Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-150/2025 26.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kommersiya işi üzrə QƏTNAMƏSİ Açar sözlər: əmlakın cavabdehin qanunsuz sahibliyindən geri alınması Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın cavabdehin qanunsuz sahibliyindən geri alınması” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1187/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X9 Qeydiyyatı haqqında şəhadətnamədən (VÖEN **********) görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatına alınmışdır.
2. İddiaçı MMC-nin təsisçisi Elşən Mehtiyevin xx.xx.2019-cu il tarixli, 01 nömrəli əmrindən görünür ki, İddiaçı MMC-nin direktoru vəzifəsinə X12 təyin edilmişdir.
3. İddiaçı MMC-nin təsisçisi Elşən Mehtiyevin xx.xx.2019-cu il tarixli, 01 nömrəli qərarından görünür ki, İddiaçı MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə X12 təyin edilmişdir.
4. X19 ilə İddiaçı arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, Tovuz rayonu, Qovlar qəsəbəsində yerləşən 966 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2039-cu il tarixədək icarəçinin istifadəsinə verilmişdir.
5. X6 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001/2019 saylı alğı-satqı müqaviləsindən görünür ki, 250 kv-lıq “X20” X2 İddiaçı MMC tərəfindən 18000 (on səkkiz min) manata alınmışdır.
6. xx.xx.2021-ci il tarixə İddiaçı MMC-nin inventarlar siyahısından görünür ki, 250KV gücündə dizel generatoru siyahının 5-ci sırasında qeyd edilmişdir.
7. “X3” 24 sentyabr 2024-cü il tarixli, 150 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən – Yem istehsalı müəssisəsinin ərazisində götürülmüş, Dizel mühərrikli, 250 kvt-lıq güçə malik Generatorun hazırkı real bazar qiyməti 25593 manat məbləğində müəyyən edilmişdir.
8. 08 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin iş üzrə izahatı alınmış X13 göstərmişdir ki, generatoru qardaşı Cabir deyil, o özünün evinə aparmışdır. Həmçinin izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, generator Elşənin yox Etibarındır. Bu səbəbdən zavod dayananda Etibar götürüb şəxsi əmlakı olduğu üçün evinə aparmışdır. Beləliklə, qərarla müəyyən edilmişdir ki, X13 ilə X12 şərikli olaraq yem sexi işlətmiş, daha sonra yem sexini işlədə bilməmiş, sexin fəaliyyətini dayandırmışlar. Yem sexinin fəaliyyəti dayandıqdan sonra şəriklər arasında borc üstündə və sexə qoyulan yatırımla bağlı mübahisə yaranmışdır. X13 yem sexində olan elektrik generatorunu X7 ona yaranmış borcu ilə bağlı götürmüş və həmin generatoru borcun ödənilməsi müqabilində götürdüyünə görə X8 əməli oğurluq və özbaşınalıq kimi qiymətləndirilə bilməz.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdə saxlanılan 250 kv-lıq, ESF200 DU Texniki №li “X16”–nın İddiaçı MMC-yə qaytarılması, İddiaçı MMC-nə 2 il ərzində avadanlığın dəyərinin 20%-i həcmində, yəni 2021-2022-ci maliyyə ili üzrə 3600 manat və 2022-2023-cü maliyyə ili üzrə 2160 manat, ümumilikdə 5760 manat həcmində dəymiş zərərin və ödənilmiş 100 manat dəyərində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçıya məxsus dəyəri qiymətləndirilə bilməyən dizel və qazla işləyən basınclı nasos, 1m3 plastik su çəni, elektrik şiti, dizel çəni, iki ayrıclı elektrik şiti və 3.2 və 6 mm-lik pellet disklər (2 ədəd) adda qurğuların İddiaçı MMC-yə qaytarılması, iddiaçıya məxsus dəyəri qiymətləndirilə bilməyən 150 kg-lıq elektron tərəzi (2 ədəd), açar dəsti (2 ədəd), divan, LG 82 ekran televizor, kassa aparatı, masa (3 ədəd), kreslo və stullar (8 ədəd) adda əşyaların İddiaçı MMC-yə qaytarılması, xx.xx.2019-cu il tarixli, 3M-256№-li icarə müqaviləsinə əsasən iddiaçının istifadəsində olan Tovuz rayonu, Qovlar qəsəbəsində yerləşən, 966 kv.metr olan qeyri-yaşayış binasına İddiaçı MMC-nin nümayəndələrinin giriş-çıxışına yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli, 3M-256№-li icarə müqaviləsinə əsasən Tovuz rayonu, Qovlar qəsəbəsində yerləşən, 966 kv.m. sahədən ibarət olan qeyri-yaşayış binası xx.xx.2039-cu il tarixədək, 20 (iyirmi) il müddətinə İddiaçı MMC-nin istifadəsinə verilmişdir. xx.xx.2019-cu il tarixli, 001/2019 saylı alğı-satqı müqaviləsindən aydın olur ki, 250 kv-lıq, ESF200 DU Texniki №li “X16” X2 İddiaçı MMCnin təsisçisi və direktoru X12 tərəfindən əqd əsasında 18000 manat dəyəri ilə alınmışdır. xx.xx.2021-ci il tarixli Cəmiyyətin inventarlar siyahısına əsasən sübuta yetirilir ki, 250 kvlıq, ESF200 DU Texniki №li “X16” İddiaçı MMC-yə məxsus olmuşdur. xx.xx.2022-ci il tarilxi cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda qeyd edilən xx.xx.2022-ci il taixli protokoldan, şahid ifadələrindən və arayışlardan aydın olur ki, yuxarıda qeyd edilən məsələlər mübahisələndirilmir və 250 kv-lıq, ESF200 DU Texniki №li “X16” İddiaçı MMCyə məxsusdur və onun inventarıdır. Belə ki, cavabdehlər Cavabdeh1 və X13 2021-ci ilin may ayında, İddiaçı MMC-yə məxsus 250 kv-lıq, ESF200 DU Texniki №li “X16”-nı cəmiyyətin istehsalat müəssisəsi olan Tovuz rayonu, Qovlar qəsəbəsində yerləşən, 966 kv.metr olan qeyri-yaşayış binasından iddiaçının məlumatı və icazəsi olmadan götürmüşlər. Dəfələrlə bununla bağlı müraciət və şikayətlər olunmasına baxmayaraq cavabdehlər təsisçisi və direktoru olduğu cəmiyyətə məxsus əşyanı geri qaytarmamışdır. Bununla bağlı sonuncu dəfə DİN-nin Tovuz Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı tərəfindən iş aparılmış və xx.xx.2022-ci il tarilxi cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Qərarda işin cinayət xarakterli olmadığı və mülki qaydada həll edilməli olduğu qeyd edilmişdir. Daha sonra icarə obyektinə baxış keçirilərkən məlum olmuşdur ki, cəmiyyətə məxsus dəyəri qiymətləndirilə bilməyən dizel və qazla işləyən basınclı nasos, 1m3 plastik su çəni, elektrik şiti, dizel çəni, iki ayrıclı elektrik şiti və 3.2 və 6 mm-lik pellet disklər (2 ədəd) artıq yerində deyildir. Həmçinin iddiaçıya məxsus ofis kimi istifadə edilən otaq talanmış və iddiaçıya məxsus dəyəri qiymətləndirilə bilməyən 150 kg-lıq elektron tərəzi (2 ədəd), açar dəsti (2 ədəd), divan, LG 82 ekran televizor, kassa aparatı, masa (3 ədəd), kreslo və stullar (8 ədəd) adda məhsullar da cavabdehlər tərəfindən götürülmüşdür. Belə ki, Cavabdeh1, İddiaçı MMC-yə məxsus qeyri yaşayış sahəsini və içərisində olan avadanlıqları digər şəxslərə öz əmlakı kimi təqdim etməklə onlara ortaqlıq təklif etməkdədir. İddiaçının pozulmuş hüquqları tamamilə məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdır.
11. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdə saxlanılan 250 kv-lıq, ESF200 DU Texniki №li “X16”–nın cavabdehdən alınaraq İddiaçı MMC-nə qaytarılmasına, bu mümkün olmayacağı təqdirdə isə eyni gücdə generatorun alınması üçün bugünki bazar dəyərinə uyğun olaraq 25593 manat pul vəsaitinin, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının nümayəndələri X12 və X4 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər.
13. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində ifadə verən X6 bildirmişdir ki, Gürcüstan Respublikasından generator gətirmişdir və Elşən Mehtiyevə alğısatqı müqaviləsi əsasında generator satmışdır. Generatoru 18000 manata satmağa razılaşmışlar. Generatorun dəyərindən 9500 manatı ödənilmiş, 8500 manatı isə ödənilməmiş qalmışdır. Həmin qalan məbləği isə hər ay alıcı ödəyir.
14. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
15. Gəncə Kommersiya Məhkəməsinin (hakim G.Quliyeva) xx.xx.2024-cü il tarixli, e- 2-2(115)-1187/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 1 ədəd 250 kv-luq X17, mövcud olmadıqda əmlakın dəyəri 18000 (on səkkiz min) manat pul və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun alınaraq İddiaçınə verilməsi, Cavabdeh2 44 (qırx dörd) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi və İddiaçındən 22 (iyirmi iki) manat 78 (yetmiş səkkiz) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
16. Məhkəmə həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 218.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh2 apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1187/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MMC-nin yerləşdiyi torpaq sahəsi və bina onların mülkiyyətində olmaqla, iddiaçının nümayəndəsi X14 ilə onlar birgə İddiaçı MMC-ni yaratmışdır. MMC-nin fəaliyyət göstərməsi üçün lazım olan bütün avadanlıqlar, ofis ləvazimatları, onlar tərəfindən və onların vəsaiti hesabına alınmışdır. Mübahisə predmeti olan 250 kv-lıq, ESF200 DU Texniki “X16”-nın alınması üçün ödəniləcək 18.000 manat məbləğin ödənilmiş 9500 manatını da, onlar ödəmişdir. X14 onların qarşılıqlı razılaşması ilə MMC-nin təsisçisi və direktoru kimi fəaliyyət göstərdiyinə görə, MMC-nin bütün sənədləşmələri onun adından aparılmışdır. Son vaxtlar onlarla X14 arasında narazılıqlar yaranmış, Elşən sənədlərin onun adına olmasından istifadə edərək, müəsissədəki əmlakların bir hissəsini özbaşına, onların xəbəri olmadan aparmışdır. Bununla əlaqədar polis şöbəsində də araşdırma aparılmış, müəyyən edilmişdir ki, onların arasında əmlak bölgüsü və iş birliyi dövründə xərclər və gəlirlərlə bağlı yaranmış mübahisə vardır. Elşən Verdiyev tərəfindən mübahisənin predmeti olan ESF200 DU Texniki “X16”-nın götürülüb satılması ehtimalı olduğuna görə, onlar məcbur olub Generatoru müvəqqəti götürüb başqa yerə qoymuşdur. X14 onlarla məsələni sülh yolu ilə yoluna qoya biləcəyi halda, MMC-nin onun adına olmasından sui-istifadə edərək, hazırki iddianı qaldırmış və məhkəmədə işin faktiki hallarını gizlədərək, yalnız öz xeyrinə olan halları göstərmişdir. Onlar məhkəmədə üzürlü səbəbdən iştirak edə bilmədiyinə görə, məhkəmə yalnız iddiaçının öz xeyrinə təqdim etdiyi dəlillərə əsaslanaraq qətnamə qəbul etmişdir. Ona görə də, hesab edirlər ki, onların apellyasiya şikayətinin dəlilləri əsasında, həmin qətnamənin ləğv edilməsi və işin faktik halları əsasında iddianın təmin edilməməsinə dair qətnamə çıxarılması mümkündür. Məhkəmə tərəfindən MM-nin 152.1,152.5,157.2-ci maddələrinə istinad edilsə də, həmin maddi hüquq normalarının tələbləri hazırki iş üzrə işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun müzakirə edilib, qiymət verilmədiyinə görə, hesab edirlər ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tədbiq edilməmişdir. İşin faktiki halları bölməsində qeyd etdikləri kimi qeyri-rəsmi və faktik şəriklər Elşən Mehdiyev MMC-nin təsisçisi və direktoru kimi rəsmiləşməsinə baxmayaraq, MMC-nin bütün əmlakı, o cümlədən 250 kv-lıq, ESF200 DU Texniki “X16”-ı onun mülkiyyətində deyildir. Yalnız sənədləşmə onun adınadır. MMC-nin yerləşdiyi bina və torpaq sahəsi onlara aid olduğuna görə və əmlakların dəyəri onlar tərəfindən ödənildiyi üçün, həmin əmlakların faktiki mülkiyyətçisi də onlardır. Göstərilənlərə əsasən hesab edirlər ki, işin faktiki halları tam aydınlaşdırılıb qiymət verilmədən, şablon maddi hüquq normalarını tədbiq etməklə, məhkəmə maddi hüquq normalarının tədbiqində səhvə yol vermişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat a) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1187/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X4 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1187/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası işin hallarına dair məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
27. İşin halları ilə müəyyən edilmişdir ki, X6 İddiaçı MMC ilə bağladığı alğı-satqı müqaviləsinə əsasən 1 ədəd 250 kv-luq X11 İddiaçı MMC-yə satmış, tərəflər generatorun qiymətini 18000 manata razılaşmışlar. İddiaçı MMC həmin məbləğin 9500 manatını ödəmiş, qalan məbləği isə hissə-hissə ödənilməsi ilə bağlı razılaşmışlar. İddiaçı MMC tərəfindən alınan generator X19 ilə İddiaçı MMC arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən İddiaçı MMC-nin istifadəsində olan Tovuz rayonu, Qovlar qəsəbəsində yerləşən 966 kv.m olan qeyri-yaşayış sahəsinə quraşdırılmış və cavabdeh X13 generatoru quraşdırıldığı qeyri-yaşayış sahəsindən götürmüşdür.
28. İddiaçı məhkəməyə iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək, cavabdehlərdə saxlanılan 250 kv-lıq, ESF200 DU Texniki №li “X16”–nın cavabdehdən alınaraq İddiaçı MMC-nə qaytarılmasına, bu mümkün olmayacağı təqdirdə isə eyni gücdə generatorun alınması üçün bugünki bazar dəyərinə uyğun olaraq 25593 manat pul vəsaitinin və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək, Cavabdeh2 1 ədəd 250 kv-luq X17, mövcud olmadıqda əmlakın dəyəri 18000 (on səkkiz min) manat pulun alınaraq İddiaçınə verilməsi qət edilmişdir.
29. Məhkəmə kollegiyası iddianın qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və əlavə olaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
30. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində bəyan edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə edilir. Buna görə də mülkiyyətin müdafiəsi konstitusion prinsipdir.
31. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyət hüququnun müdafiəsinin 3 üsulu mövcuddur: 1) Mülkiyyət hüququnun tanınması; 2) Özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; 3) Mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi.
33. Mülkiyyətçi bu üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir.
34. Hazırki iddia tələbinin hüquqi əsasını mülkiyyətdə olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının əmlakının cavabdehlərdən alınaraq geri qaytarılması, bu mümkün olmayacağı təqdirdə isə onun hazırki bazar dəyərinə uyğun dəyərinin ödənilməsi tələbi təşkil edir.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, bu cür iddianın irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1) iddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni bu cür iddiaya əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. 2) mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; 3) mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır.
36. Məhkəmə kollegiyası iddia tələbinin cavabdehdən ona məxsus X10 alınaraq ona verilməsi hissəsini Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbi baxımından əsaslı hesab edərək qeyd edir ki, hazırki iddia üzrə mübahisəli generatorun iddiaçıya məxsus olması halı ilə yanaşı, həm də həmin generatorun cavabdehin qanunsuz sahibliyində olmasına görə iddiaçının öz əmlakına faktiki sahiblikdən məhrum olması sübuta yetirilir.
37. Belə ki, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, İddiaçı MMC ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001/2019 nömrəli alğı-satqı müqaviləsinə əsasən, hazırda mübahisə predmeti olan 250 kv-luq X11 İddiaçı MMC-yə satılmışdır.
38. Həmçinin iş materiallarında olan 08 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla müəyyən olunur ki, həmin iş üzrə izahatı alınmış X13 generatoru qardaşı Cabir deyil, özünün götürdüyünü və evinə apardığını etiraf etmişdir.
39. Bundan əlavə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində də Elşən Verdiyev tərəfindən mübahisənin predmeti olan ESF200 DU Texniki “X16”-nın götürülüb satılması ehtimalı olduğuna görə, məcbur olub generatoru müvəqqəti götürüb başqa yerə qoyduğunu qeyd etmişdir.
40. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
41. Beləliklə müəyyən olunur ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbləri baxımından hazırki iddia üzrə mübahisəli generatorun iddiaçıya məxsus olması, həmin generatorun cavabdehin qanunsuz sahibliyində olması və bu səbəbdən iddiaçının öz əmlakına faktiki sahiblikdən məhrum olması iş materiallarında olan sübutlarla təsdiq olunmuşdur.
42. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəməyə ekspertiza rəyi təqdim edərək generatorun dəyərinin 25593 manat olduğunu bildirməklə əmlak olmadığı təqdirdə cavabdehdən həmin məbləğin tutulmasını xahiş etsə də, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, generatorun dəyəri alğı-satqı müqaviləsində qeyd edilmiş dəyərdə-18000 manat qiymətləndirilməli və əmlak naturada mövcud olmadıqda əmlakın dəyəri həmin məbləğdə cavabdeh X5 alınaraq iddaçıya ödənilməlidir.
43. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, onlar iddiaçının nümayəndəsi X14 ilə birgə İddiaçı MMC-ni yaratmış, MMC-nin fəaliyyət göstərməsi üçün lazım olan bütün avadanlıqlar, ofis ləvazimatları, o cümlədən mübahisəli generator onlar tərəfindən və onların vəsaiti hesabına alınmış, sadəcə Elşən Mehdiyev MMC-nin təsisçisi və direktoru kimi rəsmiləşdiyinə görə sənədləşmə işləri onun adına olmuşdur.
44. Apellyasiya şikayətinin göstərilən dəlilinə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin hüquqi şəxsdə hər hansı paya sahib olması və ya hər hansı formada iştirakı, bu səbəbdən də mübahisəli əmlakda müvafiq paya malik olması sənədlərlə öz təsdiqini tapmır, həmçinin bu halı təsdiq edən sübutlar məhkəmələrə təqdim olunmamışdır.
45. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında müəyyən edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
46. Bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
47. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
48. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəf mübahisəli əmlakın alınmasına onun tərəfindən hər hansı xərc çəkildiyini, iddiaçının ona borcu olduğunu iddia edirsə, bununla bağlı müstəqil tələblə məhkəməyə müraciət edə bilər.
50. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372- 376, 378-382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1187/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.