Məhkəmə qərarları › İş №2-2(103)-992/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-992/2023

30.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-992/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X11 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 oglunun, Cavabdeh nümayəndəsi Nümayəndə1 oglunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2470/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 220.000 manat əsas borcun, özgəsinin pul vəsaitini qanunsuz saxlamağa, onu qaytarmaqdan imtinaya görə xx.xx.2023-cü il tarixinə hesablanmış 22724,79 manat faiz borcunun, cəmi 242724,79 manatın tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bağüstü küçəsi 3Q saylı sahədə hündürmərtəbəli yaşayış binası tikintisi ilə məğul olduğundan gələcəkdə cavabdehlə şərikli sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq üçün xx.xx.2021-ci il tarixində şahidlərin iştirakı ilə Cavabdeh MMC-nin direktoru X5 220000 manat pul vermiş və həmin şəxs iddiaçıya cavabdehin rəsmi möhürü ilə təsdiq edilən sənəd (protokol) verərək həmin miqdarda pulun ondan aldığını təsdiq etmişdir. Bundan başqa cavabdehlə şərikli sahibkarlıq fəaliyyəti həyata keçirmək və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsi 3Q saylı sahədə hündürmərtəbəli yaşayış binası tikintisini həyata keçirmək üçün ona əlavə olaraq 167700 manat hissəhissə olmaqla nəğd pul, 51000 manat məbləğində 1 ədəd BMW X6 markalı avtomaşın, 47600 manat dəyərində 1 ədəd MERSEDES S-klass avtomaşın - ümumilikdə isə cəmi 486300 manat əlavə olaraq vermişdir. Bunun əvəzində cavabdeh təminat vermişdi ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bağüstü küçəsi 3Q saylı sahədə iddiaçının pullarından istifadə edərək tikintisi aparılan yaşayış binasında satışdan əldə olunan gəlirin 25%-i miqdarında iddiaçıya qazanc verəcəkdir. Bu isə orta hesabla tikinti sahəsinin 2500 kv.metr hissəsini əhatə edirdi. Həmin razılaşmadan uzun müddət keçməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi icra etməkdən yayınır. Cavabdehə verdiyi pulların bir qisminin mənbəyi ondan ibarətdir ki, iddiaçıya məxsus 2 mənzilini “Faktor lizinq” şirkətinə girov kimi qoyaraq əvəzində ayrılmış pulların cavabdehə verməsinə razı olmuşdur. Hazırda həmin pullara görə “Faktor lizinq” şirkəti iddiaçıdan 218000 manat faiz borcu tələb edir. Bütün deyilənlərdən aydın olur ki, cavabdehin onun qarşısında öhdəliklərini yerinə yetirməməsinə görə cəmi 704.300 manat zərərə məruz qalmışdır. Göstərilən pulların verilməsində və razılaşmada cavabdehin direktoru X4 atası X7, həmçinin sürücüsü X3 da iştirak etmişlər. İki ilə yaxın müddət keçsə də cavabdeh öhdəliklərinə əməl etmir, dəfələrlə danışıqlar yolu ilə məsələləri yoluna qoymaq istəsə də bu mümkün olmadığından anlamışdır ki, cavabdehin məqsədi onunla şərikli sahibkarlıq fəaliyyət ilə məşqul olmaq yox, onun pullarını mənimsəməkdən ibarət olmuşdur. Keçən iki ilə yaxın müddət ərzində dəfələrlə işin sülh yolu ilə həll edilməsini, cavabdehin üzərinə düşən öhdəliyi icra etməsini və ya əks təqdirdə sahibkarlıq fəaliyyəti məqsədilə alınmış pulların, əldən çıxmış faydanın, gəlirlərin, çəkilmiş xərclərin, bank faizlərinin, dəbbə pularının, ödənilməsi tələb etsədə heç bir müsbət nəticə hasil edə bilməmişdir. Qanunvericiliyin tələbinə əsasən məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə mediasiya təklifi göndərmişdir. Yalnız bundan sonra Bakı şəhəri 15 saylı Mediasiya təşkilatında görüşləri baş tutmuş, lakin mübahisə üzrə heç bir razılıq əldə edilməmişdir. Bu barədə 15 saylı Mediasiya təşkilatı iddiaçıya İlkin Mediasiya sessiyasından sonra (İMS) prosesin davam etdirilə bilməməsi barədə arayış vermişdir. Artıq aralarında olan mübahisənin məhkəməsiz həll edilməsi mümkün deyildir. Qeyd edir ki, cavabdehin qanunsuz hərəkətlərindən 704.300 manat zərərə məruz qalmış, lakin hazırda onun iddiaçıdan aldıgı və özünün möhürü ilə təsdiq etdiyi 220.000 manat borc üzrə iddia qaldırmışdır.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2470/2023 saylı, 21 sentyabr 2023cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdehndən 220000 (iki yüz iyirmi min) manat borc tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 533 manat məbləğində dövlət rüsumunun 483,06 manat məbləğinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, qalan 49,94 manat məbləğin İddiaçı aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2470/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-nə qarşı iddia qaldıraraq, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli protokola istinad etmiş və onun əsasında 220000 manat əsas borcun və gecikməyə görə 22714,79 manat faiz borcunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsini xahiş etmişdir. Bildiririk ki, sözügedən protokol hər hansı pulun verilməsini təsdiq etmək üçün heç bir hüquqi qüvvəyə malik deyil. Bundan başqa protokolda pulun sahibkarlıq fəaliyyəti görmək məqsədi ilə verildiyi qeyd edilsə də, bu sahibkarlıq fəaliyyətinin nə olduğu, yəni hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olunacağı, bu fəaliyyətdə tərəflərin hüquq və vəzifələri ilə bağlı heç bir müddəa yoxdur. Həmçinin protokolda verilmiş pulun nə vaxt qaytarılacağı da öz əksini tapmamışdır ki, bu da özlüyündə protokolun qanunsuz olduğunu göstərir. Əslində bu protokolun bağlanmasında məqsəd ondan ibarət olmuşdur ki, Cavabdeh MMC "xxxx" MMC-də olan payını İddiaçı vermiş və İddiaçı da həmin paya uyğun olaraq "xxxx" MMC-də payçı olur. Nəticə etibarı ilə belə bir protokol tərtib olunmuşdur. Bu protokol da başqa bir müqaviləni pərdələmək üçün bağlanış əqddir, Bu səbəbdən də əsasızdır və heç bir hüquqi nəticə yaratmır. Əslində isə iddiaçı ilə Fatmeyi-Zəhra layihəsində ortaq olduğumuzdan layihədə ortaq qalmaq üçün onlar bizə 2 milyon manata yaxın pul ödəməli idilər. Lakin iddiaçıgil 220000 manat verməklə layihələrini əllərindən almışlar. Hazırda layihənin tikintisini onlar həyata keçirir, lakin onlar qıraqda qalmışlar. Ortaqlıq ayrılanda isə ortaqlıq dövründə olan layihələr qiymətləndirilməli və ortaqlar arasında layihənin dəyəri bölünməlidir. Yəni iddiaçı onlara layihə üzrə pul borclu olduğu halda, əksinə onlarda pul tələb edir. Həmçinin, İddiaçı Cavabdeh MMC-nin direktoruna torpaqğın alınması ilə bağlı saxta sənədlər təqdim edərək dələduzluq etmişdir. Həmin sənədlərlə bağlı tərəflərindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət olunacaqdır. Bundan başqa tərəflərindən sözügedən protokolun etibarsızlığı ilə bağlı qarşılıqlı iddia verilmişdir. Lakin məhkəmə qarşılıqlı iddiamıza heç bir münasibət bildirməmiş, bununla bağlı qətnamədə hər hansı qeyd göstərilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iş materialları birinci instansiya məhkəməsinin icraatında olarkən də bu müqavilə uzun müzakirələrə səbəb oldu və məhkəmənin gəldiyi nəticə bu oldu ki, sənəddə möhür varsa bu pulun verilməsini təsdiq edir. Lakin bir daha qeyd edir ki, real pulun verilməsindən söhbət gedə bilməz. İş materiallarına Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamın surətini əlavə etmişlər. Belə ki, tərəflərindən Yeni Günəşli qəsəbəsində xanım Fatimeyi-Zəhra məscidi yaxınlığındakı layihədən könüllü şəkildə tərtib olunmuş ərizə ilə "xxxx" MMC xeyrinə imtina edilmişdir. "xxxx" MMC də hazırki İddiaçı 25 faiz payı var. Hazırki müqaviləyə payın əvəzləşdirilməsi müqaviləsi kimi baxmaq olar. Lakin tərəflər arasında real olaraq pul alınmamış, yoldaş kimi öz aralarında rəsmiləşdirmişlər. Suallara cavab olaraq bildirdi ki, biznes fəaliyyəti geniş fəaliyyətdir. Bu münasibətlərdə isə pulun verilməsini təsdiq edəcək heç bir sübut yoxdur. Belə ki, təqdim etdikləri sənəd protokoldur və üzərində bir möhür var. Həmin möhürün şirkətin möhürü olub-olmaması da məlum deyil. Başqa əqdi pərdələmək məqsədi ilə bağlanan müqavilədir. Tərəflər arasındakı şifahi razılığı pərdələmək məqsədilə bağlanmış əqddir. Tərəflər arasında bağlanılmış protokolda qeyd olunan birgə sahibkarlıq fəaliyyəti gələcəkdəki hansı fəaliyyətin nəzərdə tutulduğunu qeyd etməmişdir. İddiaçı tərəf onlarla şərik olmamışdır. Birgə sahibkarlıq fəaliyyəti həyata keçirməmişlər. Vətən-22 MMC paylarından imtina elədilər. Bakı şəhər İcra Hakimiyyətinə ünvanladıqları ərizə ilə onlar layihədəki paylarından imtina etdilər, Vətən-22 MMC-nin istifadəsinə verilməsini xahiş elədilər. Həmin münasibətləri pərdələmək məqsədi ilə bağlanan əqddir. Dəfələrlə MTK-nın rəhbərinə sual verdiyi zaman ona bildirmişdir ki, tərəflər şifahi razılığa gəlmişlər, pul alışverişi olmamışdır. Onlar öz paylarından imtina etmişlər, İddiaçı başqa şirkətlər qarşısında öhdəlikləri olduğunu bildirmişdir. İddiaçı “Vətən-22 MMC” də təsis payı var. Cavabdeh MMC Neftçilər metrostansiyasının yaxınlığında 16 mərtəbəli binanın ərazisini digər təsisçi onlara vermişdir. Bu təşəbbüslə İddiaçı çıxış etmişdir. Əlavə olaraq qeyd edir ki, 16 mərtəbəli binanın tikintisi üçün 220.000 manat pul vəsaiti kifayət etmir.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, “Vətən-22 MMC”-nin bu məsələ ilə əlaqəsi yoxdur, Cavabdeh MMC ilə bağlıdır. Tərəflərindən qarşı tərəfə pul vəsaiti verilmişdir. Pul vəsaiti lizinqdən götürülərək verilmişdir ki bu faktı təsdiq edən 2 qərar təqdim edir. Məhkəmə kollegiyası tərəfindən sənədlərə baxış keçirilir və iş materiallarına əlavə edilir. Suallara cavab olaraq bildirdir ki, Cavabdeh MMC tərəfindən tikiləcək binaya şərik olmalı idilər, 50 faiz pay onlara məxsus olacaqdır. Çünki tikinti başlanılması üçün investiya qoyulması ilə onlar çıxış edirlər və tərəflər arasında olan razılaşmaya əsasən payın bir hissəsi onlara satılmalı idi.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

12. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

13. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

14. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia tələbi əsaslıdır.

17. Cavabdeh MMC-nin direktoru X8 ilə İddiaçı arasında bağlanmış protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-nin direktoru X1 Elşad Aydın oğlundan gələcəkdə birgə sahibkarlıq fəaliyyət görmək üçün şahidlər X7 və X2 şahidliyi ilə 220000 AZN qəbul etdi.

18. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xx.xx.2021-ci il tarixində şahidlərin iştirakı ilə Cavabdeh MMC-nin direktoru X5 220000 (iki yüz iyirmi min) manat pul vermiş və həmin şəxs iddiaçıya cavabdehin rəsmi möhürü ilə təsdiq edilən sənəd (protokol) verərək həmin miqdarda pulun ondan aldığını təsdiq etmişdir.

19. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci tarixli protokol imzalanaraq cavabdehin möhürü ilə təsdiq olunmuş, həmin protokol üzrə cavabdehin iddiaçıya, 220000 manat məbləğində borcu yaranmış cavabdeh iddiaçıya qeyd olunan borcu ödəməmişdir.

20. İddiaçının cavabdehdən öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Cavabdehin öhdəliyini yerinə yetirməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

21. Bundan başqa, cavabdehin nümayəndəsi başqa əqdi pərdələmək məqsədilə bağlanmış əqd olduğunu bildirdiyi halda, möhürün şirkətin möhürü olub-olmamasının məlum olmadığını bildirməsi anlaşılan deyildir.

22. Eyni zamanada birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh İddiaçı qarşı xx.xx.2021-ci il tarixli protokolun etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

23. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2470/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-818/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2470/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

24. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin 220000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə gəldiyi nəticə qanuni və ədalətlidir.

25. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2470/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar