Məhkəmə qərarları › İş №2-2(104)-183/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-183/2023

04.08.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-183/2023 04.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, İddiaçı X3 Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2-2(115)-522/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı X6 Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən yazılan 90000 (doxsan min) manat borcun silinməsi və mediasiya xərci kimi ödənilən 400 manatın cavabdehdən alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(104)-300/2021 nömrəli qətnaməsi ilə Gəncə Kommersiya Məhkəməsinin 16 aprel 2019-cu il tarixli 2(044)-1469/2019 nömrəli qətnaməsi iddiaçı Cavabdeh İB-nin cavabdeh X4 qarşı 90000 (doxsan min) manat məbləğində dəymiş ziyanın ödənilməsinin təmin edilməməsi hissəsində dəyişdirlmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, X3 adına yazılan 90000 manat ziyan əsassızdır. Lakin buna baxmayaraq, həmin borc X3 abonent hesabında qalmaqdadır. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2-2(115)-522/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia təmin edilərək, Cavabdeh tərəfindən hesablanmış 90000 (doxsan min) manat borcun iddiaçı X3 abonent hesabından silinməsi, Cavabdehndən 400 (dörd yüz) manat mediasiya xərcinin tutularaq, iddiaçı X4, 360 (üç yüz altmış) manat dövlət rüsumunun isə tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: 19 aprel 2023-cü il tarixli abonent saldosundan görünür ki, abonent X4 2018-ci il iyun ayında akt əsasında 90000 (doxsan min) manat borc məbləği hesablanaraq abonent hesabında qeydə alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2011-cu il tarixli, 2(104)-300/2021 nömrəli qətnaməsindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2(044)-1469/2019 nömrəli qətnaməsi ilə Cavabdeh İstehsalat X1 qarşı təbii qazdan qanunsuz istifadəyə görə 90000 manat məbləğində dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, həmin qətnamədən Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməyərək, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2-2(115)-522/2023 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2-2(115)-522/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Birbaşa qoşulma halı aşkar olmasa da təqdim edilmiş sübutlar və bu barədə tərtib edilmiş sənədləşmələrlə həmin ünvanda sayğacdan kənar təbii qazdan qanunsuz istifadə faktı təsdiqini tapır. Belə olan halda isə qanunsuz istehlak edilmiş təbii qaz sərfi müəyyənləşdirilməklə ödəniş cavabdehdən tələb olunmaqdadır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə aparılmış bir neçə məhkəmə icraatları müddətində aparılmış geniş məhkəmə araşdırmasının yekunu olaraq 90000 manat dəymiş ziyan hesabatının hesabdan silinməsi hissəsində təmin edilməsi barədə qətnamə qət olunmuşdur. Hesab edirlər ki, bu məhkəmə tərəfindən işə qeyri-obyektiv yanaşmadır və araşdırmanın əsaslı deyil, səthi aparılmasından xəbər verir. Belə ki, iddiaçı tərəfin mütəxəssisləri tərəfindən ünvanda təbii qazdan qanunsuz istifadə faktı aşkarlanan zaman istixana mövsümü artıq başa çatdığından birbaşa istifadəyə dair sübut təqdim edilməsi mümkün olmamışdır. Ona görə də aşkarlanmış faktın tam sübuta yetirilməsi üçün əlavə sübutların və bu qismdə çıxış edən halların təqdiminə ehtiyac yaranmışdır. Məhkəmə icraatı müddətində zəruri hesab edilən belə hallardan biri barədə iddiaçı tərəfdən verilmiş vəsatət təmin edilməmişdir. Halbuki bu vəsatətin təmin olunması və iş üzrə ekspertiza təyin olunması işin hallarını sübut edən və reallığı özündə əks etdirən əsas vasitə idi. Çünki hal-hazırda abonent qeydiyyatı olmayan obyektdə pərakəndə satışdan əldə edilməsi mümkün olmayan təbii qazdan istifadə əsl həqiqətdə qeyri-mümkündür. Belə olan halda obyektdə quraşdırılmış qazanxanada və ayrı-ayrı komponentlərdə qazdan istifadə faktoru olmamalı idi. Reallıqda təbii qazdan istifadənin mümkünsüzlüyü nöqteyi-nəzərdən də məhkəmə icraatı müddətində iddiaçı tərəf təqdim edilmiş vəsatət əsasında istixananın qazanxanasında və ayrı-ayrı komponentlərində təbii qazdan istifadə edilib-edilməməsinin aydınlaşdırılması məqsədilə iş üzrə ekspertiza təyin olunması məhkəmədən xahiş olunmuşdur. Lakin məhkəmə həmin vəsatəti təmin etməyərək iş üzrə məhkəməyə qədər icrası mümkün olmayan əsl həqiqətin aşkarlanmasına bir növ mane olmuşdur. Hazırkı məhkəmə icraatı zamanı bu xüsusatlar nəzərə alınmamış iş üzrə təkrar icraat aparılmaqla qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə özünün ən vacib vəzifəsi olan həqiqətin müəyyən olunmasına elə özü maneçilik törətmişdir. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, iddiaçı Ağarza İbrahimovun adına qeydiyyatda olan istixanada 01 iyun 2018-ci il tarixdə aşkarlanmış təbii qazdan qanunsuz istifadə faktı təsdiqini tapmadığı üçün qeyd olunan məbləğ silinməli olan məbləğdir. Əslində isə məhkəmə iş materiallarını araşdırarkən mübahisə predmeti üzrə məhkəmə icraatının aparılmalı olduğu və qeyd olunan xüsusatları (iş üzrə ekspertizanın aparılması və.s) nəzərə alınmamışdır. Qeyd edilənlərdən aydın görünür ki, iddiaçı tərəfindən qaz xəttinə özbaşına müdaxilə etməklə qazdan qanunsuz istifadə nəticəsində qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 90000,00 (doxsan min) manat itirilmiş təbii qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Göründüyü kimi iş materiallarında yer alan sübutlara əsaslanaraq birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin təmin olunması xahiş olunmuşdur. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərələr məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh nümayəndələri tərəfindən iddiaçının istifadəsində olan istixanasından sayğacdan kənar qaz xətti aşkar olunması ilə əlaqədar 01 iyun 2018-ci il tarixli akt tərtib olunmuş və həmin akt əsasında vurulmuş zərər qismində 90000 manat borc məbləği iddiaçının abonent hesabına işlənmişdir. Həmçinin, Cavabdeh tərəfindən hazırkı iş üzrə iddiaçıya qarşı təbii qazdan qanunsuz istifadəyə görə 90000 manat məbləğində dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia qaldırılmış, lakin Gəncə Kommersiya Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2(044)-1469/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2011-cu il tarixli 2(104)-300/2021 nömrəli qətnaməsi ilə isə Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, qətnamə dəyişdirilmədən saxlanılmış və həmin qətnamə qanuni qüvvəsini almışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2011-cu il tarixli 2(104)-300/2021 nömrəli qətnaməsinin əsaslandırıcı hissəsindən görünür ki, iddiaçı X3 qanunsuz olaraq qazdan istifadə etməsi sübut olunmamışdır ki, iddia tələbi də məhz qeyd olunan əsasa görə rədd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdehin şikayətinin dəlilləri əsassız hesab olunaraq qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının sayğacdan kənar, qazdan qanunsuz istifadə etməsi faktı inkar olunmaqla, iddiaçının hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqdadır. Buna baxmayaraq, cavadbehin iddiaçının abonent hesabında qazdan qanunsuz istifadə qismində 90000 manat zərər qismində borc məbləğini qeyd etməsi əsassız hesab olunur ki, iddianı təmin etmiş birinci instansiya məhkəməsi də iş üzrə düzgün nəticəyə gəlmiş hesab olunur. Buna görə də Gəncə Kommersiya Məhkəməsinin 01 may 2023-cü il tarixli 2- 2(115)-522/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 01 may 2023-cü il tarixli 2-2(115)- 522/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2-2(115)-522/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2-2(115)-522/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar