Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-633/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı ilkin, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı qarşılıqlı tələblərinə dair iş üzrə (Açar sözlər: pul öhdəliyinin gecikdirilməsinə görə faiz tələbi, əldən çıxmış fayda) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “əsassız tutulmuş pulun geri qaytarılması” barədə ilkin, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı “əldən çıxmış faydanın və gecikmə faizinin tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 yanvar tarixli qətnaməsi əsasında xx.xx.2022-ci il tarixdə verilmiş icra sənədinə əsasən, İddiaçı MMC-dən 132 297,6 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 10 782 manat olmaqla, ümumilikdə 143 079,6 manat və 383,56 manat dövlət rüsumu tutularaq Cavabdeh MMC-yə ödənilməlidir.
2. Həmin qətnamə 27 sentyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
3. Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Cavabdeh MMC-nin hesabına 2023-cü il 1 mart tarixində 69 913,54 manat, 2023-cü il 7 iyul tarixində 73 549,62 manat məbləğində vəsait köçürülmüşdür.
4. Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin 2023-cü il 11 iyul tarixli qərarına əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MMC (ilkin iddiaçı) "xxxx" MMC-yə (ilkin iddia üzrə cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ilkin cavabdehdən 70 484,58 manat əsas borcun, 410 manat mediasiya sessiyası üçün ödənilmiş vəsaitin, 7100 manat hüquqi yardım üçün xərclənmiş məbləğin, 344 manat ödənilmiş dövlət rüsumunun, cəmi 78 338,58 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin iddiası qismən təmin edilərək ümumilikdə 143 079,6 manatın və ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 383,56 manatın ödənilməsi qət edilmiş, qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. İlkin iddiaçı hələ məhkəmə baxışı zamanı mübahisəli məbləği ödəməyə başlamış, lakin Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin qanunsuz hərəkətləri nəticəsində məhkəmə qətnaməsində göstərilən məbləğdən 70 484,58 manat artıq vəsait tutulmuşdur. İlkin iddia üzrə cavabdeh ödəmənin artıqlığını və göstərilən məbləğin onlara aid olmadığını bilsə də, qaytarmaqdan imtina etmişdir.
7. İlkin iddia üzrə cavabdeh ilkin iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddiaçıdan əldən çıxmış fayda olaraq 40 000 manatın, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 8390 manatın, ümumilikdə 48 390 manatın və dövlət rüsumunun əvəzi olaraq 236 manatın xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2019-cu il 4 yanvar tarixli müqavilə əsasında ilkin iddiaçıya müxtəlif çeşidli metal məmulatlar verilmiş, tərəflər arasında imzalanmış üzləşmə aktına əsasən ilkin iddiaçının ona 137 888,99 manat əsas məbləğ üzrə, 23 854,84 manat ƏDV üzrə borcu yaranmışdır. Bu səbəblə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək ilkin iddiaçıdan 161 743 manatın, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 10 782 manatın, ümumilikdə 172 525 manatın, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manatın və dövlət rüsmunun əvəzi olaraq 108 manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı, yəni 2021-ci il 25 noyabr tarixində ilkin iddiaçı tərəfindən 29 445,4 manat ödəniş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 yanvar tarixli qətnaməsi ilə ilkin iddiaçıdan 132 297,6 manat məbləğində pul vəsaiti, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 10 782 manat, ümumilikdə 143 079,6 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 383,56 manat məbləğində pul vəsaitinin tutularaq ilkin cavabdehə ödənilməsi qət edilmişdir. Qətnamənin 4-cü səhifəsinin aşağıdan 2-ci abzasında da göstərilmişdir ki, "Bundan başqa, məhkəmə qeyd edir ki, göstərilən borc məbləğindən cavabdeh tərəfindən 2021-ci il 25 noyabr tarixdə iddiaçının hesabına 29 445,4 manat ödəniş edilmişdir ki, bu halda məhkəmə hesab edir ki, borc məbləğindən qalan 132 297,6 (161.743-29.445,4) manat cavabdehdən tutulmaqla iddia həmin hissədə qismən təmin edilməlidir”. Bütün digər ödənişlər müqavilə və məhkəmə qərarı əsasında həyata keçirilmiş, həyata keçirilmiş ödənişlər məhkəmə tərəfindən nəzərə alınmışdır. İddiaçı tərəfindən hər hansı bir artıq ödəmə həyata keçirilməmişdir. İcra sənədi üzrə iddiaçı tərəfindən ödəniş 2023-cü il 1 mart tarixində 69 913 manat və 2023-cü il 7 iyul tarixdə 73 549 manat olmaqla həyata keçirilmişdir. Halbuki bu ödənişlər hələ 2020-ci il 10 iyun tarixdə həyata keçirilməli idi. İddiaçı üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmiş və pul məbləğinin ödənilməsini gecikdirmişdir. Məhkəmə qərarının 2022-ci il 27 yanvar tarixində qəbul edilməsini, həmin tarixə qədər illik 5% olmaqla 10 782 manat məbləğində pul vəsaitinin tutulmasını nəzərə alaraq, 2022-ci il 27 yanvar tarixindən 2023-cü il 1 mart tarixinə qədər 1 il 1 ay olmaqla 132 297 manatın illik 5%-i həcmində, yəni 7165 manat və 2023-cü il 1 mart tarixindən 2023-cü il 7 iyul tarixinə qədər 4 ay olmaqla 73 549 manatın illik 5%-i həcmində, yəni 1225 manat, ümumilikdə 8390 manat iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.
9. İlkin iddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, ilkin cavabdehlə aralarında imzalanan müqaviləyə əsasən görülmüş işə görə müəyyən edilmiş tarixdə ödəniş etməli idilər. Ödənişi gecikdirdiklərinə görə qanunvericiliyin tələblərinə əsasən cərimə də ödəmiş və cavabdehə məsrəflər də köçürmüşlər. Yəni borcdan əlavə vəsait onlardan tutulmuş və həmin məhkəmə qərarı qüvvəyə minərək preyudisial sənədə çevrilmişdir. Artıq ödəmənin günahkarı Bakı şəhəri Suraxan rayon icra şöbəsidir. Cavabdehə artıq ödənilmiş 70 484 manatın onlardan alınması yalnız Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmurunun səhvi nəticəsində baş vermişdir və burada hansısa borc əvəzinin ödənilməsi söhbətindən gedə bilməz. Məhkəmə qərarında da inkasso sərəncamında da göstərilən məbləğ tutulan məbləğdən 70 484 manat azdır.
10. Birinci instansiya məhkəməsinin 2024-cü il 24 aprel tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddianın rədd edilməsi qət olunmuşdur.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilkin iddia ərizəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin qanunsuz hərəkətləri nəticəsində məhkəmə qətnaməsində göstərilən məbləğdən 70 484,58 manat artıq vəsait tutulması göstərilsə də, cavabdehə məxsus hesabdan çıxarışa əsasən Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 yanvar tarixli icra sənədi üzrə cavabdehə 2023-cü il 1 mart tarixində 69.913,54 manat və 2023-cü il 7 iyul tarixində 73.549,62 manat məbləğində vəsait ödənilmişdir. Cavabdeh tərəfindən məhkəməyə icra sənədi üzrə göstərilən məbləğdən artıq ödənişi təsdiq edən sənəd təqdim edilməmişdir.
12. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Buna görə də qarşılıqlı iddia tələbi əldən çıxmış faydanın tələb edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.
13. Məhkəmə qarşılıqlı iddia ərizəsini gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 8390 manat pulun tutulması hissəsində də əsassız hesab etmişdir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 yanvar tarixli qətnaməsi cavabdeh tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş, qətnamə 2022-ci il 20 oktyabr tarixində icraya yönəldilmiş, icra sənədi iddiaçı tərəfindən tam şəkildə icra edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdehdən əlavə olaraq gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış vəsaitin tutulması ədalətlilik prinsipindən kənarda qalır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - "MM”) 21.2, 386.1, 1096.1, 1096.2, 1099.1, 1097-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun "Azimport” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021- ci il 14 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra -"MPM”) 77.1, 78.1 -ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. İlkin iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilərək qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 23 oktyabr tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən - qarşılıqlı iddianın pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizlərin tutulması hissəsində - ləğv olunması, həmin hissədə qarşılıqlı iddianın qismən təmin edilərək öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5%-lə 4214 manatın və qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manatın iddiaçıdan alınıb cavabdehə ödənilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, ilkin iddiaçının alqı-satqı müqaviləsi üzrə 132 297,6 manat məbləğində borcun ödənilməsi öhdəliyinin icrasını gecikdirməsi iş materialları ilə öz təsdiqini tapsa da, bunun nəticəsində cavabdehə əldən çıxmış fayda formasında maddi zərər vurulması, yəni cavabdehin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum edilməsi iş materiallarına əsasən müəyyən edilmir. Belə ki, cavabdeh ona əldən çıxmış fayda formasında maddi zərər vurulmasını 2020-ci ilin avqustunda ilkin iddiaçıya satdığı 1 kq malların qiymətinin 470 ABŞ dolları olduğu halda bir il sonra həmin malların qiymətinin 1148 ABŞ dollarınadək qalxdığını, ilkin iddiaçı öhdəliyinin vaxtında icra etdiyi halda 132 297,6 manat pula 172 ton mal almağın mümkün olduğunu, lakin 1 il sonra həmin pula yalnız 70 ton mal almaq mümkün olduğunu, beləlikdə əldə edə biləcəyi gəlirdən məhrum olması ilə əsaslandırsa da, 2020ci ilin avqustunda malların yeni partiyasının alınması ilə bağlı satıcı şirkətlə danışıqlar aparması, lakin malların alqı-satqısının məhz maliyyə çətinlikləri (iddiaçının borcunu ödəməməsi) səbəbindən gerçəkləşməməsini, eləcə də həmin vaxt bazarda yeni partiya malın alınması üçün real alıcının olmasını sübuta yetirə bilməmişdir. Odur ki, əldən çıxmış faydanın tutulması hissəsində qarşılıqlı iddia əsassız olmaqla rədd edilməlidir.
18. Qarşılıqlı iddianın pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5%-lə pulun tutulması hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, pul vəsaitinin tutulmasına dair məhkəmə qətnaməsi öz təbiətinə görə pul öhdəliyi olduğundan həmin öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi mülki qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyəti yaradır.
19. Odur ki, məhkəmə ilk növbədə borclu tərəfindən öhdəliyinin vaxtında icra edilib- edilməməsi məsələsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə qətnaməsinin 2022-ci il 27 sentyabr tarixində qanuni qüvvəyə minməsinə, yəni qətnamə üzrə öhdəliyin məhz həmin tarixdən icra edilməli olmasına baxmayaraq öhdəliyin bir hissəsi 2023-cü il 1 mart tarixində, ikinci hissəsi isə 2023-cü il 7 iyul tarixlərində və yalnız məcburi icra tədbirləri nəticəsində icra edilmişdir. Odur ki, iddiaçının qətnamə üzrə öhdəliyini vaxtında icra etməməsi açıq-aşkardır.
20. Məhkəmə öhdəliyin pozuntusunun baş verməsində iddiaçının təqsirinin mövcud olub-olmaması məsələsinə münasibət də qeyd etmişdir ki, mülki hüquqda borclunun öhdəliyin pozulmasında təqsirli olması prezumpsiyası mövcuddur. Həmin prezumpsiyaya əsasən borclu əksini sübuta yetirənədək müqavilə öhdəliklərinin pozulmasında təqsirli sayılır. Hazırkı halda isə iddiaçı qətnamə üzrə öhdəliyinin vaxtında icra edilməməsinin onun təqsirindən baş verməməsini sübuta yetirmədiyini nəzərə alan məhkəmə belə qənaətə gəlmişdir ki, öhdəliyin pozuntusu iddiaçının təqsirindən baş vermişdir.
21. Belə olan halda məhkəmə bildirmişdir ki, işin halları MM-in 445.7-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyindən iddiaçı qarşılıqlı iddianın xeyrinə həmin maddəyə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizlərin tutulması üçün əsaslar mövcuddur.
22. Məhkəmə pul öhdəliyinin icra edilməməsinə görə faizlərin tutulmalı olduğu müddətə münasibətdə isə qeyd etmişdir ki, cavabdeh qətnamə qəbul edildiyi tarixdən - 2022-ci il 27 yanvar tarixindən sonrakı müddət üçün öhdəliyin icrasının gecikdirilməsinə görə faizlərin tutulmasını tələb edir. Bununla bağlı məhkəmə vurğulamışdır ki, qətnamə çıxarıldıqdan sonra iddiaçı qanunla nəzərdə tutulmuş məhkəmə aktlarından şikayət vermək hüququndan istifadə etməklə qətnaməni əvvəl apellyasiya, sonra isə kassasiya qaydasında mübahisələndirmiş və qətnamə yalnız 2022-ci ilin 27 sentyabr tarixində qüvvəyə minmişdir. Odur ki, qətnamədən verilmiş şikayətlərdə məhkəmədə baxıldığı müddətin iddiaçı tərəfindən öhdəliyin icrasının gecikdirildiyi müddət kimi nəzərə alınması üçün əsaslar yoxdur.
23. Faizlərin hesablanmalı olduğu borc məbləğinə münasibətdə məhkəmə hesab etmişdir ki, qətnamə əsasında iddiaçı tutulmalı olan əsas borc 132 297,6 manat məbləğində olmuşdur. Əsas borcun 58 747,98 manat (bununla yanaşı həmin tarixdə 10 782 manat faiz və 386 manat dəbbə pulu da ödənilib) hissəsi 2022-cü il 1 mart tarixində, qalan 73 549,62 manat hissəsi isə 2023-cü il 7 iyul tarixində ödənilmişdir.
24. Odur ki məhkəmə qeyd etmişdir, 132 297,6 məbləğində əsas borca 2022-ci il 27 sentyabr tarixdən (qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən) 2023-cü il 1 mart tarixinədək olan 5 ay 3 günlük müddət üçün hesablanacaq faizlər 2811 manat (132.297,6 manat x 5%/12 ay x 5,1 ay), həmin tarixdə ödəniş edildikdən sonra qalıq 73 549,62 manat məbləğində əsas borca 2022-ci il 1 mart tarixindən 2023-cü il 7 iyul tarixinədək olan 4 ay 7 günlük müddət üçün hesablanacaq faizlər isə (73549,62 manat x 5%/12 ay x 4,25 ay) 1303 manat olmaqla cəmi faizlər 4214 manat (1.303 manat+ 2.811 manat) təşkil edir.
25. Məhkəmə gəldiyi nəticəni MM-in 21.1, 21.2, 442, 443.1, 443.2, 443.4, 445.5, 445.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən - qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək qarşılıqlı iddianın tam təmin olunmasını xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 aprel 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 23 oktyabr 2024-cü il tarixli qətnaməsinin qismən - qarşılıqlı iddianın pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz tutulması hissəsində - ləğv edilməsi və işə həmin hissədə yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
28. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
28.1. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehin iddiaçıya qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçıdan alqı-satqı müqaviləsi üzrə 132 297,6 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 10 782 manat məbləğində pul vəsaiti, ümumilikdə 143 079,6 manat və 383,56 manat dövlət rüsumunun tutulub cavabdehə ödənilməsi qət edilmişdir. Həmin qətnamə 2022-ci il 27 sentyabr tarixində qanuni qüvvəyə minmiş, 2022-ci il 20 oktyabr tarixində qətnamə əsasında icra vərəqəsi verilərək icra edilməsi üçün Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədi əsasında borclu tərəfindən 2023-cü il 1 mart tarixində 69 913,54 manat, 2023-cü il 7 iyul tarixində 73 549,62 manat ödənilmiş, bununla da icra sənədi tam şəkildə icra edilmişdir. 28.2. Hazırda cavabdeh iddiaçıdan alqı-satqı üzrə ödənişlərin 2020-ci il 10 iyun tarixində həyata keçirilməli olduğu halda ödənişlərin 2023-cü il 1 mart və 2023-cü il 7 iyul tarixlərində həyata keçirildiyini, yəni qarşılıqlı cavabdehin pul öhdəliyinin icrasını gecikdirməsini, nəticədə onlara 40 000 manat məbləğində əldən çıxmış fayda formasında zərər vurulmasını, eləcə də qətnamənin qəbul edildiyi tarixdən (2022-ci il 27 yanvar) qətnamənin icra edildiyi tarixədək olan müddət üçün pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5%-in tutulmasını tələb etmək hüququnun olmasını əsas göstərərək 40 000 manat məbləğində əldən çıxmış fayda və illik 5% hesabı ilə 8390 manat məbləğində pulun qarşılıqlı cavabdehdən tutulmasını tələb edir. 28.3. Qarşılıqlı iddianın əldən çıxmış faydaya görə pulun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddia tələbinin adı çəkilən mübahisələndirilən hissəsində həmin hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 28.4. Həmçinin cavabdehin kassasiya şikayətində qeyd olunmuş dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə prosessual qanunvericiliyin sübuetmə yükününün bölüşdürülməsi və sübutların qiymətləndirilməsi ilə bağlı normalarına müvafiq olaraq tam, hərtərəfli, obyektiv qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır və hesab edir ki, qətnamə həmin hissədə qüvvədə saxlanılmalıdır. 28.5. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz tutulması hissəsində qeyd etmişdir ki, qətnamə yalnız 2022-ci ilin 27 sentyabr tarixində qüvvəyə minmişdir. Odur ki, qətnamədən verilmiş şikayətlərdə məhkəmədə baxıldığı müddətin iddiaçı tərəfindən öhdəliyin icrasının gecikdirildiyi müddət kimi nəzərə alınması üçün əsaslar yoxdur. Belə ki, qətnamə əsasında iddiaçıdan tutulmalı olan əsas borc 132.297,6 manat məbləğində olmuşdur. Əsas borcun 58.747,98 manat (bununla yanaşı həmin tarixdə 10.782 manat faiz və 386 manat dəbbə pulu da ödənilib) hissəsi 2023-cü il 1 mart tarixində, qalan 73.549,62 manat hissəsi isə 2022-ci il 7 iyul tarixində ödənilmişdir. 28.6. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 132.297,6 məbləğində əsas borca 2022-ci il 27 sentyabr tarixindən (qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən) 2023-cü il 1 mart tarixinədək olan 5 ay 3 günlük müddət üçün hesablanacaq faizlər 2.811 manat (132.297,6 manat x 5%/12 ay x 5,1 ay), həmin tarixdə ödəniş edildikdən sonra qalıq 73.549,62 manat məbləğində əsas borca 2023-cü il 1 mart tarixindən 2023-cü il 7 iyul tarixinədək olan 4 ay 7 günlük müddət üçün hesablanacaq faizlər isə (73.549,62 manat x 5% /12 ay x 4,25 ay) 1.303 manat olmaqla cəmi faizlər 4.214 manat (1.303 manat+ 2.811 manat) təşkil edir. 28.7. Məhkəmə kollegiyası qarşılıqlı iddianın pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz tutulması hissəsində apellyasiya instansiyası məhkəməsinin apardığı hesablama ilə razılaşmayaraq qeyd edir ki, həmin hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin tələbləri pozulmuşdur (bax: bu Qərarın § 37 - 38). 28.8. Belə ki, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 yanvar tarixli qətnaməsi ilə cavabdehin iddiaçıya qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, ümumilikdə 143.079,6 manat məbləğində pul və 383,56 manat dövlət rüsumu iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir (Qətnamə 2022-ci ilin 27 sentyabrında qanuni qüvvəsini almışdır). Belə olan təqdirdə qətnamədə müəyyən olunmuş cavabdehin həmin vəsaiti ödəmək öhdəliyi də məhz həmin qətnamənin çıxarıldığı tarixdən, yəni 2022-ci il 27 yanvar tarixindən yaranmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almadan pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faizi 2022-ci il 27 sentyabr tarixindən hesablamaqla yanlış nəticəyə gəlmişdir. 28.9. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, qarşılıqlı iddianın pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz tutulması hissəsində ləğv edilməli və işə bu hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi bu qərarın əsaslandırıcı hissəsində qeyd edilən, yəni pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faizin hesablanmasının 2022-ci ilin 27 yanvar tarixindən başlanmasını nəzərə almaqla onu yenidən hesablamalı və müvafiq maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul etməlidir.
Təkrar apelyasiya baxışı
29. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı MMC-nin nümayəndəsi ərizə ünvanlayaraq başqa prosesdə iştirak etməsi ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, Cavabdeh MMC-nin nümayəndəsi də məhkəməyə gəlməmişdir.
30. İşin halları, nümayəndənin ərizədə qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
32. Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
34. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
36. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
37. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
38. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.
39. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
48. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – qarşılıqlı iddiaçının “ilkin iddiaçıdan gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 8390 manatın tutulması” tələbinin təmin edilməməsi ilə bağlı hissədə əsaslılığının və qanuniliyinin yoxlanılması təşkil edir. Belə ki, əvvəlki apellyasiya baxışı zamanı qarşılıqlı iddiaçının həmin iddia tələbi qismən təmin olunaraq qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi məhz qarşılıqlı iddiaçının kassasiya şikayəti əsasında yoxlanlaraq sözügedən hissədə ləğv olunmaqla yeni apellyasiya baxışına qaytarılmışdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın “ilkin iddiaçıdan əldən çıxmış fayda olaraq 40 000 manatın tutulması” tələbinin təmin olunmaması ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmışdır – bu isə o deməkdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin, eləcə qarşılıqlı iddianın “ilkin iddiaçıdan əldən çıxmış fayda olaraq 40 000 manatın tutulması” tələbinin təmin olunmaması ilə bağlı hissələrdə apellyasiya baxışının predmeti deyildir.
49. Kollegiya həmçinin qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
50. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları da nəzərə almaqla məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının müvafiq iddia tələbi üzrə hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır.
51. Kassasiya instansiyası məhkəməsi müvafiq iddia tələbi üzrə işin hallarını və hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın, inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.
52. İddiaçının iddia tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər; həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
53. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.
54. Buna görə də kollegiyanın qənaətinə görə sözügedən iddia tələbi təmin olunmalı, 132 297,6 məbləğində əsas borca 2022-ci il 27 yanvar tarixindən 2023-cü il 1 mart tarixinədək olan 1 il 1 ay müddət üçün hesablanacaq 7165 manat (132 297,6 x 5% x 1 il 1 ay) faiz məbləği, həmin tarixdə ödəniş edildikdən sonra qalıq 73 549,62 manat məbləğində əsas borca 2023-cü il 1 mart tarixindən 2023-cü il 7 iyul tarixinədək olan 4 ay müddət üçün hesablanacaq 1225 manat (73549,62 x 5% x 4 ay) faiz məbləği olmaqla, cəmi 8390 manat İddiaçı MMC-dən Cavabdeh MMC-nin xeyrinə tutulmalıdır.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1322/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 24 aprel 2024-cü il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh MMC-nin İddiaçı MMC-dən gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 8390 manatın tutulması” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunsun. Həmin iddia tələbi təmin edilsin. İddiaçı MMC-dən öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5% hesabı ilə 8390 (səkkiz min üç yüz doxsan) manat Cavabdeh MMC-nin xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Sabit Bəhrəmzadə
Xumar Mərdanova