Məhkəmə qərarları › İş №2-2(103)-920/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-920/2023

26.10.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-920/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı Yenes şirkətinin Cavabdeh ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, e-2-2(113)-2928/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 600574 №li akt əsasında İddiaçınə su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün hesablanmış 6964 (altı min doqquz yüz altmış dörd) manat məbləğində borcun, Cavabdeh ASC tərəfindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh açıq səhmdar cəmiyyəti, 08 iyul 2021-ci il tarixdə iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə İddiaçı tərəfindən inşa edilərək istismara qəbul edilmiş İV girişli 16 mərtəbəli binada iddiaçının məsul şəxslərinin iştirakı olmadan yoxlama keçirmiş və guya bu yoxlama zamanı müəyyən qanun pozuntuları aşkarlamışdır. Nəticədə cavabdeh 08 iyul 2021-ci il tarixli yoxlama əsasında xx.xx.2021-ci il tarixli 600574 № li akt tərtib etmiş və iddiaçıya su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün 6964 (altı min doqquz yüz altmış dörd) manat məbləğində borc hesablamışdır. xx.xx.2021-ci il tarixli 600574 № li aktda qeyd edilmişdir ki, binanın sanitar qovşağında istifadə olunan su xətti üzərində smart CSS-20 markalı, 22399 nömrəli su sayğacı quraşdırılmışdır. Binanın daxilində su sayağacından keçmədən d=32 mm xətt aşkar olunmuşdur. Əlavə olaraq müqaviləsiz qrant su xətti (iç diametri d=25 mm olan kənar xətt) konalizasiya şəbəkəsinə axıdılması aşkar edilmişdir. Yuxarıda qeyd edilən akt əsasında xx.xx.2021-ci il tarixli qaimə tərtib olunaraq heçbir hesablanma qaydası göstərilmədən və qanunsuz xətt sübuta yetirilmədən sonda isə bütün bu gedişat barəsində iddiaçıya heç-bir məlumat verilmədən, su xidməti üçün 3482 kubmetr sərfiyyat qeyd edilməklə, 3482 manat və çirkab su xidməti üçün 3482 kubmetr sərfiyyat qeyd edilməklə 3482 manat, ümumilikdə 6964,00 manat dəymiş maddi ziyana görə borc hesablanmışdır. Bütün bu qeyd edilən hallardan və hesablanmış borcdan yalnız iddiaçı 13 avqust 2021-ci ildə məlumatı olmuşdur. xx.xx.2021ci il tarixli 600574 №li aktda qeyd edildiyi kimi, ünvan 1 ünvanında yerləşən İddiaçı tərəfindən inşa edilərək istismara qəbul edilmiş İV girişli 16 mərtəbəli binada diametri 32 mm olan su xətti ümumiyyətlə mövcud deyildir və elə bir xətt olmadığından hər-hansı sayğacadan kənar çirkab suları kanalizasiya xəttinə axıdılmır. Bu barədə cavabdehə məlumat verilsə də heç bir əhəmiyyəti olmamışdır. Bununla bağlı əvvəllər Bakı İnzibati Məhkəməsinə və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edilsə də qeyd edilən məhkəmələrin müvafiq məhkəmə aktları ilə müraciət geri qaytarılmışdır. Odur ki, hal-hazırda cavabdeh ilə iddiaçı arasında olan kommersiya münasibətləri müvafiq olaraq Bakı Kommersiya Məhkəməsində mübahisələndirilir. Cavabdehlə iddiaçı arasında su və çirkab sularının istifadəsinə dair 13950968 saylı, 075094 nömrəli müqavilə bağlanmış və iddiaçıya 0750xx-xx/1643 saylı abonent nömrəsi verilmişdir. Cavabdehlə iddiaçı arasında olan müqavilənin şərtləri iddiaçı tərəfindən pozulmamış, cavabdehin iddia etdiyi pozuntular sübuta yetirilməmişdir. Odur ki, xx.xx.2021-ci il tarixli 600574 № li aktla iddiaçıya su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün 6964 (altı min doqquz yüz altmış dörd) manat məbləğində hesablanmış borc məbləğinin silinməsi və iddiaçının hüquqlarının bərpa edilməsi zərurəti yaranmışdır.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz daxil olmamışdır.

4. Bakı Kommersiya Məhkəməsinin 10 avqust 2023-cü il tarixli e-2-2(113)-2928/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə hesablanmış 6.964 manat borcun həmin hesabdan silinməsi qət edilmişdir.

5. Cavabdeh ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilən zaman sayğacdan kənar bir ədəd d=32 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə faktı aşkar edilmişdir. Bu barədə xx.xx.2021-ci il tarixli 600574 saylı akt tərtib edilmişdir. Belə ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə maddi ziyan dəymiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli, 17 iyul 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 4 nömrəli əlavəsinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləğinin 6964 manat olması müəyyən edilmişdir. Ziyanın ödənilməsi iddiaçıya təklif olunmuşdur. İddiaçı həmin məbləği ödəməkdən imtina etmişdir. Hesab edilir ki, məhkəmə qətnamə qəbul edərkən, obyektin yerləşdiyi əraziyə baxış keçirmədən, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq qətnamə çıxarmış. Məhkəməyə təqdim edilmiş sübutlara baxmayaraq məhkəmə bu faktlara hüquqi qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.

10. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

11. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.

12. Həmin Qanunun 13.2-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

13. Həmin Qanunun 13.3-cü maddəsinə görə yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

14. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır.

15. Həmin qanunun 20.1-ci maddəsinə görə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.

16. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

17. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

18. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

21. İş materiallarına əlavə edilmiş:

22. xx.xx.2021 tarixli ********* nömrəli qanunsuz istifadə fakturasında Cavabdeh ASC Yasamal rayon Sukanal İdarəsi tərəfindən 6.964 manat vurulmuş ziyan hesablanmışdır.

23. Cavabdeh tərəfindən tərtib edilmiş 600574 nömrəli aktda qeyd edilmişdir ki, ünvan 2 ünvanda yerləşən su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş, binanın sanitar qovşağında istifadə olunan su xətti üzərində yuxarıda qeyd edilmiş su sayğacı quraşdırılmışdır. Binanın daxilində su sayğacından keçməyən d=32 mm xətt aşkar olundu.

24. İddiaçınə məxsus abonent hesabı çıxarışından məlum olur ki, 2021 iyul ayı üzrə 6.968 manat cərimə hesablanması qeyd edilmişdir.

25. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ASC tərəfindən İddiaçınə məxsus olan sayğac barədə akt tərtib edilmiş, həmin akt əsasında 6.964 manat cərimə hesablanmışdır. Məhkəmə araşdırması zamanı aparılmış yoxlamanın qanunvercilikdə nəzərdə tutulmuş qaydada reyestrdə rəsmi qeydiyyata alınmadığı müəyyən edilmişdir.

26. Belə olan halda isə iddiaçıdan həmin yoxlamalar nəticəsində hesablanan borc tələb oluna bilməz.

27. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

28. Ona görə də, iddiaçı həmin yoxlamaların nəticəsi olaraq hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır.

29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, e-2-2(113)-2928/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar