Məhkəmə qərarları › İş №2-2(104)-273/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-273/2025

26.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-273/2025 26.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-861/2025 nömrəli qətnaməsindən nümayəndə Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 cavabdeh X2 qarşı “tütün qurutma məntəqəsinin boşaldaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh X1 Oguz rayonu Sincan kəndində 0,67 ha torpaq sahəsində yerləşən tütün qurutma məntəqəsindən çıxarılaraq İddiaçı1nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək cavabdehin əsl cavabdeh İddiaçı2 ilə əvəz olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 arasında bağlanılmış 26 mart 2024-cü il tarixli icarə müqaviləsi və ona əlavə edilmiş 05 dekabr 2024-ci il tarixli dəyişikliyin ləğv edilməsi, cavabdeh İddiaçı2 tərəfindən yaranmış olduğu qaz sərfiyyatına görə 18438,06 manat pulun tutularaq İddiaçı1nə ödənilməsi, iddia ərizəsinə və iddia tələbinin artılrılmasına görə ödənilmiş 250 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, cavabdeh İddiaçı2 Oğuz rayonu Sincan kəndində 0,67 ha torpaq sahəsində yerləşən tütün qurutma məntəqəsinin boşaldaraq İddiaçı1nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı2 cavabdeh İddiaçı1nə qarşı Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “X5” MMC-nin direktor vəzifəsinə təyin olumuş Emin Əsədov tərəfindən ikitərəfli icarə müqaviləsinin, birtərəfli qaydada ləğv edilməsi barədə ünvana göndərilmiş xəbərdarlığa əsas verən qərarın ləğv edilməsi, xx.xx.2024-cü il tarixli 03/01 saylı icarə müqaviləsinin və xx.xx.2024-cü il tarixdə əlavə və dəyişikliklər edilərək, tərəflar arasında imzalanaraq, xx.xx.2026-cı il tarixədək 2 (iki) il müddətinə uzadılmış ikitərəfli icarə müqaviləsinin qüvvədə saxlanılması və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı2 MMC-nin hesabına ödənilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 04 iyul 2025-ci il tarixli e-2-2(117)-631/2025 nömrəli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin icraatında olan “İddiaçı2 cavabdeh İddiaçı1nə qarşı “icarə müqaviləsinin qüvvədə saxlanılması” tələbinə dair” e2-2(117)- 631/2025 nömrəli iş, Gəncə Kommersiya Məhkəməsinin icraatında olan “İddiaçı1 cavabdeh İddiaçı2nə qarşı “tütün qurutma məntəqəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair” e-2-2(115)-861/2025 nömrəli işə birləşdirilməsi və mahiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Kommersiya Məhkəməsinin 31 iyul 2025-ci il tarixli e-2-2(115)-861/2025 nömrəli qərardadı ilə, İddiaçı2 cavabdeh İddiaçı1nə qarşı “icarə müqaviləsinin qüvvədə saxlanılması” tələbinə dair iddiası üzrə e-2-2(117)-631/2025 nömrəli kommersiya işi məhkəmənin icraatında olan İddiaçı1 cavabdeh X2 qarşı tütün qurutma məntəqəsinin boşaldaraq təhvil verilməsi tələbinə dair e-2-2(115)-861/2025 saylı kommersiya işinə birləşdirilməsi, birləşmiş işlərə e-2-2(115)-861/2025 nömrəsi verilməsi qərara alınmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-861/2025 nömrəli nömrəli qətnaməsi (hakim Ramiq Qələndərzadə) ilə, İddiaçı1 cavabdeh İddiaçı2nə qarşı icarə müqaviləsi və ona edilmiş dəyişikliyin ləğv edilməsi, tütün qurutma məntəqəsinin boşaldaraq təhvil verilməsi və sair tələbinə dair iddiası rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, İddiaçı2 cavabdeh İddiaçı1nə qarşı “icarə müqaviləsi və ona əlavənin qüvvədə saxlanılması” tələbinə dair iddiası rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan nümayəndə Vəkil apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, nümayəndə Vəkil tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş elektron formada tərtib edilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla, Həmin Məcəlləsinin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, nümayəndə Vəkil tərəfindən “AZEMİS” – Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə təqdim edilən elektron formatda tərtib edilmiş apellyasiya şikayətində “1. Apellyasiya şikayəti verən şəxs” hissəsində şikayət verən şəxsin əsas məlumatları – soyadı, adı, atasının adı, şəxsiyyətini eyniləşdirməyə imkan verən digər göstəricilər, yaşayış və ya qeydiyyat ünvanı, eləcə də işdə prosessual vəziyyəti ümumiyyətlə göstərilməmişdir. Bu məlumatların göstərilməsi MPM-in 361.1.2-ci maddəsinə əsasən məcburi şərtdir. Onların olmaması şikayətin forma və məzmun baxımından məcəllə tələblərinə uyğun olmaması deməkdir. Nəticə etibarilə, nümayəndənin təqdim etdiyi apellyasiya şikayətində mövcud olan çatışmazlıqlar həmin şikayətin mahiyyəti üzrə baxılmasına imkan vermir və bu hal qanunvericiliyə görə şikayətin qaytarılması üçün əsas yaradır. Bundan əlavə, məhkəmə qeyd edir ki, nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsinə dair sübut təqdim edilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. 8.2-ci maddəsinə görə, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində İddiaçı1 MMCnin cavabdeh İddiaçı2 MMC-yə qarşı “icarə müqaviləsinin və ona edilmiş əlavənin ləğvi, tütün qurutma məntəqəsinin boşaldılıb təhvil verilməsi və ödənilmiş dövlət rüsumunun geri qaytarılması” tələbləri üzrə iddia, eyni zamanda İddiaçı2 MMC-nin “icarə müqaviləsinin və ona əlavələrin qüvvədə saxlanılması” tələbinə dair qarşı iddiası bir icraatda birləşdirilmiş və birgə baxılmışdır. Nəticə etibarilə, apellyasiya şikayəti də məhz birləşdirilmiş iş üzrə verilmişdir və bu halda dövlət rüsumu hər iki iddianın qiymətinə uyğun olaraq hesablanmalı idi. İddiaçı1 MMC-nin cavabdeh İddiaçı2 MMC-yə qarşı: – xx.xx.2024 tarixli icarə müqaviləsi və xx.xx.2024 tarixli əlavə və dəyişikliklərin ləğvi, – 18.438,06 manat borcun tutulması, Belə olan halda məhkəmə qeyd edir ki, iddianın məhkəməyə verilməsi üçün borcun tutulmasına dar iddianın qiymətinə mütənasib olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 145,31 manat təşkil edir. İddiaçı2 MMC-nin cavabdeh İddiaçı1 MMC-yə qarşı: – icarə müqaviləsinin və ona əlavələrin qüvvədə saxlanılması, – dövlət rüsumunun ödənilməsi tələbləri. Məhkəmə göstərir ki, iddianın məhkəməyə verilməsi üçün hazırki iddiası qiymətləndirilməyən iddia olduğu üçün 100 manat təşkil edir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Bu halda, 8.6-cı maddənin tələbi tətbiq edilməklə dövlət rüsumu 8.1-ci maddəyə uyğun hesablanmalı və yarı miqdarda (50%) ödənilməlidir. Göründüyü kimi, nümayəndə apellyasiya şikayətinin verilməsinə görə 245,31 manatın 50 faizi, yəni 122,65 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, cəmi 50 manat məbləğində ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, nümayəndə tərəfindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməmiş, habelə apellyasiya şikayətin verilməsi üçün qanunla tələb olunan dövlət rüsumunu tam ödəməmiş, birinci instansiya məhkəməsi isə şikayəti Mülki Prosessual cəllənin 361-ci və 363.1.2-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 361, 363.1.1-1 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-861/2025 nömrəli qətnaməsindən nümayəndə Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və apellyasiya şikayət hüquqi qiymət verilməsi üçün mülki işlə birlikdə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar