Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-633/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı BOKT “xxxx” QSC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1746/2021 saylı, 28.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı BOKT “xxxx” QSC Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq hesablanmış 1080 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 19 may 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu X6 73 E ünvanında yerləşən iddiaçının istifadəsində olan (ödəyici kodu- 10/36795, Abonent kodu – **********00080) 1405AZ**********29 zavod nömrəli sayğaca Cavabdeh X1 Departamentinin Sayğacların müayinəsi laboratoriyasında baxış keçirilmiş və bunun əsasında qeyri-əhali qaz sayğacının yoxlanması haqqında MSK – 29/1640- 00633-41 saylı Akt tərtib edilmişdir. Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamenti qeyri-əhali qaz sayğaclarının yoxlanmasına dair 19 may 2020-ci il tarixli MSK-29/1640-00633-41 saylı akta əsasən sayğaca müdaxilə olunması səbəbindən sayğacın yarasız vəziyyətə düşməsi və qaz itkisinin həcminin 5400 m³ qaz itkisinə görə iddiaçıya 1080 manat məbləğində borc hesablanmışdır. Qeyd edilən sayğaca onlar tərəfindən hər hansı bir müdaxilə edilməmiş və qaynaq işləri aparılmamışdır. Belə ki, sayğacın yoxlanması haqqında akt tərtib edilən tarixdən bir müddət əvvəl Cavabdeh tabeliyində olan Bakı Qaz İstismar Xidməti Departamentinin əməkdaşları tərəfindən sözügedən sayğacın yerdəyişməsi işləri aparılmışdır. Belə ki, yerdəyişmə işləri zamanı sayğacın çıxış plastmas borusunda qaynaq şlaqlarının yaranması və borunun deşilməsi məhz Bakı Qaz İstismar Xidməti Departamentinin əməkdaşlarının müdaxiləsi nəticəsində baş vermişdir. 31 may 2020-ci il tarixli, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı Akta əsasən iddiaçıya əsassız olaraq hesablanmış 1080 manat məbləğində borcun silinməsinə dair 07.12.2020-ci il tarixində cavabdehə 13145/20 saylı məktub göndərilmiş və sayğaca müdaxilə olunması səbəbindən sayğacın yarasız vəziyyətə düşməsində, həmçinin sayğacın plastmas borusunda qaynaq şlaqlarının olmasında iddiaçının hər hansı bir təqsirinin olmadığı və qeyd edilən müdaxilənin Cavabdeh İB-nin Bakı Qaz İstismar Xidməti Departamentinin əməkdaşları tərəfindən sayğacın yerinin dəyişdirilməsi zamanı baş verdiyi bildirilmişdir. Cavabdeh sayğacın yararsız vəziyyətə düşməsinin, həmçinin sayğacın plastmas borusunda qaynaq şlaqlarının olmasının məhz Bakı Qaz İstismar Xidməti Departamentinin əməkdaşlarının təqsiri nəticəsində yarandığını şifahi olaraq bildirsələr də, müraciətlərinə cavab olaraq, Bakı Regional Qazın Satışı Departamentinin rəis müavini Mehralı Quliyev tərəfindən imzalanmış 28.12.2020-ci il tarixli məktubda iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinin qaz xəttinin üzərində quraşdırılmış G-6 markalı, smart İtron tipli 1405AZ**********29 zavod nömrəli qaz sayğacı 25.02.2020-ci il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt əsasında dəyişdirilərək yeni G-6 markalı, Elster tipli 28024569 saylı qaz sayğacı ilə əvəzlənməsi və yoxlamaya göndərilməsi, həmçinin Metrologiya Departamentinin 19.05.2020-ci il tarixli, MSK 29/1640-00633-41 saylı aktında “sayğacın klapanı açıqdır, ekranda bağla işarəsi var, klapan işləmir, sayğacın çıxış plastmas borusunda qaynaq şlaqları var, boru deşilib, xətalar normaya uyğun deyil” qeydlərinın olması bildirilmiş və bunun əsasında 31 may 2020-ci il tarixli, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı Akt tərtib olunaraq 1080 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Göründüyü kimi, Cavabdeh İB sayğacın yerinin dəyişdirilməsi zamanı sayğacın çıxış plastmas borusunda qaynaq şlaqlarının yaranması və borunun deşilməsi məhz Bakı Qaz İstismar Xidməti Departamentinin əməkdaşlarının müdaxiləsi səbəbindən yaranması məsələsinə heç bir münasibət bildirilməmiş, dəymiş ziyanın əsassız olaraq tərəflərindən ödənilməsi vurğulanmışdır. 31 may 2020-ci il tarixli, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktdan görünür ki, qaz sayğacına hər hansı müdaxilənin məhz iddiaçı tərəfindən olunması cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Həmçinin aktda sayğacda olan plomba hər hansı müdaxilə haqqında heç bir qeyd yoxdur. Bu haldan da görünür ki, iddiaçı tərəfindən qaz sayğacına hər hansı müdaxilə edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1746/2021 saylı, 28.04.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-yə əsassız olaraq hesablanmış 1080 manat məbləğində borcun silinməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, BOKT “xxxx” QSC-yə məxsus (istehlakçı) qeyri yaşayış sahəsinin qaz xətinin üzərində quraşdırılmış G-4 markalı, 1405AZ**********29 nömrəli qaz sayğacına 19.05.2020-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilərkən müəyyən olunmuşdur ki, sayğacın çıxış mebranı müdaxilə nəticəsində deşilmişdir. Bu barədə müvafiq qaydada 31.05.2020-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və həmin akt istehlakçının nümayəndəsi tərəfindən imzalanmışdır. Göründüyü kimi, istehlakçı müqavilənin şərtlərini və qazdan istifadə qaydalarının tələblərini kobudcasına pozaraq qaz sayğacına müdaxilə olunması nəticəsində sayğacın hesablama mexanizminin xəta ilə işləməsinə səbəb olmuşdur. (hüquqi şəxs quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə qorunub saxlanılmasına bilavasitə cavabdehlik daşımalıdır.) Bu səbəbdən də itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1080 manat itirilmiş təbii qazın dəyərinin ödənilməsi üçün istehlakçıya bildiriş göndərilmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı kimi qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. Mövcud qanunvericiliklə qaz sayğacına görə məsuliyyət bütövlüklə sənaye qaz qurğusundan istifadə edən istehlakçının üzərinə qoyulmuşdur, lakin buna baxmayaraq məhkəmə yuxarıda qeyd edilən normalara zidd şəkildə qətnamə qəbul etmişdir. Sayğaca müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş küllü miqdarda ziyan ödənilməlidir. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyriqanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar - faydalanan və zərərçəkən tərflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Təsadüfü deyil ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X5”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir. İşə apelyasiya qaydasında baxılması 30.06.2021-ci il tarixə təyin edilmiş, lazımı qaydada xəbərdar edilsə də cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apelyasiya şikayəti ilə razı olmadığını bildirərək iddianın təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən akt tərtib edilməmişdən bir neçə gün əvvəl sayğacın yeri cavabdehin əməkdaşları tərəfindən dəyişdirilmiş, sayğacın plombu da onlar tərəfindən həmin vaxt qırılmışdır. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1746/2021 saylı, 28.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “xxxx” QSC-nin **********00080 nömrəli Elster G-6T DİAFRAQMA tipli sayğacın abonent saldosundan məlum olur ki, 2020-ci il üçün iddiaçının qalıq və aktlarla birlikdə cəmi 1438,80 manat borcu yaranmışdır. İş materiallarından görünür ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 25 yanvar 2020-ci il tarixli ******* nömrəli akt əsasında “xxxx” QSC-nin yerləşdiyi ünvanda quraşdırılmış qaz sayğacı dəyişdirilərək yeni G-6 markalı, Elster tipli 28024569 saylı qaz sayğacı ilə əvəzlənmiş, əvvəlki sayğac isə yoxlamaya göndərilmişdir. İş materiallarında olan qeyri-əhali qaz sayğacının yoxlanması haqqında MSK – 29/1640-00633-41 nömrəli aktından məlum olur ki, 07 mart 2020-ci il tarixdə BRQSD-dən Dövlət yoxlanılmasına aparılmış G6 markalı smart-kart tipli qaz sayğacına 19 may 2020-ci il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında baxış keçirilmiş və aşağıdakılar qeyd edilmişdir: “Sayğacın klapanı açıqdır. Ekranda bağlı işarəsi var. Klapan işləmir. Sayğacın çıxış plastmas borusunda qaynaq şlaqları var, boru deşilib. Xətalar normaya uyğun deyil. Sayğacın arxiv yaddaş proqramı oxundu. Alarm 1 rejimi aşkar edilmədi” müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktında Metrologiya Departamentinin MSK – 29/1640- 00633-41 nömrəli aktında qeyd olunan faktlar təsdiq olunmuşdur. İş materiallarında olan “xxxx” QSC-nin **********00080 nömrəli abonent saldosundan məlum olur ki, 2021-ci il üçün iddiaçının qalıq və aktlarla birlikdə cəmi 1567,01 manat borcu yaranmışdır. İş materiallarında olan “xxxx” QSC-nin Cavabdeh İB-ə ünvanladığı məktuba cavabda göstərilmişdir ki, müraciətlə bağlı aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qaz xəttinin üzərində quraşdırılmış G-6 markalı, smart itron tipli 1405AZ**********29 zavod nömrəli qaz sayğacı 25.02.2020-ci il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt əsasında dəyişdirilərək yeni G-6 markalı, Elster tipli 28024569 saylı qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. Metrologiya Departamentinin 19.05.2020-ci il tarixli MSK – 29/1640-00633-41 saylı aktında “Sayğacın klapanı açıqdır. Ekranda bağlı işarəsi var. Klapan işləmir. Sayğacın çıxış plastmas borusunda qaynaq şlaqları var, boru deşilib. Xətalar normaya uyğun deyil” qeyd edilmişdir. Laboratoriyanın rəyinə əsasən 31.05.2020- ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunaraq 1080 manat məbləğində dəymiş ziyan hesablanmışdır. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, qaz sayğacında aşkar edilmiş qüsurların iddiaçının təqsiri ucbatından yarandığını, habelə sayğaca iddiaçı tərəfindən qəsdən müdaxilə edildiyini təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən və sayğacın iddiaçının təqsirli hərəkəti və kənar müdaxilə nəticəsində yararsız vəziyyətə düşməsi cavabdeh tərəfindən məhkəmə iclasında sübuta yetirilmədiyindən cavabdeh tərəfindən iddiaçıya təbii qazdan istifadə üzrə hesablanmış əlavə sərfiyyat və həmin sərfiyyata görə borc qanuni sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. İş materiallarından isə görünür ki, Cavabdeh İB 19 may 2020-ci il tarixli MSK- 29/1640-00633-41 saylı aktla sayğacın yararlı olmaması ilə əlaqədar qaz paylayıcıya dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra -yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Əsasnamənin 7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin həyata keçirdiyi yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığı üçün hüquqi nəticəsi olmadığından həmin yoxlama nəticəsində tərtib edilmiş akt əsasında iddiaçıdan borc tələb edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1746/2021 saylı, 28.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1746/2021 saylı, 28.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-633/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-633/2021
30.06.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver