Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-880/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4900/2022 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı ilə cavabdeh arasında su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır.
2. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən obyektə baxış keçirilmiş və qeyri-qanuni su xəttinin çəkilməsinin aşkar olunması barədə xx.xx.2017-ci il tarixli, MXD-09152 saylı və xx.xx.2018-ci il tarixli, MXD-09791 saylı inventar aktları tərtib olunmuşdur. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı ilə qeyd olunan aktlar üzrə müvafiq olaraq 10987 m3 su sərfiyyatı üçün 10987 manat və 4578 m3 su sərfiyyatı üçün 4578 manat məbləğində dəymiş ziyan hesablanmışdır.
3. Abonent haqqında məlumata əsasən həmin aktlar üzrə ödənişlər edilmiş və 2020-ci ilin əvvəlinə qalıq borc 11625 manat təşkil etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Titanik” Restoranına (F/S İddiaçı, VÖEN: **********), 091636 nömrəli abonent hesabına əsassız olaraq hesablanmış 15565 (on beş min beş yüz altmış beş) manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, onun istifadəsində olan qeyri-yaşayış sahəsində sudan istifadə ilə bağlı kənar xətt olmamışdır. Həmçinin sahibkarın məlumatı və iştirakı olmadan baxış keçirilməsi qanunsuzdur, yoxlamalar sahibkar kimi iddiaçının hüquqlarının pozulması ilə həyata keçirilmişdir.
6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı sudan qeyri-qanuni olaraq istifadə etdiyinə görə dəymiş zərərin əvəzi iddiaçı tərəfindən ödənilməlidir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4900/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2017-ci il tarixli, 09152 saylı və xx.xx.2018-ci il tarixli, 09791 saylı aktlara əsasən hesablanmış 11625 (on bir min altı yüz iyirmi beş) manat məbləğində borcun İddiaçı şəxsi hesabından (abonent kodu: 091636, “Titanik” restoranı) silinməsi və və iddianın qalan hissədə təmin edilməməsi qət etmişdir.
8. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və 68,35 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi.
12. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 3.1.1-ci bəndinə görə STTSASa qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in hüquqlarına aiddir.
14. Həmin Qaydaların 4.1 və 4.1.3-cü bəndlərinə əsasən bu qaydalara uyğun verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrinə aiddir.
15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.
16. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
17. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.
18. Həmin Qanunun 13.2-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
19. Həmin Qanunun 13.3-cü maddəsinə görə yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.
20. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır.
21. Həmin qanunun 20.1-ci maddəsinə görə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.
22. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
23. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
24. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
25. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.
28. Belə ki, iddiaçı Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017ci il tarixli, MXD-09152 saylı və xx.xx.2018-ci il tarixli, MXD-09791 saylı inventar aktları əsasında iddiaçıya hesablanmış borcun silinməsi tələbini irəli sürmüşdür.
29. Cavabdeh isə bildirir ki, iddiaçı sudan qeyri-qanuni istifadə etmiş, bunun nəticəsində Cavabdeh ASC-yə həmin aktlara əsasən müvafiq olaraq 10987 m3 su sərfiyyatı üçün 10987 manat və 4578 m3 su sərfiyyatı üçün 4578 manat məbləğində ziyan dəymişdir.
30. Lakin, cavabdeh mübahisələndirilən borcun hesablanmasını iddiaçı tərəfindən sayğacdan kənar su xəttindən istifadə edilməsi və bunun nəticəsində cavabdehə zərər vurulması ilə əsaslandırsa da, bu faktları təsdiq edən mötəbər sübutları təqdim etməmişdir.
31. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
32. Məhkəməyə təqdim edilmiş həmin aktlar isə mötəbər sübut kimi qiymətləndirilə bilməz.
33. Belə ki, cavabdeh mübahisəli yoxlamaların qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmişdir.
34. Belə olan halda isə iddiaçıdan həmin yoxlamalar nəticəsində hesablanan borc tələb oluna bilməz.
35. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
36. Ona görə də, hazırki işdə “Sudan istifadə Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən iddiaçı tərəfindən qanunsuz (özbaşına) qoşulma halı və cavabdehə zərərin dəyməsi halı müəyyən edilə bilməz.
37. Ona görə də, iddiaçı həmin yoxlamaların nəticəsi olaraq hesablanmış və hazırda ödənilməmiş 11625 manat borcun silinməsini tələb etməkdə haqlıdır.
38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4900/2022 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn