Məhkəmə qərarları › İş №2-2(105)-115/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-115/2023

09.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-115/2023 09.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh və nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya işi kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-325/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 01 iyun 2023-cü il tarixli Maliyyə Arayışına əsasən, “Xəzər" MMC (QSC)-nin İdarə Heyəti ekspertlərin iştirakı ilə Cavabdeh 17 ay ərzində obyekti qanunsuz işlətdiyi dövrdə vurduğu ziyan olaraq 226 yer tutumuna görə hər yer üçün gündə 25 manat mənfəət hesablamış və bu hesabat istintaqa da təqdim edilmişdir. Lakin istintaq zamanı müstəntiq iddiaçının hesablamasını ləğv edərək, yalnız mövcud icarə haqqı hesabı ilə hesablamanı qəbul etmişdir. Odur ki, mövcud icarə haqqı aylıq 4000 manat olduğu üçün, 17 ay x 4000 manat = 68000 manat məbləğində ziyan hesablanmışdır.

2. 01 yanvar 2017-ci il tarixli 04 saylı İcarə Müqaviləsinə əsasən aylıq icarə haqqı 1500 (min beş yüz) manat müəyyən olunmuşdur.

3. Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)- 599/2020 nömrəli qətnaməsində mübahisəli icarə sahəsi üzrə icarə haqqının aylıq 1500 manat məbləğində olması müəyyən olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 15 fevral 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçınə vurduğu 68000 (altmış səkkiz min) manat maddi ziyanın, məhkəməyə ödənilmiş 294 (iki yüz doxsan dörd) manat dövlət rüsumunun və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 (dörd yüz) manat xərcin Cavabdeh alınaraq İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə (halhazırda “Məhdud Məsuliyyətli Cəmiyyəti”) məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və 01 yanvar 2017-ci il tarixli 04 saylı icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektindən cavabdehlər X5 və Cavabdeh çıxarılmışlar, cavabdehlər X2 və Cavabdeh müştərək qaydada 01 sentyabr 2020-ci il tarixədək hesablanmış 3750 (üç min yeddi yüz əlli) manat məbləğində icarə borcunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2-2(119)-599/2020 nömrəli qətnaməsi qəbul olunduqdan sonra da Cavabdeh həmin icarə obyektindən çıxmayaraq, icarə obyektini iddiaçıya təhvil verməmiş, Cavabdeh həmin icarə obyektindən yalnız 25 fevral 2022-ci ildə çıxmış, çıxdıqdan sonra iddiaçı tərəfindən həmin obyekt aylıq 4000 manat olmaqla başqa bir şəxsə icarəyə verilmiş, faktiki olaraq Cavabdeh icarə obyektini 25 fevral 2022-ci il tarixinədək təhvil verməyərək, özündə saxlamaqla İddiaçı MMC-ni bütün bu müddət ərzində aylıq 4000 manat məbləğində icarə haqqından məhrum edərək, iddiaçıya hər ay 4000 manat məbləğində ziyan vurmuş və Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 22(119)-599/2020 nömrəli qətnaməsinə əsasən isə icarə haqqı yalnız 01 sentyabr 2020-ci ilədək hesablanaraq tutulmuş və buna görə də icarə obyektindən çıxanadək cəmi 17 ay üçün hər ay 4000 manat olmaqla, ümumilikdə İddiaçı MMC-yə cəmi 68000 manat məbləğində (17 ay x 4000 manat = 68000 manat) ziyan vurmuş, yəni Cavabdeh 17 ay ərzində məlum icarə obyektini icarə haqqı ödəmədən qanunsuz işlədib İddiaçı MMC-ni hər aya görə ödəniləcək 4000 manat icarə haqqından məhrum etməklə, iddiaçıya ümumilikdə 68000 (altmış səkkiz min) manat məbləğində maddi ziyan vurmuşdur.

6. Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən 14 mart 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinə qarşı mülahizə” təqdim edilərək, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Mülahizə” onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti və kassasiya şikayəti təmin olunmamış və qətnamə qanuni qüvvəsini almış, həmin qətnamə 05 oktyabr 2021-ci ildə müvafiq qaydada icraya yönəldilmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsində 11 oktyabr 2021-ci il tarixli qərarla icraata başlanmışdır. İcra məmuru tərəfindən qəbul edilmiş 14 mart 2022-ci il tarixli qərarla icra olunduğuna görə həmin icra sənədinin icraatına xitam verilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 05 may 2022ci il tarixli 8-2(119)- 5/2022 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədinin icraatına xitam verilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 14 mart 2022-ci il tarixli qərarından tələbkar İddiaçı QSC və borclu Cavabdeh tərəfindən verilmiş şikayətlər təmin edilmiş və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 14 mart 2022-ci il tarixli icra işi üzrə xitam qərarı ləğv edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 05 may 2022-ci il tarixli 8-2(119)-5/2022 nömrəli qərardadı qanuni qüvvəsini almış və buna görə də, Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədinin icrasının davam etdirilməsi üçün həmin qərardad Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qaytarılmışdır. Cavabdeh 10 may 2022-ci ildə “Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)- 599/2020 nömrəli qətnaməsinə izah verilməsi” barədə ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, qətnamədə qeyd olunan "Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və 01 yanvar 2017-ci il tarixli 04 saylı müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektinin” sahəsinin nə qədər olması barədə izah verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 27 may 2022-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qərardadı ilə məlum qətnaməyə izah verilərək, Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və 01 yanvar 2017-ci il tarixli 04 saylı müqavilə üzrə icarəyə verilmiş sahibkarlıq obyektinin sahəsinin 150 kv.metr olduğu bildirilmişdir. Lakin, Sumqayıt Apellyasiya Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərardadı ilə həmin qərardad ləğv edilmiş və qətnaməyə izah verilməsinə dair ərizəyə yenidən baxılaraq qəbul edilən Sumqayıt Kommersiya Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərardadı ilə həmin ərizə təmin olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli qərarı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı MMC-nin rəhbərliyinin ərizəsi əsasında Cavabdeh barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə başlanmış cinayət işinə də xitam verilmişdi. Yuxarıda qeyd olunanlardan görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)599/2020 nömrəli qətnaməsi üzrə icra başa çatmamışdır və bu mübahisə hələ də davam etməkdədir. Belə ki, həmin qətnamə üzrə mübahisəli yer göstərilsə də, həmin yerin sahəsinin nə qədər olması qeyd olunmamışdır. Hesab olunur ki, hazırkı tələb o vaxt əsaslı olardı ki, yuxarıda qeyd edilən qətnamə tam icra olunardı. Çünki bu iddia tələbinin əsası Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsi tam icra olunduqda yaranır. Belə ki, 15 oktyabr 2020-ci il tarixli e-22(119)- 599/2020 nömrəli həmin qətnamənin “icarə haqqı” hissəsində qeyd olunmuşdur ki, cavabdehlər X2 və Cavabdeh müştərək qaydada 01 sentyabr 2020-ci il tarixə hesablanmış 3750 (üç min yeddi yüz əlli) manat məbləğində icarə borcu İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. İcarə Müqaviləsi üzrə aylıq ödəniş 1500 manat olduğunu nəzərə alsaq, iddiaçı 2 ay 15 gün müddətin icarə haqqını istəmişdir. 01 sentyabr 2020-ci il tarixədək ödənilməli olan icarə borcu məlum qətnamə ilə öz əksini tapdığı üçün, deməli, həmin vaxtdan başlayaraq qətnamənin icra olunaraq obyektdən çıxarıldığı günədək olan müddət üzrə icarə haqqı cavabdehdən tələb oluna bilər. Cavabdeh isə rəsmi olaraq icra məmuru tərəfindən həmin obyektdən 2022-ci ilin fevral ayında çıxarılmışdır. Bu halda, 01 oktyabr 2020 - 1 ay, 01 noyabr 2020 - 1 ay, 01 dekabr 2020 - 1 ay, 01 yanvar - 01 dekabr 2021 - 12 ay, 01 yanvar 2022 - 1 ay, 01 fevral 2022 - 1 ay olmaqla, cavabdehin icarə obyektində olma müddəti ümumilikdə cəmi 17 ay edir. Əvvəla, məhkəmənin nəzərinə çatdırılır ki, icarə haqqı “17 ay x 1500 manat = 25500 manat” edir. İddiaçı isə iddia tələbində əsassız olaraq aylıq icarə haqqını “4000 manat” qeyd etmişdir. Hesab olunur ki, iddiaçının tələbi həmin hissədə əsassızdır. İcarə haqqı əvvəla birtərəfli qaydada artırıla bilməzdi. Bundan başqa, sözügedən qətnamədə icarə haqqına qiymət verilmişdir və həmin qətnamədən sonrakı mübahisə - cavabdehin pozulmuş hüquqlarının yuxarı instansiya məhkəmələrində bərpası ilə bağlı olmuşdur. Bundan başqa ölkədə Pandemiya vəziyyəti elan olunduğu üçün 29 mart 2020-ci il tarixdən bütün restoranlar fəaliyyətini dayandırmışdır və 20 avqust 2021-ci il tarixdən fəaliyyətə başlamışdır. Buna görə də, iddiaçı yalnız 01 sentyabr 2021-ci il tarixdən 01 fevral 2022-ci il tarixədək müddətin, yəni 5 ayın icarə haqqını tələb edə bilər: - 5 ay x 1500 manat = 7500 manat. Cavabdeh həmin hissə ilə də qəti razı deyildir. Çünki, hazırda İddiaçı MMC-yə qarşı yeni iddia hazırlanır. Belə ki, mübahisəli torpaq sahəsinin koordinatları olmadığı üçün həmin məbləğin İddiaçı MMC tərəfindən tələb olunmasına onun heç bir subyektiv hüquq yoxdur. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, hesab olunur ki, iddiaçının tələbinin heç bir hüquqi əsası yoxdur və ona görə də hazırkı iş üzrə iddia təmin olunmamalıdır.

7. İddiaçı MMC 27 mart 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “cavabdehin nümayəndəsinin mülahizəsinə qarşı Etiraz” təqdim edərək, həmin “mülahizə”nin qanunsuz və əsassız olduğu üçün nəzərə alınmaması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və həmin “Etiraz”da da iddia tələbi – Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsi ilə 01 sentyabr 2020-ci il tarixinədək hesablanmış icarə haqqı borcu tutulduqdan sonra da Cavabdeh icarə obyektini təhvil verməyərək, 17 ay ərzində təxminən ******* manat məbləğində mənfəət əldə etməsi, hal-hazırda həmin sahənin icarəyə verildiyi icarəçinin hər ay 4000 manat icarə haqqı ödəməsi və buna görə də hər ay 4000 manat olmaqla, 17 ay ərzində Cavabdeh İddiaçınə cəmi 68000 manat məbləğində maddi ziyan vurması ilə əsaslandırılmışdır.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edib, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir və mövqeyini Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsi ilə 01 sentyabr 2020-ci il tarixinədək hesablanmış icarə haqqı borcu tutulduqdan sonra da Cavabdeh icarə obyektini təhvil verməyərək, 17 ay ərzində həmin icarə obyektindən heç bir icarə haqqı ödəmədən istifadə etməsi, məlum qətnamə üzrə digər cavabdeh X3 isə məlum icarə obyekti ilə əlaqədar iddiaçı MMC-yə heç bir maneçilik törətmədiyinə və iddiaçının icarə obyektindən istifadə etməsinə mane olmadığına görə hazırkı iddianın ona qarşı verilməməsi, Cavabdeh 25 fevral 2022-ci ildə icarə obyektini təhvil verdikdən sonra isə həmin sahənin yeni icarəçiyə hər ay 4000 manat icarə haqqı olmaqla icarəyə verilməsi və buna görə də hər ay 4000 manat olmaqla, ümumilikdə 17 ay ərzində Cavabdeh İddiaçınə icarə haqqı qismində cəmi 68000 manat məbləğində maddi ziyan vurması ilə əsaslandırmışdır.

9. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Mülahizə”də göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı tərəfindən ona qarşı verilmiş “maddi ziyanın ödənilməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil1 iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-325/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh (VÖEN **********) 25500 (iyirmi beş min beş yüz) manat məbləğində maddi ziyan, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 200 (iki yüz) manat hissəsi və 166,5 (yüz altmış altı manat 50 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 25866,5 (iyirmi beş min səkkiz yüz altmış altı manat 50 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı (VÖEN **********) xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış sonuncu 01 yanvar 2017-ci il tarixli 04 saylı İcarə Müqaviləsində aylıq icarə haqqı 1500 (min beş yüz) manat məbləğində olmuş və eyni zamanda, hazırkı iddia ərizəsində dəymiş ziyanın “17 ay müddətinə hesablanması” ilə əlaqədar hər iki tərəfin istinad etdiyi Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)- 599/2020 nömrəli qətnaməsində də mübahisəli icarə sahəsi üzrə icarə haqqının aylıq 1500 manat məbləğində olması müəyyən olunmuşdur. Həmçinin, cavabdeh tərəfin “iddia tələbinə qarşı verilmiş yazılı Mülahizə” də Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsində tutulan icarə haqqının hesablandığı 01 sentyabr 2020-ci il tarixindən sonra məlum icarə obyektinin 17 ay ərzində Cavabdeh faktiki istifadə və sahibliyində olması mübahisələndirilməsə də, bu aylar üçün icarə haqqı kimi dəymiş ziyanın iddiaçının hazırkı iddia ərizəsində göstərdiyi “aylıq 4000 manatdan” deyil, 01 yanvar 2017-ci il tarixli 04 saylı İcarə müqaviləsində və məlum qətnamədə qeyd olunan “aylıq 1500 manat” olmaqla hesablanmalı olması, lakin “pandemiya” ilə əlaqədar restoranların işləməməsi və digər hallara (“Mülahizə”də ətraflı göstərilmişdir) görə cavabdehin bu aylar üçün hər hansı bir məbləğdə icarə haqqı ödəməli olmadığı qeyd olunmuşdur.

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 675, 700.1, 701.2.4, 705, Mülki Prosessual Məcəllənin 77.1, 88, 106.1, 106.3, 217.3, 217.4, 218.3, 119.1, 119.2, Mediasiya haqqında qanunun 36.5, “Dövlət rüsumu haqqında” Qanununu 8.1.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, Cavabdeh İddiaçı MMC (QSC)-yə vurduğu 68000 manat maddi ziyanın, məhkəməyə ödənilmiş 294 manat və apellyasiya şikayəti üçün ödənilmiş 149 manat dövlət rüsumları və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manatın cavabdehdən alınaraq İddiaçı MMC (QSC)-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, faktiki olaraq dəyən ziyan 68000 manat deyil, daha çoxdur. Ancaq istintaqda qəbul olunan qərarla razılaşıblar. Belə ki, yalnız bir faktı nəzərə almaq kifayətdir ki, Cavabdeh 17 ay ərzində ayda 4000 manat icarə haqqından məhrum etmişdir. Ancaq cavabdeh bunu da ödəmək istəmir. Obyektin icarədarı X5 31 dekabr 2018-ci ildən öz VÖEN-nin fəaliyyətini 5 il müddətə dayandırmış olsa da bu barədə Cəmiyyətə heç bir məlumat verməmişdir. Beləliklə də, obyekt qanunsuz fəaliyyət göstərmişdir. Vəziyyətdən istifadə edən obyektin inzibatçısı Cavabdeh vəzifə saxtakarlığı və dələduzluq edərək obyekti qanunsuz işlətmişdir. İcarə haqqını da yer tutumu 40 nəfər hesabı ilə aylıq 1500 manatdan əvvəlki qaydada ödəmişdir. Yalnız axırıncı aylara görə 01 sentyabr 2020-ci ilə hesablanmış 3750 manat məbləğində icarə borcu ödənməmiş qalmışdır. Bununla da onlar saxtakarlıq və dələduzluq edərək Cəmiyyətə maddi və mənəvi ziyan vurmuşlar. Bununla bağlı onlardan izahat tələb edilsə də onlar izahat verməkdən boyun qaçırmışlar. Ona görə də İdarə Heyəti məcbur olub onların məcburi qaydada obyektdən çıxarılması, 3750 manat borcun və Cəmiyyətə dəymiş maddi, mənəvi ziyana görə 10000 (on min) manat təzminat və 31 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı SC-nə ödənilməsi iddiası ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə xx.xx.2020ci ildə cavabdehlərin obyektdən çıxarılması və yaranmış 3750 manat borcun və 15 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul etmişdir. Qalan 10000 manat maddi və mənəvi ziyana görə təzminatın ödənməsi iddiasını isə təmin etməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-599/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh və X3 İddiaçı SC-nə məxsus sahibkarlıq obyektindən 04 saylı xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verilmiş obyektdən çıxarılması və xx.xx.2020-ci il tarixə hesablanmış 3750 manat icarə borcu və 15 manat ödənilmiş dövlət rüsumucəmi: 3765 manat pul vəsaitinin İddiaçı SC-nin xeyrinə tutulması barədə qətnamə qanuni qüvvəsini almışdır. Həmin məhkəmə proseslərindən əsasən vaxt udmaq üçün istifadə edilib. Çünki 17 ay onlar qanunsuz olaraq obyekti işlədiblər və Cəmiyyətə maddi və mənəvi ziyan vurublar. Əsasən Vergidən yayınaraq Dövləti də aldadıblar. Çünki onlar X8 ödəyicisi olaraq ƏDV və Mənfəət Vergisi ödəməli idilər. Külli miqdarda mənfəət əldə eləsələr də vergi ödəməyiblər. İstintaq şöbəsi hal-hazırda həmin sahəni yeni icarəçinin hər ay 4000 manat icarə haqqı ödədiyini əsas götürərək on yeddi aya 68000 manat maddi ziyan hesablamışdır və cinayət işinə xitam verərək mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə etmişdir (sənəd işin içində var). İndi cavabdehlər bunu da ödəmək istəmirlər. Hansı ki, onlar 17 ay ərzində obyektdən qat-qat artıq mənfəət götürmüşlər. Qətnamədə göstərilir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 04 saylı sonuncu icarə müqaviləsinin aylıq icarə haqqı 1500 manat göstərilmişdir. Elə ona görə də icarə müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilib və cavabdehlər obyektdən çıxarılıblar. Cavabdehin nümayəndəsinin qətnamənin tam icra olunması ilə bağlı mülahizələri əsassızdır. Belə ki, cavabdehlər obyektdən tam çıxarılmışlar, sadəcə olaraq 3750 manat borc ödənilmədiyi üçün məhkəməyə müraciət olunub. Cavabdeh və nümayəndəsi Ali Məhkəmənin Plenumuna müraciət etsələr də, Ali Məhkəmə 13-2(102)-20/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehlərin guya yeni açılmış hallar yaranması ilə bağlı ərizəsini rədd edib. Sumqayıt Şəhər Prokurorluğu Cavabdeh qanunsuz hərəkəti ilə bağlı xx.xx.2023-cü il tarixli qərar qəbul edib cinayət işinin qaldırılmasından imtina etməklə onu Sumqayıt şəhər İcra İdarəsinin öhdəsinə verməklə icra olunması üçün Sumqayıt İcra İdarəsinə göndərib

17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 15 oktyabr 2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək pandemiya olduğu üçün obyekt işləməmişdir. Sadəcə məhkəmədə mübahisə olduğu üçün obyekt Cavabdeh məcburi istifadəsində olmuşdur. Yəni məhkəmələrin son qərarını gözləmişdir. Bundan başqa cavabdeh həmin müddət ərzində heç bir gəlir əldə etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin qanuni həlli üçün mühüm əhəmiyyəti olan bir sıra hallar aydınlaşdırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən iddianı təmin etmiş, cavabdehin borcunun nə qədər olmasını, mübahisənin mahiyyəti üzrə araşdırılması nəticəsində iddianın əsaslı olubolmamasının müəyyən edilməsi ilə bağlı heç bir araşdırma aparmamışdır. Həmçinin iddiaçının tələb etdiyi müddət ərzində pandemiyanın olmasını nəzərə almamışdır. Bundan başqa, həmin müddət ərzində məhkəmə mübahisəsi davam etdiyi üçün cavabdeh istəsə də obyekti qaytara bilməzdi. Çünki obyektin hansı hissəsindən çıxarılması bu gün də mübahisəli olaraq qalır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı cavabdehin apellyasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etiraz iddia ərizəsi və iddiaçının apellyasiya şikayəti ilə eyni məzmunlu olmuşdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qətnamənin ləğv olunması, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və nümayəndəsi, vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 701.2.4. İcarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Maddə 705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd edir.

26. İşin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən əmlak kompleksi xüsusi mülkiyyət hüququ ilə İddiaçınə məxsusdur və həmin əmlak kompleksində yerləşən və “Duyğu” restoranı adı ilə fəaliyyət göstərən sahibkarlıq obyekti 2009-cu ildə Cavabdeh (VÖEN **********), 2014-cü ildən isə X4 icarəyə verilmişdir. Həmin sahibkarlıq obyektinin X4 icarəyə verilməsi ilə əlaqədar sonuncu dəfə bir il müddətinə 01 yanvar 2017-ci il tarixli 04 saylı İcarə Müqaviləsi bağlanmış və həmin Müqavilədə icarəçi X5 tərəfindən icarəyə verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə (hal-hazırda İddiaçı MMC) hər ay 1500 manat məbləğində icarə pulunun ödənilməsi nəzərdə tutulmuşdur. 31 dekabr 2018-ci ildə isə icarəçi X3 VÖEN-in fəaliyyəti 5 il müddətinə dayandırılmışdır. Lakin, həmin icarə obyekti bütün müddət ərzində faktiki olaraq icarəçi X3 yaxın qohumu Cavabdeh tərəfindən idarə və istifadə olunmuşdur. 2020-ci ilin avqust ayında İddiaçı QSC icarə münasibətlərinə xitam verildiyi üçün qalıq icarə pulu ödənilməklə, icarə obyektinin təhvil verilməsini tələb etsə də, cavabdehlər X5 və Cavabdeh həmin icarə obyektini iddiaçıya təhvil verməmişdir. Buna görə də, İddiaçı QSC 04 sentyabr 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər X4 və Cavabdeh qarşı “borcun tutulması və obyektdən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə cavabdeh X5 arasında bağlanmış 01 yanvar 2017-ci il tarixli 04 saylı İcarə müqaviləsinə 11 avqust 2020-ci il tarixdən xitam verilməsini nəzərə alaraq Cəmiyyətə dəymiş maddi və mənəvi ziyana görə 10000 manat təzminat və 01 sentyabr 2020-ci ilə heablanmış 3750 manat icarə haqqı borcu olmaqla, cəmi 13750 manat pulun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehlər X2 və Cavabdeh müştərək qaydada tutularaq İddiaçı QSCyə ödənilməsi və cavabdehlərin icarə obyektindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2-2(119)-599/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və 01 yanvar 2017-ci il tarixli 04 saylı icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektindən cavabdehlər X3 və Cavabdeh çıxarılması və cavabdehlər X2 və Cavabdeh müştərək qaydada 01 sentyabr 2020-ci il tarixə hesablanmış 3750 (üç min yeddi yüz əlli) manat məbləğində icarə borcu və 15 (on beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3765 (üç min yeddi yüz altmış beş) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş şikayət Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 02 mart 2021-ci il tarixli 2-2(105)-22/2021 nömrəli qətnaməsi ilə təmin edilməmiş və Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020ci il tarixli 2-2(119)-599/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 02 mart 2021-ci il tarixli 2-2(105)-22/2021 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli 2- 2(102)-311/2021 nömrəli qərarı ilə təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 02 mart 2021-ci il tarixli 2-2(105)-22/2021 nömrəli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)- 599/2020 nömrəli qətnaməsi 05 oktyabr 2021-ci ildə müvafiq qaydada icraya yönəldilmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsində 11 oktyabr 2021-ci il tarixli qərarla icraata başlanmış və Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən tərtib edilmiş 25 fevral 2022-ci il tarixli Akt əsasında 25 fevral 2022-ci il tarixində İddiaçınə məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və 01 yanvar 2017-ci il tarixli 04 saylı icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektindən Cavabdeh çıxarılmışdır.

27. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 01 iyun 2023-cü il tarixli Maliyyə Arayışına əsasən “Xəzər" MMC (QSC)-nin İdarə Heyəti ekspertlərin iştirakı ilə Cavabdeh 17 ay ərzində obyekti qanunsuz işlətdiyi dövrdə vurduğu ziyan olaraq 226 yer tutumuna görə hər yer üçün gündə 25 manat mənfəət hesablamış və bu hesabat istintaqa da təqdim edilmişdir. Lakin istintaq zamanı müstəntiq iddiaçının hesablamasını ləğv edərək, yalnız mövcud icarə haqqı hesabı ilə hesablamanı qəbul etmişdir. Odur ki, mövcud icarə haqqı aylıq 4000 manat olduğu üçün, 17 ay x 4000 manat = 68000 manat məbləğində ziyan hesablanmışdır.

28. Lakin, tərəflər arasında bağlanmış sonuncu 01 yanvar 2017-ci il tarixli 04 saylı İcarə Müqaviləsində aylıq icarə haqqı 1500 (min beş yüz) manat məbləğində olmuş və eyni zamanda, hazırkı iddia ərizəsində dəymiş ziyanın “17 ay müddətinə hesablanması” ilə əlaqədar hər iki tərəfin istinad etdiyi Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsində də mübahisəli icarə sahəsi üzrə icarə haqqının aylıq 1500 manat məbləğində olması müəyyən olunmuşdur.

29. Cavabdehin apellyasiya şikayətində Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsində tutulan icarə haqqının hesablandığı 01 sentyabr 2020-ci il tarixindən sonra məlum icarə obyektinin 17 ay ərzində Cavabdeh faktiki istifadə və sahibliyində olması mübahisələndirilməsə də, bu aylar üçün icarə haqqı kimi dəymiş ziyanın iddiaçının hazırkı iddia ərizəsində göstərdiyi “aylıq 4000 manatdan” deyil, 01 yanvar 2017-ci il tarixli 04 saylı İcarə müqaviləsində və həmin qətnamədə qeyd olunan “aylıq 1500 manat” olmaqla hesablanmalı olması, lakin “pandemiya” ilə əlaqədar restoranların işləməməsi və digər hallara görə cavabdehin bu aylar üçün hər hansı bir məbləğdə icarə haqqı ödəməli olmadığı qeyd olunmuşdur.

30. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər əsassızdır. Birinci instansiya məhkəməsində həmin dəlillər araşdırılmış, mübahisəyə mahiyyəti üzrə əsaslı hüquqi qiymət verilmişdir.

31. Qeyd olunmalıdır ki, aylıq icarə haqqı 1500 manat olmaqla, “01 sentyabr 2020-ci il tarixinədək hesablanmış 3750 manat məbləğində icarə pulunun tutulması” və “icarə obyektindən çıxarılma” barədə Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsi əsasında cavabdeh X5 heç bir maneçilik törətmədən icarə obyektindən çıxsa da, digər Cavabdeh 25 fevral 2022-ci ilədək həmin icarə sahəsindən çıxmayaraq, həmin obyekti öz faktiki sahibliyində və istifadəsində saxlamış və yalnız 25 fevral 2022-ci ildə qeyd olunan sahədən çıxaraq, onu İddiaçı MMCyə təhvil vermişdir. Bundan sonra isə İddiaçı MMC cavabdehə qarşı “68000 manat məbləğində maddi ziyanın tutulması” üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbini “Cavabdeh icarə sahəsindən çıxarıldıqdan sonra, həmin sahənin digər bir icarəçiyə aylıq 4000 manat olmaqla icarəyə verilməsi” və həmin icarə sahəsindən cavabdehin 17 ay ərzində heç bir icarə haqqı ödəmədən istifadə etdiyi üçün iddiaçıya cəmi 68000 manat (17 x 4000 = 68000) məbləğində ziyan vurulması ilə əsaslandırmışdır. Hər iki tərəf, “icarə sahəsindən Cavabdeh 01 sentyabr 2020-ci ildən etibarən 17 ay ərzində icarə haqqı ödəmədən istifadə etməsini” mübahisələndirməmişlər.

32. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

34. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

35. Bundan əlavə, Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir.

36. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

37. Sübutetmə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-325/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar