Məhkəmə qərarları › İş №2-2(103)-988/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-988/2021

11.10.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-988/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MTK-nın vəkili və nümayəndəsi Vəkil, cavabdeh "xxxx" ASC-nin nümayəndələri Nümayəndə və X1 iştirakı ilə borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-80/2020 nömrəli iş üzrə 10 mart 2020-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq hesablanmış 28.03.2014-cü il tarixli R1018504 nömrəli aktla 6.341,1 manat, 19.06.2017-ci il tarixli NDQ0032535 nömrəli aktla 18.500 manat, 28.08.2017-ci il tarixli NDQ003424 nömrəli aktla 5.230,98 manat və 01.10.2018-ci il tarixli NDQ004565 nömrəli aktla 14.300 manat, əlavə hesablanmış 3.569 manat borc olmaqla, cəmi 47.941 manat məbləğində borcun silinməsi və binanın ümumi sayğacının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10.03.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraata binanın ümumi sayğacının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair hissədə xitam verilmiş, 10.03.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehin iddiaçıya hesablanməş 47.941 manat məbləğdə borcunun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlillərinə görə, məhkəmə aktlara əsasən hesablanmış borcun silinməsi qənaətinə gələrkən mübahisəyə əsassız olaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müddəalarını tətbiq etmişdir. Belə ki, məhkəmə aktlara əsasən hesablanmış borcun silinməsinə dair nəticəsini onunla əsaslandırmışdır ki, aktların tərtib olunmasına səbəb olan yoxlamalar “Sahibkarlıq sahəsində ıparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğun aparılmamış, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, ona görə də onun hüquqi nəticələri qanunsuzdur. Halbuki, iddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlamalar heç də onun malaliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunması vəziyyətini yoxlamışdır. Bu səbəbdən qeyd edilən normalar mübahisəyə tətbiq edilə bilməzdi. Məhkəmə mübahisəyə əsassız olaraq “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndini tətbiq etmiş, 8.15-ci bəndini tətbiq etməli olduğu halda isə tətbiq etməmiş və iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, EEİQ-nin 8.33-cü bəndi əhali qrupuna aid məişət abonentləri tərəfindən elektrik enerjisindən istifadə qaydaları pozulduğu hallarda bu barədə müvafiq aktın tərtibi və yenidən hesablaşmanın aparılması qaydasını tənzimləyir. İddiaçı isə qeyri-əhali qrupuna aid istehlakçıdır. İşin faktiki hallarından görünür ki, iddiaçının barəsində elektrik enerjisinin uçotu və “Elektrik enerjisindən İstifadə Qaydaları”na riayət olunması vəziyyətinin yoxlanılması ilə bağlı 4 akt tərtib edilmişdir. 11.02.2014-cü il tarixli R seriyalı 018504 nömrəli akta əsasən yoxlama zamanı obyektin sayğacının ekranının oxunmaması aşkar edilmiş və bununla əlaqədar 6.341,10 manat borc hesablanmışdır; 16.06.2017-ci il tarixli NDQ seriyalı 003235 nömrəli akta əsasən yoxlama zamanı sayğacın faktiki göstəricisi 2.036 kvts olduğu halda, 09.06.2017-ci il tarixdə kompyuter məlumat bazasına 1.100 kvts kimi daxil edilməsi aşkar edilmiş və həmin akta görə abonentə əlavə ödəniş sənədi təqdim edilməmişdir. 24.08.2017-ci il tarixli NDQ seriyalı 003424 nömrəli akta əsasən yoxlama zamanı sayğacın impuls lampasının yanıb-sönmədiyi, ekranının oxunmadığı və sxemdən keçən yükü hiss etmədiyi aşkar edilmiş və bununla əlaqədar 5.230,98 manat borc hesablanmışdır; 26.09.2018-ci il tarixli NDQ seriyalı 004565 nömrəli akta əsasən yoxlama zamanı MTK-ya məxsus hər iki sayğacın üzərində kompyuter informasiya məlumat bazasına daxil edilməmiş cəmi 169.100 kvts (73.500 kvts + 95.600 kvts) sərfiyyat olduğu aşkar edilmiş və aktda qeyd edilən 02815673 nömrəli sayğacın “004859” göstəricisinə əsasən kompyuter məlumat bazasına daxil olunmuş 95.600 kvts enerji sərfiyyatını nəzərə alaraq akta görə abonentə əlavə ödəniş sənədi təqdim edilməmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən 11.02.2014-cü il tarixli R seriyalı 018504 nömrəli və 24.08.2017-ci il tarixli NDQ seriyalı 003424 nömrəli aktlarla bağlı iddiaçıya cəmi 11.572,08 manat (6.341,10 + 5.230,98) borc hesablanmış, 16.06.2017-ci il tarixli NDQ seriyalı 003235 nömrəli və 26.09.2018-ci il tarixli NDQ seriyalı 004565 nömrəli aktlarla bağlı isə heç bir borc hesablanmamışdır. Məhkəmə isə əsassız olaraq sözügedən aktlara əsasən iddiaçıya cəmi 47.941 manat borcun hesablanması qənaətinə gələrək, həmin məbləğdə borcun silinməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Halbuki, silinməsi qət edilmiş 36.368,92 manat (47.941 - 11.572,08) borcun mübahisə edilən aktlara heç bir aidiyyəti olmamışdır. Bundan başqa, iddiaçı 11.02.2014-cü il tarixli R seriyalı 018504 nömrəli akta əsasən hesablanmış 6.341,10 manat borcun mübahisləndirilməsi üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddətini buraxmasına rəğmən, bu barədə müvafiq ərizə verilməsinə baxmayaraq, məhkəmə həmin tələbə əsassız olaraq iddia müddətini tətbiq etməmiş və bununla AR Mülki Məcəlləsinin 373 və 375-ci maddələrinin tələblərini pozmuşdur. Nəhayət, mübahisələndirilən 11.02.2014-cü il tarixli R seriyalı 018504 nömrəli, 16.06.2017-ci il tarixli NDQ seriyalı 003235 nömrəli və 24.08.2017-ci il tarixli NDQ seriyalı 003424 nömrəli aktlara əsasən cavabdeh tərəfindən iddiaçı ilə yenidən hesablaşmanın aparılması EEİQ-nin 8.15-ci bəndinin tələblərinə əsaslanmışdır. Həmin bəndə əsasən, elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Lakin işə baxan məhkəmə Qaydaların bu tələbini də nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-87/2021 nömrəli iş üzrə 23.02.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 10.03.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamə ilə razılaşmayan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 266/2021 nömrəli iş üzrə 06.07.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 23.02.2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçının vəkili və nümayəndəsi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin bütövlükdə ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu və iddiaçı tərəfindən də apellyasiya şikayəti verilmədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qalan hissə (ekspertiza xərcinin iddiaçıdan tutulması) tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalı, qətnamə yalnız iddia təmin olunan hissədə apellyasiya şikayətinin dəlilləri həddə yoxlanılmalıdır. Bu kontekstdə araşdırma aparılan işin mübahisəsiz hallarına görə, iddiaçının barəsində elektrik enerjisinin uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunması vəziyyətinin yoxlanılması ilə bağlı cavabdeh tərəfindən 4 akt tərtib edilmişdir:

1. 28.03.2014-cü il tarixli Rİ 018504 nömrəli akta əsasən, yoxlama zamanı obyektin sayğacın ekranının oxunmaması aşkar edilmiş və bununla əlaqədar 6.341,10 manat borc hesablanmışdır;

2. 16.06.2017-ci il tarixli NDQ 003235 nömrəli akta görə, yoxlama zamanı sayğacın faktiki göstəricisi 2.036 kvts olduğu halda, 09.06.2017-ci il tarixdə kompyuter məlumat bazasına 1.100 kvts kimi daxil edilməsi aşkar edilmiş və həmin akta görə abonentə əlavə ödəniş sənədi təqdim edilməmişdir;

3. 24.08.2017-ci il tarixli NDQ 003424 nömrəli akta əsasən, yoxlama zamanı sayğacın impuls lampasının yanıb-sönmədiyi, ekranının oxunmadığı və sxemdən keçən yükü hiss etmədiyi aşkar edilmiş və bununla əlaqədar 5.230,98 manat borc hesablanmışdır;

4. 26.09.2018-ci il tarixli NDQ 004565 nömrəli akta görə, yoxlama zamanı MTK-ya məxsus hər iki sayğacın üzərində kompyuter informasiya məlumat bazasına daxil edilməmiş cəmi 169.100 kvts (73.500 kvts + 95.600 kvts) sərfiyyat olduğu aşkar edilmiş və aktda qeyd edilən 02815673 nömrəli sayğacın “004859” göstəricisinə əsasən kompyuter məlumat bazasına daxil olunmuş 95.600 kvts enerji sərfiyyatını nəzərə alaraq, akta görə abonentə əlavə ödəniş sənədi təqdim edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.11.2019-cu il tarixli 20909 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 12.09.2019-cu il tarixdə ekspert və tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı "xxxx" MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının zirzəmisində və binanın yaxınlığında olan transformator məntəqəsində quraşdırılmış “Viko” tipli S/N 02798146 və S/N 02815673 nömrəli elektron elektrik sayğacların gövdəsində, onların üzərinə vurulmuş möhürlərdə və sayğaclara birləşdirilmiş cərəyan transformatorların üzərindəki möhürlərdə gözlə görünə bilən, sınma, qırılma, deşilmə və digər müdaxiləyə oxşar izlər müəyyən edilməmişdir. “Mak” (“Makel”) tipli 73070250 nömrəli elektrik sayğacı ekspertiza tədqiqatına təqdim edilmədiyindən, həmin sayğac və ona bağlanmış möhürləri tədqiq etmək mümkün olmamışdır. Lakin mülki iş materialları ilə ekspertizaya təqdim edilmiş "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 24.08.2017-ci il tarixli 003424 NDQ №-li aktdan və 25.08.2017-ci il tarixli 013512 nömrəli “Sayğacların və cərəyan transformatorların yoxlanılması aktı”ından görünür ki, “Mak” (“Makel”) tipli 73070250 nömrəli elektrik sayğacı laboratoriya yoxlamasından keçmiş və yoxlama zamanı sayğacın daxili qüsuru nəticəsində işləmədiyi və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. “Makel” tipli ********* seriya nömrəli elektrik sayğacı ekspertiza tədqiqatına təqdim edilmədiyindən, həmin sayğac və ona bağlanmış möhürləri tədqiq etmək mümkün olmamışdır. Lakin əlavə materiallarla ekspertizaya təqdim edilmiş "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 11.02.2014-cü il tarixli R 018504 nömrəli aktdan görünür ki, həmin “Makel” tipli ********* seriya nömrəli elektrik sayğacın ekranın oxunmadığı kimi daxili qüsuru müəyyən edilmiş və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Ekspertizaya iş materialları ilə təqdim edilmiş "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 16.06.2017-ci il tarixli 003235 NDQ №-li və 26.09.2018-ci il tarixli 004565 NDQ №-li aktlardan göründüyü kimi, hesablaşma sayğacların üzərində kompyuterin məlumat bazasına daxil edilməmiş sərfiyyatlar vardır. Lakin həmin sərfiyyatların hansı müddətlərdə və hansı səbəbdən yaranması barədə həm aktlarda, həm icra vərəqələrdə heç bir məlumat verilməmiş və bu səbəbdən sayğacların üzərində kompyuterin məlumat bazasına daxil edilməmiş elektrik enerji sərfiyyatların hansı dövrləri əhatə edib-etməməsini müəyyən etmək mümkün deyildir. Bununla yanaşı, hər iki aktdan göründüyü kimi, yoxlama zamanı hesablaşma sayğaclarında qeydə alınmış enerji sərfiyyatlarının göstəriciləri ilə "xxxx" ASC-nin əməkdaşları tərəfindən aparılmış ölçmələr arasında heç bir fərq yoxdur, yəni sayğaclar sxemlərdən axan yükləri hesablamaqla enerji sərfiyyatlarını düzgün qeydə alırlarmış. Belə olan halda aktlarda göstərilmiş sayğacların kompyuter məlumat bazasına daxil edilməmiş enerji sərfiyyatlarının yaranması şübhə doğurur. Qeyd olunur ki, elektrik sayğacların üzərində kompyuterin məlumat bazasına daxil edilməmiş sərfiyyatların hansı dövrləri əhatə edib-etməməsini, həmin elektron sayğacların kompyuter bazasının yaddaşında olan məlumatları oxunmaqla (əgər həmin tip sayğaclarda bu funksiyası nəzərə alınıbsa) müəyyən etmək olar. Məhkəmə ekspertiza mərkəzində sayğacların 'kompyuter yaddaşların oxunması üçün müvafiq avadanlıqlarla təyin edilmiş yer (laboratoriya, stend və s.) olmadığından qoyulmuş suala cavab vermək mümkün deyildir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 11.02.2014cü il tarixli R 018504 və 24.08.2017-ci il tarixli 003424 NDQ nömrəli aktlara görə müəyyən edilmiş artıq enerji sərfiyyatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16 bəndinin tələblərinə zidd hesablanmışdır. Belə ki, həmin bəndin tələblərinə görə istehlakçının təqsiri olmadan uçot müvvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatını enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparmaq əvəzinə "xxxx" ASC-nin əməkdaşları tərəfindən yoxlama zamanı sayğacın sxemindən axan yüklərinə görə hesabat aparılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 7.17. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur; 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir; 8.13. Elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyi elektrik enerjisinə görə bir ödəniş sənədi yazılır; 8.14. İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir; 8.15. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır; 8.34. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər; 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır; 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 373.1. Ümumi iddia müddəti on il təşkil edir; 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə görə, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 13.1-ci maddəsinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 13.3-cü maddəsinə görə, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” 28.08.2013-cü il tarixli 955 nömrəli Fərmanının 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1-ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “56. İstinad olunan çoxsaylı normalardan göründüyü kimi, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan ASC-nin nümayəndələri tərəfindən sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirilməsi məqsədilə həmin yoxlamanı vahid məlumat reyestrində qeydə aldırmalı olmaları qanunvericiliyin, o cümlədən EEİQ-in özünün imperativ tələbidir.

57. Qeyd etmək lazımdır ki, sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan bütün hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamalar nəticəsində istehlakçıya hesablanmış borcun silinməsinə dair kommersiya mübahisələri üzrə məhkəmə təcrübəsi qeyd olunan istiqamətdə formalaşmışdır.

58. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ASC-nin əməkdaşları tərəfindən vahid məlumat reyestrində qeydə alınmadan MTK-da həyata keçirilmiş yoxlamaların hər hansı hüquqi nəticəsi ola bilməz. Bu yoxlamalar nəticəsində ASC tərəfindən MTK-ya qanunsuz hesablanmış borc məbləği silinməlidir. ...

63. İşə baxan birinci instansiya məhkəməsinin qətnaməsində isə göstərilmişdir ki, abunə haqqının surətindən görünür ki, ASC tərəfindən MTK-ya NDQ 003041 saylı akta əsasən 2017-ci il 23 aprel tarixində 1.558,68 manat, 2017-ci il 24 aprel tarixində 3.060,26 manat və 2017-ci il 25 aprel tarixində 4.134,24 manat, cəmi 8.753,18 manat məbləğində borc hesablanmışdır.

64. Buna baxmayaraq, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində konkret sənədlərə istinad etmədən qeyd etmişdir ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi, ASC tərəfindən MTK-ya ümumilikdə 47.941 manat məbləğində borc hesablanmışdır və həmin borc silinməklə iddia təmin edilməlidir. ...

69. Onu da qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətində ASC göstərmişdir ki, 2014-cü il 11 fevral tarixli R seriyalı 018504 saylı və 2017-ci il 24 avqust tarixli NQD seriyalı 003424 saylı aktlarla MTK-ya cəmi 11.572,08 (6.341,10 + 5.230,98) manat borc hesablanmış, 2017-ci il 16 iyun tarixli NQD seriyalı 003235 saylı və 2018-ci il 16 sentyabr tarixli NQD seriyalı 004565 saylı aktlarla bağlı isə heç bir borc hesablanmamışdır. Silinməsi qət edilmiş 36.368,92 (47.941 – 11.572,08) manat borcun mübahisə edilən aktlara heç bir aidiyyəti olmamışdır.” MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları və Ali Məhkəmənin qərarının göstərişləri baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Belə ki, iddianın faktiki əsaslarını 28.03.2014-cü il tarixli Rİ 018504 nömrəli, 16.06.2017-ci il tarixli NDQ 003235 nömrəli, 24.08.2017-ci il tarixli NDQ 003424 nömrəli və 26.09.2018-ci il tarixli NDQ 004565 nömrəli aktlar təşkil edir ki, işdə olan Abunə haqqında məlumatın “Bağlanan aktlar” bölməsindən də göründüyü kimi, onlardan yalnız ikisi - Rİ 018504 nömrəli və NDQ 003424 nömrəli aktlarla iddiaçıya müvafiq olaraq 6.341,10 manat və 5.230,98 manat olmaqla, cəmi 11.572,08 manat borc hesablanmış, NDQ 003235 nömrəli və NDQ 004565 nömrəli aktlarla isə heç bir borc hesablanmamışdır. Belə ki, adıçəkilən aktlara əsasən tərtib olunan 19.06.2017 və 01.10.2018-ci il tarixli icra vərəqələrində abonentə əlavə ödəniş sənədinin təqdim edilmədiyi qeyd olunmuşdur (iş vərəqi-11,13, 1-ci cild). Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddia NDQ 003235 nömrəli və NDQ 004565 nömrəli aktlar hissədə təmin edilməməlidir. İddia əlavə hesablanmış 3.569 manat borcun silinməsi hissədə də rədd edilməlidir. Belə ki, həmin məbləğdə borcun nə vaxt, hansı qaydada hesablandığını iddiaçı əsaslandırmır, bu barədə iş materiallarında heç bir mötəbər sübut yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Rİ 018504 nömrəli aktla iddiaçıya hesablanmış 6.341,10 manat məbləğdə borcun silinməsi tələbinə üç illik iddia müddətinin tətbiqi barədə dəlili ilə razılaşmır və üç illik iddia müddətinin hazırkı mübahisəyə tətbiqini mümkün saymır. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsi ilə nəzərdə tutulan üç illik iddia müddəti müqavilə tələbləri üzrədir, Rİ 018504 nömrəli akt və 6.341,10 manat məbləğdə borcun isə müqavilə şərtlərinə deyil, “Elektrik enerjisindən istifadə Qaydaları”na, yəni normativ-hüquqi akta əsasən tərtib və tətbiq edilmişdir. Məhkəmə kollegiyası iş üzrə alınan ekspert rəyinə münasibətdə bildirir ki, həmin rəy daha çox iddianın faktiki əsaslarını təşkil edən aktlara istinad və müzakirə etməklə, ekspertə təqdim olunmayan Makel tipli sayğaclar barədə ehtimal əsasında yürüdülən mülahizələrdən və hüquq məsələsi ilə bağlı tövsiyələrdən ibarətdir. Bu mənada, ekspert rəyi aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilən mötəbər rəy kimi qəbul edilə bilməz (MPM-in 103.1 və 88-ci maddələri). İşdən, həmçinin, müəyyən edilmişdir ki, elektrik enerjisinin təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh mübahisəli yoxlamalar barədə məlumatları AR Ədliyyə Nazirliyinə verməmiş, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsi anlamında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır. Bununla bağlı məhkəmə kollegiyası izah edir ki, qanunsuz hərəkətlər barədə aktın tərtib olunması və həmin akta əsasən abonentə müəyyən məbləğdə sanksiya tətbiq edilməsi yaxud əlavə sərfiyyat hesablanması bilavasitə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunla nəzərdə tutulan yoxlama tədbirlərinin nəticəsidir və eyni Qanunun 2.3-cü maddəsində təsbit olunan elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisnasının təsir dairəsinə düşmür. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Rİ 018504 nömrəli və NDQ 003424 nömrəli aktlarla iddiaçıya cəmi 11.572,08 manat borcun hesablanması barədə aparılan yoxlamaların hüquqi nəticəsi olmasa da, Abunə haqqında məlumatdan görünür ki, iddiaçı həmin dövrlərdə hər ay ödədiyi 100-200 civarında borc ödənişlərinin arasında 09.06.2017-ci il tarixdə birdən-birə 3.054,83 manat ödəniş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu ödəniş aktlarla ona hesablanmış əlavə hesablamalarla bağlıdır. İddiaçının vəkili və nümayəndəsi məhkəmə kollegiyasının iclasında bu ödənişi ödəmədiklərini, ödəniş vaxtı onların xəbərinin olmadığını, cavabdehin nümayəndələrinin öz qanunsuz əməllərini ört-basdır etmək üçün bu pulu ödədiklərini irəli sürsə də, bu mülahizə ağlabatan və inandırıcı olmamaqla, hər hansı mötəbər dəlillə dəstəklənmir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, iddia cəmi 11.572,08 manat borcdan 3.054,83 manatlıq ödəniş çıxılmaqla qalan 8.517,25 manat məbləğdə borc hissədə təmin edilməli, qalan hissədə isə sübuta yetirilmədiyi üçün rədd olunmalıdır. Çünki, ödənən borc artıq mövcud olmayan borcdur, həmin borc öhdəlikdən kənar ödənilmiş pul kimi əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia təmin olunan hissədə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz olduğu, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyi üçün, ləğv edilməli (MPM-in 385.1.4, 390-cı maddələri), həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli (MPM-in 384.0.2-ci maddəsi), 8.517,25 manat məbləğdə borcun silinməsi cavabdehə həvalə edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-80/2020 nömrəli iş üzrə 10 mart 2020ci il tarixli qətnaməsi qismən - iddia təmin edilən hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı MTK-ya hesablanmış 8.517,25 manat məbləğdə borcun silinməsi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə ekspertiza tədqiqatının dəyərinin İddiaçı MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar