Məhkəmə qərarları › İş №2-2(103)-830/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-830/2025

19.12.2025 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-830/2025 19.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1462/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı (istehlakçı) ilə Cavabdeh İB (paylayıcı) arasında bağlanmış qaz paylaycısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2021-cü il tarixli, AMX-5213/21 saylı müqaviləyə görə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.

2. Hacıqabul rayonu TQQ və SX-nin mühəndisləri E.İsmayıl, S.Babayev, S.Həşimov tərəfindən N.Dostalıyevə məxsus daxili qaz sayğacını hazırda işləmədiyi üçün “istehlakçı”nın qaz sərfiyyatının hesablanması və ödənilməsi məqsədi ilə istifadə olunan cihazlarının saatlıq qaz sərfinə uyğun olaraq hesablanacağı, 2023-cü il dekabr ayının qaz sərfinin 2790 m3 olması barədə 05 yanvar 2024-cü il tarixdə akt tərtib olunmuşdur.

3. Hacıqabul rayonu TQQ və SX-nin mühəndisləri E.İsmayıl, S.Babayev, S.Həşimov tərəfindən N.Dostalıyevə məxsus daxili qaz sayğacını hazırda işləmədiyi üçün “istehlakçı”nın qaz sərfiyyatının hesablanması və ödənilməsi məqsədi ilə istifadə olunan cihazlarının saatlıq qaz sərfinə uyğun olaraq hesablanacağı, 2024-cü il yanvar ayının qaz sərfinin 2790 m3 olması barədə 01 fevral 2024-cü il tarixdə akt tərtib olunmuşdur.

4. Hacıqabul rayonu TQQ və SX-nin mühəndisləri E.İsmayıl, S.Babayev, S.Həşimov tərəfindən N.Dostalıyevə məxsus daxili qaz sayğacını hazırda işləmədiyi üçün “istehlakçı”nın qaz sərfiyyatının hesablanması və ödənilməsi məqsədi ilə istifadə olunan cihazlarının saatlıq qaz sərfinə uyğun olaraq hesablanacağı, 2024-cü il fevral ayının qaz sərfinin 5324 m3 olması barədə 01 mart 2024-cü il tarixdə akt tərtib olunmuşdur.

5. Hacıqabul rayonu TQQ və SX-nin mühəndisləri E.İsmayıl, S.Babayev, S.Həşimov tərəfindən N.Dostalıyevə məxsus daxili qaz sayğacını hazırda işləmədiyi üçün “istehlakçı”nın qaz sərfiyyatının hesablanması və ödənilməsi məqsədi ilə istifadə olunan cihazlarının saatlıq qaz sərfinə uyğun olaraq hesablanacağı, 2024-cü il mart ayının qaz sərfinin 5691 m3 olması barədə 01 aprel 2024-cü il tarixdə akt tərtib olunmuşdur.

6. İddiaçı ilə Cavabdeh İB arasında imzalanmış 19 noyabr 2020-ci il tarixli debitor borcun ödənilməsi haqqında razılaşma protokoluna əsasən iddiaçı təbii qazdan istifadəyə görə Cavabdeh Salyan Qaz İstismar İdarəsinə 311595,8 manat məbləğində borcun olmasını qəbul edir.

7. İddiaçı ilə Cavabdeh İB arasında imzalanmış 18 noyabr 2021-ci il tarixli debitor borcun ödənilməsi haqqında razılaşma protokoluna əsasən abonent 275793,7 manat məbləğində borcun olmasını qəbul edir.

8. İddiaçı ilə Cavabdeh İB arasında imzalanmış 28 noyabr 2022-ci il tarixli debitor borcun ödənilməsi haqqında razılaşma protokoluna əsasən iddiaçı təbii qazdan istifadəyə görə Cavabdeh Salyan Qaz İstismar İdarəsinə 335782,37 manat məbləğində borcun ödənilməsinə dair razılığa gəlmişlər.

9. İddiaçı ilə Cavabdeh İB arasında imzalanmış qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktına əsasən 285782,37 (iki yüz səksən beş min yeddi yüz səksən iki manat 37 qəpik) manat debitor borcun məbləği müəyyən olunmuşdur.

10. İddiaçı məxsus **********00006 saylı abonent kodu üzrə abonent saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçı 2016-cı il üzrə 21866,80 manat, 2017- ci il üzrə 181681,20 manat, 2018-ci il üzrə 711372,20 manat, 2019-cu il üzrə 697122,00 manat, 2020-ci il üzrə 409385,80 manat, 2021-ci il üzrə 199827,28 manat, 2022-ci il üzrə 367167,24 manat, 2023-cü il üzrə 599017,32 manat, 2024-cü ilin dörd ayı üzrə 349648,86 manat sərfiyyat borcu hesablanmışdır.

11. İddiaçı məxsus **********00007 saylı abonent kodu üzrə abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya aktlar əsasında ümumilikdə 4148,75 manat (2023-cü ilin dekabr ayında 697,50 manat, 2024-cü ilin yanvar ayında 697,50 manat, 2024-cü ilin fevral ayında 1331 manat, 2024-cü ilin mart ayında 1422,75 manat) borc hesablanmışdır.

12. “Azərbaycan Metrologiya İnstituu” Publik Hüquqi şəxsinin tabeliyindəki "xxxx" MMC-nin X3 haqqında Y5409 saylı protokola əsasən sayğacın mexaniki hissəsi üzrə G- 1600 markalı qaz sayğacının ölçmə diapazonunun minimal sərfiyyat 130m3/saat, maksimal sərfiyyat 2500m3/saat təşkil edir. Maksimal sərfiyyatda diapozonunda (Q max) və normal sərfiyyat diapazonunda ölçmə xətası normaya uyğun gəlir, Sərfiyyat, minimal göstəricisindən az (aşağı) olduğu halda sayğac qeydiyyatı aparır, lakin ölçmə xətaları ±2% tələbinə cavab vermir. Elektron hissə üzrə xx.xx.2024-cü il taixdən etibarən, temperatur çeviricisinin qırıq olması səbəbində elektron hissə “Alarm” rejimində işləyir.

Birinci instansiya məhkəməsindəki icraat:

13. İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Hacıqabul rayonu, Abdulabad ərazi dairəsi, Kolanı kəndində yerləşən istixananın qaz sərfiyyatına görə **********00006 nömrəli abonent kodu üzrə hesablanmış 636949,43 manat borcun silinməsi, 320097,07 manat məbləğində qaz sərfinin gələcəkdə istifadə olunacaq qaz sərfi ilə əvəzləşdirilməsi, **********00007 nömrəli abonent kodu üzrə hesablanmış 4149 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus Hacıqabul rayonu, Abdulabad ərazi dairəsi, Kolanı kəndində yerləşən istixana Cavabdeh abonentidir (abonent kodu **********00006 və **********00007) və sayğac göstəricilərinə uyğun olaraq daimi istifadə etdiyi qaza görə ödənişlər həyata keçirir. Belə ki, Cavabdeh İB tərəfindən İddiaçı məxsus istixanada xx.xx.2016-cı il tarixdən bu günədək istifadə olunan qazın hesabatı G-1600 markalı, 10517235 nömrəli qaz sayğacı vasitəsilə aparılmışdır. İstixana fəaliyyətə başladığı müddətdən 2019-cu ilin sentyabr ayınadək, Salyan RQİİ-nin ərazisində fəaliyyət göstərən bütün iri həcmli istixanalar kimi aylar üzrə istifadə olunan qazın həcmi orta hesabla 2,06- 2,7 əmsalla nəzərə alınmış, yəni sayğacın mexaniki hissəsindən keçən qaz həcmi 2,06- 2,7 aralıqda əmsala vurularaq elektron hissədə qeydə alınmışdır. Bu da qaz xəttində təxminən 1,1-1,5 atmosfer təzyiq olduğu deməkdir. Lakin,Cavabdeh İB sayğaca texniki baxış keçirdikdən sonra istixanada hər-hansı bir güc artımı, istixananın həcmi, istifadə olan cihazlarla bağlı dəyişiklik olmadığı halda qaz sayğacı birdə-birə sərfiyyatı 4,1-4,2 əmsalla hesablamağa başlamışdır. Qeyd olunan hal Cavabdeh İB tərəfindən 2019-cu ildə qaz sayğacına texniki baxış keçirildikdən sonra yaranmışdır. Qaz sayğacının 4,1-4,2 əmsalla hesabat apardığı illərdə qaz xəttində cavabdehin verə biləcəyi maksimal təzyiq, yəni 2 atmosfer təzyiq olsaydı belə 2020-ci ildə 1105,000-1110,000 civarında (həmin dövrdə faktiki hesablanıb 2046,929), 2021-ci ildə 452,000-455,000 civarında (həmin dövrdə faktiki hesablanıb 955,078), 2022-ci ildə 798,000-800,000 civarında (həmin dövrdə faktiki hesablanıb 1668,942), 2023-cü ildə 1305,000-1310,000 civarında (həmin dövrdə faktiki hesablanıb 2722,806), 2024-cü ilin hesabat aparılan ilk 3 ayında 726,000-727,000 civarında (həmin dövrdə faktiki hesablanıb 1589,313) hesabat aparılmalı idi. Beləliklə, ümumilikdə məntiqlə qaz sayğacı qeyd olunan dövr ərzində təxminən 4388,000-4400,000 kub, yəni 968.000 manat hesabat aparmalı olduğu halda 1925046,5 manat (957046,5 manat çox) hesabat aparmışdır. İddiaçı hesablamanı qaz xəttində verilə biləcək maksimal təzyiqlə (2 atmosfer) aparmışlar, lakin qeyd olunan dövrlərdə istixanaya verilən faktiki təzyiq heç 1 atmosfer olmamışdır. Cavabdeh iri qazişlədən müəssisələrini təbii qazla təchiz edən qaz kəmərlərində təxminən 1,2-2 bar (atm) civarında təzyiq olur. Bundan başqa təbii qaz istifadəçisi olan müəssisələrin qaz xəttləri üzərində qaz sayğacından əvvəl qaz tənzimləyicisi quraşdırılır ki, bu da hər hansı səbəbdən xətdə normadan artıq təzyiq artımı ola biləcəyi halda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, qaz sayğacının və qaz avadanlıqlarının yararsız hala düşməməsi üçündür. Qaz tənzimləyicisi obyektdə quraşdırılmış cihazların işləməsi üçün zəruri olan təzyiqə uyğun olaraq tənzimlənir və həmin təzyiqdən artıq verilən qazın qarşısını alır. İddiaçı məxsus istixanada sənaye tipli elektron qaz sayğacı vasitəsilə qazdan istifadə olunmuşdur. Sənaye tipli elektron qaz sayğacları iki hissədə ibarət olur, mexaniki və elektron hissələr. Mexaniki hissədən keçən qazın sərfi impuls ötürücü vasitəsilə elektron hissəyə ötürülür. Qaz sayğacının korrektoru avtomatik olaraq sayğaca verilən qazın təzyiq və temperaturunu ölçür və standartın tələblərinə əsasən korrektorda mexaniki hissədən keçən qazın həcminə temperatur (+-16 selsi) və təzyiqə görə korreksiya əmsalı tətbiq olunur. Məsələn xətdə 2 atmosfer təzyiq olarsa sayğac (temperatur fərqindən asılı olaraq) mexaniki hissədən keçən qazı təxminən 3 əmsala vuracaq. Nəzərə alsaq ki, Hacıqabul rayonu aran zonasında yerləşir və qış mövsümü sərt keçmir, pomidor şitillərinin saxlanması və becərilməsi üçün 15-20 dərəcə istilik kifayət edir. Bunun üçün qaz sayğaclarına maksimal təzyiq verilməsi, qazavadanlıqlarının maksimal gücdə işləməsinə zərurət olmur. Qeyd olunanlardan müəyyən olunur ki, Cavabdeh İB tərəfindən 2020-ci ildən 2024-cü ilin aprel ayınadək İddiaçı məxsus istixanaya **********00006 nömrəliabonent kodu üzrə 957046,5 manat məbləğində əsassız qaz sərfiyyatı hesablanmışdır. Bizim qaz sayğacları ilə bağlı məlumatımızın olmaması səbəbindən artıq hesablanmış qaz sərfiyyatının dəyərinin bir hissəsini ödəmişik. Cavabdeh İB-nin nümayəndələri istixanada quraşdırılan qaz sayğacının qaz sərfiyyatını artıq qeydə almasını bildikləri halda onlara heç bir məlumat verməmişdir. Çünki sayğacın artıq sərfiyyat hesablaması Cavabdeh İB-nin maraqlarına xidmət göstərir.

15. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus Hacıqabul rayonu, Abdulabad ərazi dairəsi, Kolanı kəndində yerləşən istixananın qaz sərfiyyatına görə **********00006 nömrəli abonent kodu üzrə hesablanmış 636949,43 manat borcun silinməsi, 320097,07 manat məbləğində qaz sərfinin gələcəkdə istifadə olunacaq qaz sərfi ilə əvəzləşdirilməsi, **********00007 nömrəli abonent kodu üzrə hesablanmış 4149 manat borcun silinməsi öhdəliyinin Cavabdeh İB-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Etiraz onunla əsaslandırılmışdır ki, borcun hesablanması və yaranma səbəbləri aşağıda göstərilən qaydada olmuşdur: Cavabdeh İB ilə İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. İddiaçı məxsus istixanada istifadə olunan təbii qazın hesabatı Elster G-1600 markalı, 10517235 nömrəli (**********00006 nömrəli abonent kodu üzrə) və Elster G-10 markalı, 75160556 nömrəli (**********00007 nömrəli abonent kodu üzrə ) elektron qaz sayğaclarının elektron tablonun göstəricilərinə əsasən aparılır. Qeyd edilir ki, sənaye tipli elektron qaz sayğacları iki hissədən ibarət olur - mexaniki və elektron hissələrdən. Mexaniki hissədən keçən qazın sərfi impuls ötürücü vasitəsilə elektron hissəyə (Vm göstərici) ötürülür. Qaz sayğacının korrektoru avtomatik olaraq istehlakçıya verilən qazın təzyiq və temperaturunu ölçür və standartın tələblərinə əsasən korrektorda mexaniki hissədən keçən qazın həcminə temperatur və təzyiqə görə korreksiya əmsalı tətbiq olunur. xx.xx.2024-cü il tarixinə Elster G-1600 markalı, 10517235 nömrəli qaz sayğacında 636949,43 manat və Elster G-10 markalı, 75160556 nömrəli qaz sayğacında 4149 manat olmaqla istixanada təbii qazdan istifadəyə görə ümumilikdə 641098,43 manat məbləğində borc yaranmışdır.Borcun yaranmasına səbəb iddiaçı tərəfindən istifadə olunmuş təbii qazın dəyərinin tam ödənilməməsi olmuşdur. İddiaçı tərəfindən istixanada xx.xx.2018- ci il tarixə **********00006 saylı kod üzrə 10 manat kreditor olmuşdur. 2018-ci ilin noyabr-dekabr aylarında 319464 manat qazdan istifadə etmiş 45000 manat ödəniş edilmiş, xx.xx.2019-cu il tarixə 274454 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 697122 manat məbləğində təbii qazdan istifadə etmiş, 641390 manat məbləğində ödəniş edilmiş, xx.xx.2020-ci il tarixə 330186 manat borcu qalmışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 409385,80 manat məbləğində təbii qazdan istifadə etmiş, 421270 manat məbləğində ödəniş edilmiş, xx.xx.2021-ci il tarixə 318301,80 manat borcu qalmışdır. xx.xx.2021- ci il tarixdən xx.xx.2022-ci il tarixədək 199827,28 manat məbləğində təbii qazdan istifadə etmiş, 249000 manat məbləğində ödəniş edilmiş, xx.xx.2022-ci il tarixə 269128,68 manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 108703,98 manat məbləğində təbii qazdan istifadə etmiş, 151063,25 manat məbləğində ödəniş edilmiş, xx.xx.2023-cü il tarixə 299222,25 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 599017,32 manat məbləğində təbii qazdan istifadə etmiş, 416909 manat məbləğində ödəniş edilmiş, xx.xx.2024- cü il tarixə 481330,57 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024- cü il tarixədək 349648,86 manat məbləğində təbii qazdan istifadə etmiş, 194030 manat məbləğində ödəniş edilmiş, xx.xx.2024-cü il tarixə 636949,43 manat borcu qalmışdır. **********00007 saylı kod üzrə xx.xx.2023-cü il tarixə borcu olmamışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 697,75 manat məbləğində təbii qazdan istifadə etmiş, ödəniş etməmiş, xx.xx.2024-cü il tarixə 697,75 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 3451,25 manat məbləğində təbii qazdan istifadə etmiş, ödəniş etməmiş, xx.xx.2024-cü il tarixə 4149 manat borcu qalmışdır. Belə ki, F/Ş İddiaçı məxsus istixanada 2021/2022, 2022/2023 və 2023/2024 isitmə mövsümündə istifadə olunan qaz həcmi tərəfimizdən araşdırılmış və həmin müddət ərzində hesabatların korreksiya əmsalı orta hesabla 4.1-4.2 tətbiq olunmaqla və yalnız qaz sayğacının göstəricilərinə əsasən aparıldığı müəyyən olunmuşdur. Korreksiya əmsalının hesablanması dövlətlərarası standartlara uyğun olan və Azərbaycan Respublikası ərazisində qüvvədə olan ГОСТ 2939-63 «Газы. Условия для определения обьёма» və « ГОСТ 5542-2014 «Газы горючие природрые промышленного и коммунально бытового назначения. Технические условия.» normalara uyğun olaraq aparılmışdır. Sənaye qaz sayğacları vasitəsilə təhvil verilən qaz həcminin hesabatının aparılması zamanı istifadə olunan qaz həcminin hesablama parametrləri mütəmadi olaraq elektron korrektorda qeyd olunur. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi qaydalara əsasən təhvil verilən və qəbul edilən qazın həcminin hesabatı dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğaclarında elektron tablonun göstəricisinə uyğun olaraq aparılır. Standartlara əsasən Azərbaycan Respublikası ərazisində korreksiya əmsalı təxminən 1,1 əmsal olaraq görürülür və bu əmsal hava şəraitinə görə dəyişir, arta və azala bilir. F/Ş İddiaçı məxsus istixananı təbii qazla təchiz edən qaz xəttində 3 atmosfer (3 bar) təzyiq olmuşdur. Təzyiq 2 yerə bölünür: mütləq və izafi təzyiqlər. Mütləq təzyiqdə işçi maddənin qabın daxilindəki həqiqi təzyiqi başa düşülür. İzafi təzyiqdə mütləq təzyiqlə ətraf mühit arasındakı təzyiqlər fərqi başa düşülür. Bu fərqləri ölçən cihaz isə manometr adlanır. Beləliklə xəttdə olan 3 atmosfer təzyiqlə ətraf mühit arasında təzyiqlər fərqinin nəticəsində qaz sayğacının hesabat dövrü ərazisində 4,1 və ya 4,2 əmsalla hesabat aparması (3 atmisfer+1,1 əmsal=4,1) normalar daxilindədir. Hava şəraitinin soyuq keçdiyi təqdirdə sayğac daha yüksək əmsalla hesabat apara bilər.

18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1462/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı **********00007 saylı abonent kodu üzrə əsassız olaraq hesablanmış 4148,75 manat borcun silinməsi öhdəliyi Cavabdeh İByə həvalə edilmişdir. Cavabdeh İB-dən 61,49 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İddia ərizəsi verilərkən ödənilmiş 1190,51 manat dövlət rüsumu İddiaçı özünə aid edilmişdir.

19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin əməkdaşları tərəfindən xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərində iddiaçıya məxsus sahədə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, baxış nəticəsində iddiaçı barəsində aktlar tərtib edilərək ona ümumilikdə 4148,75 manat borc hesablanmışdır. Qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilərək, təbii qazdan qeyriqanuni istifadəyə dair akt tərtib edərək borc hesablamışdır. Göründüyü kimi, cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünüb ki, mübahisəli borclar cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamaların nəticəsi olaraq hesablandığı halda həmin yoxlamalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamaların nəticəsi olaraq iddiaçıya 4148,75 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Belə olan halda, həmin yoxlamaların (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 4148,75 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamaların hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamaların nəticəsi olaraq hesablanmış həmin borclar da əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən iddiaçının qeyd olunan abonent hesabına hesablanmış borc məbləği cavabdeh tərəfindən həyata keçirilmiş yoxlamalar əsasında hesablandığından və həmin yoxlamalar qanunvericiliyə uyğun olaraq həyata keçirilmədiyindən məhkəmə hesab etmişdir ki, iddiaçının **********00007 saylı abonent hesabına hesablanmış 4148,75 manat məbləğində borc silinməlidir. Materiallardan görünür ki, iddiaçıya aktlar əsasında hesablanmış borcun məbləği 4148,75 manat təşkil edir. Məhkəmə bu səbəbdən iddianı bu hissədə qalan, 0,25 manat borcun silinməsi hissəsində əsassız hesab etmişdir. Məhkəmə iddianı ikinci, iddiaçıya məxsus Hacıqabul rayonu, Abdulabad ərazi dairəsi, Kolanı kəndində yerləşən istixananın qaz sərfiyyatına görə **********00006 nömrəli abonent kodu üzrə hesablanmış 636949,43 manat borcun silinməsi, 320097,07 manat məbləğində qaz sərfinin gələcəkdə istifadə olunacaq qaz sərfi ilə əvəzləşdirilməsi hissəsində isə əsassız hesab etmişdir. Belə ki, materiallarda olan iddiaçıya məxsus **********00006 saylı abonent kodu üzrə abonent saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2016-cı il üzrə 21866,80 manat, 2017-ci il üzrə 181681,20 manat, 2018-ci il üzrə 711372,20 manat, 2019- cu il üzrə 697122,00 manat, 2020-ci il üzrə 409385,80 manat, 2021-ci il üzrə 199827,28 manat, 2022-ci il üzrə 367167,24 manat, 2023-cü il üzrə 599017,32 manat, 2024-cü ilin dörd ayı üzrə 349648,86 manat sərfiyyat borcu hesablanmışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya məxsus sahədə quraşdırılmış qaz sayğacı üzrə Abonent haqqında məlumat təqdim edilmişdir. Həmin sənəddə illik qaz sərfiyyatı və ödənişlər barədə məlumat əks olunmuşdur. İddiaya etiraz edən cavabdeh tərəf iddiaçının qazdan istifadəyə görə ödənişləri tam yerinə yetirməməsini bildirmiş və borcun yaranmasını bu halla əsaslandırmışdır. Cavabdeh tərəfindən tərtib olunan abonent saldosundan müəyyən olunub ki, 2016-cı ildən başlayaraq 2024-cü il daxil olmaqla hər il üzrə təbii qazdan istifadəyə görə hesablanmış borcla müvafiq ildə ödənilmiş vəsait bir-birini tamamlamamış, bəzi illərdə qaz sərfiyyatı ümumi ödənişdən artıq olmuşdur. Qeyd olunan sənəddə “Qazdan istifadə Qaydaları”nın 5.6-cı bəndinə əsasən cavabdeh təşkilat tərəfindən açılan fərdi hesabın göstəriciləri öz əksini tapmışdır. Digər tərəfdən, iddiaçı qeyd olunan sənəddə əks olunan məlumatlarla razı olmadığını məhkəmədə bildirməmişdir. Halbuki, onun mövcud sayğacın göstəricilərini təqdim etməklə, Abonent haqqında məlumatda əks olunan göstəriciləri mübahisələndirmək imkanı olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının istifadə etdiyi qazın həcmini və dəyərini sübutetmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, onun ödənilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçı fərdi sahibkar olmaqla, xərclərinin dəqiq uçotunu aparmalıdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 61,49 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 1190,51 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 8, 20, 21.1-ci bəndlərinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 2.10, 4.1, 5.2, 5.5, 5.6-ci bəndinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1, 2.3, 3.2-ci bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 1.7-ci bəndlərinə istinadla əsaslandırmışdır.

21. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi və İddiaçı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

22. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus istixana fəaliyyətə başladığı müddətdən 2019-cu ilin sentyabr ayınadək, Salyan RQİİ-nin ərazisində fəaliyyət göstərən bütün iri həcmli istixanalar kimi aylar üzrə istifadəolunan qazın həcmi orta hesabla 2,06-2,7 əmsalla nəzərə alınmış, yəni sayğacın mexaniki hissəsindən keçən qaz həcmi 2,06-2,7 aralıqda əmsala vurularaq elektron hissədə qeydə alınmışdır. Bu da qaz xəttində təxminən 1,1-1,5 atmosfer təzyiq olduğu deməkdir. Lakin, Cavabdeh İB sayğaca texniki baxış keçirdikdən sonra istixanada hər-hansı bir güc artımı, istixananın həcmi, istifadə olan cihazlarla bağlı dəyişiklik olmadığı halda qaz sayğacı birdən-birə sərfiyyatı 4,1-4,2 əmsalla hesablamağa başlamışdır. Qazsayğacı qeydolunan dövr ərzində təxminən 4388,000-4400,000 kub, yəni 968000 manat hesabat aparmalı olduğu halda 1925046,5 manat (957046,5 manat çox) hesabat aparmışdır. Nəticədə CavabdehİB tərəfindən 2020-ci ildən 2024-cü ilin aprel ayınadək İddiaçı məxsus istixanaya **********00006 nömrəli abonent kodu üzrə 957046,5 manat məbləğində əsassız qaz sərfiyyatı hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Cavabdeh İB tərəfindən 2020-ci ildən 2024-cü ilin aprel ayınadək İddiaçı məxsus istixanaya **********00006 nömrəli abonent kodu üzrə 957046,5 manat məbləğində əsassızqaz sərfiyyatı hesablanmışdır. İddiaçının qaz sayğacları ilə bağlı məlumatı olmaması səbəbindən artıq hesablanmış qaz sərfiyyatının dəyərinin bir hissəsini ödəmişdir. Cavabdeh İB-nin nümayəndələri istixanada quraşdırılan qaz sayğacının qaz sərfiyyatını artıq qeydə almasını bildikləri halda iddiaçıya heç bir məlumat verməmişdir. Çünki sayğacın artıq sərfiyyat hesablaması CavabdehİB-nin maraqlarına xidmət göstərir. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 maytarixli 80 nömrəli qərarı ilə təsdiqedilmiş“Qazdan istifadə Qaydaları”nın 5.2-ci bənd 5.2, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1) Birinci instansiya məhkəməsi bu prosessual öhdəlikləri yerinə yetirməmiş, iş üzrə təqdim olunmuş sübutları lazımi qaydada araşdırmadan, onların hüquqi və faktiki mahiyyətinə qiymət vermədən qətnamə qəbul etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməyərək cavabdehin əsassız olaraq hesabladığı qaz həcmini düzgün hesab etmişdir. Halbuki məhkəmə ilk olaraq cavabdehin həmin qaz sərfiyyatını necə hesabladığını və bunun nə qədər doğru olduğunu araşdırmalı idi. Ancaq məhkəmə tərəflər arasında mübahisəyə birtərəfli yanaşaraq iddiaçının əleyhinə qətnamə çıxarmış və onun gətirdiyi dəlilləri nəzərə almamışdır. Məhkəmə tərəfindən qanunsuz qətnamə çıxarılmış və işin halları tam, hərtərəfli və qərəzsiz araşdırılmamışdır. İş üzrə mövcud olan faktlardan da göründüyü kimi Cavabdeh İB tərəfindən qanunsuz olaraq əlavə hesablama aparılmış və iddiaçının hüquqları pozulmaqla onun üzərinə əlavə öhdəlik qoyulmuşdur. Məhkəmə işə qeyri-obyektiv və səhlənkar yanaşaraq, işə baxılması zamanı lazımi diqqət göstərməmişdir. Belə ki, sözügedən mübahisədə təqdim olunan sübutların həqiqiliyinin və obyektivliyinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməli idi. Çünki məhkəmə tərəflərin apardığı hesablamaların düzgünlüyünü müəyyən edə biləcək xüsusi biliyə sahib deyil. Bu hal məhkəmənin sübutları düzgün şəkildə qiymətləndirməyərək əsassız nəticəyə gəldiyi və qanunsuz qətnamə qəbul etdiyini göstərir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya qarşı irəli sürülmüş borc tələbi əsassız şəkildə və mübahisəli göstəricilər əsasında formalaşdırılmışdır. Hesablanmış borcun dəqiq mənbəyi, sayğac göstəricilərinin düzgünlüyü və hesablamalardakı uyğunsuzluq nəzərə alınmamışdır. Həmçinin, təqdim etdiyi sübutlar, ödəniş sənədləri və real sərfiyyata dair göstəricilər yetərincə qiymətləndirilməmişdir. Məhkəmə qətnaməsində göstərilir ki, Hacıqabul rayonu TQQ və SX-nin mühəndisləri E.İsmayıl, S.Babayev, S.Həşimov tərəfindən N.Dostalıyevə məxsus daxili qaszayğacını hazırda işləmədiyi üçün “istehlakçı”nın qaz sərfiyyatının hesablanması və ödənilməsi məqsədi ilə istifadə olunan cihazlarının saatlıq qaz sərfinə uyğun olaraq hesablanacağı, 2024-cü il mart ayının qaz sərfinin 5691 m3 olması barədə 01 aprel 2024-cü il tarixdə akt tərtib olunmuşdur. Tərəflər arasında imzalanmış 19 noyabr 2020-ci il tarixli debitor borcun ödənilməsi haqqında razılaşma protokoluna əsasən iddiaçı təbii qazdan istifadəyə görə Cavabdeh Salyan Qaz İstismar İdarəsinə 311595,8 manat məbləğində borcun olmasını, imzalanmış 18 noyabr 2021-ci il tarixli debitor borcun ödənilməsi haqqında razılaşma protokoluna əsasən abonent 275793,7 manat məbləğində borcun olmasını qəbul edir, imzalanmış 28 noyabr 2022-ci il tarixli debitor borcun ödənilməsi haqqında razılaşma protokoluna əsasən iddiaçı təbii qazdan istifadəyə görə Cavabdeh Salyan Qaz İstismar İdarəsinə 335782,37 manat məbləğində borcun ödənilməsinə dair razılığa gəlinmiş, tərəflər arasında imzalanmış qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktına əsasən 285782,37 manat debitor borcun məbləği müəyyən olunmuşdur. Məhkəmənin nəzərinə çatdırırlar ki, iddiaçı cavabdehin tərtibe tmiş olduğu protokoldakı göstəricilərin düzgün olduğuna şübhə etməmiş və cavabdehtərəfindən aparılan hesablamadakı göstəricilərin həqiqiliyinə inanaraq ödənişlər etmişdir. İddiaçı izahatında da qeyd etmişdir ki, Hacıqabulrayonu aran zonasında yerləşir və qış mövsümü sərt keçmir, pomidor şitillərinin saxlanması vəbecərilməsi üçün 15-20dərəcə istilik kifayət edir. Bunun üçün qaz sayğaclarına maksimal təzyiq verilməsi, qaz avadanlıqlarının maksimal gücdə işləməsinə zərurət olmur. Ancaq buna baxmayaraq cavabdeh əmsalı məntiqsizşəkildə artıraraq süni göstəricilərin yaranmasına səbəb olmuşdur. Bu səbəbdən,iş üzrə həqiqi vəziyyətin müəyyən edilməsi və əsaslı qətnamə qəbul edilməsi üçün faktiki halların ətraflı şəkildə araşdırılmalı və iddiaçıyahesablanan əsassızborc məbləği silinməlidir. Əlavə olaraq qeyd edim ki, tərəflərin apardığı hesablamaların obyektivliyini müəyyən etmək üçün ekspertiza təyin olunmalı idi. Lakin məhkəmə tərəfindən işin araşdırılması zamanı tələb olunan prosessual öhdəliklərə əməl edilməmiş, ekspertiza keçirilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir və sübutlarla ziddiyyət təşkil edir. Belə ki, qətnamədə iddiaçının üzərinə düşən borcun əsaslandırıldığı qeyd olunsada, təqdim edilmiş texniki sənədlər, ödəniş qəbzləri və qaz sərfiyyatına dair real göstəricilər bu nəticəni təkzib edir. Məhkəmə cavabdehqurumun təqdim etdiyi hesablamaları əsas götürərək qərar vermiş, lakin bu hesablamaların hüquqi və texniki baxımdan düzgünlüyünü yoxlamamış, sübutlara lazımi qiymət verməmişdir. Bu isəgöstərir ki, qətnamədəki nəticələr obyektiv və ətraflı araşdırmaya deyil, birtərəfli yanaşmaya əsaslanmışdır. Məhkəmənin bu sahədə xüsusi biliyi olmamasına baxmayaraq gəlmiş olduğu nəticə iş üzrə obyektiv həqiqəti əks etdirmir. Birinci instansiya məhkəməsi ekpertizanın rəyi təqdim olunduqdan sonra məsələ üzrə qərar qəbul etməli idi, əks təqdirdə məhkəmənin gəlmiş olduğu nəticənin düzgün deyil.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

24. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, şikayətin təmin edilməsini xahiş etdi.

25. Cavabdehin nümayəndəsi izahatında apellyasiya şikayətinə etiraz etmiş, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

26. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. “Qaz təchizatı haqqında AR Qanunun: 13-cü maddəsinin 8-ci bəndinə görə( 1 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən) Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin bəndin hal-hazırda qüvvədə olan redaksiyasına əsasən Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).

28. AR Nazirlər Kabinetinin 2 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə görə (25 iyun 2023-cü il tarixədək qüvvədə olmuş redaksiya) qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).

29. Həmin bəndin hal-hazırda qüvvədə olan redaksiyasına əsasən Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).

30. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməmiş hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

1. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

2. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh İB iddiaçıya məxsus binanı qazla təchiz edir. Hazırda İddiaçı ona məxsus istixanada xx.xx.2016-cı il tarixdən bu günədək istifadə olunan qazın hesabatı G-1600 markalı, 10517235 nömrəli qaz sayğacı vasitəsilə aparıldığını, sayğacın elektron korrektorunun qaz xəttindəki təzyiqi və nəticədə sərf edilmiş qazın həcmini düzgün qeydə almadığını, eləcə qaz tənzimləyicinin sayğacdan sonra quraşdırıldığını əsas göstərərək **********00006 nömrəli abonent kodu üzrə hesablanmış 636949,43 manat borcun silinməsi, 320097,07 manat məbləğində qaz sərfinin gələcəkdə istifadə olunacaq qaz sərfi ilə əvəzləşdirilməsi, **********00007 nömrəli abonent kodu üzrə hesablanmış 4149 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İlk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən silinməsi qət edilmiş və hazırda apellyasiya baxışına daxil olmayan 4149 manat məbləğində borc istisna olmaqla iddiaçının silinməsini və gələcəkdəki sərfiyyatla əvəzləşdirilməsini tələb etdiyi borc məbləğləri qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır.

4. İddiaçı həmin hissədə tələbinin əsası kimi qaz sayğacının sərfiyyatı düzgün qeydə almamasına istinad etsə də, həmin hal iş materialları ilə öz təsdiqini tapmamışdır.

34. Belə ki, ddiaçının dəlillərinin araşdırılması məqsədilə iş üzrə məhkəməmühəndis-texniki ekspertizası təyin edilmişdir. Tədqiqatın nəticəsi olaraq tərtib edilmiş “Azərbaycan Metrologiya İnstitutu” Publik Hüquqi şəxsinin tabeliyindəki "xxxx" MMC-nin X3 haqqında Y5409 saylı protokola əsasən sayğacın mexaniki hissəsi üzrə G-1600 markalı qaz sayğacının ölçmə diapazonunun minimal sərfiyyat 130m3/saat, maksimal sərfiyyat 2500m3/saat olması, maksimal sərfiyyatda diapazonda (Q max) və normal sərfiyyat diapazonunda ölçmə xətasının normaya uyğun gəlməsi, sərfiyyat minimal göstəricidən az (aşağı) olduğu halda sayğacın qeydiyyatı aparması, lakin ölçmə xətalarının ±2% tələbinə cavab verməməsi göstərilmişdir.

35. Beləliklə, həmin protokolla öz təsdiqini tapmışdır ki, mübahisəli qaz sayğacının mexaniki hissəsi öz ölçmə diapazonunda (minimal sərfiyyat 130m3/saat, maksimal sərfiyyat 2500m3/saat) sərfiyyatı düzgün qeydə alır. Sərfiyyat diapazonundan aşağı sərfiyyatda xəta ölçmə xətalarının tələblərə cavab verməməsi (-6,5 % xəta) isə sayğacın yararsız olmasına deyil, sayğacın həmin diapazonda ölçmələrinin həyata keçirilməsi üçün nəzərdə tutulmasına dəlalət edir (bu səbəbdən minimal sərfiyyatlarda ölçmə iddiaçı şirkətdə quraşdırılmış digər sayğac tərəfindən aparılır).

36. İkincisi, protokoldan göründüyü kimi sayğacın elektron hissəsində sərfiyyatın qeydə alınmasında hər hansı qüsur olması aşkar edilməmiş, yalnız xx.xx.2024-cü il tarixdən etibarən, temperatur çeviricisinin qırıq olması səbəbindən elektron hissə “Alarm” rejimində işləməsi qeyd edilmişdir ki, göstərilən hal da cavabdehin sərfiyyatı mübahisələndirdiyi 2020-ci ildən 2024-cü ilin aprel ayınadək olan müddət ərzində qaz sərfiyyatının düzgün qeydə alınmaması barədə nəticəyə gəlməyə əsas vermir.

37. Qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmalı olduğu halda sayğacdan sonra quraşdırılması barədə iddiaçının istinad etdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir ki, X2 Agentliyinin məlumatından da göründüyü kimi mövcud qanunvericilikdə və tikinti normalarında qaz tənzimləyici və qaz sayğacının quraşdırılma ardıcıllığına aid tələb yoxdur. Qaz tənzimləyici və qaz sayğacının quraşdırılması yeri qaz paylayıcı tərəfindən verilən texniki şərt əsasında hazırlanan qazlaşma layihəsində layihəçi tərəfindən sayğac və tənzimləyicinin işləmə təzyiqinə uyğun olaraq müəyyən olunur. Odur ki, qaz tənzimləyicinin qaydalara uyğun quraşdırılmaması barədə dəlillər də əsassız olmaqla mübahisəli borcun silinməsi üçün əsas vermir.

5. Beləliklə, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

6. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

7. Apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

8. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1462/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar