Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-133/2023 14.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh ASCyə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-35/2022 saylı qərardadından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh ASCyə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət sosial müdafiə fonduna ödənilməmiş 39897 manat 26 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 40000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin qeyd olunan borc məbləğindən müvafiq fonda 27039 manat 15 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ümumilikdə 40000 manat məbləğində siyahıya alınmış əmlakının açıq hərrac vasitəsi ilə satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 14 aprel 2022-ci il tarixli e-2-2(115)-35/2022 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddia təmin edilmişdir. Cavabdehin nümayəndəsi X1 01 mart 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-35/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir, eyni zamanda həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Ərizə onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022- ci il tarixli iş № e-2-2(115)-35/2022 saylı qətnaməsini onlar almamışdır. Məhkəmə prosesinin vaxtından xəbəri olmamışdır və məhkəmə prosesində iştirak etməmişdir. "xxxx" ASC xx.xx.2016-cı ildən fəaliyyətini dayandırmışdır və indi də işləmir. 2021-ci ilin may ayında (pandemiya dövründə) Gəncə Kommersiya Məhkəməsinə sənədləri göndərmək üçün Asan imza vasitəsi ilə elektron kabinet yaradıblar və sənədləri göndəriblər. Müəssisənin öz işçisi olmadığına görə bunu başqasından xahiş etmişlər. 2021-ci ilin may ayından sonra onlar nə Asan imzadan, nə də elektron kabinetdən istifadə etməmişlər. Belə bir zərurət də olmamışdır. xx.xx.2022-ci il tarixli iş № e-2- 2(115)-35/2022 saylı qətnamədən indi xəbər tutmuşlar. xx.xx.2023-cü il tarixində Gəncə Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək qətnaməni Apellyasiya şikayəti hazırlamaq üçün almaq istəyəndə onlara bildirmişlər ki, onlar iddia müddətini buraxmışlar, qəntnamə onların elektron kabinetinə göndərilib. Onlar elektron kabinetdən tək bircə dəfə Kommersiya Məhkəməsinə pandemiya dövründə sənəd göndərmək məqsədi ilə istifadə etmişlər. xx.xx.2023-cü ildə yeni Asan imza alaraq elektron kabinetdən istifadə etmək üçün başqalardan xahiş etməyə məcbur olmuşlar. Onlar belə qaydadan heç bir məlumatları olmamışdır. Onlara bunu heç kim deməyibidr. Digər bütün Məhkəmələr bildirişləri, qətnamələri kağızda verir. Hesab edirlər ki, onların apellyasiya şikayəti vermək hüququ pozulmuşdur. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-35/2022 saylı qərardadı ilə müddətin bərpa edilməsi barədə ərizə təmin edilərək Gəncə Kommersiya Məhkəməsinin 14 aprel 2022-ci il tarixli e-2-2(115)-35/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün cavabdehin nümayəndəsi X1 tərəfindən ötürülmüş prosessual müddət bərpa edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə qərardaddan şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-35/2022 saylı xx.xx.2022-ci tarixli qərardadının ləğv edilməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti nümayəndəsi X1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli e-2- 2(115)- 35/2022 saylı qətnamədən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi üçün ərizənin təmin edilməməsi və prosessual müddətin bərpa edilməsindən imtina edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 35/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadında məhkəmə ərizənin təmin edilməsi əsası kimi göstərmişdir ki, “hüquqi şəxsin fəaliyyət vəziyyəti müvəqqəti dayandırılmış və bu baxımdan müəssisənin fəaliyyət göstərməməsi səbəbi ilə cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə nəzarət etmək imkanı mümkün olmamışdır.” Aşağıdakı qeyd edilən hallara görə hesab edirlər ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-35/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadı əsassızdır və ləğv edilməlidir. Məhkəmə işə baxarkən sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış və nəticə də iş üzrə düzgün olmayan qənaətə gəlmişdir. Mülki Prosessual Məcəllənin 4.1ci maddəsinə əsasn bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-35/2022 saylı qərardadı iddiaçının mövcud qanunvericilikdə əks olunmuş hüquqi imkanlarının həyata keçirilməsinə maneə yaratmışdır, bu istiqamətdə olan funksiyalarını səmərəsiz etmişdir. Sözügedən qərardadda məhkəmə aktının (e-2-2(115)-35/2022 saylı qərardad) “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirildiyi və bu barədə məlumatın elektron sistem vasitəsilə məluamat verildiyi göstərilmişdir. Yəni işin faktiki halları ilə tam müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli qətnamənin mövcudluğundan cavabdeh cəmiyyətin nümayəndəsi məlumatlı olmuşdur. MPM-nin 135.5-ci maddəsinə əsasən kommersiya mübahisələri məhkəmə sənədlərin çatmış hesab edilməsini sənədin elektron kabinetdə yerləşdirilməsi ilə əlaqələndirmişdir. Bu hal təkzib edilməz faktdır. Lakin cavabdeh cəmiyyətin fəaliyyətinin aktiv olmaması halının apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpası üçün əsas götürməklə MPM-nin 135.5 və 135.8-ci maddələrinin dispozisiya şərtlərini pozmuşdur. Ümumiyyətlə mövcud məhkəmə praktikasında və qanunvericilikdə o hallar müddətin bərpası üçün əsas ola bilər ki, müddət ötürülməsi məsələsi şəxsdən asılı olmayan qarşısıalınmaz şəraitin nəticəsində olsun. Bu xüsusda sözügedən qətnamədən cavabdeh şəxsin nümayəndəsi üçün hər hansı qarşısıalınmaz şəraitin mövcudluğu istisna edilir. VM-nin 16.4-cü maddəsinə əsasən Məcəllənin 16.2 və 16.3-cü maddələrinə müvafiq olaraq arayış təqdim edən vergi ödəyicilərinin əmlakı və (və ya) torpağı olduqda əmlak və (və ya) torpaq vergisinin hesabatları bu Məcəllə müəyyən edilmiş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir. Bu mənada məhkəmə nəzərə almamışdır ki, cavabdehin fəaliyyətini müvəqqəti dayandırması o demək deyildir həmin şəxs tamamilə ləğv edilmişdir. Məhkəmə cavabdehin fəaliyyətinin müvəqqəti dayandırmasını, yəni hər hansı vergi mükələfiyyətləri üzrə (gəlir vergisi və.s) öhdəliyinin olmamasını onun elektron kabinetinə nəzarət etmək imkanının aradan qaldırması kimi xarakterzə etmiş, VM-nin 16.4-cü maddəsinin müqayisəli şəkildə tətbiq etməmişdir. Çünki normanın tətbiqindən görünür ki, fəaliyyətini dayandırmış vergi ödəyicisi əmlak və torpaq vergisinin tədiyəçisi olaraq qalır və bununla bağlı bəyannamələrini vergi orqanına təqdim etməlidir. Cavabdeh isə torpaq vergisinin ödəyicisi olmuşdur. Göründüyü kimi, cavabdeh müəyyən vergi növlərinin aktiv ödəyicisi olmuşdur. Yəni işin qeyd edilən hallarından görünür ki, məhkəmə səhv hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin 14 mart 2023-cü il tarixli e-2-2(115)-35/2022 saylı qərardadı və həmin qərardadla bağlı 17 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. İş materiallarında olan sənədlərdən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-35/2022 saylı qətnaməsi 14 aprel 2022-ci il tarixində iş üzrə tərəflərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilmiş və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada məlumat çatdırılmışdır. Cavabdeh apellyasiya şikayətini 01 mart 2023cü il tarixdə elektron qaydada Gəncə Kommersiya Məhkəməsinə göndərmiş, bununla da, apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemində hüquqi şəxsin vergi məlumatlarından əldə olunan məlumatdan görünür ki, hüquqi şəxsin fəaliyyət vəziyyəti müvəqqəti dayandırılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hüquqi şəxs fəaliyyətini dayandırdığından, müəssisənin fəaliyyət göstərməməsi səbəbi ilə cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə nəzarət etmək imkanı mümkün olmamışdır. Cavabdehin apellyasiya şikayəti verməklə məhkəmə müdafiəsi hüququndan istifadə etmək niyyətinin olması açıq-aşkardır. Bu hallar indiki dövrdə də aradan qaldırılmamış, cavabdehin fəaliyyəti hal-hazırdada müvəqqəti dayandırılma statusundadır. Məhkəmə qeyd edir ki, cavabdehin qətnaməni əldə etdikdən sonra hərəkətsiz qalmaması, yəni keçən zaman kəsiyində apellyasiya şikayəti verməsi cavabdehin hesab etdiyi pozulmuş hüquqlarını yuxarı məhkəmə insyansiyasında mübahisələndirmək niyyətinin olmasını ifadə etməsi buraxılmış prosessual müddətin bərpasına əsasdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin cavabdehin nümayəndəsi X1 tərəfindən buraxılması üzrlü hesab edilməli və bu müddət bərpa edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən də işdə olan “Elektron məhkəmə” informasiya sistemində hüquqi şəxsin vergi məlumatlarından əldə olunan məlumatdan görünür ki, hüquqi şəxsin fəaliyyət vəziyyəti müvəqqəti dayandırılmışdır. Belə olan halda həmin hüquqi şəxsin elektron kabinetinə daxil olan məlumatın elektron kabinetin məxsus olduğu şəxs tərəfindən izlənməməsi – oxunmaması mümkündür. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən sözügedən məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülmə səbəbini üzrlü hesab edərək bərpa etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsində göstərilir ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 14 mart 2023-cü il tarixli e-2-2(115)-35/2022 saylı qərardadı və həmin qərardadla bağlı 17 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 264, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 14 mart 2023-cü il tarixli e-2-2(115)-35/2022 saylı qərardadı və həmin qərardadla bağlı 17 mart 2023-cü il qərardadı dəyişdirilmədən saxlanılsın. İş apellyasiya şikayətinə baxılmasından ötrü kommersiya kollegiyasına verilməsi üçün məhkəmənin dəftərxanasına verilsin. Qərardad onun çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə biməz.
Məhkəmə qərarları › İş №2-2(104)-133/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-133/2023
14.04.2023 · Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver