Məhkəmə qərarları › İş №2-2(104)-118/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-118/2023

05.04.2023 · Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-118/2023 05.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-25/2023 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə Kommesiya Məhkəməsinə müraciət edərək, 1 ədəd “NewHolland TC-5050” markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 48 530 manat dəymiş maddi ziyanın və 200 manat mediasiya xərcinin-cəmi 48 730 manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-25/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin təmin edilməməsi qət edilmidir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-2-2(115)-25/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 01 iyun tarixli 02/00023885 nömrəli operativ lizinq müqaviləsinə əsasən bir ədəd “New-Holland TC5050” markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Yevlax Regional Nümayəndəliyinin istifadəsində olan və mexanizator Cavabdeh tərəfindən operativ lizinqə götürülmüş ********* şassi nömrəli “New-Holland TC-5050” markalı taxılyığan kombaynla Yevlax rayonunun Hacallı kəndinin ərazisində 2019-cu il 15 iyun tarixində biçin işlərini yerinə yetirərkən kombaynda yanğın baş vermiş və nəticədə texnika istifadəyə yararsız hala düşmüşdür. Bununla bağlı 2019-cu il 22 iyun tarixində Cəmiyyətin əməkdaşları tərəfindən texnikaya yerində baxış keçirilmiş və müvafiq qaydada akt tərtib edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunaraq təqdim olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, “New-Holland TC-5050” markalı taxılyığan kombaynın tam bərpası üçün 48 530,00 (qırx səkkiz min beş yüz otuz) manat dəymiş maddi ziyan hesablanmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, lizinq alanın həmin müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət vəsaiti hesabına alınmış və müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş “New- Holland TC-5050” markalı taxılyığan kombayna baxış keçirilmiş, nəticədə texnikaya 48530,0 manat məbləğində zərərin dəydiyi müəyyən olunmuş və tərtib olunmuş arayışa əsasən dövlət əmlakı olan texnikanın tam bərpa edilməsi üçün tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq hesablanmışdır. Belə ki, İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş maddi ziyanla bağlı arayış Cəmiyyətin peşəkar mütəxəssisləri, Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 30 oktyabr tarixli Sərəncamına əsasən Tərəqqi medalı ilə təltif edilmiş X3 və texnika elmləri namizədi X4 tərəfindən hazırlanmışdır. Lakin məhkəmə təqdim olunmuş arayışı sübut növü kimi qiymətləndirməmiş, dəymiş ziyanla bağlı tərtib olunmuş sənədlər diqqətə alınmamışdır. Məhkəmə qətnaməsində cavabdeh tərəfindən ziyan vurulduğu faktı qeyd edilsə də, dəymiş ziyanın məbləğini özündə əks etdirən arayışı mötəbər sübut kimi qiymətləndirməmişdir. Texnika cavabdehə 2019-cu il 01 iyun tarixində saz vəziyyətdə təhvil verilmişdir, bu zaman kəsiyində yanğın hadisəsinin baş verdiyi 2019cu il 15 iyun tarixədək yanğının qarşısının alınması və texnikanın bu kimi hadisədən qorumaq üçün cavabdeh qabaqlayıcı ehtiyat tədbirlər görməli olduğu halda onları görməmişdir. Belə ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğına Nəzarət İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş yanğın aktının ikinci bəndində texnikanın Cavabdeh tərəfindən nasaz vəziyyətdə istifadə etdiyi qeyd edilmişdir. Göründüyü kimi texnika 15 gün istifadə edilmiş, havanın temperaturu, texnikanın fasiləsiz işləməsi və s. kimi hallar nəzərə alınmayaraq, təlimata uyğun mütəmadi qulluqlar göstərilməmişdir. Cavabdehin texnikanın istismar təlimatlarında, tərəflər arasında bağlanmış müqavilə şərtlərində, yanğından mühafizə qaydalarının istifadəçi tərəfindən riayət olunmaması kimi hallar diqqətə çatdırılsa da, məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. Belə ki, texnikanın zavod istismar təlimatlarında yanğın təhlükəsizliyi ilə bağlı mühərrik və ətraf hissəsi tez alışan püfə və saman tullantılarından, eləcə də hava filtrinin mütəmadi təmizlənməsi göstərilmişdir. Məhkəmə yanğının baş vermə səbəblərini ehtimal olunan nəticələrlə əsaslandırmış, lakin cavabdeh tərəfindən təqsirli hərəkət və ya hərkətsizliyin yerinə yetirilməsinə dair məsələlər məhkəmənin diqqətinə çatdırılsa da, əhəmiyyət verilməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan hallara dair iddiaçının təqdim etdiyi sənədləri “mötəbər” sübut saymamış, zərərin yaranmasının əsasını təşkil edən Cəmiyyətin mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli əməli, hərəkəti və ya hərəkətsizliyinə dair məsələlər araşdırılmamış və sübut kimi qiymətləndirilməmişdir. Qətnamədə cavabdehə saz vəziyyətdə təhvil verilmiş kombaynın onun tərəfindən nasaz vəziyyətdə istifadə edildiyi faktı təsdiq edilsə də, yekunda gəlinən nəticə işin hallarına uyğun gəlmir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 01 iyun 2019-cu il tarixli 02/00023885 nömrəli operativ lizinq müqaviləsinə əsasən bir ədəd “New-Holland TC5050” markalı, 2014-cü ildə istehsal olunmuş taxılyığan kombayn Cavabdeh istifadəyə verilmişdir. İş materiallarında olan “New-Holland TC5050” markalı taxılyığan kombaynın lizinqə götürənə təhvil verilməsi barədə tərtib edilmiş Texniki vəziyyət haqqında xx.xx.2019-cu il tarixli, F00023885 nömrəli təhvil aktdından görünür ki, texnika saz vəziyyətdə bölmənin mexanizatoru Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 22 iyun 2019-cu il tarixli aktdan görünür ki, 01 iyun 2019-cu il tarixli 02/00023885 nömrəli operativ lizinq müqaviləsinə əsasən Cavabdeh istifadəsinə verilmiş “New-Holland TC5050” markalı taxılyığan kombaynda 15 iyun 2019-cu il tarixində Goranboy rayonu, Hacallı kəndində taxıl biçini zamanı yanğın baş vermişdir. Yanğından sonra kombayna baxış keçirilmiş, kombaynda qabaq və arxa təkərlər, ötürücü remenlər, hidravlik sistemin boruları, yağ çəlləyi, dizel çəlləyi, mühərrik, saman ötürən, hidravlik paylayıcı, taxılı boşaldan şnek, dən bunkeri, hava təmizləyici sistem, elektrik naqilləri və 2 ədəd akumlyatorlar yanaraq sıradan çıxmışdır. İş materiallarında olan 22 iyun 2019-cu il tarixli Yanğın haqqında aktda qeyd olunur ki, taxılyığan kombayn nasaz vəziyyətdə istismar olunmuşdur. İddiaçı ASC-nin Yevlax regional nümayəndəliyinə məxsus “New-Holland TC5050” markalı, 66K126 dövlət qeydiyyat nişanlı taxılyığan kombaynın 3 ədəd təkərləri, saman və taxıl vuran detalları mühərrikxana yanaraq yararsız hala düşmüşdür. Yanğından xəsarət alan olmamışdır. Həmin kombaynda baş vermiş yanğına səbəb kombaynın mühərrik hissəsindəki dinamonun elektrik naqillərində baş verən qısa qapanmanın olması güman olunur. Bu faktı İddiaçı ASCdən daxil olmuş xx.xx.2019-cu il tarixli 71 nömrəli məktub təsdiqləyir İş materiallarında olan “Ehtimal xərclər barədə” arayışdan görünür ki, “New-Holland TC5050” markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər 48530 manat müəyyən edilmişdir. İş materiallarında olan “Məhkəmə Ekspertiza Mərkəzi”-nin xx.xx.2022-ci il tarixli, 10/5919 nömrəli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatında göstərilir ki, 20 oktyabr 2022-ci il tarixdə tərəflərin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilmişdir. Baxış zamanı yanğın baş vermiş “New-Holland TC5050” markalı kombaynın hadisədən sonra ilkin vəziyyətdə saxlanılmadığı, yanğının baş verdiyi mühərrik bölməsində söküntü işlərinin aparıldığı, elektrik naqillərinin qalmadığı müəyyən edilmişdir. Bununla da, təqdiqat obyekti ilkin vəziyyətdə saxlanılmadığına görə tədqiqat aparılaraq rəyin verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 01 iyun tarixli 02/00023885 nömrəli operativ lizinq müqaviləsinə əsasən bir ədəd “New-Holland TC5050” markalı taxılyığan kombayn ona qısamüddətli istifadəyə verilmişdir. Yevlax Regional Nümayəndəliyinin istifadəsində olan və bölmənin mexanizatoru Cavabdeh tərəfindən operativ lizinqə götürülmüş ********* şassi nömrəli New-Holland TC-5050 markalı taxılyığan kombaynla Yevlax rayonunun Hacallı kəndinin ərazisində 2019-cu il 15 iyun tarixində biçin işlərini yerinə yetirərkən kombaynda yanğın baş vermiş və nəticədə texnika istifadəyə yararsız hala düşmüşdür. Bununla bağlı 2019-cu il 22 iyun tarixində Cəmiyyətin əməkdaşları tərəfindən texnikaya yerində baxış keçirilmiş və müvafiq qaydada akt tərtib edilmiş, həmçinin həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunaraq təqdim olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilərək “New-Holland TC-5050” markalı taxılyığan kombaynın tam bərpası üçün 48 530,00 (qırx səkkiz min beş yüz otuz) manat dəymiş maddi ziyan hesablanmışdır. Birincin instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyektini zərərin bütün növlərindən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Maddənin tələbindən göründüyü kimi lizinq alan llizinq obyektini risklərdən qorumalıdır, onu zərərə məruz qoya biləcək hərəkət və ya hərəkətsizliyə yol verdikdə məsuliyyət daşıyır. İşin hallarından göründüyü kimi hadisə günü kombayın yanğın təhlükəsi olan şəraitdə idarə edilməmiş, günorta saatlarında adi iş rejimində istismar olunmuşdur. Yanğının səbəblərini və fəsadlarını araşdıran və müəyyən edən orqanının gəldiyi nəticəyə görə yanğın hadisəsi kombaynın elektrik sistemində güman olunan qısaqapanma nəticəsində baş vermişdir. Məhkəmə qeyd edir ki, yanğın hadisəsinin baş vermə səbəbinin güman olunması məsuliyyətin yaranması üçün yetərli deyildir. Güman olunan fakt səbəb rolunu oynamır və təqsirin yaranması üçün kifayət etmir. Güman olunanlar sübuta yetirilməli və eyni zamanda bu faktla zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Əgər yanğın hadisəsi cavabdehin nəyi isə etməməsi səbəbindən baş vermişdirsə, onun nəyi etməli olması və bunu etməməsi aşkar şəkildə görünməlidir. Hərəkətsizlik etmiş şəxsin hərəkət etməyə sövq edən xüsusi əsaslar bəlli olmalıdır. Yalnız bu halda hərəkətsizlik hüquq pozuntusunun səbəbi kimi qəbul edilə bilər. Yanğının səbəblərini araşdıran və müəyyən edən orqanının tərtib etdiyi 22 iyun 2019-cu il tarixli Yanğın haqqında aktda göstərilir ki, texnika nasaz vəziyyətdə idarə edilmişdir. Lakin bu nasazlığın nədən ibarət olması açıqlanmır. Aydın məsələdir ki, hər bir nasazlıq yanğına səbəb ola bilməzdi. İddiaçı tərəfindən tərtib olunmuş və onun nümayəndəsinin imzası ilə təsdiq edilmiş texnikanın təhvil verilməsi barədə xx.xx.2019-cu il tarixli aktda göstərilir ki, 2014-cü ildə istehsal olunmuş taxılbiçən kombayn, o cümlədən onun elektrik avadanlıqları saz vəziyyətdə olmuşdur. Qeyd edildiyi kimi, kombayn 2014-cü ildə istehsal olunmuş və xx.xx.2019-cu il tarixə olan durumuna görə saz vəziyyətdə olmuşdur. Belə görünür ki, kombaynda qısaqapanmaya səbəb olan hal son 15 gün ərzində yaranmışdır. Bir halda ki, texnika 15 gün öncə saz vəziyyətdə təhvil verilmişdir, bu qısa zaman kəsiyində qısaqapanma hadisəsinin baş verməməsinin qarşısının alınması və texnikanın bu kimi hadisədən qorumaq üçün istifadəçinin hansı ehtiyat tədbirlər görməli olduğu halda onları görməməsi təqsirin yaranmasının kökündə dayanan məsələdir. Lakin iddiaçı bu barədə hər hansı bir dəlil təqdim edə bilməmişdir. Yanğının səbəblərini araşdıran və müəyyən edən orqanının tərtib etdiyi Yanğın haqqında aktdan göründüyü kimi yanğın hadisəsinin səbəbinin qısaqapanma olması da tam şəkildə müəyyən edilmir. Belə ki, aktın məzmunundan göründüyü kimi, yanğının qısaqapanma səbəbindən baş verməsi təyin deyil, güman olunur. Aktda qeyd olunanlardan görünür ki, yanğının səbəblərini araşdıran orqan belə gümana gələrkən öz araşdırması nəticəsində əldə etdiyi faktlara deyil, İddiaçı ASC-dən daxil olmuş xx.xx.2019-cu il tarixli 71 nömrəli məktubda göstərilənlərə istinad etmişdir. Məhkəmənin qənaətinə görə, zərərin ödənilməsi ilə bağlı tələbdə təqsirin mövcud olması olduqca mühüm şərtdir. Ona görə ki, zərər öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni ilk növbədə qanunsuz fəaliyyət və bu fəaliyyətlə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli əməli (hərəkəti və ya hərəkətsizliyi) dayandığı halda, o şəxsin məsuliyyəti yaranır və həmin şəxs zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlərə əsaslanmaqla irəli sürülən tələb əsaslı sayılmır. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin təmin edilməməsinə səbəb olur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 748-6.1-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC-nin Yevlax Regional nümayəndəliyinə məxsus “New-Holland TC5050” markalı, 66K126 dövlət qeydiyyat nişanlı taxılyığan kombayn həmin Regional nümayəndəliyin bölməsinin mexanizatoru bölmənin mexanizatoru Cavabdehma xx.xx.2019-cu il tarixdə lizinqə (istifadəyə) verilmiş, xx.xx.2019-cu il tarixdə biçin işləri görülərkən kombaynda yanğın hadisəsi baş vermiş, cavabdeh – mexanizator baş vermiş yanğın hadisəsi ilə bağlı yanğın söndürmə xidmətinə məlumat vermiş, sonuncunun müdaxiləsi nəticəsində yanğın söndürülmüş olsa da, texnikaya müəyyən ziyan dəymiş, yanğın söndürmə xidmətinin əməkdaşları tərəfindən yanğın hadisəsi ilə bağlı müvafiq akt tərtib edilmiş olsa da, yanğın hadisəsinin baş vermə səbəbini iddiaçı təşkilatın mütəxəssislərinin tərtib etdiyi arayışa istinad etməklə müəyyən etmişlər. Kombayn iddiaçının saxlanc yerinə – duracağına aparılmış, kombayn duracaqda olduğu müddətdə kombaynın mühərrikində söküntü işləri aparılmış və elektrik naqilləri tamamilə açılıb çıxarılmışdır. İddiaçı baş vermiş hadisədən uzun müddət – üç ilə yaxın vaxt keçdikdən sonra dəymiş maddi ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinə əlavə olunmuş sənədlərlə yanğın hadisəsinin baş vermə səbəbini və cavabdehin həmin yanğın hadisəsinin baş verməsində təqsirini müəyyən etmək mümkün olmadığına görə məhkəmə tərəfindən müvafiq ekspertiza təyin olunmuş, lakin yanğın hadisəsindən sonra kombaynda qeyd olunan dəyişikliklər edildiyindən yanğın hadisəssinin baş verməsi səbəbini müəyyən etmək mümkün olmamışdır. Beləliklə də həmin kombaynda yanğın hadisəsinin cavabdehin təqsiri üzündən baş verməsi sübuta yetirilməmişdir. Apellyasiya şikatərinin dəlillərində göstərilir ki, məhkəmə qətnaməsində cavabdeh tərəfindən ziyan vurulduğu faktı qeyd edilsə də, dəymiş ziyanın məbləğini özündə əks etdirən arayışı mötəbər sübut kimi qiymətləndirməmişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən qeyd olunan arayışı həqiqətən də mötəbər sübut kimi qəbul etməmişdir və məhkəmə kollegiyası da məhkəmənin həmin qənaəti ilə razılaşır. Çünki qeyd oluna arayış işin nəticəsinə maraqlı olan iddiaçı təşkilatın mütəxəssisləri tərəfindən verilmişdir və iddiaçı cavabdehin onlarla razılaşmadığını bildiyi halda mübahisənin həlli üçün uzun müddət məhkəməyə müraciət etməmiş, əvəzində kombaynın yanğından sonrakı ilkin vəziyyətdə saxlanmasını təmin etməyərək mühərrik hissəsində söküntü işləri aparmış, elektrik naqillərini isə tamamilə söküb çıxarmaqla yanğın hadisəsinin baş vermə səbəbinin müəyyən edilməsini mümkünsüz etmişdir. Apellyasiya şikayətinin “məhkəmə qətnaməsində cavabdeh tərəfindən ziyan vurulduğu faktı qeyd edilsə də” dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, qətnamənin məzmunundan ziyanın cavabdeh tərəfindən vurulduğu müəyyən olunmur. Kollegiya apellyasiya şikayətinin “məhkəmə yanğının baş vermə səbəblərini ehtimal olunan nəticələrlə əsaslandırmış, lakin cavabdeh tərəfindən təqsirli hərəkət və ya hərkətsizliyin yerinə yetirilməsinə dair məsələlər məhkəmənin diqqətinə çatdırılsa da, əhəmiyyət verilməmişdir” kimi dəlili ilə də razılaşmır. Kollegiya qeyd edir ki, hadisənin baş verməsində şəxsin təqsirinin müəyyən edilməsi ilk növbədə görülmüş tədbirlərin tezliyi ilə və hadisə yerinin (hazırkı halda yanğın baş vermiş kombaynın) ilkin vəziyyətinin qorunub saxlanmasından daha çox asılıdır. İddiaçı tərəfindən isə həmin şərtlərə əməl olunmamış, mübahisənin həlli üçün uzun müddət məhkəməyə müraciət olunmamaqla bərabər yanğın baş vermiş kombaynın yanğından sonrakı vəziyyətinin qorunub saxlanmasını da təmin etməmişdir. Beləliklə də kombaynda yanğın hadisəsinin bilavasitə cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Cavabdehin təqsiri məhkəməyə təqdim olunmuş sübutlarla təsdiq olunmadığına görə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri onun formal mülahizələridir və həmin dəlillər qanuni və əsaslı olan qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə də məhkəmə kollegiyası iş üzrə araşdırılmış sübutlar əsasında belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, həmin şikayətin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun olaraq çıxarılmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, mübahisələndirilən qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-25/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar