Məhkəmə qərarları › İş №2-2(104)-77/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-77/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-77/2024 18.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 və cavabdehlər Cavabdeh1, Cavabdeh4, X4 və X1 etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-176/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: 2014-cü il 28 avqust tarixli 12-SKMF-3-0-987-14 nömrəli kredit limiti müqaviləsindən görünür ki, bu müqavilə və yaxud gələcəkdə bağlanacaq əlavə kredit müqavilələri ilə müəyyən olunacaq ümumilikdə 15.000 manat məbləğində və ya kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya AVRO ekvivalentində, 72 ay müddətinə borcverən – "xxxx" ASC borcalan Cavabdeh1 kredit limitinin ayrılmasını öhdəsinə götürmüşdür. 2015-ci il 23 oktyabr tarixli 12-SKMF-4-0-578-14 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, borcalan – Cavabdeh1 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 2015-ci il 23 oktyabr tarixli 12-SKMF-4-0-578-15 nömrəli zaminlik müqavilələrindən görünür ki, əsas müqavilənin təminatı kimi Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. 28 avqust 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, 28 avqust 2014-cü il tarixli, 12-SKMF-3-0-987-14 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus olan Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən 2 otaqlı, 76,5 kv.m yaşayış, 36,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,15 ha torpaq sahəsi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən 2 otaqlı 76,5 kv.m yaşayış, 36,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,15 ha torpaq sahəsi "Nikoyl” İKB-nın xeyrinə yüklü edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı lə təyin olunmuş əmlakın qiymətləndirilməsi ekspertizasının nəticəsi olaraq təqdim edilən ekspert rəyində əmlakın likvid dəyəri 19.000 manat qeyd olunmuşdur. 2020-ci il 24 sentyabr tarixli maliyyə arayışının surətindən görünür ki, 2014-cü il 28 avqust tarixli kredit müqaviləsi üzrə əsas borc 14.900 manat, faiz borcu 2.228,52 manat, cərimə borcu 5.853,27 manat, müqavilə müddəti üçün hesablanmış faiz 1.414,6 manat, cəmi 24.396,39 manat təşkil etmişdir Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC-nin (bundan sonra – “iddiaçı”) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 və Cavabdeh4 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayırlıqda müvafiq olaraq “Cavabdeh1”, “Cavabdeh2”, “Cavabdeh3”, “Z.Rüstəmova” və “Cavabdeh4”) qarşı 2020-ci il 30 sentyabr tarixində məhkəməyə müraciət edərək cavabdehlərdən iddiaçının xeyrinə 2015-ci il 23 oktyabr tarixli kredit müqaviləsi üzrə 14.900 manat əsas, 2.228,52 manat faiz və 5.853,27 manat cərimə borcu, kredit müqaviləsi üzrə 2018-ci il 30 oktyabr tarixindən 2020-ci il 24 sentyabr tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 1.414,6 manat əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 24.396,39 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinin daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, MirzəxanQaraqoyunlu kəndində yerləşən 2 otaqlı, 76,5 kv.m yaşayış, 36,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,15 ha torpaq sahəsinə (bundan sonra – “ipoteka qoyulmuş ev və torpaq”) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun ipoteka qoyulmuş ev və torpağın hərracda satıldıqdan sonra əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin ev və torpaq tutma yönəldildikdən və satıldıqdan bir ay sonra cavabdehlərin həmin evə və torpağa olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin həmin evdən çıxarılmaları, həmin evin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 28 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 6%-lə 72 ay müddətinə 15 000 manat kredit götürmüşdür, 23 oktyabr 2015-ci il traixli əlavə kredit müqaviləsinə əsasən kredit müddəti 36 ay müəyyən edilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 məxsus olan Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən 2 otaqlı, 76,5 kv.metr yaşayış, 36,1 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,15 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Habelə, Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bank üzərinə düşən öhdəliyi icra etsə də lakin borclu öhdəlikləri pozaraq pulu ödəməkdən boyun qaçırır. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(115)-176/2022 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 23 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 14900 manat əsas borc, 2228,52 manat faiz, 750 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1414,60 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 19293,39 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, borc tələbinin ipoteka qoyulmuş əmlakın likvid dəyəri 19 000 manat olan Cavabdeh1 məxsus Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən, 2 otaqlı, 46,5 kv.m yaşayış, 36,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0.15 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka qoyulmuş, Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən, 2 otaqlı, 46,5 kv.m yaşayış, 36,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0.15 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla əmlakın boşaldılması, iş üzrə 150 (yüz əlli) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, CİF 2180350, benefisiar bank "xxxx" ASC-nin Mingəçevir şəhəri filialı, filial kodu 200297, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501 **********1944, benefisiar hesab AZ51AİİB400800C**********129, VÖEN ********** saylı hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 28 avqust 2014-cü il tarixli kredit limiti müqaviləsinə əsasən "xxxx" ("xxxx") ASC borcalana 15 000 manat məbləğində 72 ay müddətinə kredit limiti ayırmağı öhdəsinə götürmüş, 23 oktyabr 2015-ci il traixli əlavə kredit müqaviləsinə əsasən borcluya illik 6 faizlə 36 ay müddətinə 15 000 manat kredit vermişdir. Kreditin qaytarılmasının təminatı kimi Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmış, habelə Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən 2 otaqlı, 76,5 kv.metr yaşayış, 36,1 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,15 ha torpaq sahəsi "xxxx" İKB-nın xeyrinə yüklü edilmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehlər müqavilə öhdəliyini lazımi qaydada icra etməmişlər. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən, qalan hissədə isə tam təmin edilməlidir. Apellyasiya instansiya məhkəməsində birinci icraat Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-176/2022 saylı qətnaməsinin ləğv edilərək əmtəəşünaslıq və mühasibatlıq ekspertizası keçirilməklə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız, ədalətsiz, qeyriobyektiv, düzgün olmayan qətnamədir. Məhkəmə qarşı tərəfin marağına uyğun qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi işin hallarına və normativ hüquqi aktların tələblərinə istinad etmədən, araşdırmalı olduğu halları araşdırmamış və qarşı tərəfin xeyrinə qətnamə qəbul etmişdir. Belə ki, İddiaçı ASC cavabdehə qarşı hazırkı iddia ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsini xahiş etmiş, Gəncə Kommersiya Məhkəməsi də xx.xx.2022-ci il tarixli, 2-2(115)-176/2022 saylı qətnamə qəbul edərək İddiaçı ASC-nin iddiasını qismən təmin etmişdir. Həmin qətnamədən narazıdır. Belə, ki, o, İ qrup əlildir. Məhkəmə işə baxarkən mühasibatlıq və əmtəəşünaslıq ekspertizası təyin etməyib. Onun əlilliyini nəzərə almayıb. Hesab edir ki, Gəncə Kommersiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mühasibatlıq və əmtəəşünaslıq ekspertizası keçirilməklə əsassız yazılan borc və faiz bütünlüklə silinərək yeni qətnamə çıxarılmalıdır. Belə olduğu halda belə bir iddianın tələb edildiyi kimi təmin edilməsi əsassızdır. Belə ki, bank faizə faiz hesablamış, borclu olduqları pulu şişirdərək yuxarı məbləğdə pul verilməsi qət edilmişdir. Necə olur ki həmin tarixdə evə aşağı qiymət qoyulur, pulun üstə faiz gəlinir, amma evlə bağlı əmtəəşünaslıq ekspertizası təyin edilmir. Göründüyü kimi hər bir vaxt bankların xeyrinə qətnamə çıxarılır. Hesab edir ki, Gəncə Kommersiya məhkəməsinin qətnaməsi ləğv edilərək mühasibatlıq və əmtəşünaslıq ekspertizası təyin edilməsi zəruridir. Belə ki, əsas borcdan çox əsassız faiz hesablanmışdır. Hakim isə həmin hissəni diqqətdən kənar saxlamışdır . Bununla da hüquqları kobud surətdə pozulmaqla yanlış qətnamə qəbul edilmişdir. Belə ki, hörmətli Prezidentin xx.xx.2019-cu il tarixli sərəncamına düşsələr də bank onun əliliyindən istifadə edərək həmin sərəncamdan yararlanmağına şərait yaratmamışdır. Dəfələrlə bu ağır vəziyətdə onu banka aparsalar da nəticə olmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 24 may tarixli, 2-2(104)-137/2023 saylı qətnaməsi ilə (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və A.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-176/2022 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin hərəkətlərini öhdəliyin icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini əsas kredit borcu, əsas borca hesablanmış faiz borcu, müqavilə müddəti keçdikdən sonra hesablanmış faiz borcu hissəsində tam, cərimə hissəsində qismən təmin etməkdə, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri məhkəmə-mühasibatlıq və ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı olmuşdur ki, məhkəmə həmin dəlilləri əsassız saymışdır. Belə ki, birinci instansiya məhkəməsi işə baxan zaman məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edərək müvafiq rəy alınmış, cavabdeh həmin rəylə nəyə görə razılaşmadığını əsaslandırmamış, məhkəməyə həmin rəyi şübhə altına almağa əsas verə biləcək hər hansı sübut təqdim etməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadı əsasında alınmış və işə əlavə edilmiş həmin rəyi mötəbər sübut kimi qəbul etmişdir. Bundan başqa, cavabdeh birinci instansiya məhkəməsində məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etməmiş, borcu mübahisələndirməmişdir. Digər tərəfdən, borclu etdiyi ödənişlərlə və onlardan hansının nəzərə alınmaması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini zəruri saymamışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 18 yanvar tarixli, 2-2(102)-43/2024 saylı qərarı ilə (məruzəçi – B.Məmmədli, hakimlər – İ.Dadaşov və Ə.Əhmədov) Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 may tarixli 2-2(104)- 137/2023 nömrəli qətnaməsi qismən - ipoteka qoyulmuş, Bərdə rayonu, Mirzəxan- Qaraqoyunlu kəndində yerləşən, 2 otaqlı, 46,5 kv.m yaşayış, 36,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0,15 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla əmlakın boşaldılması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmış, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh X1 etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, atası Cavabdeh1 əvvəllər 2-3 dəfə bankdan pul götürmüş və vaxtında ödəmişdir. Sonra yenidən bankdan kredit götürmüş, lakin səhhətində yaranmış problemlə əlaqədar olaraq ödənişləri həyata keçirə bilməmişdir. Onlara qrafik açılması üçün banka müraciət etsələr də, müraciətləri təmin edilməmişdir. Bundan başqa onların məlumatları olmadan bank tərəfindən ipoteka predmeti olan ev hərraca çıxarılmışdır. Cavabdelərdən Xuraman və Samirə həmin evdə yaşamırlar, onlar zaminlərdir. Cavabdeh X4 məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, ipoteka predmeti olan yaşayış evi ipoteka ilə yüklü edilən zaman o, notariat ofisinə gedərək razılıq ərizəsi vermişdir. Cavabdeh4 məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, yaşayış evi ipotekaya qoyulan zaman notariat ofisinə gedərək razılıq ərizəsi vermişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, iddia tələbində ipoteka predmeti olan evdən Cavabdeh1, X1, Cavabdeh4 çıxarılmasını tələb edilmişdir. Yaşayış evi ipoteka ilə yüklü edilən zaman onların razılıq ərizələri olmuşdur. Prosessual məsələlər: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası AR MPM 376.2. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi “Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...” “Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...” “Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. ...” “Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...” “Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. ...” “Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. ...” “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: “Maddə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması. 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. ... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.” “Maddə 36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq. 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər.” “Maddə 39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması ... 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; ...” “Maddə 59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi ... 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. ...” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Maddə 218.1. Hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-176/2022 saylı qətnaməsi ipoteka qoyulmuş, Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən, 2 otaqlı, 46,5 kv.m yaşayış, 36,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0.15 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla əmlakın boşaldılması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə ipoteka qoyulmuş, Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən, 2 otaqlı, 46,5 kv.m yaşayış, 36,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0.15 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh4 çıxarılmaqla boşaldılmalıdır. İddianın borc və borcun ipoteka predmetinə yönəldilməsinə ilə bağlı hissəsinə münasibətdə kollegiya qeyd edir ki, həmin hissələrə münasibətdə Azərbaycan Respublikası Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 18 yanvar tarixli, 2- 2(102)-43/2024 saylı qanuni qüvvəsini almış qərarı olduğundan qeyd olunan hissələrə münasibətdə tələbə baxılması yol verilməzdir. İpoteka predmeti olan fərdi yaşayış evindən cavabdehlərin çıxarılması ilə bağı birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini işin hallarına uyğun tətbiq etməməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.2. maddəsinə əsasən, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bununla yanaşı, iş materiallarında olan tərəflər arasında bağlınmış 12-SKMF-3-0- 987-14 (i) nömrəli, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin 10.5-ci bəndinə göstərilmişdir ki, ipoteka predmetinə tutma yönəldikdə İpoteka qoyanın bu Müqavilə bağlanan anda yetkinlik yaşına çatmış bütün ailə üzvləri (mənzildə yaşadığı yer üzrə qeydiyyatda olanlar) mənzildən (evdən) o halda çıxarılırlar ki, onlar müqavilə bağlanan zaman buna müvafiq notarial qaydada təsdiq olunmuş razılıq ərizələri vermiş olsunlar. Yuxarıda qeyd olunanlardan aydın olur ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün istər “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələbi, istərsə də mübahisəli ipoteka müqaviləsinin şərti ondan ibarətdir ki, həmin şəxslər ipoteka müqaviləsi bağlanarkən bu barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş (razılıq ərizələri vermiş) olsunlar. Həmin məsələyə aydınlıq gətirilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən Notariat ofisinə sorğu verilərək ipoteka müqaviləsi üzrə açılmış notariat işinin təsdiq edilmiş surəti əldə edilmişdir. Əldə edilmiş notariat işinin təsdiq edilmiş surətindən görünür ki, ipoteka müqaviləsi bağlanan zaman ipoteka qoyan Cavabdeh1 ailə üzvləri kimi cavabdehlərdən X4 və Cavabdeh4 olması müəyyən edilmişdir. Notariat işinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli razılıq ərizələrindən görünür ki, cavabdehlərdən X4 və Cavabdeh4 ipoteka qoyan Cavabdeh1 məxsus olan və Bərdə rayon Mirzəxan kəndində yerləşən yaşayış evinin ipotekaya qoyulmasına razılıq vermişlər və həmin ipoteka predmetinə tutma yönəldikdə yaşayış evini dərhal tərk etmək öhdəliyini öz üzərlərinə götürmüşlər. Həmçinin cavabdelər X4 və Cavabdeh4 məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarında da bildirmişlər ki, yaşayış evi ipotekaya qoyulan zaman onlar buna dair öz razılıqlarını ərizə ilə vermişlər. Məhkəmə kollegiyası buna da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan yaşayış evindən cavabdehinlərin çıxarılması barədə nəticəyə gələn zaman cavabdehlərin dairəsini düzgün müəyyən etməmiş, bununla da həmin ünvanda yaşamayan digər cavabdehlərin yaşayış evindən çıxarılmalarını qət etmişdir ki, bu isə işin hallarına uyğun deyildir. Belə ki, iş materiallarında olan 2015-ci il 23 oktyabr tarixli 12-SKMF-4-0-578-15 nömrəli zaminlik müqavilələrindən görünür ki, əsas müqavilənin təminatı kimi Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Göründüyü kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qeyd olunan müqavilələri üzrə zamin kimi öz üzərlərinə öhdəlik götürmüşlər. Həmçinin onlara məxsus şəxsiyyət vəsiqəsinin surətindən və elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan müəyyən edilir ki, Cavabdeh2 yaşayış ünvanı Bərdə şəhəri, H.Əliyev pr., döngə 8, ev 1A, digər Cavabdeh3 isə yaşayış ünvanı Köbər kəndi kimi qeyd edilmişdir. Bununla da təsdiq olunur ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan yaşayış evindən cavabdelərin dairəsini qeyri-müəyyən göstərməklə çıxarılmaları barədə yekun nəticəyə gələrkən dolaylısı ilə həmin evdə yaşamayan şəxslərin də çıxarılmasını qət etməsi işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-176/2022 saylı qətnaməsi ipoteka qoyulmuş, Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən, 2 otaqlı, 46,5 kv.m yaşayış, 36,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0.15 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla əmlakın boşaldılması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə ipoteka qoyulmuş, Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən, 2 otaqlı, 46,5 kv.m yaşayış, 36,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0.15 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh4 çıxarılmaqla boşaldılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-176/2022 saylı qətnaməsi ipoteka qoyulmuş, Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən, 2 otaqlı, 46,5 kv.m yaşayış, 36,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0.15 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla əmlakın boşaldılması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə ipoteka qoyulmuş, Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən, 2 otaqlı, 46,5 kv.m yaşayış, 36,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0.15 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh4 çıxarılmaqla boşaldılsın. İş üzrə 150 (yüz əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq „Mobil“ Məhdud Məsuliyyətli Cəmiyyəti,CİF 2180350, benefisiar bank „Kapitalbank“ ASC-nin Mingəçevir şəhəri filialı, filial kodu 200297, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, benefisiar hesab AZ51AİİB400800C**********129, VÖEN ********** saylı hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətinə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar