Məhkəmə qərarları › İş №2-2(103)-683/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-683/2023

13.07.2023 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-683/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh Əlisafa oğluna qarşı “icarə obyektinin əşyalarla birlikdə təhvil verilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə tətbiq edilmiş müvəqqəti təminat tədbirinin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinin 26 may 2023-cü il tarixli, e-2-2(113)-1087/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Əlisafa oğluna qarşı “icarə obyektinin əşyalarla birlikdə təhvil verilməsi və mənəvi zərərin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas vəsait ƏDV daxil 149.818,64 AZN və hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 14 981 AZN olmaqla, ümumilikdə 164.799 AZN məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə müraciət edərək, mübahisə üzrə yekun məhkəmə qətnaməsi çıxarılanadək Cavabdeh Əlisafa oğlunun adına qeydiyyatdan keçən “Toyota Prado” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Touareg” minik markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” minik markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı, “Lexus GS 300” minik markalı, 10-CF089 dövlət qeydiyyat nişanlı, “Hyundai HD65” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı, “Porsche Panamera” minik markalı, 90-HR999 dövlət qeydiyyat nişanlı və “Harley Davidson VRSCF Motosikl” markalı, 10-E-999 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-10872022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pozulmuş hüquqların bərpa edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmiş, qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Cavabdeh yazılı ərizə ilə məhkəməyə müraciət edərək tətbiq edilmiş müvəqqəti təminat tədbirinin ləğvini xahiş etmiş, iddiaçı məhkəməyə yazılı ərizə ünvanlayaraq ərizənin təmin edilməməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1087/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, hazırkı iş üzrə tətbiq edilmiş müvəqqəti təminat tədbiri ləğv edilmişdir. Hazırda iddiaçı Bakı Kommersiya Məhkəməsinin sözügedən qərardadından şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-1087/2023 saylı qərardadının ləğv edilməklə, iş üzrə prosessual hərəkətlərin aparılmasının (ərizəyə baxılması və s.), Konstitusiya Məhkəməsinin icraatı qaydasında iş həll edilənədək dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə tərəflərindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-76/2023 saylı qərarından Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verilmişdir. Belə olduğu təqdirdə işə baxılmasının qeyri mümkünlüyünü nəzərə alaraq hesab etmişlər ki, müvəqqəti təminat tədbirinin ləğvi barədə ərizəyə baxılması dayandırılmalıdır. Аzərbaycan Respublikası MPM-in 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırır. Bakı Kommersiya Məhkəməsinin 8 iyun 2023-cü il tarixli 2-2(113)-1087/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, şikayətin dəlillərini və Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-725/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)- 10872022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2- 2(103)-725/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi Ali Məhkəmənin 2-2(102)-76/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddia rədd edildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Odur ki, hazırkı iş üzrə iddia rədd edildiyindən və məhkəmə aktı xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə mindiyindən, müvəqqəti təminat tədbirinin tətbiqi zərurəti mövcud deyildir. Bu mənada, kollegiya hesab edir ki, hazırda tətbiq edilmiş müvəqqəti təminat tədbirinin saxlanılmasına zərurət aradan qalxdığından birinci instansiya məhkəməsi düzgün olaraq Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 540/2021 saylı qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsi (cavabdehə məxsus əmlaklar üzərinə qoyulmuş həbsin götürülməsi) nəticəsinə gəlmişdir. İddiaçının şikayətində qeyd etdiyi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verildiyi üçün işə baxılmasının qeyri mümkünlüyü nəzərə alınmaqla müvəqqəti təminat tədbirinin ləğvi barədə ərizəyə baxılmasının dayandırılmasına dair şikayətin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, MPM-in 254.1.4-cü maddəsindən də göründüyü kimi, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırır. Hazırkı halda isə icraatı dayandırıla biləcək iş mövcud deyil. Belə ki, iş üzrə qətnamə qəbul edilərək iddia rədd edilmiş, həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, yekun məhkəmə aktı qəbul edilmiş və qanuni qüvvəsini almışdır. MPM-in 162.3-cü maddəsində isə iddia rədd edildiyi təqdirdə müvəqqəti təminat tədbirinin ləğv edilməsi nəzərdə tutulmuşdur ki, birinci instansiya məhkəməsi cavabdehin ərizəsinə əsasən müvəqqəti təminat tədbirini ləğv etməkdə düzgün nəticəyə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 26 may 2023-cü il tarixli, e-2-2(113)-1087/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar