Məhkəmə qərarları › İş №2-2(105)-137/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-137/2025

01.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-137/2025 01.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “əmlak” tələbinə dair kommersiya işi üzrə Qərardadı Açar sözlər: apellyasiyanın mümkünlük əsasları, apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsi, apellyasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə olunmadıqda Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Məmmədov Zahid Tahir oğlu (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Abiyeva Fidan Əfqan qızının katibliyi, iddiaçı "xxxx" MMC-nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Xələfli-M.Y.H MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “əmlak” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, e-2- 2(119)-545/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı “əmlak tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək özünün ücünçü şəxlərin qarşısında öhdəliklərinin ödənilməsinə yönəlmiş “C” blokunun yaşayışın ikinci mərtəbəsində yerləşən, iki otaqlı, ümumi sahəsi 103,7 kvadrat metr olan və bir otaqlı ümumi sahəsi 68.95 kvadrat metr olan mənzillərin və qeyri-yaşayış sahələri kimi “B” blokunun birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 125,51 kvadrat metr, həmin blokda yerləşən 59,8 kvadrat metrin 2/1 hissəsi kimi 29,9 kvadrat metr və “V” blokunun birinci mərtəbəsində yerləşən ümumi sahəsi 58,76 kvadrat metr olmaqla, ümumilikdə 214,17 kvadrat metr qeyri-yaşayış sahələrinin "xxxx" Mənzil Tikinti Kooperativindən alınaraq İddiaçınə qaytarılması və yaxud qeyd olunan əmlakların dəyərinin ödənilməsi, göstərilən əmlaklar üzərində iddiaçının mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir Sumqayıt Kommersiya Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, e-2-2(119)-545/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iş üzrə idda tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi şikayəti işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. İddiaçının apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində hazırkı işin materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçının nümayəndəsi (Vəkil1) tərəfindən verilmiş apellyasiya şikayətinə 50 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmadığından məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin hazırkı qərardadda göstərilməsini zəruri hesab etməmişdir. Məhkəmə kollegiyası MPM-in 366.1-ci maddəsinə uyğun olaraq hazırkı iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna münasibətdə apellyasiyanın mümkünlüyünü yoxlamaq, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olub-olması məsələsini tərəflərin nümayəndələrinin iştirakı ilə müzakirə etməklə məqsədi ilə məhkəmə iclası təyin etmişdir. Məhkəmə prosesi iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nümayəndəsi və vəkili Vəkil1 tələb etdikləri əmlakın qiymətləndirilməsini aparmaq mümkün olmadığını və bu səbəbdən iddiaçının dövlət rüsumunu tam ödəmədiyini bildirərək apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Xələfli-M.Y.H MTK-nın nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Maddə 68.1. İş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda vəkil ixtisaslı hüquqi yardım göstərməyə borcludur. Maddə 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1. iddia ərizəsi verildikdə ...108.1.7. apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə; 108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.2. əmlakın tələb edilməsi haqqındakı iddialarda—tələb edilən əmlakın dəyəri ilə; Maddə 113. Dövlət rüsumu kəsirinin ödənilməsi 113.1. İddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. 113.2. İddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. Maddə 229. Əlavə qətnamə və əlavə qərardad 229.1. İş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər ...229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. Maddə 361 Apellyasiya şikayətinin məzmunu ... 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: ...363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa... 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. 363.3. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. ... Maddə 365. Apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Maddə 366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat məbləğində; ....8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə - bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu müəyyən edilmişdir; Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını öyrənib, tərəflərin nümayəndələrini dinləyib, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Kollegiya İlk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi ilə təminat verilən məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bir sıra mühüm qaydalar, məhdudiyyətlər nəzərdə tutulmuşdur. Bu cür qaydalara MPM və “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilməli olan dövlət rüsumuna dair qaydalar da aiddir. İddia ərizəsindən görünür ki, iddiaçının tələbi ümumilikdə 214,17 kvadrat metr qeyriyaşayış sahələrinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması və yaxud qeyd olunan əmlakların dəyərinin ödənilməsi barədə olmuş, iddiaçı birinci instansiya məhkəməsinə iddianın verilməsinə görə qiymətləndirilməyən iddia növü kimi 100 manat dövlət rüsumu ödəmiş, məhkəmə qətnaməsi ilə dövlət rüsumu ilə bağlı məsələ həll edilməmişdir. Halbuki, MPM-in yuxarıda istinad edilən 112.1.2-ci maddəsinin tələblərinə əsasən əmlakın tələb edilməsi haqqındakı iddialarda iddianın qiyməti tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsaən isə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Apellyasiyanın mümkünlük məsələsinin müzakirəsi zamanı məhkəmə kollegiyası qanunvericiliyin qeyd edilən tələblərini tərəflərin nümayəndələrinin diqqətinə çatdırılaraq dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələyə iddiaçının nümayəndəsi və vəkilinin münasibətini öyrənmiş, verilmiş suala cavab olaraq iddiaçının nümayəndəsi və vəkili Abşeron rayonu üzrə qeyri-yaşayış obyektlərinin qiymətinin dəyişkən olduğu, təxminən 2000-3000 manat təşkil etdiyini bildirmiş, təmsil etdiyi tərəflə tələb olunan əmlakın dəyərinə uyğun olaraq dövlət rüsumunun ödənilməsi məsələsinin müzakirə edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkilinin vəsatəti nəzərə alınaraq məhkəmə iclası təxirə salınmış, lakin tərəflərin nümayəndələri növbəti məhkəmə iclasında iştirak etməmişlər. Kollegiya xüsusilə qeyd edir ki, cavabdeh tərəf tələb olunan qeyri-yaşayış sahələrinin iddiaçı tərəfindən satılmasına dair müqavilələri də birinci instansiya məhkəməsinə təqdim etmiş, məhkəmə öz qətnaməsinə həmin müqavilələrə istinad etmişdir. Həmin müqavilələrdə qeyri-yaşayış sahələrinin satıldığı qiymətlər (125,51 kvadrat metr qeyriyaşayış sahəsi 151000 manata, 157,74 kvadrat metr qeyri-yaşayış sahəsi 165000 manata satmışdır) də göstərilmişdir. Bununla belə, işə baxan birinci instansiya məhkəməsinin hakimi tərəfindən MPM-in 113.1-ci maddəsinə uyğun olaraq iddia qiyməti müəyyən edilməklə rüsumun kəsirinin ödənilməsi təmin edilmədiyindən məhkəmə kollegiyası iddiaçı tərəfə dövlət rüsumunun ödənilməsi üçün şərait yaratmış, lakin iddiaçı tərəfindən əlavə rüsum ödənilməsinə dair sübut təqdim edilməmişdir. İşin qeyd edilən hallarını nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, hazırkı apellyasiya şikayətinə qanunvericiliklə tələb olunan məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut əlavə edilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Bu səbəbdən apellyasiya şikayəti qeyri-mümkün hesab olunaraq qəbul olunmamış hesab edilməli və iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə MPM-nin tələblərinə uyğun olaraq sonrakı prosessual hərəkətləri etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, məhkəmə həmçinin MPM-in 229-cu maddəsinə uyğun olaraq məhkəmə xərcləri haqqında məsələnin həll edilməsi imkanına da malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365, 366, 402.2.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “əmlak” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, e-2- 2(119)-545/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti işlə birlikdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar