Məhkəmə qərarları › İş №2-2(103)-840/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-840/2022

01.08.2022 · Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-840/2022 01.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçılar İddiaçı1 və "xxxx" MMC-nin (bundan sonra - iddiaçılar) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-yə (bundan sonra - cavabdehlər) qarşı maneələrin aradan qaldırılması və sair tələblərə, cavabdehlərin iddiaçılara qarşı müqavilələrə xitam verilməsi, icarə haqqı və sair tələblərə dair iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-49/2022 nömrəli iş üzrə 10 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçıların apellyasiyalarının mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayonu Nobel prospekti 15 ünvanda yerləşən “Meqafun” Ticarət Mərkəzinin 1ci mərtəbəsində yerləşən 441.9 kv.m. ölçüdə olan qeyri-yaşayış sahəsi (“Famous Brands” mağazası) ilə bağlı İddiaçı1 istifadə hüququna Cavabdeh1 və "xxxx" MMC tərəfindən yaradılmış maneələrin qanunsuz hesab edilməsi, maneələrin aradan qaldırılması vəzifəsinin həmin cavabdehlərin üzərinə qoyulması, cavabdehlərin hərəkətləri nəticəsində xx.xx.2021-ci il tarixli audit rəyinə əsasən xx.xx.2022-ci il tarixə iddiaçıya dəymiş 25.281,06 manat maddi zərər, xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay üzrə 812,46 manat maddi zərərin xx.xx.2022-ci il tarixə 90.355,74 manat əldən çıxmış fayda, xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay üzrə 4.775 manat əldən çıxmış fayda və 5.000 manat mənəvi ziyanın, o cümlədən 2.360 manat audit rəyinə görə ödənilmiş məbləğin cavabdehlər tərəfindən ödənilməsi, reklamların yayımlanmasına (reklam lövhələrinin yerləşdirilməsinə) və istifadə hüququna hər hansısa formada maneə yaradılmasının Cavabdeh1 və "xxxx" MMC-yə qadağan olunması, Bakı şəhəri Xətai rayonu Nobel prospekti 15 ünvanda yerləşən “Meqafun” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən 843.1 kv.m. ölçüdə olan qeyri-yaşayış sahəsi (“Famous Brands” mağazası) ilə bağlı "xxxx" MMC-nin istifadə hüququna Cavabdeh2 və "xxxx" MMC tərəfindən yaradılmış maneələrin qanunsuz hesab edilməsi, maneələrin aradan qaldırılması vəzifəsinin həmin cavabdehlərin üzərinə qoyulması, cavabdehlərin hərəkətləri nəticəsində xx.xx.2021-ci il tarixli audit rəyinə əsasən xx.xx.2022-ci il tarixə iddiaçıya dəymiş 86.739,20 manat maddi zərər, xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay üzrə 3.160 manat maddi zərərin, xx.xx.2022-ci il tarixə 143.155,82 manat əldən çıxmış fayda, xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay üzrə 5.757 manat əldən çıxmış fayda və 5.000 manat işgüzar nüfuza vurulan ziyanın, o cümlədən 2.360 manat audit rəyinə görə ödənilmiş məbləğin cavabdehlər tərəfindən ödənilməsi, reklamların yayımlanmasına (reklam lövhlərinin yerləşdirilməsinə) və istifadə hüququna hər hansı formada maneə yaradılmasının Cavabdeh2 və "xxxx" MMC-yə qadağan olunması, Bakı şəhəri Xətai rayonu Nobel prospekti 15 ünvanda yerləşən “Meqafun” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən 1.285 kv.m. ölçüdə olan mağazadan cavabdehlərin etinasızlığı və özbaşınalığı nəticəsində çıxarılıb zirzəmiyə daşınma zamanı zədə alan və sonradan yüksək rütubət nəticəsində paslanıb avadanlıqların istifadəyə yararsız vəziyyətə düşməsinə görə 142.685,70 manatın bütün cavabdehlərdən mütənasib qaydada alınaraq iddiaçılara ödənilməsi, Bakı şəhəri “Grand Həyat” kompleksinin zirzəmisində saxlanılan və həmin sahəyə daşınanadək Bakı şəhəri Xətai rayonu Nobel prospekti 15 ünvanda yerləşən “Meqafun” Ticarət Mərkəzinin 1ci mərtəbəsində qeyri-yaşayış sahəsində (“Famous Brands” mağazası) yerləşərək, xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş spesifikasiyaya və xx.xx.2021-ci il tarixli audit rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzininin xx.xx.2022-ci il tarixli rəyinə əsasən İddiaçı1 məxsus 6.707 sayda geyim mallarının satışa yararsız vəziyyətə düşməsinə görə həmin əşyaların bazar qiymətlərinə uyğun 157.101 manat dəymiş ziyanın Cavabdeh1 və "xxxx" MMC-dən tutularaq İddiaçı1 ödənilməsi, Bakı şəhəri “Grand Həyat” kompleksinin zirzəmisində saxlanılan və həmin sahəyə daşınanadək Bakı şəhəri Xətai rayonu Nobel prospekti 15 ünvanda yerləşən “Meqafun” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsində (“Famous Brands” mağazası) yerləşərək, xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş spesifikasiyaya və xx.xx.2021-ci il tarixli audit rəyi və AR ƏN Məhkəmə Ekspertizası Mərkəzininin xx.xx.2022-ci il tarixli rəyinə əsasən "xxxx" MMC-yə məxsus 13.588 sayda geyim mallarının satışa yararsız vəziyyətə düşməsinə görə həmin əşyaların bazar qiymətlərinə uyğun 337.270 manat dəymiş ziyanın Cavabdeh2 və "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi, 2021-ci ilin 21 sentyabrından 7 oktyabradək keçirilən baxış nəticəsində cavabdehlərin etinasızlığı və özbaşınalığı nəticəsində acınacaqlı vəziyyəti üzə çıxmış, məhkəməyə təqdim olunan sənədlər əsasında təqdim edilməyən əşyaların (avadanlıqlar və sair) ümumi dəyəri 277.409,50 manat dəyərinin Cavabdeh1, Cavabdeh2 və “Hayat Management" MMC-dən mütənasib qaydada alınaraq İddiaçı1 və "xxxx" MMC-yə ödənilməsi, “Grand Həyat” kompleksinin zirzəmisində olan əşyaların mövcud vəziyyətinin (kəmiyyət və keyfiyyət göstəriciləri) yoxlanılmasında cəlb edilmiş şəxslərə gördüyü işlərə görə İddiaçı1 tərəfindən ödənilmiş 500 manat, "FB Company” MMC tərəfindən ödənilmiş 1.000 manatın müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi, Bakı şəhəri Xətai rayonu Nobel prospekti 15 ünvanda yerləşən “Meqafun” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə ("Famous Brands” mağazası) İddiaçı1 və "xxxx" MMC-yə cavabdehlər tərəfindən yaradılmış maneə aradan qaldırılacağı təqdirdə cavabdehlərə ödəniləcək icarə və xidmət haqlarının iddiaçıların mağazada satış fəaliyyətinə faktiki başlandığı tarixdən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər də iddiaçılara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli İcarə müqaviləsinə xitam verilməsi, 5.596,28 manat icarə haqqının, 5.000,00 manat mənəvi zərərin, 50.000 manat əldən çıxmış faydanın, cəmi 60.596,28 manat pul vəsaitinin cavabdeh İddiaçı1 tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi və cavabdehin Bakı şəhəri Nobel prospekti 15 ünvanda yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 441,9 kv.m. qeyri-yaşayış sahəsinin öz hesabına boşaldılaraq çıxarılması, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli İcarə müqaviləsinə xitam verilməsi, 13.549,87 manat icarə haqqının, 5.000 manat mənəvi zərərin, 50.000 manat əldən çıxmış faydanın, cəmi 68.549,87 manat pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutulularaq iddiaçı Cavabdeh2 ödənilməsi və cavabdehin Bakı şəhəri Nobel prospekti 15 ünvanda yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 843,1 kv.m. qeyriyaşayış sahəsini öz hesabına boşaldaraq çıxarılması, "xxxx" MMC ilə İddiaçı1 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqavilələrinə xitam verilməsi, 7.171,22 manat və 10.780,47 manat xidmət haqqının, 50.000,00 manat əldən çıxmış faydanın, cəmi 67.951,69 manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-757/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı hər iki iddia ərizəsi e-2-2(113)-296/2021 nömrəli işdə bir icraatda birləşdirilmiş, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçıların iddiası qismən təmin olunmuş, Cavabdeh1 dəymiş zərərin əvəzi olaraq 28.907,90 manat məbləğdə pulun tutularaq İddiaçı1 ödənilməsi, Cavabdeh2 dəymiş zərərin əvəzi olaraq 10.198 manat məbləğdə pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmiş, iddiaçılar iddiası qalan hissədə təmin olunmamış, cavabdehlərin iddiası qismən təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış icarə müqaviləsinə xitam verilmiş, İddiaçı1 4.940,73 manat məbləğdə icarə haqqının tutularaq Cavabdeh1 ödənilməsi, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsinə xitam verilmiş, "xxxx" MMC-dən 8.661,80 manat məbləğdə icarə haqqının tutularaq Cavabdeh2 ödənilməsi, "xxxx" MMC ilə İddiaçı1 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqavilələrinə xitam verilmiş, İddiaçı1 6.128,32 manatın, "xxxx" MMC-dən 9.003,18 manat xidmət haqqının tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçılar ondan apellyasiya şikayətləri verərək, İddiaçı1 qismən - İddiaçı1 iddiası təmin edilməyən hissədə və cavabdehlərin İddiaçı1 qarşı iddiası təmin olunan hissədə ləğv edilərək, İddiaçı1 iddiasının tam təmin olunması, cavabdehlərin iddiasının tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini, "xxxx" MMC qismən - "xxxx" MMC-nin iddiası təmin edilməyən hissədə və cavabdehlərin "xxxx" MMC-yə qarşı iddiası təmin olunan hissədə ləğv edilərək, "xxxx" MMC-nin iddiasının tam təmin olunması, cavabdehlərin iddiasının tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiyaların mümkünlüyünü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada yoxlayaraq, aşağıdakıları qeyd edir. MPM-in 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətinin cədvəl forması və şikayətdə hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Göründüyü kimi, apellyasiya şikayəti verən şəxs şikayətini ilk öncə “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan cədvəl formaya uyğunlaşdırmalı, daha sonra həmin forma daxilində məzmun şərtlərinə əməl etməlidir. Lakin apellyasiya şikayətlərində mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri yerinə yetirilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan forma daxilində məzmun şərtlərinə uyğun tərtib edilməmişdir. Belə ki, Əlavənin 6-cı və 7-ci hissələrinə əsasən, həmin hissələrdə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq normaları sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. İşdən məlum olur ki, apellyasiya şikayətlərinin 7-ci hissəsində qanunvericiliyin düzgün tətbiq edilmədiyi iddia edilən prosessual hüquq normaları (MPM-in 76.1, 76.2, 80, 81, 88-ci maddələri) göstərilsə də, hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqe aydın şəkildə ifadə edilməmiş, buna dair heç bir izah verilməmiş, normaların mətnləri formal sadalanmaqla kifayətlənilmişdir. Halbuki, şikayət verən şəxs qeyd etdiyi hər bir normanın məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin nədən ibarət olduğunu, əslində necə tətbiq edilməsi gərəkdiyini göstərməli idi. Birinci instansiya məhkəməsi də qanunun müzakirə edilən məcburi tələblərini nəzərə almamış, MPM-in 361.1-ci maddəsinə və “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə uyğun tərtib edilməyən apellyasiya şikayətlərini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-49/2022 nömrəli iş üzrə 10 iyun 2022ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və "xxxx" MMC-nin apellyasiyaları qeyrimümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar