Məhkəmə qərarları › İş №2-2(103)-80/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-80/2021

18.02.2021 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-80/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh X3 qarşı “magistral su xəttinin mühafizə zonalarında inşa edilmiş tikililərin sökülərək mühafizə zonasının boşaldılmasının təmin edilməsi tələbinə dair” iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-38/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında nəzərdən keçirib) müəyyən e t d i: İ. İddiaçı ASC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ünvan 1 ünvanından keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 700 mm olan magistral su kəmərinin üzərində və mühafizə zonalarında inşa edilmiş özbaşına tikilinin sökülməsi və kəmərlərin üzərinin və mühafizə zonalarının boşaldılmasının təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə cavabdeh tərəfindən ünvan 1 ünvanından keçən İddiaçı ASC-yə məxsus diametri 700 mm olan magistral su kəmərinin üzərində və mühafizə zonasında qanunvericiliyin tələbləri pozulmaqla, özbaşına tikili inşa edilmişdir. İnşa edilmiş tikili nəticəsində qüvvədə olan Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin,”Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Qanunun, "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Naziriər Kabinetinin Qərarının tələbləri kobud surətdə pozulmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-38/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı ASCyə məxsus Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsindən keçən 1957-ci il tarixindən bəri istsimarda olan diametri 700 mm olan yüksək təzyiqli magistral su xəttinin üzərində və mühafizə zonasında tikili inşa etdirmişdir. Qüvvədə olan Azərbaycan Respubllikasının “Su Məcəlləsinin”, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 62-ci, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun, "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələbləri kobud surətdə pozulmuşdur. Məhkəmə mülkiyyyət hüququ haqqında şəhadətnaməyə əsaslanmış və qeyd olunmuşdur ki, mübahisə predmeti həmin şəhadətnaməyə əsasən 70.3 kv.m hissə cavabdehin və digər 60.0 hissə isə vətəndaş X1 xüsusi mülkiyyətindədir və bu səbəbdən qanunsuz tikili deyil. Məhkəmə MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, faktlara və sübutlara, tərəfimizdən təqdim edilmiş hüquqi dəlillərə qətnamə çıxararkən düzgün qiymət verməmiş, iş üzrə faktlar ətraflı araşdırılmamış, öz qətnaməsini qüvvədə olan maddi hüquq normalarına uyğun əsaslandırmamış, iddianı rədd edərkən iş üzrə faktiki halları tam araşdırmamışdır. Belə ki, məhkəmə qərar verərkən şəhadətnamənin qüvvədə olub olmamasını, qüvvədə olacağı halda sənəd ilə əhatə olunan ərazinin həmin ərazi olub olmamasını, magistral su xəttinin üzərində yerləşən hissənin sonradan inşa edilmiş olmasını araşdırmamış və bu barədə verilmiş vəsatəti təmin etməmişdir. İşin faktiki halı və təqdim edilmiş sübutlar təsdiq edir ki, mühafizə zonası pozulmuş magistral su xətti 1957-ci ildən bəri istismardadır və sonradan inşa edilmiş qanunsuz tikili nəticədə magistral su xətti tikilinin alt hissəsində qalmış və qanunla qorunan mühafizə zonası pozulmuşdur. Məhkəmə qətnamə qəbul edərkən özbaşına tikililərin inşası nəticəsində diametri 700 mm olan magistral su xəttinin tikilinin altında qalan hissəsinə vaxtlı-vaxtında texniki xidmətin göstərilməsi qeyri-mümkün olmasını, bu halın da potensial təhlükə mənbəyi olmaqla qəza hadisələrinin baş verməsinə, bədbəxt hadisələrə və su itkisinə səbəb olmaqla onların vaxtında və operativ şəkildə qarşısının alınmasına ciddi maneələr yaradacağını və eyni zamanda, bu hallar müvafiq mühəndis kommunikasiya qurğularının zədələnməsi və suyun tərkibinə kənar mənfi təsir riskini artırmaqla əhalinin gigyenik təhlükəsizliyi üçün risk yaratdığını, su xəttinin tikilinin altında qalan hissəsində baş verəcək qəzalara müdaxilə edərək qəza-bərpa işlərinin aparılmasının qeyri-mümkün olmayacağını, nəticədə qəzalı hissədən xaric olan yüksək təzyiqli su ətrafa axaraq həmin tikilidə, ərazidə yaşayan və fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin həyat və sağlamlığına, əmlakına ziyan vuracağını nəzərə almamışdır. Bütün bu hallar bir daha təsdiq edir ki, məhkəmə tərəfindən iş araşdırılarkən işin faktiki halları tam və lazımi qaydada araşdırılmadan qətnamə qəbul edilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (“MPM”) 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İddiaçının məhkəmə kollegiyasının iclasınının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, MPM-in 135.5, 135.8 və 376.2-ci maddələrinə əsasən məhkəmə işə baxılmasını mümkün saymışdır (Məhkəməyə iclasına gəlmiş, birinci instansiya məhkəməsində iştirak edən nümayəndəsinin, etibarnamə üzrə səlahiyyət müddəti bitdiyindən, nümayəndə kimi prosesdə iştirakından imtina olunmuşdur) Cavabdeh M.Məmmədov və onun vəkili cavabdehin nümayəndəsi Vəkil iddiaçının apellyasiya şikayətinə etirazlarını bildirərək, iddiaçının 1959-cu ildən dövlətə məxsus tikili olduğunu, onun həmin qeyri-yaşayış sahəsində çalışdığını, sonradan isə dövlət proqramı çərçivəsində özəlləşdirməyə çıxarıldığını və onun adına özəllişdirildiyini və ona mülkiyyət şəhadətnaməsi verildiyini bildirərək, qətnaməni qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının iddia tələbindən göründüyüyü kimi, ona məxsus ünvan 1 ünvanından keçən İddiaçı ASC-yə məxsus magistral su kəmərinin üzərində və mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin sökülməsi və mühafizə zonasının boşaldılması tələb edir. Azərbayjan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Lakin iş materiallarına əsasən iddiaçının sökülməsini tələb etdiyi mübahisəli ünvanda yerləşən cavabdehə məxsus tiklinin özbaşına tikili olduğu müəyyən edilmir. Əksinə, işdə olan sənədlərə əsasən müəyyən olunur ki, həmin tikili əvvəllər dövlətin mülkiyyətində olan, sonradan isə qanuni əsaslarla cavabdhin mülkiyyətinə verilmiş qeyri-yaşayış sahəsidir. Belə ki, işə əalavə olunmuş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət X6 və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2005-ci il tarixli 005451 saylı “mülkiyyət hüququ haqqında” şəhadətnamədən görünür ki, ünvan 1 ünvanında yerləşən 70,3 kv.m qeyri-yaşayış sahəsi X2 xüsusi mülkiyyətidir. Eyni zamanda, həmin Departament tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 005452 saylı dgər bir “mülkiyyət hüququ haqqında” şəhadətnaməyə əsasən müəyyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 60,0 kv.m qeyri-yaşayış sahəsi X4 adında başqa bir şəxsin xüsusi mülkiyyətidir. Eyni zamanda, işə əlavə olunmuşAzərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən xx.xx.2003-cü il tarixdə tərtib olunmuş müəəssisə və obyektin 005557 nömrəli Texniki Pasportuna əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən tikinti altı sahəsi 143,8 kv.m, ümumi sahəsi 130,3 (70,3+60,0) kv.metrdən ibarət olan 90 saylı mağaza 1973-cü ildə tikilmişdir. İşdən həmçinin görünür ki, qeyd olunan 90 saylı mağazaya dair bundan əvvəl də - 10 dekabr 1995-ci ildə də Texniki Pasportu mövjud olmuşdur. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən edilən hallardan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, o cümlədən, 70,3 kv m qeyri-yaşayış sahəsi heç də qanunsuz tikili olmamış, Dövlət Proqramı çərçivəsində iddiaçının adına özəlləşdirilmiş olan və hal-hazırda mülkiyyət şəhadətnaməsi əsasında onun qanuni mülkiyyətində olan bir qeyri-yaşayış sahəsidir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 12073 nömrəli xx.xx.2019-cu il tarixli ekspert rəyindən isə aydın olur ki, ekspert tədqiqatı zamanı cavabdehə məxsus obyektə baxış keçirilərkən İddiaçı ASC-nin sökülməsini tələb etdiyi tikili ilə xx.xx.2005-ci il tarixli 005451 saylı mülkiyyət hüququ haqqında şəhadətnaməsinə əsasən cavabdeh X2 adınaqeydiyyata alınan tikilinin - eyni obyektdir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, İddiaçı ASJ-nin iddia tələbində və onun apellyasiya şikayətində ona məxsus diametri 700 mm-lik magistral xəttin mühifizə zolağındakı iddiaçıya məxsus qanunsuz tikili inşa edildiyini mübahisələndirən dəlilləri həqiqətə uyğun deyil. Həmin tikili dövlət səviyyəsində 1973-cü ildə inşa edilmiş olan və hal-hazırda dövlət tərəfindən iddiaçının adına özəlləşdirilmiş olan tikili olmaqla, cavabdehin qanuni mülkiyyətindədir. Digər tərəfdən ekspert rəyindən isə görünür ki, cavabdehə məxsus obyektin yerləşdiyi ərazidən iddiaçıya məxsus diametri 700 mm olan yeraltı su kəməri keçdiyi müəyyən edilsə də həmin kəmərin digər hissələri torpağın altında olduğuna və kəmərin çəkilişə dair layihə sənədləri mövcud olmadığından, konkret olaraq kəmərin hansı istiqamətdə olduğunu və onun obyektin altından keçib-keçmədiyni müəyyən etmək mümkün olmamışdır. Bu halda, məhkəmə kollegiyası qeydl edir ki, həmin kəmərin cavabdehə mübahisəli qeyri-yaşayış sahəsinin altından və yaxud “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 70-ci maddəsinin “a” bəndi ilə müəyyən edlilən beş metrdən az olan mühafizə zolağından keçdiyini sübut etmə vəzifəsi isə məhz İddiaçı ASnin nın üzərinə düşür ki, onun tərəfindən də bununla bağlı mötəbər və inandırıcı sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunmalıdır ki, belə sübutların mövcudluğu halında belə, cavabdehin mülkiyyətində olan qanuni bir tikilinin sökülməsi onun konstitsion hüququnu pozmuş olar. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. ziddir. Mülki Məcələnin 157.9-cu maddəsinin tələbindən isə görünür ki, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.4.3-cü maddəsi isə nəzərədə tutur ki, satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə qarşı iddia tələblərinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın rədd edilməsini faktlar nöqteyi nəzərindən işin hallarına uyğun olan mahiyyəti üzrə düzgün nəticə kimiqiymətləndirir və MPM-in 385.2-ci maddəsinin tələbi baxımından hesab edir ki, həmin qətnamə iddiaçının formal mülahizələrinə görə ləğv oluna bilməz. Beləliklə də, qeyd olunanları ümumiləşdirərək məhkəmə iddiaçının apellyasiya şikayətinin, MPM-in 385.1.3cü maddəsinə istinad olunmaqla, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsini mübahisələndirən, dəlilləri ilə ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-38/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-38/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar