Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-897/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh İB-nə qarşı əsassız hesablanmış borcun silinməsi Açar söz: əsassız hesablanmış borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh İB-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 27 iyul 2022ci il tarixli, e-2-2(113)-2738/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı MMC-nə məxsus təsərrüfat sahəsinin qaz xətti üzərində quraşdırılmış G65 markalı 75158576 nömrəli rotor tipli “Elster” qaz sayğacı xx.xx.2021-ci il tarixində xətdən çıxarılmış və laboratoriyaya verilmişdir.
2. Sayğacların müayinəsi laboratoriyasında xx.xx.2021-ci il tarixində sayğacın yoxlanması haqqında akt tərtib edilmiş və sayğacın impuls ötürücüsünun vəziyətinin işlək olmaması, sayğacdan hava keçsə də, sərfiyyatı qeyd etməməsi müəyyən olunmuşdur.
3. xx.xx.2021-ci il tarixli, ******* aktla dəymiş ziyanın hesablanması tələb olunmuşdur.
4. xx.xx.2021-ci il tarixli uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli, ******* akta əsasən dəymiş ziyan 22.286 kub.m müəyyən olunmuşdur.
5. Akt əsasında abonentə 4.902,92 manat borc hesablanmışdır.
6. Qeyd edilən həcmdə zərər abonent haqqında saldoya 2021-ci il ilin dekabr ayı üçün olan hissəyə daxil edilmişdir.
7. Abonentin Saldosundan əsasən 2021-ci ilin avqust, sentyabr, oktyabr aylarında sərffiyat “0” kimi qeyd olunmuşdur. Ancaq ardıcıl olaraq 2020- ci, 2019-cu, 2018-ci, 2017ci və ondan əvvəlki illərə nəzər yetirilərkən görünür ki, hər birində avqust, sentyabr, oktyabr aylarında müvafiq olaraq qazdan istifadə olunmuş və sərfiyyat qeydə alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nə Cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən yazılmış 22.286 kub.m miqdarında əsasız yazılmış 4.903 (dord min doqquz yüz üç) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli SS 29/1640-02625-1 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” akt və həmin akt əsasında əlyazma üsulu ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən guya "xxxx" MMC-yə Təsərrüfat sahəsinin qaz xətti üzərində quraşdırılmış “G65” markalı 75158576 nömrəli rotor tipli qaz sayğacına guya müdaxilə olunmuş və buna görə dəymiş ziyan hesablanmaqla "xxxx" MMC-dən ödənilməsi tələb edilmişdir. İddiaçı həmin hesablanma qaydaları ilə razı deyildir. Belə ki, qaz sayğacının işlədiyi vaxtda sayğaca hər hansı müdaxilə edilməmişdir. Cavabdeh qərarı ilə razı deyil. Cavabdehin hesabladığı borc əsassızdır. İstehlakçı ancaq təqsirli hərəktlərinə görə cavabdehdir.
10. Bakı Kommersiya Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, e-2-2(113)-2738/2022 saylı qətnaməsi ilə (hakim Emin Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh İB tərəfindən **********0300 saylı abonent kodu üzrə xx.xx.2021-ci il tarixli akt əsasında hesablanmış borcdan 3377 manat məbləğində borcun silinməsi qət edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etmədiyindən, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından hüquqi nəticələri də qanunsuzdur.
13. Abonentin saldosunda əvvəlki illərə nəzər yetirərkən müəyyən olunur ki, avqust, senyabr, oktyabr aylarında iddiaçı qazdan istifadə etmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, əvvəlki yəni 2020-ci ilin müvafiq olaraq avqust, sentyabr, oktyabr aylarının müvafiq göstəricilərinə uyğun hazırda da sərfiyyat hesablanmalıdır.
14. Abonentin saldosundan görünür ki, 2020-ci ilin avqust ayında 2271,2 kub.m, sentyabr ayında 123,2 kub.m, oktyabr ayında 4541,2 kub.m sərfiyyat olmuşdur. Belə olan halda analoji aylarda olan sərfiyatın cəminin 6.935,6 kub.m olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, sayğac işlək vəziyyətdə olmadığından yəni sərfiyyatı qeyd etmədiyindən əvvəlki ilin müvafiq aylarındakı sərfiyyat həcmində borcun silinməsi tələbi təmin oluna bilməz.
15. Məhkəmə hesab edir ki, 15.350,4 kub.m (22.286-6.935,6) üçün hesablanmış borc silinməlidir. Belə olan halda, aktda ziyanın hesablanmasının hər kub.m üçün 22 qəpikdən həyata keçirildiyini nəzərə alaraq 3.377 (15.350,4x0,22) manat məbləğində hesablanmış borc silinməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixlie-2-2(113)-2738/2022 saylı qətnaməsini ləğv edilməklə iddiaçı "xxxx" MMC-nin iddiasının tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı qismən təmin edərkən iş üzrə gəldiyi nəticəni əsaslandırmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir.
19. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
20. Tətbiq edilən hüquq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 21.Qətnamə iddiaçı tərəfindən qismən mübahisələndirildiyindən qismən yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
22. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2738/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. İşin hallarından görünür ki, Cavabdeh İB tərəfindən iddiaçıya məxsus obyektdə qaz təchizatı sisteminə baxış keçirmiş, xx.xx.2021-ci il tarixli SS 29/1640-02625-1 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” akt əsasında iddiaçıya 4.902,92 manat borc hesablanmış, birinci instansiya məhkəməsi tərəfindən yoxlama dövlət reyestrində qeydə alınmadığı üçün hüquqi nəticəsi etibarsız hesab edilmiş, iddiaçının faktiki istehlak etdiyi qazın məbləği analoji dövrün sərfiyyatı əsas götürülməklə hesablanaraq 3377 manat məbləğində borcun silinməsi qət edilmiş, həmin hissədə qətnamə mübahisələndirilməmişdir.
24. İddiaçının apellyasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, məhkəmə heç bir mötəbər sübuta əsaslanmadan avqust, sentyabr, oktyabr ayları üçün keçən ilin həmin ayları üçün olan sərfiyyatı hesablayaraq üç ay üçün 6.935,6 kub.m üçün borcun silinməsi tələbini rədd etmişdir. İddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən izahatında göstərmişdir ki, İddiaçı MMC quşçuluqla məşğul olur. 2021-ci ilin avqustoktyabr ayları ərzində iddaçı fəaliyyət göstərməmiş və qazdan istifadə etməmişdir. Buna görə də məhkəmənin həmin dövr üzrə iddiaçının üzərində 6.935,6 kub.m sərfiyyat saxlaması əsassızdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən 2021-ci ilin avqust-oktyabr ayları ərzində hər hansı fəaliyyəti olmadığına dair dəlili sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyü halda iddiaçı bu barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən apellyasiya şikayəti əsassızdır.
26. İşə baxmış məhkəmə tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.
27. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 2738/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı “S.A.T. İnvest" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2738/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.