Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-791/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, ilkin iddiaçı, qarşılıqlı cavabdehin nümayəndəsi X2, ilkin cavabdeh, qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1322/2024 saylı qətnaməsindən ilkin cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları:
1. Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli e-2-2(113)- 317/2022 saylı icra sənədinə müəyyən edilir ki, İddiaçı MMC-dən 132.297,6 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 10782 manat məbləğində pul vəsaiti, ümumilikdə 143.079,6 manat məbləğində pul və 383,56 manat dövlət rüsumu tutularaq Cavabdeh MMC-yə ödənilməlidir. Məhkəmə aktının qüvvəyə mindiyi tarix 27 sentyabr 2022-ci ildir.
2. Cavabdehə məxsus hesabdan çıxarışa əsasən müəyyən edilir ki, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli e-2-2(113) 317/2022 saylı icra sənədi üzrə cavabdehin hesabına xx.xx.2023-cü il tarixdə 69913,54 manat və xx.xx.2023-cü il tarixdə 73549,62 manat məbləğində vəsait köçürülmüşdür.
3. Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli e-2-2(113)-317/2022 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. 4. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 70.484,58 manat əsas borc, 410 manat mediasiya sessiyası üçün ödənilmiş vəsait, 7.100 manat hüquqi yardım üçün xərclənmiş məbləğ, 344 manat ödənilmiş dövlət rüsumu, cəmi 78.338,58 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli e-2-2(113)-317/2022 saylı qətnaməsi ilə cavabdeh hüquqi şəxsin iddiası qismən təmin edilərək ümumilikdə 143.079,6 manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 383,56 manat ödənilməsi qət edilmiş, apellyasiya və kassasiya instansiyası məhkəmələri birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. İddiaçı hələ məhkəmə baxışı zamanı mübahisəli məbləği ödəməyə başlamış, lakin Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin qanunsuz hərəkətləri nəticəsində məhkəmə qətnaməsində göstərilən məbləğdən 70.484,58 manat artıq vəsait tutulmuşdur. Cavabdeh təşkilat Cavabdeh MMC-ni ödəmənin artıq olması və yuxarıda göstərilən məbləğin onlara qətiyyən aid etmədiyini bilsə də, qaytarmaqdan imtina etmiş, halbuki dəfələrlə bu barədə müraciətlər olunmuş və danışıqlar aparılmışdır.
7. Daha sonra iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciə edərək, İddiaçı MMC dən əldən çıxmış fayda olaraq 40000 manat məbləğində pul vəsaitinin, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 8390 manat, ümumilikdə 48390 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 236 manat məbləğində pul vəsaitinin tutularaq, "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 04 yanvar 2019-cu il tarixli müqavilə əsasında qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən cavabdehə müxtəlif çeşidli metal məmulatlar verilmişdir. Tərəflər arasında imzalanmış üzləşmə aktına əsasən İddiaçı MMC-nin "xxxx" MMC-nə 137.888,99 manat əsas məbləğ üzrə və 23854,84 manat ƏDV üzrə borcu yaranmışdır. Bu səbəbdən "xxxx" MMC Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC-dən 161743 manat məbləğində pul vəsaitinin, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 10782 manat, ümumilikdə 172525 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manat və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 108 manat məbləğində pul vəsaitinin tutularaq, "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı, daha dəqiq desək xx.xx.2021-ci il tarixdə İddiaçı MMC tərəfindən 29445,4 manat ödəniş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-317/2022 saylı, 27 yanvar 2022-ci il tarixli Qətnaməsi ilə İddiaçı MMC-dən 132297,6 manat məbləğində pul vəsaiti, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 10782 manat, ümumilikdə 143079,6 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 383,56 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamənin 4-cü səhifəsinin aşağıdan 2-ci abzasında da göstərilmişdir ki, “Bundan başqa, məhkəmə qeyd edir ki, göstərilən borc məbləğindən cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçının hesabına 29445,4 manat ödəniş edilmişdir ki, bu halda məhkəmə hesab edir ki, borc məbləğindən qalan 132297,6 (161743-29445,4) manat cavabdehdən tutulmaqla iddia həmin hissədə qismən təmin edilməlidir”. Bütün digər ödənişlər müqavilə və məhkəmə qərarı əsasında həyata keçirilmiş, həyata keçirilmiş ödənişlər məhkəmə tərəfindən nəzərə alınmışdır. İddiaçı MMC tərəfindən hər hansı bir artıq ödəmə həyata keçirilməmişdir. İcra sənədi üzrə İddiaçı MMC tərəfindən ödəniş 01 mart 2023-cü il tarixdə 69913 manat və 07 iyul 2023-cü il tarixdə 73549 manat olmaqla həyata keçirilmişdir. Halbuki, bu ödənişlər hələ 10 iyun 2020-ci il tarixdə həyata keçirilməli idi. Başqa sözlərlə qarşılıqlı iddia üzrə cavabdeh üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmiş və pul məbləğinin ödənilməsini gecikdirmişdir. Məhkəmə Qərarının 27 yanvar 2022-ci il tarixdə qəbul edilməsini, həmin tarixə qədər illik 5% olmaqla 10782 manat məbləğində pul vəsaitinin tutulmasını nəzərə alaraq, hesab edirlər ki, 27 yanvar 2022-ci il tarixdən 01 mart 2023-cü il tarixinə qədər 1 il 1 ay olmaqla 132297 manatın illik 5%-i həcmində, yəni 7165 manat və 01 mart 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixinə qədər 4 ay olmaqla 73549 manatın illik 5%-i həcmində, yəni 1225 manat, ümumilikdə 8390 manat İddiaçı MMC-dən tutularaq, "xxxx" MMC-yə ödənilməlidir.
9. İddiaçı qarşılıqlı iddia ərizəsinə yazılı etiraz təqdim edərək, qarşılıqlı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
10. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında imzalanan müqaviləyə əsasən görülmüş işə görə müəyyən edilmiş tarixdə ödəniş etməli idilər. Ödənişi gecikdirdiklərinə görə qanunvericiliyin tələblərinə əsasən cərimə də ödəmiş və cavabdehə məsrəflər də köçürmüşlər. Yəni borcdan əlavə vəsait onlardan tutulmuş və həmin məhkəmə qərarı qüvvəyə minərək preyudisial sənədə çevrilmişdir. Artıq ödəmənin günahkarı Bakı şəhəri Suraxan rayon icra şöbəsidir. Cavabdehə artıq ödənilmiş 70.484 manatın onlardan alınması yalnız Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmurunun səhvi nəticəsində baş vermişdir və burada hansısa borc əvəzinin ödənilməsi söhbətindən gedə bilməz. Məhkəmə qərarında da inkasso sərəncamında da göstərilən məbləğ tutulan məbləğdən 70.484 manat azdır.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1322/2024 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilk iddiası, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia ərizəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin qanunsuz hərəkətləri nəticəsində məhkəmə qətnaməsində göstərilən məbləğdən 70.484,58 manat artıq vəsait tutulması göstərilsə də, cavabdehə məxsus hesabdan çıxarışa əsasən Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli e-2-2(113)- 317/2022 saylı icra sənədi üzrə cavabdehə xx.xx.2023-cü il tarixdə 69913,54 manat və xx.xx.2023-cü il tarixdə 73549,62 manat məbləğində vəsait ödənilmişdir. Cavabdeh tərəfindən məhkəməyə icra sənədi üzrə göstərilən məbləğdən artıq ödənişi təsdiq edən sənəd təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi əsassızdır və təmin edilməməlidir.Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, Hazırkı halda qarşılıqlı iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əldən çıxamış faydanın tələb edilməsi hisəsində əsassızdır və təmin edilməməlidir.
13. Məhkəmə qarşılıqlı iddia ərizəsini gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 8390 manat pulun tutulması hissəsində də əsassız hesab etmişdir. Belə ki, materiallardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli e-2-2(113)- 317/2022 saylı qətnaməsi cavabdeh tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş, Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli e-2- 2(113)-317/2022 saylı icra sənədi xx.xx.2022-ci il tarixdə icraya yönəldilmiş, icra sənədi iddiaçı tərəfindən tam şəkildə icra edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdehdən əlavə olaraq gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış vəsaitin tutulması ədalətlilik prinsipindən kənarda qalır.
14. İlkin cavabdeh, qarşılıqlı iddiaçı "xxxx" MMC qətnamədən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-317/2022 saylı, 27 yanvar 2022-ci il tarixli Qətnaməsi ilə İddiaçı MMC-dən 132297,6 manat məbləğində pul vəsaiti, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 10782 manat, ümumilikdə 143079,6 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 383,56 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə İddiaçı MMC tərəfindən ödəniş 01 mart 2023-cü il tarixdə 69913 manat və 07 iyul 2023-cü il tarixdə 73549 manat olmaqla həyata keçirilmişdir. Halbuki, bu ödənişlər hələ 10 iyun 2020-ci il tarixdə həyata keçirilməli idi. Başqa sözlərlə qarşılıqlı iddia üzrə cavabdeh üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmiş və pul məbləğinin ödənilməsini gecikdirmişdir. Məhkəmə Qərarının 27 yanvar 2022-ci il tarixdə qəbul edilməsi və həmin tarixə qədər illik 5% olmaqla 10782 manat məbləğində pul vəsaitinin tutulması nəzərə alınarsa, pul vəsaitinin qanunsuz saxlanılmasına görə 27 yanvar 2022-ci il tarixdən 01 mart 2023-cü il tarixinə qədər 1 il 1 ay olmaqla 132297 manatın illik 5%-i həcmində, yəni 7165 manat və 01 mart 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixinə qədər 4 ay olmaqla 73549 manatın illik 5%-i həcmində, yəni 1225 manat, ümumilikdə 8390 manat İddiaçı MMC-dən tutularaq, "xxxx" MMC-nə ödənilməlidir. Bundan başqa İddiaçı MMC-nin müqavilə üzrə ödənişi vaxtında həyata keçirməməsi nəticəsində "xxxx" MMC-yə əldən çıxmış fayda qismində külli miqdarda ziyan dəymişdir. Belə ki, 2020-ci ilin avqust ayında İddiaçı MMC-yə satılmış malların dəyəri tonuna 470 ABŞ dolları, 2021-ci ilin iyul ayında həmin malların dəyəri isə tonuna 1148 ABŞ dolları olmuşdur. Bu isə o deməkdir ki, İddiaçı MMC 137.888,99 manat əsas məbləği vaxtında, yəni 2020-ci ilin iyun ayında ödəsə idi (137.888,99 manat /1,70 =81111 ABŞ dolları) 81111 ABŞ dolları edəcəkdi. Bu məbləğə isə həmin dövrdə 172 ton mal almaq mümkün olacaqdı. Lakin 1 il sonra isə 81.111 ABŞ dolları müqabilində yalnız 70 ton mal almaq mümkün idi. Başqa sözlərlə İddiaçı MMC ödəniş məbləğini gecikdirməklə 102 ton artıq mal almaqlarına maneə törətmiş və bununla da 50000 ABŞ dolları məbləğində zərər vurmuşdur. Buna baxmayaraq, bütün xərc və gəlirləri nəzərə alaraq, tərəflərindən, əldən çıxmış fayda olaraq 40000 manat pul iddiası irəli sürülmüşdür. Birinci instansiya məhkəməsi iş materiallarını və təqdim edilmiş sübutları lazımi şəkildə araşdırmadan qəbul etdiyi qətnamədə göstərmişdir ki, qarşılıqlı iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əldən çıxmış faydanın tələb edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Bununla yanaşı məhkəmə gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 8390 manat pulun tutulması hissəsinə münasibət bildirərkən qeyd etmişdir ki, “Materiallardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli e-2-2(113)-317/2022 saylı qətnaməsi cavabdeh tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş, Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli e-2-2(113)-317/2022 saylı icra sənədi xx.xx.2022-ci il tarixdə icraya yönəldilmiş, icra sənədi iddiaçı tərəfindən tam şəkildə icra edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən əlavə olaraq gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış vəsaitin tutulması ədalətlilik prinsipindən kənarda qalır. Məhkəmənin bu mövqeyi ümumiyyətlə anlaşılan deyildir. Belə ki, Mülki Məcəllənin 449.4-cü maddəsinin tələbinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
16. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İlkin cavabdeh, qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmunun uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi.
18. Məhkəmə iclasında ilkin iddiaçı, qarşılıqlı cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraza edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21.1-ci maddəsiə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -443.2-ci maddəsinə görə zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. -443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. -445.5-ci maddəsinə görə əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. -445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
20. MPM-in: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -114.1.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır. -114.2-ci maddəsinə görə Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5.-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar isə rədd edilmiş, ilkin cavabdeh, qarşılıqlı iddiaçı apellyasiya şikayətində, qarşılıqlı iddianın rədd edilməsi hissəsində mübahisələndirmiş, ilkin iddiaçı, qarşılıqlı cavabdeh isə apellyasiya şikayətini verməmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslığı qarşılıqlı iddiaya dair hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmadığından apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə pul öhdəliyinin icrasının gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulmasına dair qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə qarşılıqlı iddia qismən təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli e-2-2(113)-317/2022 saylı qətnaməsinə əsasən "xxxx" MMC-nin İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı MMC-dən alqı-satqı müqavilə üzrə 132.297,6 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 10782 manat məbləğində pul vəsaiti, ümumilikdə 143.079,6 manat məbləğində pul və 383,56 manat dövlət rüsumu tutularaq Cavabdeh MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə 27 sentyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. xx.xx.2022-ci il tarixdə Bakı Kommersiya Məhkəməsi tərəfindən həmin qətnamə əsasında icra vərəqəsi verilərək icra edilməsi üçün Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədi əsasında tələbkar İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixdə 69913,54 manat və xx.xx.2023-cü il tarixdə 73549,62 manat ödənilmiş, bununla da icra sənədi tam şəkildə icra edilmişdir.
26. Hazırda qarşılıqlı İddiaçı MMC qarşılıqlı Cavabdeh MMC tərəfindən alqı-satqı üzrə ödənişlər 10 iyun 2020-ci il tarixdə həyata keçirilməli olduğu halda ödənişlərin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində həyata keçirildiyini, yəni qarşılıqlı cavabdehin pul öhdəliyinin icrasını gecikdirməsini, nəticədə onlara 40.000 manat məbləğində əldən çıxmış fayda formasında zərər vurulmasını, eləcə də qətnamənin qəbul edildiyi tarixdən (xx.xx.2022-ci il) qətnamənin icra edildiyi tarixədək olan müddət üçün pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5%-in tutulmasını tələb etmək hüququnun olmasını əsas göstərərək 40.000 manat məbləğində əldən çıxmış fayda və illik 5% hesabı ilə 8390 manat məbləğində pulun qarşılıqlı cavabdehdən tutulmasını tələb edir.
27. Qarşılıqlı iddianın əldən çıxmış faydaya görə pulun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin tələb mahiyyət etibarilə öhdəliyin lazımi qaydada icra edilməməsi nəticəsində dəymiş maddi zərərin (əldən çıxmış fayda formasında) tutulması tələbi olmaqla tələbin qanuni əsasını Mülki Məcəllənin 443.1 və 21.1-ci maddələri təşkil edir.
28. Məhkəmə qeyd edir ki, öhdəliyinin icra edilməməsindən və ya lazımi qaydada icra edilməməsindən irəli gələn əldən çıxmış fayda formasında maddi zərər tələblərinə baxılarkən məhkəmə tərəfindən cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi faktı, əldə çıxmış fayda formasında maddi zərərin mövcudluğu faktı və məbləği, öhdəliyin pozuntusu ilə maddi zərərin vurulması arasında səbəbli əlaqə müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin əməllərinin (hərəkət və ya hərəkətsizliyinin) həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir.
29. Hazırkı halda qarşılıqlı cavabdehin alqı-satqı müqaviləsi üzrə 132.297,6 manat məbləğində borcun ödənilməsi öhdəliyinin icrasını gecikdirməsi iş materialları ilə öz təsdiqini tapsa da, bunun nəticəsində qarşılıqlı iddiaçıya əldən çıxmış fayda formasında maddi zərər vurulması, yəni qarşılıqlı iddiaçının adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum edilməsi iş materiallarına əsasən müəyyən edilmir. Belə ki, qarşılıqlı iddiaçı ona əldən çıxmış fayda formasında maddi zərər vurulmasını 2020-ci ilin avqustunda qarşılıqlı cavabdehə satdığı 1 kq malların qiyməti 470 ABŞ dolları olduğu halda bir il sonra həmin malların qiymətinin 1148 ABŞ dollarınadək qalxdığını, belə olan halda qarşılıqlı cavabdeh öhdəliyinin vaxtında icra etdiyi halda 132.297,6 manat pula 172 ton mal almaq mümkün olduğunu, lakin 1 il sonra həmin pula yalnız 70 ton mal almaq mümkün olduğunu, beləlikdə, onun əldə edə biləcəyi gəlirdən məhrum olması ilə əsaslandırsa da, 2020-ci ilin avqustunda malların yeni partiyasının alınması ilə bağlı satıcı şirkətlə danışıqlar aparması, lakin malların alqı-satqısının məhz maliyyə çətinlikləri (qarşılıqlı cavabdehin borcunu ödəməməsi) səbəbindən gerçəkləşməməsini, eləcə də həmin vaxtı bazarda yeni partiya malın alınması üçün real alıcının olmasını sübuta yetirə bilməmişdir. Odur ki, əldən çıxmış faydanın tutulması hissəsində qarşılıqlı iddia əsassız olmaqla rədd edilməlidir.
30. Qarşılıqlı iddianın pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5%-lə pulun tutulması hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı cavabdehdən pul vəsaitinin tutulmasına dair məhkəmə qətnaməsi öz təbiətinə görə pul öhdəliyi olduğundan həmin öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi Mülki Məcəllənin 443.1-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyəti yaradır. Odur ki, həmin öhdəliyi pozan şəxsə münasibətdə Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbiri də tətbiq edilə bilər.
31. Mülki Məcəllənin 445.7-ci maddəsinin məzmunundan da göründüyü kimi borclu barəsində həmin maddədə nəzərdə tutulmuş məsuliyyət tədbirinin tətbiq edilməsi üçün ilk növbədə borclu tərəfindən öhdəliyin icrasının gecikdirilməsi müəyyən edilməli və bu zaman Mülki Məcəllənin 445.4-cü maddəsinə əsasən öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməməsinin gecikdirmə hesab edilməməsi nəzərə alınmalıdır.
32. Odur ki, kollegiya ilk növbədə borclu tərəfindən öhdəliyinin vaxtında icra edilib-edilməməsi məsələsinə münasibətdə qeyd edir ki, məhkəmə qətnaməsinin xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minməsinə, yəni qətnamə üzrə öhdəliyin məhz həmin tarixdən icra edilməli olmasına baxmayaraq öhdəliyin bir hissəsi xx.xx.2023-cü il tarixdə, ikinci hissəsi isə xx.xx.2023-cü il tarixlərində və yalnız məcburi icra tədbirləri nəticəsində icra edilmişdir. Odur ki, qarşılıqlı cavabdehin qətnamə üzrə öhdəliyini vaxtında icra etməməsi açıq-aşkardır.
33. Öhdəliyin pozuntusunun baş verməsində qarşılıqlı cavabdehin təqsirinin mövcud olub-olmaması məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, mülki hüquqda borclunun öhdəliyin pozulmasında təqsirli olması prezumpsiyası mövcuddur. Həmin prezumpsiyaya əsasən borclu əksini sübuta yetirənədək müqavilə öhdəliklərinin pozulmasında təqsirli sayılır. Hazırkı halda isə qarşılıqlı cavabdeh qətnamə üzrə öhdəliyinin vaxtında icra edilməməsinin onun təqsirindən baş verməməsini sübuta yetirmədiyini nəzərə alan kollegiya belə qənaətə gəlir ki, öhdəliyin pozuntusu qarşılıqlı cavabdehin təqsirindən baş vermişdir.
34. Odur ki, işin halları Mülki Məcəllənin 445.7-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyindən qarşılıqlı cavabdehdən qarşılıqlı iddianın xeyrinə həmin maddəyə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizlərin tutulması üçün əsaslar mövcuddur.
35. Pul öhdəliyinin icra edilməməsinə görə faizlərin tutulmalı olduğu müddətə münasibətdə isə məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı qətnamə qəbul edildiyi tarixdən xx.xx.2022-ci il tarixdən sonrakı müddət üçün öhdəliyin icrasının gecikdirilməsinə görə faizlərin tutulmasını tələb edir. Bununla bağlı qeyd edilməlidir ki, birincisi, qətnamə çıxarıldıqdan sonra qarşılıqlı cavabdeh qanunla nəzərdə tutulmuş məhkəmə aktlarından şikayət vermək hüququndan istifadə etməklə qətnaməni əvvəl apellyasiya, sonra isə kassasiya qaydasında mübahisələndirmiş və qətnamə yalnız 2022-ci ilin sentyabrın 27-də qüvvəyə minmişdir. Odur ki, qətnamədən verilmiş şikayətlərdə məhkəmədə baxıldığı müddətin qarşılıqlı cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirildiyi müddət kimi nəzərə alınması üçün əsaslar yoxdur.
36. Faizlərin hesablanmalı olduğu borc məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, qətnamə əsasında qarşılıqlı cavabdehdən tutulmalı olan əsas borc 132.297,6 manat məbləğində olmuşdur. Əsas borcun 58747,98 manat (bununla yanaşı həmin tarixdə 10.782 manat faiz və 386 manat dəbbə pulu da ödənilib) hissəsi xx.xx.2022-ci il tarixdə, qalan 73549,62 manat hissəsi isə xx.xx.2022-ci il tarixdə ödənilmişdir.
37. Odur ki, 132.297,6 məbləğində əsas borca xx.xx.2022-ci il tarixdən (qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən) xx.xx.2022-ci il tarixədək olan 5 ay 3 günlük (5,1 ay) müddət üçün hesablanacaq faizlər 2811 manat (132.297,6manatx5%/12 ay x 5,1 ay); həmin tarixdə ödəniş edildikdən sonra qalıq 73.549,62 manat məbləğində əsas borca xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 4 ay 7 günlük müddət üçün (4,25 ay) hesablanacaq faizlər isə (73549,62 manatx5%/12 ayx4,25ay) 1303 manat olmaqla cəmi faizlər 4214 manat (1303 manat+2811 manat) təşkil edir.
38. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faiz tutulmasına dair hissədə qarşılıqlı iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Odur ki, həmin hissədə qətnamə ləğv edilməli, pul öhdəliyinin icrasının gecikdirilməsi görə faiz tutulmasına dair hissədə qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı cavabdehdən öhdəliyin icrasının gecikdirilməsinə görə illlik 5%-lə 4214 manat məbləğində pul vəsaiti və qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti tutularaq qarşılıqlı iddiaçıya ödənilməli, qalan hissədə qarşılıqlı iddia rədd edilməlidir.
39. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumuna münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumu 236 manat, belə olan halda isə qarşılıqlı iddia üzrə qətnamənin apellyasiya qaydasında mübahisələndirilməsinə görə (yalnız qarşılıqlı iddia apellyasiya baxışının predmeti olmuşdur) ödənilməli olan dövlət rüsumu 118 manat təşkil edir. Odur ki, apellyasiya şikayəti verilərkən qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş 290 manat məbləğində dövlət rüsumunun 172 manat hissəsi artıq ödənildiyindən MPM-in 114.1.1-ci maddəsinə əsasən qarşılıqlı iddiaçıya qaytarılmalıdır.
40. Apellyasiya şikayətinə baxılması ilə bağlı çəkilmiş məhkəmə xərcləri tələblərin təmin edilmiş hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli və apellyasiya şikayətinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti qarşılıqlı cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməlidir.
41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İlkin cavabdeh, qarşılıqlı iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1322/2024 saylı qətnaməsi qismən-qarşılıqlı iddianın pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizlərin tutulması hissəsində - ləğv edilsin. Həmin hissədə qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı cavabdeh “İddiaçı MMC-dən öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5%-lə 4214 manat məbləğində pul vəsaiti və qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti qarşılıqlı iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti qarşılıqlı cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov