Məhkəmə qərarları › İş №2-2(103)-87/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-87/2021

23.02.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-87/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, iddiaçının vəkili Cəlil Mirzəyevin iştirakı ilə, iddiaçı “xxxx” MMC-nin cavabdeh “Azəriqaz” İB-yə qarşı borcun silinməsi və maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e- 2-2(113)-80/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MTK cavabdeh “xxxx” ASC-yə qarşı elektrik enerjisi sərfiyyatı ilə bağlı qanunsuz olaraq hesablanmış 44372,08 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qanunsuz olaraq hesablanmış xx.xx.2014-cü il tarixli, R1018504 saylı aktla 6341,10 manat, xx.xx.2017-ci il tarixli, NDQ0032535 saylı aktla 18500 manat, xx.xx.2017-ci il tarixli, NDQ003424 saylı aktla 5230,98 manat və xx.xx.2018-ci il tarixli, NDQ004565 saylı aktla 14300 manat, əlavə hesablanmış 3569 manat borc olmaqla, cəmi 47941 manat məbləğində borcun silinməsi və binanın ümumi sayğacının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK 2002-ci ildən fəaliyyət göstərir. Cavabdeh “xxxx” ASC tərəfindən ona X1yə görə xx.xx.2014-cü il tarixdə 6341 manat, xx.xx.2017-ci il tarixdə 18500 manat, xx.xx.2017-ci il tarixdə 5230 manat, xx.xx.2018-ci il tarixdə isə 14300 manat olmaqla, cəmi 44372 manat məbləğində sərfiyyat yazılmışdır, hansı ki, MTK-nın aylıq enerji xərci 300-400 manat civarındadır. Elektron sayğacın nasaz olması ilə bağlı dəfələrlə qarşı tərəfə müraciət edilsə də, heç bir nəticə əldə edilməmişdir. Hesab edir ki, İddiaçı MTK-nın üzərinə yüklənmiş qeyd edilən sərfiyyat və cərimələr əsassız və qanunsuzdur. Binada yaşayan sakinlərə məxsus mənzillərin hər birinə, o cümlədən MTK-nın özünə ayrıca sayğac quraşdırılsa da, bununla yanaşı MTK-ya ümumi sayğac da quraşdırılmışdır. Cavabdeh həm MTK-nın, həm də sakinlərin hər birinə aid sərfiyyatı çıxarmaq üçün məlumatları ümumi sayğacdan götürür. Bundan sonra sakinlərin işlətdiyi elektrik enerjisi çıxıldıqdan sonra yerdə qalan məbləği MTK-nın üzərinə hesablayır. Bu isə bir sıra yanlışlıqların ortaya çıxmasına səbəb olur. Belə ki, əgər vətəndaşlardan kimsə sayğaca müdaxilə edərsə, bu qanunsuz addım nəticəsində meydana gəlmiş borc MTK-nın üzərinə atılır, bu isə MTK-nın hüquqlarının pozulmasına gətirib çıxarır. Eyni ilə hazırda mübahisələndirilən aktlara görə əmələ gəlmiş borclar da həmin düzgün olmayan hesablamalar nəticəsində ortaya çıxmışdır. Bu hal daim MTK-nı qeyri-müəyyən vəziyyətə salır və istisna edilmir ki, gələcəkdə sakinlər tərəfindən hər hansı pozuntu halı aşkar edilərsə, bunun məsuliyyəti yenə də MTK-nın üzərinə qoyulacaqdır. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-80/2020 nömrəli qətnaməsi ilə İddiaçı (İddiaçı MTK) cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (“xxxx” ASC) qarşı borcun silinməsi və ümumi sayğacın ləğv olunması tələbinə dair iddiası təmin edilmişdir. Qeyd edilən qətnamədən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinə elektron kabinet vasitəsilə apellyasiya şikayəti göndərilmiş, eyni zamanda həmin şikayətə şikayətin verilməsi müddətinin bərpa olunması barədə vəsatət əlavə edilərək,ötürülmüş müddətin bərpa edilməsi və şikayətin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi məhkəmədən xahiş edilmişdir, məhkəmənin e-2-2(113)-80/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş üzrə cavabdeh İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 2(103)-87/2021 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-80/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-80/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020ci il tarixli, e-2-2(113)-80/2020 nömrəli qətnaməsindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş və apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən aparılmış yoxlamalar iddiaçının maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmadığı üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq oluna bilməz. İddiaçı qeyri-əhali qrupuna aid istehlakçıdır. Ona münasibətdə “X1 Qaydalarının” 8.33-bəndi tətbiq edilə bilməz. Mübahisələndirilən aktlara əsasən cavabdeh tərəfindən iddiaçı ilə yenidən hesablaşma “X1 Qaydalarının” 8.15-ci bəndinə əsasən aparılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-80/2020 saylı qətnaməsinin ləğv olunması, iddianın təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-80/2020 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyətləri təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-80/2020 saylı qətnaməsi ləğv olunmalı iddia tələbi təmin olunmamalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğvinə yönəlmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx xxxxxx 2014-cü il tarixli, R seriyalı, 018504 saylı Aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski 112 ünvanında yerləşən İddiaçı MTK-ya məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, sayğacın ekranı oxunmur. xx xxxx 2017-ci il tarixli, NDQ seriyalı, 003235 saylı Aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski 112 ünvanında yerləşən İddiaçı MTK-ya məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixdə kompyuterin məlumat bazasına “1100” göstəricisi daxil edilmiş, faktiki göstərici isə 2036-dır (73070250 nömrəli sayğac). xx xxxxxx 2017-ci il tarixli, NDQ seriyalı, 003424 saylı Aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski 112 ünvanında yerləşən İddiaçı MTK-ya məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, 73070250 nömrəli sayğacın impuls lampası yanıb sönmür, ekran oxunmur. Sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında 082537 saylı protokolun surətindən görünür ki, 73070250 nömrəli sayğac istismara yararsızdır. xx xxxxxxxx 2018-ci il tarixli, NDQ seriyalı, 004565 saylı Aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski ünvanında yerləşən İddiaçı MTK-ya məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, kompyuterin məlumat bazasına 95600 kvts daxil edilməmiş sərfiyyat var. Abunə haqqınının surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya NDQ 003041 saylı akta əsasən xx xxxxx 2017-ci il tarixdə 1558,68 manat, xx xxxxx 2017-ci il tarixdə 3060,26 manat və xx xxxxx 2017-ci il tarixdə 4134,24 manat, cəmi 8753,18 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 20909 saylı ekspert rəyində qeyd olunur ki, xx xxxxxxxx 2019-cu il tarixdə ekspert və tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı «xxxx» MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının zirzəmisində və binanın yaxınlığında olan transformator məntəqəsində quraşdırılmış «Viko» tipli S/N 02798146 və S/N 02815673 nömrəli elektron elektrik sayğacların gövdəsində, onların üzərinə vurulmuş möhürlərdə və sayğaclara birləşdirilmiş cərəyan transformatorların üzərindəki möhürlərdə gözlə görünə bilən, sınma, qırılma, deşilmə və digər müdaxiləyə oxşar izlər müəyyən edilməmişdir. «Mak» («Makel») tipli 73070250 nömrəli elektrik sayğacı ekspertiza tədqiqatına təqdim edilmədiyindən, həmin sayğac və ona bağlanmış möhürləri tədqiq etmək mümkün olmamışdır. Lakin mülki iş materialları ilə ekspertizaya təqdim edilmiş «xxxx» ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli, 003424 NDQ №-li aktdan və xx xxxxxx 2017-ci il tarixli, 013512 nömrəli «Sayğacların və cərəyan transformatorların yoxlanılması akt»ından görünür ki, «Mak» («Makel») tipli 73070250 nömrəli elektrik sayğacı laboratoriya yoxlamasından keçmiş və yoxlama zamanı sayğacın daxili qüsuru nəticəsində işləmədiyi və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. «Makel» tipli ********* seriya nömrəli elektrik sayğacı ekspertiza tədqiqatına təqdim edilmədiyindən, həmin sayğac və ona bağlanmış möhürləri tədqiq etmək mümkün olmamışdır. Lakin əlavə materiallarla ekspertizaya təqdim edilmiş «xxxx» ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxx 2014-cü il tarixli, R №018504 nömrəli aktdan görünür ki, həmin «Makel» tipli ********* seriya nömrəli elektrik sayğacın ekranın oxunmadığı kimi daxili qüsuru müəyyən edilmiş və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Ekspertizaya iş materialları ilə təqdim edilmiş «xxxx» ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxx 2017-ci il tarixli, 003235 NDQ №-li və xx xxxxxxxx 2018-ci il tarixli, 004565 NDQ №-li aktlardan göründüyü kimi, hesablaşma sayğacların üzərində kompyuterin məlumat bazasına daxil edilməmiş sərfiyyatlar vardır. Lakin həminsərfiyyatların hansı müddətlərdə və hansı səbəbdən yaranması barədə həm aktlarda, həm icra vərəqələrdə heç bir məlumat verilməmiş və bu səbəbdən sayğacların üzərində kompyuterin məlumat bazasına daxil edilməmiş elektrik enerji sərfiyyatların hansı dövrləri əhatə edibetməməsini müəyyən etmək mümkün deyildir. Bununla yanaşı, hər iki aktdan göründüyü kimi, yoxlama zamanı hesablaşma sayğaclarında qeydə alınmış enerji sərfiyyatlarının göstəriciləri ilə «xxxx» ASC-nin əməkdaşları tərəfindən aparılmış ölçmələr arasında heç bir fərq yoxdur, yəni sayğaclar sxemlərdən axan yükləri hesablamaqla enerji sərfiyyatlarını düzgün qeydə alırlarmış. Belə olan halda aktlarda göstərilmiş sayğacların kompyuter məlumat bazasına daxil edilməmiş enerji sərfiyyatlarının yaranması şübhə doğruyur. Qeyd olunur ki, elektrik sayğacların üzərində kompyuterin məlumat bazasına daxil edilməmiş sərfiyyatların hansı dövrləri əhatə edib-etməməsini, həmin elektron sayğacların kompyuter bazasının yaddaşında olan məlumatları oxunmaqla (əgər həmin tip sayğaclarda bu funksiyası nəzərə alınıbsa) müəyyən etmək olar. Məhkəmə ekspertiza mərkəzində sayğacların 'kompyuter yaddaşların oxunması üçün müvafiq avadanlıqlarla təyin edilmiş yer (laboratoriya, stend və s.) olmadığından qoyulmuş suala cavab vermək mümkün deyildir. «xxxx» ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxx 2014cü il tarixli, R № 018504 və xx xxxxxx 2017-ci il tarixli, 003424 NDQ nömrəli aktlara görə müəyyən edilmiş artıq enerji sərfiyyatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş «X1 qaydaları»nın 8.16 bəndinin tələblərinə zidd hesablanmışdır. Belə ki, həmin bəndin tələblərinə görə istehlakçının təqsiri olmadan uçot müvvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatını enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparmaq əvəzinə «xxxx» ASC-nin əməkdaşları tərəfindən yoxlama zamanı sayğacın sxemindən axan yüklərinə görə hesabat aparılmışdır. Məhkəmə qeyd etmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan əlavə, cavabdeh tərəfindən tərtib edilmiş aktda sayğacda olan nöqsanlar qeyd edilmişdir. Həmin nöqsanların məhz iddiaçının təqsirindən baş verməsi ilə bağlı hər hansı bir qeyd edilməmiş və əgər sayğaca müdaxilə olunmuşdursa, bu müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda aktlarda göstərilmiş sayğacların kompyuter məlumat bazasına daxil edilməmiş enerji sərfiyyatlarının yaranması şübhə doğurmuş, müəyyən edilmiş artıq enerji sərfiyyatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq edilmiş «X1 qaydaları»-nın 8.16 bəndinin tələblərinə zidd hesablanmışdır. Cavabdehin nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli, R seriyalı 018504 saylı Akta münasibətdə iddia müddətinin tətbiq olunmasına dair vəsatət məhkəmə tərəfindən təmin olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun giriş hissəsində qeyd olunmuşdur ki, Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur; 1.1.2. sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslər; 1.1.3. yoxlayıcı orqan - qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanı və ya publik hüquqi şəxslər; 1.1.4. yoxlayıcı - yoxlayıcı orqanın məsuliyyət daşıdığı nəzarət sahəsi üzrə yoxlama aparmaq səlahiyyəti verilmiş vəzifəli şəxsi; Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Göründüyü kimi aparılan yoxlamalar iddiaçının sahibkarlıq fəaliyyətinə aid olmadığı üçün qanunun baxılan iş üzrə tətbiq edilməsi yalnış olmuşdur. “X1 qaydaları”-nın 1.1-ci maddəsinə əsasən bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: enerjitəchizatı müəssisəsi - xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxs; elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs; abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı; məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçı; Göründüyü kimi qeyd olunan qaydalarda cavabdeh enerjitəchizatı müəssisəsi, iddiaçı isə istehlakçı və ya abonent qismində adlandırılmışdır. Məişət abonenti qismində işə əhali, yəni, yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçılar qeyd olunmuşlar. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi qeyd olunan bənd məişət abonenti tərəfindən X1də pozuntuya münasibətdə tətbiq oluna bilər. Baxılan iş üzrə qeyd olunan bəndin tətbiq olunması yanlış olmuşdur. Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.3-cü bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün istehlakçı, o cümlədən subabonent aşağıdakıları yerinə yetirməlidir: 9.3.1. ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə; 9.3.2. qəza zamanı enerjisistemdə yük çıxarıldıqda məsul yükləri ayıraraq ehtiyatlandırılmış xarici təchizat elektrik xətlərinə qoşmaqla texnoloji və qəza bronlarının tələbatını təmin etmək üçün elektrik təchizatı sxemini təkmilləşdirməyə; 9.3.3. enerjitəchizatı müəssisəsi tərəfindən rele mühafizələrinə, avtomat və qoruyucu qurğulara qoyulmuş işləmə hədlərinə (ustavka) riayət etməyə, ehtiyatın avtomatik qoşulması qurğularının quraşdırılmasını enerjitəchizatı müəssisəsilə razılaşdırmağa, onlarda müəyyən olunmuş müddətlərdə profilaktik sınaq və sazlama işlərini aparmağa; 9.3.4. enerjitəchizatı müəssisəsinin və X2 Agentliyinin tələbinə əsasən istehlakçının elektrik qurğularının işi ilə müəyyənləşdirilən elektrik enerjisinin keyfiyyətinə fasiləsiz, vaxtaşırı və epizodik nəzarət etməyə, balans mənsubiyyəti sərhədində və şəbəkəsində elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa; 9.3.5. “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun olaraq, elektrik enerjisi istehlakının texniki-nəzarət uçotunu təşkil və istismar etməyə; 9.3.6. elektrik qurğularına xidmət üçün ixtisaslı elektrotexniki heyətlə təmin etməyə, elektrik qurğularına xidmət edən heyəti öyrətməyə, təlimatlandırmağa və onları avadanlıqlaşdırılmış iş yeri ilə, mühafizə vasitələri ilə, alətlərlə, lazımi materiallarla və təlimatlarla təmin etməyə; 9.3.7 qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə; 9.3.8 elektrik enerjisi istehlakı rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaət ilə istifadəsinə, elektrik təsərrüfatının texniki vəziyyətinə və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X2 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsitələri əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə; 9.3.9. elektrik enerjisindən səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların istismarında texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, elektrik qurğularının quraşdırılması qaydalarının və digər texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasında aşkar edilmiş pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında X2 Agentliyinin səlahiyyətli nümayəndələrinin rəsmi tələbnamələrini müəyyən olunmuş müddətlərdə yerinə yetirməyə. 9.4-cü bəndə əsasən istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. 9.10-cu bəndə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. İş materiallarına əsasən müəyyən edilir ki, istehlakçı ilə enerjitəchizatı müəssisəsi arasında bağlanmış müqaviləyə əsasən istehlakçının sərəncamına sayğac verilmişdir. İstehlakçını barəsində elektrik enerjisinin uçotu və “X1 Qaydaları”-na riayət olunması vəziyyətinin yoxlanılması ilə bağlı müxtəlif vaxtlarda tərtib olunmuş aktlara əsasən ümumi məbləği 47941 manat olan borc hesablanmışdır. İddiaçı qaydaların 9.10-cu bəndinə əsasən yaranmış borc məbləğlərini ödəməmmişdir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borc məbləğləri qanuni əsaslarla hesablanmışdır və cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-80/2020 saylı qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul olunsun. İddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar