Məhkəmə qərarları › İş №2-2(103)-931/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-931/2024

13.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-931/2024 13.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi maraqlı şəxs X8 qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X12 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, ərizəçinin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4651/2024 saylı qətnaməsindən maraqlı şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. 06.04.2024-cü il tarixli MŞB/8/2024-00599 saylı barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır:

2. Tələbkar xx.xx.2021-ci il tarixli, D101 saylı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi üçün Borcluya möhlət verir. Bu məqsədlə həmin müqavilənin müddəti xx.xx.2024-cü il tarixədək uzadılır. Borclu isə bu müddət ərzində borcu hər ay bərabər məbləğlərdə olmaqla Tələbkara ödəyir.

3. Müəyyən olunmuş möhlət müddəti ərzində lizinq predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 143b, mənzil 188/Yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 495, M.9, m.3 daşınmaz əmlak Borclunun istifadəsində qalır.

4. Tərəflər razılaşırlar ki, xx.xx.2021-ci il tarixli, D101 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə qədər Borclunun ödəməli olduğu 10.000 manat ilkin ödəniş edildikdən sonra 73.963 manat müəyyən olunur və illik 27% lizinq mükafatı olmaqla, 12 ay ödəniş qrafikinə uyğun olaraq müddətinə verilir.

5. Borclunun Tələbkara hər ay ödəməli olduğu məbləğ 7.102 manat müəyyən olunur. Ödənişin aparılmalı olduğu gün hər ayın 17-i təyin edilir. Həmin gün qeyri-iş günü olarsa, ödəniş növbəti iş günündən gec olmayaraq həyata keçirilməlidir. Borclunun bu Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır.

6. Borclu 3-cü bənddə qeyd olunan əsas məbləğ və hesablanacaq lizinq mükafatını 17 fevral 2024-cü il tarixə qədər ödəməyi öz öhdəliyinə götürür. Borclunun bu Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır.

7. Bu sazişin 3-cü və 4-cü bəndlərində göstərilən ödənişlərin həmin bəndlərdə göstərilən tarixlərə qədər olan müddətdə təmin edilməməsi və ya gecikdirilməsi bu Barışıq sazişinin şərtlərinin pozulması kimi qiymətləndiriləcəkdir.

8. Əgər bu sazişin şərtləri borclu tərəfindən pozularsa, onun lizinq predmetinə olan bütün hüquqlarına xitam verilməklə mənzil boşaldılaraq tələbkara təhvil verilməlidir. Bu zaman borc qalığı borcludan tələb olunmayacaq və möhlət müddəti ərzində ödənilmiş məbləğ də ona geri qaytarılmayacaqdır.

9. Bu sazişlə müəyyən olunmuş borc Borclu tərəfindən tam ödənildikdən sonra Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, D101 saylı daxili lizinq müqaviləsi ləğv edilir. Bundan sonra ən geci 5 iş günü ərzində Tələbkar lizinq predmeti olan mənzilin Borclunun mülkiyyətinə keçməsi üçün tələb olunan sənədləşməni təmin etməlidir.

10. Tərəflərin bu Barışıq sazişinin şərtlərini pozması Sazişin məcburi icra qaydasında icrası üçün əsasdır. İcra icraatı lizinq predmetinin yerləşdiyi ərazi üzrə Bakı şəhəri, Binəqədi rayon icra şöbəsi tərəfindən həyata keçiriləcəkdir.

11. Borclunun öz öhdəliyini yerinə yetirməməyi ilə əlaqədar Tələbkarın gələcəkdə çəkəcəyi məhkəmə-hüquq xərcləri borclu tərəfindən ödəniləcəkdir.

12. X14 xərci- 400 manat məbləği Ərizəçi ödəməyi öhdəsinə götürür. Barışıq sazişi 3 nüsxədə tərəflərin hər birinə vermək üçün tərtib edilir.

13. xx.xx.2023-cü il tarixli MŞB/9/2023-00350 saylı barışıq sazişi Ərizəçi nümayəndəsi X3 imzası və hüquqi şəxsin möhürü, X6 nümayəndəsi X5 imzası və mediator X4 imzası və Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatının möhürü ilə təsdiq edilmişdir.

14. xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən Maraqlı şəxs X7 mediasiyada barışıq sazişini imzalamağı və müqavilənin yenilənməsini etibar edilmişdir. Etibarnamədə onun xx.xx.2023-cü il tarixədək qüvvədə olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:

15. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X11 ilə bağlanmış 17 fevral 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Ərizə onunla əsaslandırılmışdır ki, X11 ilə Ərizəçi arasında bağlanmış xx.xx.2021-ci il tarixli, D101 saylı lizinq müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı mübahisə yaranmışdır. Qeyd edilən mübahisənin mediasiya vasitəsi ilə həlli üçün mediasiya təşkilatına müraciət edilmişdir. Mediasiya sessiyası nəticəsində X6 nümayəndəsi X9 ilə 17 fevral 2023-cü il tarixində barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən tərəflər razılaşırlar ki, xx.xx.2021-ci il tarixli, D101 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə qədər borclunun ödəməli olduğu 10.000 manat ilkin ödəniş edildikdən sonra 73.963 manat müəyyən olunur və illik 27% lizinq mükafatı olmaqla, 12 aylıq ödəniş qrafikinə uyğun olaraq verilir. Sazişdə qeyd olunan müddət ərzində X11 tərəfindən heç bir ilkin ödəniş həyata keçirilməmişdir.

17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 4651/2024 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mediasiya sessiyasında mediatorun iştirakı ilə tərəflər arasında bağlanmış və imzalanmış xx.xx.2023cü il tarixli MŞB/9/2023-00350 saylı barışıq sazişi qanunvericiliyin və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin tələblərinə uyğun tərtib olunmuş və ərizəçi və maraqlı şəxs tərəfindən imzalanmışdır. Lakin maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi icra etməmişdir.

19. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə onun qanunla qorunan məhkəmə müdafiəsi hüququnu təmin etməmişdir. Qeyd etdiyi kimi sazişdə nəzərdə tutulan şəxs Mürsəl Heydərova saziş imzalamaq səlahiyyəti verməmişdir. Həmin hal məhkəmə tərfindən nəzərə alınsaydı ərizə təmin edilməzdi. Məhkəmə onun prosessual qanunvericilik ilə nəzərdə tutulan hüquqlarını pozaraq məhkəmədə iştirakını təmin etməmişdir. Məhkəmə prosessual qanunvericilik ilə nəzərdə tutulan hüquqlarını pozaraq onun məhkəmədə iştirakını təmin etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

23. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq maraqlı şəxsin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun:

- 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: - 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; - 33.1.2. tərəflər haqqında məlumat; - 33.1.3. mübahisənin predmeti; - 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; - 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; - 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; - 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. - 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. - 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. - 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. - 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. - 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. - 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. - 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). - 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.AR Mülki Məcəlləsinin:

25. AR MPM-in: - 355-23.1.“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. - 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. - 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Apellyasiya baxışının hədləri

26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Ərizəçi ilə maraqlı şəxs X11 arasında 17 fevral 2023-cü il tarixdə bağlanmış MŞB/9/2023-00350 saylı barışıq sazişinə əsasən Ərizəçi MMC xx.xx.2021-ci il tarixli, D101 saylı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi üçün maraqlı şəxs X8 möhlət vermiş, bu məqsədlə həmin müqavilənin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmış, maraqlı şəxs isə bu müddət ərzində borcu hər ay bərabər məbləğlərdə olmaqla ərizəçiyə ödəməyi öhdəsinə götürmüşdür.

29. Lakin maraqlı şəxs qeyd olunan barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və ərizəçiyə olan borcu barışıq sazişində müəyyən edilmiş müddətdə və qaydada ödəməmişdir.

30. Bununla yanaşı barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, qanunazidd deyildir, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur.

31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə həmin sazişini təsdiq etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

32. Barışıq sazişinin onun adından səlahiyyətli olmayan şəxs tərəfindən imzalanması barədə maraqlı şəxsin dəlillərinə münasibətə məhkəmə qeyd edir ki, mübahisəli barışıq sazişi maraqlı şəxs Rüfət İlham oğlunun adından X9 tərəfindən imzalanmışdir. İş materiallarında olan X11 tərəfindən X7 verilmiş xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən isə barışıq sazişi bağlanarkən X7 maraqlı şəxsin adından mediasiyada barışıq sazişini imzalamaq səlahiyyətinə malik olması müəyyən edilir. Odur ki, məhkəmə kollegiyası maraqlı şəxsin sözügedən dəlillərini əsassız sayır.

33. Müdafiə hüququnun pozulması barədə maraqlı şəxsin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş maraqlı şəxsin nümayəndəsi və vəkilinin elektron kabinetinə yerləşdirilmiş, bununla da maraqlı şəxs məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır.

34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

35. Apellyasiya şikayəti təmin edildiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən həmin şikayət verilərkən maraqlı şəxs tərəfindən ödənilmiş dövlət rüsumu maraqlı şəxsə aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Maraqlı şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4561/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən maraqlı şəxs tərəfindən ödənilmiş dövlət rüsumu maraqlı şəxsə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar