Məhkəmə qərarları › İş №2-2(103)-758/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-758/2021

13.08.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-758/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Kərimli İlham Əziz oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 06 may 2021-ci il tarixli, e-2-2 (113)-1266/2021 saylı qətnaməsindən (hakim S.Nuriyeva) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh İB-yə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz hesablanmış 936 manat cərimə məbləğinin silinməsi və yeni sayğacın quraşdırılması üçün iddiaçı tərəfindən ödənilmiş 248 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 23 may 2016-cı il tarixli “İstehlakçının qaz təsərrüfatının inventar Aktı”na əsasən qeyri-yaşayış sahəsi kimi qeydiyyatdan keçmiş, xüsusi mülkiyyətdə olan Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektinə 69C ünvanına G- 4 “İtron” markalı smart tipli, 1002AQ**********9 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. İddiaçı qeyd edilən əmlakda sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 13 fevral 2019-cu il tarixində cavabdehin əməkdaşları tərəfindən qeyd edilən sayğac ******* nömrəli AKT əsasında sökülərək aparılmışdır. Sayğac sökülən zaman sayğac quraşdırılarkən vurulmuş 00786603 nömrəli plomb sayğacın üzərində olmuşdur. Cavabdeh İB qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsinin rəisi E.Quliyev tərəfindən imzalanmış MSK29/1640-00497-67 nömrəli, 11 aprel 2019-cu il tarixli AKT əsasında “guya sayğaca müdaxilə olduğu üçün sayğacın dəyərinin ödənilməsi” müəyyənləşdirilmişdir. 19 sentyabr 2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə” əsasında 4680 m3 həcmində itirilmiş qaz hesablanmışdır ki, bunun da əsasında 936 manat cərimə tətbiq edilmişdir. Havaların soyuq keçməsi səbəbindən obyektə mavi qaz verilsin deyə sayğac üçün 247.68 manat (iki yüz qırx yeddi manat altmış səkkiz qəpik) pul ödənilmişdir. Sayğac quraşdırıldıqdan sonra smart kart almaq üçün müraciət etdikdə “cərimə ödənilməmiş smart kart verilməyəcəyini bildirdilər”. Bakı Kommersiya Məhkəməsinin 06 may 2021-ci il tarixli, e-2-2 (113)-1266/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək iddia tələbi qismən təmin edilərək İddiaçı MMC-nin abonent hesabına (abonent kodu **********00000) akt əsasında hesablanmış 936 manat borcun silinməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə məxsus (istehlakçı) qeyri yaşayış sahəsinin qaz xətinin üzərində quraşdırılmış G-4 markalı, 1002AQ**********9 nömrəli qaz sayğacı 13.02.2019-cu il tarixdə çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Çıxarılmış qaz sayğacı 05.04.2019-cu il tarixdə yoxlamadan keçirilmiş və müəyyən olunmuşdur ki, sayğaca müdaxilə nəticəsində Alarm 1 rejimi qeydə alınmışdır. Bu barədə müvafiq qaydada 19.09.2019-cu il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Göründüyü kimi, istehlakçı müqavilənin şərtlərini və qazdan istifadə qaydalarının tələblərini kobudcasına pozaraq qaz sayğacına müdaxilə olunması nəticəsində sayğacın hesablama mexanizminin xəta ilə işləməsinə səbəb olmuşdur. (hüquqi şəxs quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə qorunub saxlanılmasına bilavasitə cavabdehlik daşımalıdır.) Bu səbəbdən də itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 936 manat itirilmiş təbii qazın dəyərinin ödənilməsi üçün istehlakçıya bildiriş göndərilmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı kimi qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin 2.2.5-ci bəndinə əsasən İstehlakçının təqsirli hərəkətləri, habelə müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin istehlakçıdan tələb edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.12-ci bəndinə əsasən İstehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin qaydanın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Göründüyü kimi mövcud qanunvericiliklə qaz sayğacına görə məsuliyyət bütövlüklə hüquqi şəxsin üzərinə qoyulmuşdur, lakin buna baxmayaraq məhkəmə yuxarıda qeyd edilən normalara zidd şəkildə qətnamə qəbul etmişdir. Sayğaca müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş küllü miqdarda ziyan ödənilməlidir. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar - faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Təsadüfü deyil ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X3”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması vətəbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdeh təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər(rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Nizamnamənin 2.4-cü bəndində “yanacaqenerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi” SOCARın qanuna zidd olmadan müstəqil qərar qəbul etmək səlahiyyəti kimi təsbit olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 21.10.2010-cu il tarixli 345 nömrəli “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Fərmanının 4-cü bəndi ilə dövlət başçısı tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına tapşırmışdır ki, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi ilə Şirkətin səlahiyyətlərinə aid edilmiş məsələlərə münasibətdə müvafiq normativ-hüquqi aktlar tətbiq edilərkən Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 aprel tarixli, 258 nömrəli Fərmanı ilə müəyyən edilmiş müddəalar əsas götürülsün”. Göründüyü kimi, SOCAR-ın sahə üzrə məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi sənədin qəbul edilməsi səlahiyyəti “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 2.9-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən normativ hüquqi aktla (258 nömrəli Fərman) müəyyən edilmişdir. Məlum olduğu kimi, bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar-faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Beləliklə, müqavilənin 2.2.5ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri, habelə Qaydalar və müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərər istehlakçıdan tələb edilməlidir İşə apelyasiya qaydasında baxılması 13.08.2021-ci il tarixə təyin edilmiş, cavabdehə işə baxılmasinın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə (elektron kabinetinə məhkəmə bildirişi yerləşdirilməklə) baxmayaraq nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək. apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 06 may 2021-ci il tarixli, e-2-2 (113)-1266/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarındakı 19.09.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı MMC-nin kommersiya fəaliyyəti ilə məşğul olduğu obyektə baxış keçirilmiş və sayğacda Alarm-1 rejimi aşkar edildiyi qeydə alınmışdır. Akt əsasında iddiaçının qaz işlədicilərindən kombinin maksimal saatlıq qaz sərfi 2.6 kub metr, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 4680 m3, 936 manat əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə iddianın qismən təmin edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən, yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5- ci maddəsinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 1.6-1.-ci bəndinə əsasən, qanunun 8.3-cü maddəsinə uyğun olaraq yoxlayıcı orqanın sahibkarın müraciətinə əsasən ona metodiki kömək göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi məqsədilə yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvana gəlməsi Reyestrdə qeydiyyata alınmır. Belə tədbirlər nəticəsində əldə olunan faktlarla bağlı sahibkarlıq fəaliyyətinin subyekti məsuliyyətə cəlb edilə bilməz. Birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normalarının tələblərinə istinad edərək düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən həyata keçirilmiş yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığı üçün yoxlamanın nəticəsinin hüquqi qüvvəsi yoxdur Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 06 may 2021-ci il tarixli, e-2-2 (113)- 1266/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh İB-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 06 may 2021-ci il tarixli, e-2-2 (113)-1266/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar