Məhkəmə qərarları › İş №2-2(104)-25/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-25/2025

24.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-25/2025 24.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (üçüncü şəxslər: Kapital Bank ASC, X12) əmlakın qaytarılması və ya onun dəyərinin ödənilməsi tələbinə dair iş üzrə QƏTNAMƏ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “əmlakın qaytarılması və ya onun dəyərinin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-67/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. 2014-cü il 31 iyul tarixli 09 nömrəli kredit müqaviləsinə əsasən kreditor "xxxx" ASC müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə 875.000 manat məbləğində tranşlarla 60 ay müddətinə kreditin verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən kredit borcalana soyuducu anbarın alınıb quraşdırılması məqsədilə verilmişdir.

2. 2014-cü il 31 iyul tarixli 01/3 nömrəli ipoteka müqaviləsi ilə kredit müqaviləsinin təminatı kimi İddiaçı məxsus olan ünvan 1i ünvanında yerləşən 1,60576 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir.

3. 2014-cü il 3 sentyabr tarixli invoysa əsasən, İddiaçı soyutma sistemləri ilə bağlı “X16”şirkətinə 258.014,20 TL pul ödəmişdir.

4. Gömrük Bəyannamələri əsasında rəsmiləşdirilmiş ixrac və idxal əməliyyatları haqqında məlumata əsasən, İddiaçı 2014-cü il 20 oktyabr - 2014-cü il 23 oktyabr tarixlərində Türkiyə Respublikasından 126.562,57 ABŞ dolları dəyərində sökülmüş halda soyuducu və onun hissələrini idxal etmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2 noyabr 2016cı il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin İddiaçı qarşı pul tələbi üzrə tutmanın ipoteka ilə yüklü edilmiş Samux rayonunun Əhmədbəyli kəndində yerləşən 1,650576 ha torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamənin icrası qaydasında, sözügedən torpaq sahəsi 66.937,50 manat olmaqla bankın etibarnamə əsasında nümayəndəsi X10 tərəfindən əldə edilmişdir.

6. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış 2022-ci il 14 aprel tarixli AN- İN№ ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nə əsasən ünvan 1i ünvanında yerləşən 1,60576 ha torpaq sahəsi 87.000 manata Cavabdeh MMC-yə satılmışdır.

7. 2022-ci il 9 may tarixli ********** nömrəli çıxarışa əsasən Samux rayonunun Əhmədbəyli kəndində yerləşən 1,60676 ha torpaq sahəsi Cavabdeh MMC-nin xüsusi mülkiyyətindədir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsində quraşdırılmış özünə məxsus 4 ədəd soyuducu-dondurucu kameranın naturada, əmlakın naturada verilməsi mümkün olmadıqda onun ümumi dəyəri olan 126562,57 ABŞ dollarının və əmlakın torpaq sahəsində quraşdırılması üçün xərclənmiş 40000 manat, həmçinin dövlət rüsumu kimi ödəmiş olduğu 545 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2014-cü ildə fiziki şəxs kimi logistika mərkəzinin (soyuducu anbar) yaradılması yönümlü investisiya layihəsinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmişdir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ona 875 000 manat güzəştli kredit vəsaiti ayrılmışdır. Bununla əlaqədar "xxxx" ASC-nin Gəncə filialı ilə aralarında 31 iyul 2014-cü il tarixli 09 nömrəli kredit müqaviləsi bağlanmış və kreditin təminatı kimi mülkiyyət hüququ üzrə X9 məxsus olan ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsi banka ipoteka ilə yüklü edilmişdir. 04 sentyabr 2014-cü il tarixdə Türkiyə Respublikasının Antalya şəhərindən ümumi dəyəri 126562,57 ABŞ dolları olan, hər birinin tutumu 125 ton olan 4 ədəd soyuducu-dondurucu kamera (anbar) almışdır. Soyuducu-dondurucu kameraların pulunu "xxxx"da olan cari hesabından ona ayrılmış kredit məbləği hesabına ödəmişdir. Soyuducu-dondurucu kameraları bankda ipoteka ilə yüklü edilmiş X9 məxsus olan ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsində quraşdırmışdır. Soyuducudondurucu kameranın quraşdırılmasına 40000 manat pul xərcləmişdir. Lakin anbarı tam işə salıb gəlir əldə edə bilmədiyi üçün aldığı kredit vəsaitinə görə 6 ay güzəşt verildiyindən həmin müddət ərzində o yalnız faizləri ödəmişdir. Sonradan ödəmə qabiliyyəti olmadığından kredit üzrə ödənişlər edə bilməmişdir. Buna görə tutma ipoteka predmetinə yönələrək torpaq sahəsi bankın mülkiyyətinə keçmişdir. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış 14 aprel 2022-ci il tarixli AN-İN № ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nə əsasən ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsi 87 000 manata Cavabdeh MMC-yə satılmışdır. Lakin anbarlar ona məxsus olduğundan ona qaytarılmalı və ya dəyəri ödənilməlidir.

10. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" ASC-dən 14 aprel 2022-ci il tarixində dəyəri ödənilməklə əldə etdiyi əmlakda iddiaçıya məxsus soyuducu-dondurucu kamera mövcud deyildir. İddiaçı öz iddiasında haqlıdırsa, soyuducu-dondurucu kameraya aid müvafiq sənədləri təqdim etməlidir. Torpaq sahəsində yarımçıq anbar və tikililər mövcuddur. Əmlakın alqı-satqısı həyata keçirilən zaman əmlak üzərində üçüncü şəxsə aid bina, tikili və qurğuların olması cavabdehə bildirilməmişdir. Cavabdeh vicdanlı alıcıdır, torpaq sahəsini almazdan əvvəl iddiaçı ilə əlaqə saxlamış, əvvəllər iddiaçıya məxsus olmuş əmlakın artıq satışa çıxarıldığını və cavabdehin həmin əmlakı almaq niyyəti olduğunu bildirmiş, əmlaka dair hər hansı iddiası varsa, bildirməsini xahiş etmişdir. İddiaçı ona banka olan borclarını ödəyəcəyini və əmlakı geri qaytaracağını bildirmişdir. Bir müddət sonra bankın nümayəndəsi onunla əlaqə saxlayaraq, iddiaçıya verilmiş müddətin sona çatdığını, iddiaçının borcunu ödəmədiyini bildirmişdir. Bundan sonra 14 aprel 2022-ci il tarixində bankla torpaq sahəsinə dair alğısatqı müqaviləsi bağlanmışdır.

11. Cavabdeh hüquqi şəxsin rəhbəri X11 birinci instansiya məhkəməsində izahatında göstərmişdir ki, o, torpaq sahəsini anbarla birlikdə almışdır. Anbarların iddiaçıya aidiyyəti yoxdur, vergi idarəsinin məktubundan da göründüyü kimi, iddiaçı elə bir əmlaka sahib olmamışdır.

12. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 bildirmişdir ki, iddiaçı onun qohumudur. Etibarnamə əsasında iddiaçının sahibkarlıqla bağlı bir çox işlərini həyata keçirir. Mübahisəli anbarı iddiaçı Türkiyə Respublikasından almışdır. Həmin anbar uzun panellərdən ibarədir. Dəmir konstruksiyalarla yerə bərkidilmişdir. 2022-ci ilin aprel ayında iddiaçıya məxsus olan soyuducu anbarın yanında kənar şəxslər görmüş, həmin şəxslərdən orada nə iş gördüklərini soruşduqda, onlar əmlakı torpaq sahəsi ilə birlikdə aldıqlarını bildirmişlər. Sonra bank ilə əlaqə saxlamış, bank tərəfindən isə torpaq sahəsinin satıldığı bildirilmişdir. Bu barədə iddiaçıya məlumat vermişdir.

13. Dövlət Vergi Xidməti 12 nömrəli Ərazi Vergilər İdarəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 2022-ci il 2 dekabr tarixli məktubda göstərilmişdir ki, elektron uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma zamanı vergi ödəyicisi İddiaçı tərəfindən 2014-cü il ərzində soyuducu və ya dondurucu avadanlıqlar idxal edilməsinə baxmayaraq, vergi orqanına hər hansı məlumat (bəyannamə) təqdim edilmədiyi, beləliklə də vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə uyğun, idxal edilmiş malların dəyəri əsasında 2014-cü ilin İV rübü üzrə 1.985,51 manat sadələşdirilmiş vergi hesablandığı müəyyən olunmuşdur. Həmçinin 2015ci il 23 iyun tarixində İddiaçı məxsus ünvana baxış keçirilmiş, vergi ödəyicisinin hər hansı mal qalığının (əmlakının) olmadığı haqqında müvafiq akt tərtib edilmişdir. 2014-cü il 1 yanvar-2015-ci il 31 dekabr tarixləri ərzində vergi ödəyicisi tərəfindən vergi orqanına hər hansı bəyannamə təqdim edilmədiyi, aktiv və öhdəliklər barədə məlumatların olmaması səbəbilə müvafiq dövr üzrə bəyannamələrin təqdim olunması mümkün olmamışdır.

14. Məhkəmə tərəfindən təyin edilmiş mühəndis-texniki ekspertizası üzrə Azərbaycan Respuyblikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 25 iyun tarixli 10/756 nömrəli rəyinə əsasən, cavabdehə məxsus ünvan 1ində yerləşən 1,60676 ha torpaq sahəsində quraşdırılmış soyuducu anbarların torpaqla möhkəm bağlı olmadığı və həmin soyuducu anbarların təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olduğu müəyyən edilmişdir. Həmçinin rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınaraq, soyuducu anbarların daşınar əmlaka aid olduğu müəyyən edilmişdir.

15. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)- 67/2023 nömrəli qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbi təmin edilməmişdir.

16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, daşınar və daşınmaz əmlakların hüquqi rejimləri qanunvericilikdə fərqli olduğundan ilk növbədə mübahisəli əmlakın daşınar və ya daşınmaz olmasının müəyyən edilməsi mübahisənin həlli baxımından əhəmiyyətli olmuşdur. Bu məqsədlə mühəndis-texniki ekspertizası təyin edilmiş və tədqiqat aparmış ekspert rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq soyuducunu daşınar əmlak hesab etmişdir. Məhkəmə ekspert rəyi ilə bağlı qeyd etmişdir ki, əmlak daşınardırsa, daşınarsözünün mənasından başa düşüldüyü kimi, bu cür əşyanın, ən azından, hər hansı nəqliyyat vasitəsi ilə bir yerdən başqa yerə aparılması mümkün olmalıdır. Ekspert obyektə baxış keçirmiş, obyektin 17.5 metr enində, 26.5 metr uzunluğunda metal-beton konstruksiyadan ibarət və eyni zamanda üzərində dəmirdən dam örtüyünün olmasını müəyyən etmiş, lakin onu daşınar əşya saymışdır. Məhkəmə hesab etmişdir ki, eni 17.5 metr, uzunluğu 26.5 metr olan və eyni zamanda üzərində dəmir dam örtüyü olan, metal- beton konstruksiyalı bir obyektin bütöv şəkildə bir yerdən başqa yerə daşınması qeyri-mümkündür. Ekspert rəyində onu da göstərmişdir ki, beton dirəklər qurşadırılaraq araları hörülmüş, divarları suvanmış, üstünə beton tökülmüşdür, anker boltların üzərinə bolt-qayka ilə bərkidilməklə metal konstruksiya yığılmışdır. Ekspert, soyuducu anbarın qaynaq vasitələri ilə bərkidilən metal konstruksiyanın texnologiyaya uyğun şəkildə sökülməsini mümkün saymışdır. Rəydən açıq-aşkar görünür ki, soyuducu anbarın yalnız sökülməklə həmin yerdən götürülməsi mümkündür. Obyektin yerinin ekspert rəyində qeyd olunan üsulla dəyişdirilməsi soyuducu anbarın deyil, anbarın tikilməsində və quraşdırılmasında istifadə olunan materialların ayrı-ayrılıqda götürülməsi anlamını verir. Bir halda ki, soyuducu anbar sökülməklə götürülür, onun təyinatının pozulması və bununla da tənasübsüz zərərə məruz qalması halı qaçılmazdır. Qeyd olunanlara əsasən mübahisəli obyektin daşınmaz əmlak olması aşkara çıxır.Hazırkı iş üzrə iddiaçı və cavabdeh ipoteka müqaviləsində tərəf olmamışlar. Onagörə də qanunun ipoteka saxlayana və ipoteka qoyana aid müddəaları onlara şamil edilmir. Lakin işin belə bir halı da mövcuddur ki, "xxxx" ASC ipoteka saxlayan olmuş və torpaq sahəsini öz mülkiyyətinə qəbul etmiş olduğu vəziyyətdə cavabdehə satmışdır. İpoteka haqqında” Qanunun 53-cü maddəsində üçüncü şəxsə məxsus bina, tikili və ya qurğuların yerləşdiyi torpaq sahəsinin ipotekası ilə bağlı müddəalar yer almışdır. Həmin maddədə göstərilir ki, ipoteka qoyana deyil, başqa şəxsə məxsus olan binanın, tikilinin və ya qurğunun yerləşdiyi torpaq sahəsi ipoteka qoyulduğu halda, ipoteka saxlayan həmin sahəyə tutma yönəltdikdə və o satıldıqda, ipoteka qoyanın həmin şəxs barəsində hüquq və vəzifələri sahəni alana keçir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 240.2-ci maddələri də iddia tələbinin qanuni əsasının olmamasını göstərir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 135.4, 135.5, 157.8 və 240.2 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 51.1, 51.2 51.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

18. İddiaçı qətnamədən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş etmişdir.

Apellyasiya instansiyasında birinci icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

Apellyasiya şikayətinin dəlilləri

19. Birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, mübahisə predmeti olan soyuducu daşınar əşyadır, torpaqla möhkəm bağlı deyil və ondan ayrıla bilər. Torpaqdan ayrılması soyuducunun təyinatına heç bir zərər vurmayacaqdır. Məhkəmə soyuducunun daşınar deyil, daşınmaz əşya olması barədə gəldiyi nəticə yanlışdır. O, soyuducu anbarı ipoteka saxlayanın razılığı ilə torpaq sahəsində quraşdırmışdır. Belə ki, torpaq sahəsi məhz soyuducu anbar quraşdırmaq üçün götürdüyü kreditin təminatı kimi ipotakaya qoyulub. Həmçinin soyuducu üçün ödədiyi vəsait ipoteka saxlayan olan "xxxx" ASC-də olan hesabından ödənilmişdir. Buna görə ipoteka hüququ onun soyuducu anbarına şamil edilə bilməz. Bundan başqa cavabdeh tərəf torpaq sahəsi ilə birlikdə soyuducu anbarın da onun tərəfindən alınması barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi hazırki məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları aydınlaşdırmamışdır. Qeyd edilənlərə görə məhkəmənin həmin qətnaməsi ləğv edilməlidir.

20. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(104)-26/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və A.Hüseynzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-67/2023 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək Cavabdeh MMC-nin mülkiyyətində olan ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsində quraşdırılmış İddiaçı məxsus 4 ədəd soyuducu-dondurucu kamera naturada, əmlakın naturada verilməsi mümkün olmadıqda isə onun ümumi dəyəri olan 126562,57 ABŞ dolları, həmçinin dövlət rüsumu kimi ödəmiş olduğu 545 manat pul cavabdeh "xxxx" MMCdən alınaraq İddiaçı verilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, "xxxx"ASC tərəfindən kredit vəsaiti 1,60576 ha torpaq sahəsində soyuducu anbarın alınıb quraşdırılması məqsədi ilə verilmiş və borclu işin müəyyən hissəsini icra edərək soyuducu anbara aid avadanlıqları alıb müəyyən quraşdırma işlərini görmüşdür. Yəni soyuducu anbar kredit müqaviləsinin şərtlərinə uyğun olaraq və ipoteka saxlayanın razılığı ilə quraşdırılmış və həmin soyuducu anbar iddiaçıya məxsus əmlakdır. İşə üçüncü şəxs kimi cəlb edilmiş ipoteka qoyan da həmin əmlakın, yəni soyuducu anbarın iddiaçıya məxsus olduğunu təsdiq etmişdir. Belə olan halda ipoteka qoyanın özünə məxsus əmlakı ipoteka predmeti olmuş torpaq sahəsindən götürə və ya həmin əmlakdan məhdud istifadə hüququ (servitut) ilə istifadə edə bilər.24. İddianı əsassız hesab edən birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki,eni 17.5 metr, uzunluğu 26.5 metr olan və eyni zamanda üzərində dəmir dam örtüyü olan, metal-beton konstruksiyalı bir obyektin bütöv şəkildə bir yerdən başqa yerə daşınması qeyri-mümkündür, yəni həmin əmlak daşınmaz əmlakdır. Apellyasiya instansiyası məhkəməsi, məhkəmənin həmin mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, 1,60576 ha torpaq sahəsində soyuducu anbar borcverən, həm də ipoteka saxlayan "xxxx" ASC-nin investisiya layihəsinə və verilmiş kreditin təyinatına uyğun olaraq, yəni ipoteka saxlayanın razılığı ilə quraşdırılmışdır. İpoteka predmetinə tələb yönəldiyinə görə iddiaçının ipoteka predmeti olmuş torpaq sahəsindən özünə məxsus əmlakı götürmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh Samux rayonu Əhmədbəyli kəndində yerləşən 1,60576 ha torpaq sahəsində quraşdırılmış iddiaçıya məxsus 4 ədəd soyuducu-dondurucu kameranı dəyərini ödəmədən əldə etdiyinə görə, həmin əmlak naturada və yaxud onun dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.2,1091.1, 1091.2, 1092.1 və “İpoteka haqqında” Qanunun 49.1, 51.1, 51.2, 52ci maddələrinə istinadla əsaslandırmışdır.

23. Cavabdeh tərəfindən qətnamədən kassasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması xahiş edilmişdir.

Kassasiya instansiyasında icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri

Kassasiya şikayətinin dəlilləri

24. Mülki Məcəllənin 135.4-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.1-cimaddələri üzrə - ekspert əmlaka baxış keçirərkən daşınmaz əmlaka xas olan bütün əlamətləri aşkar etmişdir. Soyuducu anbarın yalnız sökülməklə həmin yerdən götürülməsi mümkün olduğu açıq-aşkar görünür. Odur ki, soyuducu anbarın sökülməklə götürülmə zamanı onun təyinatının pozulması və tənasübsüz zərər vurulması qaçılmazdır. Bu sadalananlar birinci instansiya məhkəməsində şahid qismində dindirilən X1 ifadəsində də təsdiq edilmiş, şahid ifadəsində bildirmişdir ki, həmin anbar uzun panellərdən ibarət dəmir konstruksiyalarla yerə bərkidilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan 464 kv.m olan əmlakın daşınar əmlak olması qənaətinə gəlmişdir.

25. “İpoteka haqqında” Qanunun 52 və 53-cü maddələri üzrə - apellyasiya instansiyasıməhkəməsi ipoteka predmeti üzərində hər hansı tikilinin aparılmasına bankın razılığı olduğunu qeyd etsə də, qanunvericiliyin qeyd edilən tələblərini nəzərə almadan qərar qəbul etmişdir. Belə ki, ipoteka predmeti üzərində hər hansı tikili ipoteka predmeti sayılır və həmin əmlaka tutma yönədildikdə tək ipoteka predmeti deyil, həmçinin onun üzərində olan tikili və ya qurğulara da şamil edilir. Hazırkı iş üzrə cavabdeh vicdanlı alıcı olaraq "xxxx" ASC ilə bağlanmış alğı-satqı müqaviləsinə əsasən ünvan 1ində yerləşən 1,60578 ha torpaq sahəsini 87.000 manata almışdır.

26. Eyni zamanda, apellyasiya məhkəməsi əmlakın real dəyərini araşdırmadan qərar qəbul etmişdir. Belə ki, Samux rayonunda 1,60578 ha torpaq sahəsinin qiymətinin 87.000 manat olması qeyri-mümkündür. Cavabdeh tərəfindən ödənilmiş 87.000 manat tək torpağın deyil, həmçinin onun üzərində olan tikililərin də qiymətidir. İpoteka predmeti olan əmlak “Kapital Bank “ASC-nin mülkiyyətinə keçmiş və 5 il sonra olduğu vəziyyətdə də cavabdehə satılmışdır. Bundan başqa, iddia predmeti olan əmlakın iddiaçı tərəfindən 2014-cü ildə Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal edilməsi barədə sübutlar təqdim edilmişdir. Birinci instansiya məhkəməsi həmin sübutları araşdırarkən, iddia predmeti olan əmlakın satıldığı və satışından vergi ödənildiyi məlum olmuşdur. Bu barədə 12 nömrəli Ərazi vergilər idarəsinin təqdim etdiyi arayış mövcuddur. Lakin apellyasiya məhkəməsi qərar qəbul edərkən cavabdehin təqdim etdiyi sübutlar və şahid ifadəsinə istinad etməmişdir.

27. MM-nin 182.2 və 182.3-cü maddələri üzrə - mübahisəli qurğunun tikintisi üçünalınan kreditə görə ipoteka qoyulan 5 ayrı torpaq sahəsindən biri də həmin mübahisəli qurğunun yelrəşdiyi torpaq sahəsidir. Sözügedən kredit borcu iddiaçı tərəfindən geri qaytarılmadığı üçün bank həmin torpaq sahəsinə tutma yönəltmiş və nəticədə hərracdan qurğunun yerləşdiyi torpaq sahəsi bankın mülkiyyətinə keçmiş və bununla da həmin torpaq sahəsi və üzərindəki qurğuya 5 ilə yaxın sahiblik etmişdir. Bank yalnız bundan sonra 5 ilə yaxındır özünün mülkiyyətində olan torpaq sahəsini üzərindəki qurğu ilə birlikdə hazırkı iş üzrə cavabdehə satmışdır. Göründüyü kimi cavabdeh bankdan torpaq sahəsini alarkən həmin torpaq sahəsi üzərindəki qurğu bankın faktiki sahibliyində olmuş və həmin torpaq sahəsi üzərindəki qurğuya olan vasitəsiz sahiblik iddiaçının iradəsi daxilində bankın əlinə keçmişdir. Aydın məsələdir ki, torpaq sahəsi üzərində tikilən mübahisəli qurğunun oğurlanması və ya iddiaçı tərəfindən itirilməsindən və ya həmin qurğu üzərində özbaşınalıq nəticəsində sahibliyin əldə olunmasından söhbət gedə bilməz. Yəni mövcud mübahisəli qurğuya olan vasitəsiz sahiblik iddiaçının iradəsi xaricində onun əlindən çıxmamışdır. Belə olan halda bank mülkiyyətində olan torpağı satarkən onun üzərində tikilən və bu səbəblə də bankın sahibliyində olan qurğu üzərində hüquq və səlahiyyəti olmasa belə, əldə edən alıcı (kassator) vicdanlı 3-cü şəxs olaraq qurğu üzərində də mülkiyyət hüququ əldə etmiş hesab olunur.

28. Bank qurğunun yerləşdiyi torpaq sahəsini hərracdan (aksiondan) satın almışdır.Hərracdan alınan əşyalar isə üçüncü şəxslərin hüquqlarından azad sayılırlar. Bank qurğunun yerləşdiyi torpaq sahəsini hərracdan satın aldıqdan 5 ilə yaxın müddət keçdikdən sonra alıcı kassatora satmışdır. Bu səbəblə alğı-satqı müqaviləsi etibarlıdır. İddiaçı alıcıya (kassator şirkətə) qarşı hər hansı bir hüquq irəli sürə bilməz.

29. MM-nin 135.1.1, 278, 468.1 və 469-cu maddələri, “İpoteka haqqında” Qanunun 7.1-ci maddələri üzrə - apellyasiya məhkəməsi “İpoteka haqqında” Qanunun 51.2-ci maddəsinə əsaslanmışdır. Halbuki həmin maddə ümumiyyətlə ləvazimatla bağlı mülki vəipoteka qanunvericiliyinin ümumi siteminə ziddir. Belə ki, sözügedən qurğu mahiyyət etibarilə ləvazimatdır. Qanunvericiliyə görə ləvazimat əksinə bir müqavilə şərti yoxdursa əsas əşyanın hüquqi müqəddəratına tabedir. Bu səbəblə də ipoteka hüququ torpaq üzərində olan ləvazimata da şamil edilir. İpoteka hüququnun qurğuya şamil edilmədiyi qəbul edilsə belə, yenə də kreditorun mübahisəli qurğu üzərində saxlama hüququ vardı. Bunun nəticəsi olaraq ipoteka saxlayanın qurğu üzərində qanundan irəli gələn girov hüququ mövcuddur. Qısacası kreditorun qurğunu satıb tələbini təmin etmə hüququ birbaşa qanunvericiliklə tənzimlənir. Əgər krediti alan krediti geri ödəməzsə kreditor tam səlahiyyətlidir ki, həmin qurğunu satıb tələbini təmin etsin. Banka ödənilməyən kreditin sırf bu qurğuya görə alınması və qurğunun yerləşdiyi torpaq sahəsinin də sırf bu məqsədlə alınan kreditə görə ipoteka ilə yüklü edilməsi, bankın həmin qurğu üzərində ödənilməyən kreditə görə saxlama hüququnun nə dərəcədə bariz olduğunu daha qəti şəkildə göstərir. Təsadüfi deyildir ki, qurğu bankın sahibliyində olduğu müddət ərzində iddiaçı iddia qaldırmamış, qurğunu tələb etməmişdir. Halbuki cavabdehə (3-cü şəxsə) qarşı irəli sürdüyü tələbi ilk olaraq banka qarşı irəli sürə bilərdi.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 54.1-ci maddəsi üzrə - İddiaçı və cavabdeh arasında hər hansı hüquqi bağlılıq yoxdur. Belə ki, iddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsinin təminatı olaraq ünvan 1ində yerləşən 1,60578 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İddiaçı bank qarşısında öhdəliklərini yerinə yetirmədiyinə görə bank tutmanı ipoteka predmetinə yönəltmiş və hərracdan bankın mülkiyyətinə keçmişdir. Vicdanlı alıcı olaraq cavabdeh əmlakı "xxxx" ASC-dən qanunvericiliyin tələbləri çərçivəsində alğı-satqı müqaviləsi əsasında öz mülkiyyətinə keçirmiş və müvafiq qaydada dövlət qeydiyyatına aldırmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilənlər nəzərə alınmamış, qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının xx.xx.2024cü il tarixli, 2-2(102)-325/2024 nömrəli qərarı ilə (sədrlik edən K.Abıyeva, hakimlər Z.Əliyev, Z.Babayev) kassasiya şikayəti qismən təmin olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 yanvar tarixli 2-2(104)-26/2024 nömrəli qətnaməsi qismən - iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsi, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

32. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanun daşınar əşyanın sahibinin əşyaya mülkiyyətçi hüququ ilə sahiblik etməsi prezumpsiyasını müəyyən edir. baxılan iş üzrə mübahisəli daşınar əşyalar hazırda cavabdeh MMC-nin mülkiyyətində olan torpaq sahəsində yerləşməklə onun sahibliyində olduğundan, MM-nin 166.1-ci maddəsinin tələbi baxımından sonuncunun mülkiyyətində olması ehtimal edilir. Bunun əksinə, iddiaçı həmin əşyaların onun mülkiyyətində olduğunu iddia etdiyindən, MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən bu halı sübuta yetirmək vəzifəsi onun üzərinə düşür. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu faktın təsdiqi üçün ilk növbədə iddiaçının həmin əşyalara mülkiyyət hüququnu həqiqi hüquq əsasında başqa şəxsə vermədiyi müəyyən olunmalıdır. Həmçinin Samux rayonunda 1,60578 ha torpaq sahəsinin qiymətinin 87.000 manattəşkil etməsinin qeyri-mümkün olması, ödənişin tək torpağa görə deyil, həm də onun üzərində olan tikililər (qurğular) üçün aparılması, Bankın mülkiyyətində olan torpaq sahəsini üzərindəki qurğu ilə birlikdə cavabdehə satmasına dair cavabdehin dəlillərinə düzgün hüquqi qiymət verilməsi, bunun üçün iş üzrə tərəflərlə yanaşı Bankın da mövqeyinin öyrənilməsi olduqca əhəmiyyətlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məqsədlə Bank iş üzrə müstəqil tələb irəli sürməyən üçünçü şəxs qismində cəlb edilsə də, məhkəmə iclasında iştirakı təmin edilməmişdir.

Apellyasiya instansiyasında ikinci icraat: Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

33. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçının həmin torpaq sahəsində yalnız sendvic panelləri qalmışdır. Soyuducu kameraların əsas hissələri motor və digər avadanlıqlar iddiaçıdadır. 126000 dollar bütün əmlakın dəyəridir. Onların torpaq sahəsində yalnız sendvic panellərı və metal konstruksiyalatı vardır. Daşına biləcək bütün avadanlıqlar hazırda iddiaçının özündədir. Torpaqda qalmış sendvic panellərin və dəmir konstruksiyanın və ya onların dəyərini tələb edirlər.

34. Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasnda izahatında bildirdi ki, ipoteka predmeti yalnız torpaq sahəsi olmuş, tələb ipoteka predmetinə yönəlmiş və hərracdan torpaq sahəsi əldə edilmişdir. Alıcı torpaq sahəsini almaq istədiyi zaman onlara bildirmişdir ki, o, həmin yarımcıq tikilidən istifadə edə bilər. Lakin ona bildirmişlər ki, onlar tərəfindən yalnız torpaq sahəsi satılır. Tərəfə tərəfimizdən torpaq sahəsi satılmışdır. Qiymətdə tikili nəzərə alınmamışdır. Bank torpağı icra şöbəsindən təhvil almışdır. İddiaçı tərəf bu prosesdə iştirak etməmişdir. İddiaçının narazılığı olmuş olsaydı onlara bildirə bilərdi. Qətnamə çıxan zaman torpağın dəyəri ilk olaraq 105000 manata qiymətləndirilmişdir. 67000 manat torpaq sahəsini balansa götürmüşlər və sonra 87000 manata satmışlar. Alıcı şifahi olaraq həmin yarımcıq tikilini almaq istədiyini bildirsə də onlar yalnız torpağı sata biləcəklərini bilrimişlər.

35. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclsının təxirə salınmasını xahiş etmiş, üçüncü şəxs X12 məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, cavabdeh tərəfin məhkəmə iclasında iştirak etməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üüçüncü şəxs X7 iştirakı olmadan baxmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

37. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edəbilər.

38. Maddə 166. Mülkiyyətin sahiblik əsasında ehtimal edilməsi 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçihüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur.

39. Maddə 181. Daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi əsasları 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçünmülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.... 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir.

40. Maddə 182. Vicdanlı əldə edən 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur.

41. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqqqazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanun

42. Maddə 51. İpoteka qoyanın bina, tikili və qurğularının yerləşdiyi torpaq sahəsinin ipotekası 51.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir. 51.2. Torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda ipoteka qoyan həmin bina, tikili və ya qurğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququ (servitut) əldə edir. Sahənin həmin hissəsindən istifadə şərtləri ipoteka qoyanla ipoteka saxlayanın sazişinə əsasən müəyyən edilir, mübahisələr isə məhkəmə qaydasında həll olunur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

Apellyasiya baxışının hədləri

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

54. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnaməni tam mübahisələndirir. Lakin Azərbayan Respublikasının Ali Məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini cavabdehdən 126562,57 ABŞ dolları pulun tutulması hissəsində ləğv edilmiş və həmin hissədə təkrar apellyasiya baxışına göndərmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını qismən, yəni cavabdehdən 126562,57 ABŞ dolları məbləğində pulun tutulması hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

56. İşin mübahisəsiz halıdır ki, 31 iyul 2014-cü il tarixli 09 nömrəli kredit müqaviləsinə əsasən kreditor "xxxx" ASC müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə 875.000 manat məbləğində tranşlarla 60 ay müddətinə kreditin verilməsini öhdəsinə götürmüşdür.

57. İşin faktiki hallarından görünür ki, iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq bir necə, o cümlədən 31 iyul 2014-cü il tarixli 01/3 nömrəli ipoteka müqaviləsi ilə kredit müqaviləsinin təminatı kimi üçüncü şəxs X9 məxsus olmuş ünvan 1i ünvanında yerləşən 1,60576 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir.

58. Bundan sonra 3 sentyabr 2014-cü il tarixli invoysa əsasən, İddiaçı soyutma sistemləri ilə bağlı “X16” şirkətinə 258.014,20 TL pul ödəmişdir.

59. Gömrük Bəyannamələri əsasında rəsmiləşdirilmiş ixrac və idxal əməliyyatları haqqında məlumata əsasən, İddiaçı 2014-cü il 20 oktyabr - 2014-cü il 23 oktyabr tarixlərində Türkiyə Respublikasından 126.562,57 ABŞ dolları dəyərində sökülmüş halda soyuducu və onun hissələrini idxal etmişdir.

60. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 noyabr 2016-cı il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin İddiaçı qarşı borcun tutulması və tutmanın digər ipoteka predmetləri ilə yanaş ipoteka ilə yüklü edilmiş Samux rayonunun Əhmədbəyli kəndində yerləşən 1,60576 ha torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamənin icrası qaydasında, sözügedən torpaq sahəsi 66.937,50 manat olmaqla bankın etibarnamə əsasında nümayəndəsi X10 tərəfindən əldə edilmişdir.

61. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış 14 aprel 2022-ci il tarixli AN- İN№ ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nə əsasən ünvan 1i ünvanında yerləşən 1,60576 ha torpaq sahəsi 87.000 manata Cavabdeh MMC-yə satılmışdır.

62. Hazırki halda iddiaçı ipoteka predmeti olmuş və tutma yönəldilmiş ünvan 1i ünvanında yerləşən 1,60576 ha torpaq sahəsində ona məxsus soyuducu anbar qurğularının olmasını iddia etmiş, bundan irəli gələrək mülkiyyətində olduğunu iddia etdiyi qurğuların qanunsuz sahiblikdən geri tələb etmişdir.

63. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və tərəflərin məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.

64. Məhkəmə kollegiyası hesab edir ki, birinci məhkəməsi hazırkı iddia tələbinin qanuni əsası kimi qətnaməsində maddi hüquq normalarına, o cümlədən MM-in 157.8-ci maddəsinə istinad etsə də, mübahisənin həllinə düzgün maddi hüquq normalarına tətbiq etməmişdir.

65. MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakınıgeri tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin mövcud olması zəruridir: 1) middiaçının əşyanın mülkiyyətçisi olması; 2) əşyanın cavabdehin sahibliyində olması; 3)cavabdehin əşyaya sahibliyinin qanunsuz olması.

66. Hazırkı iş üzrə mübahisəli əşyalar (soyuducu anbarlar) daşınar əşya olduğundan birinci dipozisiya şərtinin yoxlanılması zamanı mülki qanunvericiliyin daşınar əşyalar üzərində mülkiyyət hüququ ilə bağlı müvafiq normaları da nəzərdən keçirilməlidir.

67. Belə ki, MM-nin 166.1-ci maddəsinin tələbinə əsasən, daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur.

68. Qanun daşınar əşyanın sahibinin əşyaya mülkiyyətçi hüququ ilə sahiblik etməsi prezumpsiyasını müəyyən edir. Baxılan iş üzrə mübahisəli daşınar əşyalar hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşməklə onun sahibliyində olduğundan, MM-in 166.1-ci maddəsinin tələbi baxımından sonuncunun mülkiyyətində olması ehtimal edilir. Bunun əksinə, iddiaçı həmin əşyaların onun mülkiyyətində olduğunu iddia etdiyindən, MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən bu halı sübuta yetirmək vəzifəsi onun üzərinə düşür. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı bank qarşısında öhdəliklərini icra etmədiyindən banka borcu qalmış və borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə tələb ipoteka predmetlərinə yönəldilmişdir.

70. Birinci apellyasiya icraatı zamanı müəyyən edilmiş işin faktiki hallarından fərqli olaraq hazırki icraat zamanı müəyyən edilmişdir ki, iddiaçı və ipoteka qoyan torpaq sahəsini təhvil verərkən soyuducu anbarlalara bütün dəyərli hissələrini (qapı, pəncərə, mühərriklər və s.) götürmüşlər torpaq sahəsində yalnız sendvic panel və yerin təkinə bərkidilmiş dəmir konstruksiyalar qalmışdır.

71. Bu isə onu deməyə əsas verir ki, iddiaçının iddia etdiyi ləvazimatları ilə birgə əmlakın satın alınması dəyəri 126.562,57 ABŞ dolları olsa da, torpaq sahəsi bankın mülkiyyətinə keçdiyi zaman daşınar əşyanın bütün dəyərli hissələri götürülmüş və yerdə qalan panellərin dəyəri iddia olunan qədər deyildir. Bu hal iddiaçının vəkili tərəfindən etiraf edilmişdir. Görünür ki, qeyd edilən panellər həmin vaxt iddiaçıya lazım olmamış və onların varlığı iddiaçı üçün əhəmiyyət kəsb etməmişdir.

72. Belə ki, müəyyən olunduğu kimi, borc tələbi ipoteka predmetlərinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 noyabr 2016-cı il tarixli qətnaməsi əsasında yönəldilmiş, torpaq sahəsi xx.xx.2021-ci il tarixli aktla icra qurumu tərəfindən banka təhvil verilmiş, mübahisə predmeti olan torpaq sahəsi üzərində bankın mülkiyyət hüququ xx.xx.2020-ci il tariixdə dövlət qeydiyyatına alınmış və bank öz əmlakını cavabdehə xx.xx.2022-ci il tarixdə satmışdır.

73. İddiaçı torpaq sahəsində qalmış panellərlə bağlı uzun müddət keçməsinə baxmayaraq banka müraciət etməmiş və həmin əşları tələb etməmişdir.

74. Yuxarı instansiyası məhkəməsinin mövqeyinə uyğun "xxxx" ASC-nin mövqeyi öyrənilmiş və sonuncu 21 fevral 2025-ci il tarixli, 2025/199/4440 nömrəli məktubunda bildirmişdir ki, X3 hazırda "xxxx" ASC-yə kredit borcu mövcuddur, ipoteka ilə yüklü edilmiş əmlaklar hərrac keçirilməklə bankın hesabına keçirilmiş, əmlakların boşaldılması və qalıq borcunun ödənilməsi üzrə icra hərəkətləri aparılmışdır. Torpaq sahəsi üzrəsində soyuducu anbar mövcud olmamış və bununla bağlı hər hansı güzəşt nəzərdə tutulmamışdır. İpoteka ilə yüklü edilən torpaq sahəsi hərracda Banka təklif edilmiş, hərracın yekunlarına dair protokol və müqaviləyə əsasən 67 000 manata balansa götürülmüşdür. Torpaq sahəsi balansa götürülən zaman ərazidə soyuducu kamera olmamışdır, yalnız panellərdən ibarət konstruksiya tipli yarımtikili olmuşdur. Torpaq sahəsi 87 000 manata Cavabdeh MMC-yə satılmışdır. Qətnamə ilə torpaq sahəsinin qiyməti 105000 manat qiymətləndirilmişdir. İddiaçı satış qiymətini mübahisələndirməmişdir. Alğı-satqı müqaviləsi bağlanarkən alıcıya torpaq sahəsinin satıldığı bildirilmiş, alıcı torpaq sahəsi ilə birlikdə tikilinin əldə edilməsində marağı olduğunu bildirmişdir. Sözügedən torpaq sahəsində yarımtikilinin olub olmamasından asılı olmayaraq bank torpaq sahəsinin satılmasında marağı olmuşdur.

75. Göründüyü kimi cavabdeh torpaq sahəsini bankdan əldə etdiyi zaman torpaq sahəsi üzərində olan panellərdən ibarət yarımçıq tikilinin əldə edilməsində maraqlı olmuşdur. Bu isə torpaq sahəsini məhz üzərindəkilərə görə əldə edildiyinə dair cavabdehin dəlillərini təsdiq edir.

76. Torpaq sahəsinin banka məxsus olması üzərində olan daşınarların da banka məxsusluğu şübhə doğurmadığından və cavabdeh hazırki vəziyyətdə vicdanlı olduğundan ondan hər hansı əmlak və ya pul tələb edilə bilməz.

77. Sonda Bankın nümayəndəsnin torpaq sahəsinin 105000 manata məhkəmə tərəfindən qiymətləndirilməsi və torpaq sahəsinin dəyərinin artıq olması ilə bağlı dəlillə\rinə münasibətdə qeyd elunmalıdır ki, torpaq sahəsinin hərracdan satılması məqsədi ilə ona qoyulan qiymətin həqiqiliyi keçirilmiş hərracın nəticələri ilə təsdiq olunur.

78. Torpaq sahəsinin likvid dəyəri 105000 manat müəyyən edilməsinə baxmayaraq keçirimiş hərrac və 67000 manata torpaq sahəsinin banka təhvil verilməsi ona dəlalət edir ki, ipoteka predmeti olan torpağın bazar dəyəri o qədər olmamışdır.

79. Bankın alıcının olmaması səbəbindən ikinci hərracdan sonra dəyəri ikinci dəfə azaldılmış torpaq sahəsinin 67000 manata əldə edilməsi və 2 il sonra 87000 manata satılması ona dəlalət edir ki, torpaq sahəsinin real dəyəri o qədər olmamış və torpaq sahəsinin 87000 manata cavabdehə satılması onun göstərir ki, cavabdehə torpaq sahəsi satılarkən qiymətinə üzərindəkilərin də təsiri olmuşdur.

80. “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2020-ci il Konstitusiya Məhkəməsinin Plenum qərarında qeyd olunur ki, Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir... Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir.

81. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilənəmlakın qaytarılması və pulun tutulması hissəsində maddi hüquq normalarının düzgün tətbiq olunmaması əsası ilə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir.

82. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-67/2023 nömrəli qətnaməsi “4 ədəd soyuducu-dondurucu kameranın naturada, əmlakın naturada verilməsi mümkün olmadıqda isə onun ümumi dəyəri olan 126.562,57 ABŞ dollarının cavabdehdən tutulması” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdehin mülkiyyətində olan ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsində quraşdırılmış iddiaçıya məxsus 4 ədəd soyuducudondurucu kameranın naturada, əmlakın naturada verilməsi mümkün olmadıqda isə onun ümumi dəyəri olan 126.562,57 ABŞ dollarının tutulmasına” dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində İddiaçı tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar