Məhkəmə qərarları › İş №2-2(104)-200/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-200/2023

09.08.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-200/2023 09.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və "Gəncə Sukanal" Törəmə Səhmdar Cəmiyyətinə borcun silinməsi tələbinə dair Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2-2(115)-573/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2-2(115)-573/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və "Gəncə Sukanal" Törəmə Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı təsisçisi Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti tərəfindən su sərfinə və kanalizasiya xidmətinə görə “MY-WAY ”Hotelinə (abonent nömrəsi 80656) hesablanmış 4104 manat məbləğində borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq ünvan 1 ünvanında yerləşən “MY-WAY” Hoteli işlədir. Cavabdeh2 ASC ilə onun arasında bağlanmış müqaviləyə əsasən istehlakçı olaraq sudan istifadəyə görə obyektə su sayğacı quraşdırılmışdır. Bir müddət əvvəl ön ödəməli smart kart tipli su sayğacı qoyulmuşdur. Sahibkar kimi Nümayəndə oteldə sərf olunmuş su sərfinə və kanalizasiya xidmətinə görə vaxtlı-vaxtında xidmət haqlarını mövcud tariflərə uyğun ödəmişdir. Lakin sonradan “Gəncə Sukanal” TSC-nin əməkdaşları kənar xətdən istifadə edilməsini əsas gətirərək akt tərtib etmiş, sudan istifadəyə görə 2052 manat, çirkli suya görə isə 2052 manat borc yazmışdır. Yəni Cavabdeh2 ASC və “Gəncə Sukanal” TSC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixdə 600287 saylı aktda su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə etdiyi əsas gətirilərək 4104 manat məbləğində borcun tutulması qeyd edilmişdir. Əlavə sərfiyyat olaraq hesablanmış ümumilikdə 4104 manat borc tamamilə əsassız və qanunsuzdur. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı təsisçisi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsasızdır. Belə ki, obyektin və su sayğacının kimin adına olmasından asılı olmasına baxmayaraq borc yarandığı təqdirdə ödənilməsi obyektdən tələb edilir və indi olduğu kimi suyun verilməsi dayandırıldığı halda faktiki əziyyət çəkən sahibkar olur. Bu səbəbdən hazırda icrarəyə götürən olaraq onun sahibkar kimi fəaliyyətinin məhdudlaşdırılmasına gətirib çıxaran qətnamə qəbul edilmişdir. Yuxarıda sadalananlardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən, iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək, həmin şikayətin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 04 iyun 2018-ci il tarixli sərəncamından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı (keçmiş Sahil) küçəsindəki Park bulvarda yerləşən ərazisi 2026,6 kv.m olan torpaq sahəsində inşa olunmuş ümumi sahələri 408,1 kv.m-birinci mərtəbədən, 383,8 kv.m-ikinci mərtəbədən, 231,2 kv.m-zirzəmidən, 88,0 kv.mhəyət tikililərindən, həyətdə yüngül konstruksiyadan quraşdırılmış 104,0 kv.m-talvardan, 19,8 kv.m səhnədən, ümumi sahəsi 16,0 kv.m – dörd ədəd söhbətgahdan ibarət restoranotel binasının rəsmiləşdirilməsi, X2 adına qeydiyyata alınması, vətəndaşın mülkiyyət hüququnu təsdiq edən sənədlərlə təmin edilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 3 saylı ərazi idarəsinə tapşırılması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti ilə istehlakçı İ.Səfərov arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” 01 yanvar 2020-ci il tarixli 41101137 saylı müqavilədən görünür ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun olaraq məişət (təsərrüfat)-içməli və istehsalat məqsədli su ilə təmin etməyi və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, istehlakçı isə müəssisə tərəfindən göstərilmiş su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin xx.xx.2020ci il tarixdən qüvvəyə minməsi, xx.xx.2023-cü il tarixədək qüvvədə olması göstərilmişdir. İş materiallarında olan X3 ilə İddiaçı təsisçisi Nümayəndə arasında bağlanmış 14 oktyabr 2021-ci il tarixli 002 saylı icarə müqaviləsindən görünür ki, icarəyə verən X1 şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı (keçmiş Sahil) küçəsindəki Park bulvarda yerləşən ərazisi 2026,6 kv.m olan torpaq sahəsində inşa olunmuş ümumi sahələri 408,1 kv.m-birinci mərtəbədən, 383,8 kv.m-ikinci mərtəbədən, 231,2 kv.m-zirzəmidən, 88,0 kv.mhəyət tikililərindən, həyətdə yüngül konstruksiyadan quraşdırılmış 104,0 kv.m-talvardan, 19,8 kv.m-səhnədən, ümumi sahəsi 16,0 kv.m-dörd ədəd söhbətgahdan ibarət restoranotel binasını icarədarın istifadəsinə verməyi, icarədar isə müqavilənin şərtlərinə əsasən icarə obyektinin istifadəsinə görə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür İş materiallarında olan 15 oktyabr 2021-ci il tarixli “İcarə haqqının razılaşdırılması protokolun”dan görünür ki, icarəyə götürən icarəyə götürdüyü icarə obyektindən istifadəyə görə icarəyə verənə ƏDV daxil olmaqla aylıq 2000 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 15 avqust 2022-ci il tarixli 600287 saylı aktdan görünür ki, Cavabdeh2 ASC-nin “Gəncə Sukanal” TSC-nin AİŞ-nin nümayəndələri tərəfindən 15 avqust 2022-ci il tarixində Azərbaycan Bayrağı küçəsi ev 8 ünvanında yerləşən “MY WAY” otelin nümayəndəsinin iştirakı ilə obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və obyektdə 1 ədəd D=20 mm-lik su xəttindən və üzərində quraşdırılmış smart tipli elektron su sayğacından istifadə olunması, habelə obyektin D=20 mm-lik 218-lik boru vasitəsilə sudan sayğacdan kənar qeyri-qanuni istifadə olunması aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh2 ASC-nin “Gəncə Sukanal” TSC tərəfindən təqdim olunmuş qanunsuz istifadə fakturasından görünür ki, Azərbaycan Bayrağı küçəsi ev 8 ünvanında yerləşən kafeyə sudan istifadəyə görə 2052 manat, çirkli suya görə isə 2052 manat olmaqla ümumilkidə 4104 manat məbləğində borc yazılmışdır. Məhkəmə kollegiyasının iclasında işdəki sənədlər və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı (keçmiş Sahil) küçəsindəki Park bulvarda yerləşən və X2 adına qeydiyyata alınmış restoran-otel binasında sudan istifadə ilə bağlı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti ilə istehlakçı İ.Səfərov arasında 01 yanvar 2020-ci il tarixdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmışdır. X3 ilə İddiaçı təsisçisi Nümayəndə arasında 14 oktyabr 2021-ci il tarixdə icarə müqaviləsi bağlanmış və Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı (keçmiş Sahil) küçəsindəki Park bulvarda yerləşən restoran-otel binası ona icarəyə verilmişdir. 15 avqust 2022-ci il tarixdə Cavabdeh2 ASC-nin “Gəncə Sukanal” TSC-nin AİŞ-nin nümayəndələri tərəfindən Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi ev 8-də yerləşən “MY WAY” otelində yoxlama keçirilmiş, akt tərtib edilmiş və ümumilkidə 4104 manat məbləğində cərimə hesablanmışdır. İcarəsində restoran-otel binası olan İddiaçı MMC Cavabdeh2 ASC-yə və "Gəncə Sukanal" TSC-nə qarşı “MY WAY” otelinə hesablanmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin cavabdehlərlə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə olmamış, onlar arasında hər hansı bir öhdəlik münasibətləri mövcud deyildir. Hesablanmış cərimə isə yalnız otelin özünə aiddir ki, hazırkı iddia İddiaçı MMC tərəfindən qaldırıla bilməzdi. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “X7”nın 1.6-cı bəndinə əsasən STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. “X7”nın 7.4 və 7.5-ci bəndlərinə əsasən su təchizatı və kanalizasiya sisteminə qoşulmuş istehlakçıların istifadə etdiyi suyun həcmi su təchizatı xəttində quraşdırılmış suölçən cihaz vasitəsi ilə ölçülür. Su ölçən cihaz olmadıqda isə suyun həcmi əhali istehlakçılar üçün Azərbaycan Respublikası Tarif Şurası tərəfindən nəzərdə tutulmuş qaydada, qeyri-əhali istehlakçıları üçün isə sayğac quraşdırılanadək su təchizatı xəttinin qoşulma nöqtəsində və yaxud obyektin giriş hissəsində iç diametrindən (su buraxma qabiliyyətindən və ya “N” kəsiyindən) asılı olaraq normativ qaydada hesablama yolu ilə müəyyənləşdirilir. “Su təchizatı və tullantı sular haqqında” Azərbaycan Respublikasının Qanununun 61.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətin haqqının ödənilməsi üzrə istehlakçının vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərdən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. İşə əlavə edilmiş sənədlərdən göründüyü kimi tərəflər arasında müqavilə olmamış, İddiaçı MMC-nin hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququ olmamışdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya qeyd edir ki, iddiaçı yuxarıda qeyd olunan iddia ilə mübahisə ilə məhkəməyə müraciət etsə də, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Birinci instansiya məhkəməsi qətnaməsini iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırdığına görə apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-573/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar