin müəyyən edilməsi istiqamətində təkrar araşdırma aparılmışdır.
62. Təkrar apellyasiya baxışı zamanı iddiaçının təqdim etdiyi təhvil-təslim aktları təhlil edilmiş və müəyyən edilmişdir ki, 31 mart 2019, 30 aprel 2019, 31 may 2019, 31 iyul 2019, 31 may 2020, 30 iyun 2020, 30 iyul 2020, 31 avqust 2020, 30 sentyabr 2020, 31 oktyabr 2020, 30 noyabr 2020, 10 dekabr 2020-ci il tarixli Xidmətlərin təhvil-təslim aktlarına görə (12 akt üzrə) xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinə əsasən işlərin tam təmin edilməsi **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə icra edildiyi qeyd edilsə də, 31 avqust 2019, 30 sentyabr 2019, 31 oktyabr 2019, 30 noyabr 2019, 30 dekabr 2019, 31 yanvar 2020, 29 fevral 2020, 31 mart 2020, 30 aprel 2020-ci il tarixli Xidmətlərin təhvil-təslim aktlarına görə (9 akt üzrə) işlərin tam təmin edilməsi **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yanaşı, **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə icra edilmişdir.
63. 9 akt üzrə işlərin təmin edilməsinin 27 mart 2019-cu il tarixli xidmət müqaviləsinin 1.1-ci bəndinə uyğun olmaması (işlərin məhz **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə görülməli olması) cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, əksinə cavabdeh tərəfindən iddiaçıya ödənilmiş pul məbləğlərinin böyük hissəsinin icra edildiyini nəzərə alaraq, Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinin tələbləri baxımından (bax § 34 və 35) məhkəmə kollegiyası işin bu halını icra edilməli olan işin nəqliyyat vasitəsinin sayından və dövlət qeydiyyat nişanından asılı hala gətirilmədiyini, tərəflər arasındakı münasibətdə əsas hədəfin işlərin vaxtında icra edilməsinə yönəldiyi, tərəflər arasında təşəkkül tapmış bu münasibətin onlarda işgüzar adət olaraq formalaşması Müqavilənin 2.1-ci bəndində texnika sözündən əvvəl işlədilmiş “hər bir” ifadəsi birdən çox mənası kimi anlaşıldığından məhkəmə kollegiyasında şübhə doğurmadığından, müqavilənin 1.1-ci bəndindəki işlərin icra edilməsində istifadə ediləcək nəqliyyat vasitəsinin sayının və dövlət qeydiyyat nişanının tərəflərin mülahizəsi üzrə dəyişdirilməsinin yolverilən olması kimi qiymətləndirilir.
64. Təkrar apellyasiya baxışı zamanı iddiaçının təqdim etdiyi təhvil-təslim aktları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli KTTX 27/0419 saylı müqavilənin 2 №-li Əlavəsinə əsasən iddiaçı tərəfindən xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək olan dövrdə 21 akt tərtib edilmişdir. Tərtib edilmiş həmin aktlarla əlaqədar xx.xx.2019-cu ildən xx.xx.2020-cu ilədək olan dövrdə eyni sayda (21) elektron qaimə fakturalar tərtib edilmişdir. Elektron qaimə fakturası tərtib edilməyən təhvil-təslim aktı mövcud olmamışdır. Tərtib edilmiş elektron qaimə fakturalardakı məbləğlər təhvil təslim aktlarındakı məbləğlərlə eynilik təşkil etmişdir. Cavabdeh tərəfindən iddiaçıya 21 ədəd təhvil-təslim aktı və eyni sayda elektron qaimə fakturaya görə ödənilməli olan məbləğ ümumilikdə 119.550 manat təşkil etməli olduğu halda, ödənilmiş məbləğ 103.750 manat təşkil etmişdir. Bu isə cavabdehin iddiaçıya 15.800 manat qalıq borcunun olduğunu təsdiq edir.
65. Elektron qaimə fakturası tərtib edilməyən təhvil-təslim aktlarının mövcud olmadığının müəyyən edilməsi ilə tərəflər arasındakı mübahisəsiz dövrdə mövcud olmuş münasibətlərin borcun tələb olunduğu dövrdə də mövcud olduğu müəyyən edilir ki, bu da öz növbəsində qalıq borcun faktiki və hüquqi əsaslarının icra edilmiş öhdəliklərdən praktiki və işgüzar qayda baxımından heç nə ilə fərqlənmədiyini təsdiq edir.
66. Odur ki, iddiaçının tələb etdiyi borcun həqiqətən yarandığı, bunun hüquqi əsaslarının ödənilmiş hissələrlə müqayisədə maddi hüquq normaları baxımından fərqlənmədiyi, borcun elektron qaimə fakturaları olan aktlar əsasında yaranması, ümumiyyətlə tərəflərin əməkdaşlıq etdikləri bütün dövrlər üzrə aktlar tərtib edildiyi, eləcə də təhvil-təslim aktları tərtib edilmədən cavabdehin iddiaçıya pul vəsaiti ödəmədiyi, bir sözlə, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanın, işgüzar adətlərin xarakterinin təhvil təslim aktı tərtib edildikdən sonra elektron qaimə faktura tərtib olunduğu, aktların iddiaçı tərəfdən özü, cavabdeh tərəfdən isə 10 dekabr 2020-ci il tarixli akt istisna olmaqla (həmin tarixli akt cavabdehin direktoru kimi A.D.Məmmədov tərəfindən imzalanmışdır) direktor M.X.İskəndərov tərəfindən imzalanaraq hüquqi şəxsin möhürü ilə təsdiq edildiyi müəyyən edilmişdir.
67. Belə olan halda, kassasiya instansiyası məhkəməsinin göstərişləri üzrə aktların iş materiallarına əlavə edilərək təhlil edildiyini, Müqavilə bəndləri ilə aktların məzmununu müqayisəli təhlili ilə icra olunmuş işlərlə əlaqədar təhvil təslim aktları tərtib edildiyi, təhvil təslim aktları tərtib olunmadan cavabdeh tərəfindən iddiaçıya pul ödənilmədiyi, iddia olunan pul vəsaiti ilə ödənilmiş pul vəsaitlərinin icra olunma qaydası üzrə tərəflər arasında təşəkkül tapmış işgüzar adətlərin eyni olduğunun, təkrar apellyasiya baxışı zamanı elektron qaimə fakturaların sayı (21) qədər Xidmətlərin təhvil-təslim aktlarının olduğunun, həmin aktlarla görülmüş işlərin cavabdehin direktorunun imza və möhürü ilə təsdiq edildiyinin, tərəflər arasında işgüzar münasibətin işlərin icrasına cəlb edilmiş nəqliyyat vasitəsinin sayı və dövlət qeydiyyat nişanı üzrə məhdudlaşdırmağa deyil, işlərin icra edilməsinə hədəfləndiyinin icra edilmiş işlərin çox hissəsinin (103.750*100%/119.550=86,78%) cavabdeh tərəfindən ödənildiyinin müəyyən edildiyini nəzərə alaraq, məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslı olduğu, həmin qətnamənin ləğvi üçün əsasların olmadığı qənaətinə gəlir.
68. Beləliklə, cavabdehin müqavilə öhdəliklərinə riayət etmədiyi təsdiq edildiyindən, yəni razılaşdırılmış muzd üzrə qalıq borcunu ödəmədiyindən məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
69. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2- 2(113)-4512/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-4512/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Aida Hüseyn
Hakimlər: Cəmilə Musayeva
Fərrux Qasımov