Məhkəmə qərarları › İş №2-2(103)-725/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-725/2022

04.10.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-725/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1) “qeyriyaşayış sahəsinin təhvil verilməsi, əşyaların qaytarılması mümkün olmadığı halda onların ümumi dəyərinin tutulması, mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi, əşyaların qaytarılması mümkün olmadığı halda onların ümumi dəyərinin tutulması, mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1087/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, X1 (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında 17 yanvar 2017-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124,9 kv.m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 124,9 kv.m hissəni aylıq 500 manat məbləğində icarə haqqı ödənilməsi şərti ilə xx.xx.2020-ci il tarixədək icarəçiyə icarəyə vermişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş hüquqlarının bərpa edilməsini, cavabdehin icarə müqaviləsi əsasında istifadəsində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsinin və sahədə olan ona məxsus əşyalarla birlikdə ona təhvil verilməsi, həmin əşyaların hər hansı səbəbdən qaytarılması mümkün olmadığı halda onların ümumi dəyərinin (65275 + 254820 = 320095 manat) iddiaçının xeyrinə tutulması, mənəvi ziyana görə isə 10.000 manat mələğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1087/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

4. İddiaçı bildirir ki, müəyyən iş münasibətləri olan və əvvəllər münasibətlərinin yaxşı olduğu Cavabdeh Əlisafa oğlu icarəyə götürdüyü qeyri-yaşayış sahəsini zəbt edərək onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə mane olur. Bundan əlavə ona məxsus əşyalar da hazırda həmin qeyri-yaşayış sahəsindədir. Həmçinin hazırkı iddia ərizəsi məhkəməyə verildikdən sonra cavabdeh iddiaçının barəsində cinayət işinin başlanması üçün müraciət etmiş, lakin daha sonra aparılmış araşdırmalarla cinayət işinin icraatına xitam verilmişdir. Bundan əlavə, iddia ərizəsində göstərilən mebel və avadanlıqlar “Bakcell” tərəfindən iddiaçıya verilmiş, lakin bu barədə hər hansı sənədləşmə aparılmadığından həmin əşyalara dair hər hansı sübut təqdim edə bilmir. İcarə sahəsindən iddiaçı kənarlaşdırılıqdan sonra iddia ərizəsində göstərilən telefonlar cavabdehin istifadəsində qalmış, bu səbəbdən onların əksəriyyəti cavabdeh tərəfindən öz adına rəsmiləşdirilmişdir.

5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı heç zaman onun şəriki olmamış, mübahisəli qeyri-yaşayış sahəsində yerləşən mağazada əmək müqaviləsi ilə satıcı və kassir vəzifəsində çalışmışdır. Tez-tez xaricdə olması səbəbindən biznesinə tam nəzarət edə bilməmiş, həmin mağazada yoxlama zamanı kassada çatışmazlıqlar olduğunu öyrənib səbəbini araşdırmağa başladıqda, iddiaçı mağazadan qaçıb getmişdir. Həmin vaxtdan sonra, o, mağazaya gəlməmişdir. Mağazada olan əşyalar və avadanlıqlar onun tərəfindən alınmışdır. Onun ərizəsi əsasında iddiaçı barəsində cinayət işi başlanmış, daha sonra xx.xx.2021-ci il tarixdə cinayət işinin icraata xitam verilmişdir. İddia ərizəsində tələb edilən əşyalar ona məxsusdur. Bu barədə müvafiq sübutları məhkəməyə təqdim etmişdir. Bundan əlavə, iddia ərizəsində mənəvi ziyan tələb edilsə də, buna dair hər hansı sübut təqdim edilməmişdir.

6. Üçüncü şəxs bildirir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Əmlakı 2013-cü ildə alıb, alarkən həmin əmlak cavabdehin icarəsində idi, daha sonra onun xahişi ilə formal olaraq iddiaçının adına icarə müqaviləsi bağladılar, halbuki onlar Toğrulu tanımır, heç vaxt görməmişlər, icarə müqaviləsi onunla bağlansa da, formal idi, əslində icarədar cavabdeh idi. İcarə haqlarını da həmişə cavabdeh ödəmişdir. Onlar əmlakı alarkən orada hər hansı əmlakları olmayıb, özləri də ora hər hansı əmlak alıb qoymamışlar, orada olan əşya və avadanlıqların kimə məxsus olmasını dəqiq deyə bilməz.

7. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1087/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdən tələb etdiyi əşyalara münasibətdə tələblərini sübuta yetirə bilməmişdir.

9. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi.

13. Üçüncü şəxs X1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

16. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız əşyaların təhvil verilməsi, əşyaların hər hansı səbəbdən qaytarılması mümkün olmadığı halda onların ümumi dəyərinin tutulması və mənəvi ziyana görə pulun tutulması barədə tələblərin rədd edilməsi hissəsində yoxlanılır.

APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş əşyaların qaytarılması (və ya onların dəyərinin tutulması) barədə iddia rədd edilməlidir.

20. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

21. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər,

22. Hazırkı işdə isə həmin şərtlərin mövcud olması təsdiq olunmur.

23. Çünki iddianın əsaslı hesab edilməsi üçün iddia ərizəsində adları sadalanan əşyaların iddiaçının mülkiyyətində olması və həmin əşyaların cavabdehin qanunuz sahibliyində olması müəyyən edilməlidir.

24. Eyni zamanda, cavabdeh iddia ərizəsində göstərilən əşyaların iddiaçıya məxsus olmasını və onun sahibliyində məhz iddiaçıya məxsus əşyaların olmasını mübahisələndirdiyi üçün Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə bu halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, o, üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

25. Belə ki, iddiaçı tərəfindən təqdim edilən 27 fevral 2017-ci tarixli, 24 mart 2017-ci il tarixli və 03 mart 2017-ci il tarixli 05 ədəd təhvil-təslim aktında (cild 1, i/v 210-214) göstərilən avadanlıqların iddiaçıya məxsus olduğu sübut olunsa da, məhz həmin avadanlıqların cavabdehin faktiki sahibliyində olması heç bir sübutla təsdiq olunmur.

26. Bundan başqa, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri kimi iddia ərizəsində adları sadalanan əşyaların siyahıya alınmaqla üzərinə həbs qoyulması və cavabdeh və üçüncü şəxslərə həmin əşyalardan istifadə etmələri qadağan edilmiş və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən icra sənədinin icra olunması ilə əlaqədar xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir (cild 1, i/v 320). Həmin aktda bəzi əşyaların üzərinə həbs qoyulduğu qeyd olunmuşdur.

27. Kollegiya qeyd edir ki, üzərinə həbs qoyulmuş həmin əşyaların da məhz iddiaçının mülkiyyətində olan əşyalar olduğu heç bir sübutla təsdiq olunmur. Çünki aktda sadəcə əşyaların adı və sayı qeyd olunmuş, onların markası, nömrəsi, tarixi və s. eyniləşdirməyə imkan verən digər məlumatlar qeyd olunmamışdır. Buna görə də, həmin əşyaların məhz iddiaçının mülkiyyətində olan əşyalar olması qənaətinə gəlmək mümkün deyil.

28. Bundan başqa, iddiaçı tərəfindən xx.xx.2020, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, 08.02,2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli malların alış aktları təqdim edilmişdir.

29. Həmin aktlara əsasən iddiaçı tərəfindən dəqiq markaları və imei kodları göstərilmiş cəmi 40 ədəd mobil telefon əldə olunmuşdur.

30. Bununla yanaşı, həmin markalı və imei kodu olan mobil telefonların cavabdehin sahibliyində olmasını təsdiq edən sübutlar təqdim edilməmişdir.

31. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində aparılmış cinayət işində cavabdehin təqdim etdiyi xx.xx.2020-ci il tarixli inventarizasiya aktı da bu halları təsdiq etmir (cild 2, i/v 91-95).

32. Çünki, həmin aktda mağazada olan mal-materiallar (müxtəlif markalı telefonlar və aksesuarlar) faktiki sayılaraq, 190 sayda telefonun siyahıya alınması və dəyərinin 246696,14 manat olması göstərilsə də, həmin inventarizasiya aktında qeyd olunan mobil telefonların məhz iddiaçının yuxarıda qeyd olunan alış aktları ilə əldə etdiyi mobil telefonlar olması öz təsdiqini tapmır. Çünki həmin inventarizasiya aktında telefonların imei kodları və ya digər eyniləşdirməyə imkan verən məlumatlar göstərilməmişdir.

33. Göründüyü kimi, iddia ərizəsində göstərilən əksər əşyaların iddiaçının mülkiyyətində olması faktı, iddiaçının mülkiyyətində olması müəyyən edilən əşyaların isə cavabdehin sahibliyində olması faktı sübut olunmur.

34. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh tərəfindən təqdim olunan sübutlar (əşyaların alınması ilə bağlı aktlar) araşdırılmadan iddia tələbləri əşyaların verilməsi hissəsində rədd edilməlidir.

35. Həmçinin kollegiya hesab edir ki, mənəvi zərərin tutulması barədə tələblər də rədd edilməlidir.

36. Belə ki, Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

37. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehlərin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir.

38. Belə ki, cavabdehin qanunsuz hərəkətlərə yol verməsi təsdiq olunmur. Belə olan halda isə mənəvi zərərin tutulması barədə iddia təmin edilə bilməz.

39. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1087/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vidadi Məmmədov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar