Məhkəmə qərarları › İş №2-2(105)-25/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-25/2020

25.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-25/2020 25.02.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçının nümayəndəsi İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-502/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-502/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, 13cü mikrorayon, 44 saylı binanın yanında yerləşən iddiaçı ”İddiaçı və başqalarının tam ortaqlı “Abadlıq” firmasının istifadəsində olan “Murad” çayxanasına əsassız hesablanmış 1122 manat borcun silinməsi qət edilmişdir. (hakim Vəfa Əzizova) Qətnamədən Cavabdeh ASC apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, “Cavabdeh" ASC-yə 151909 saylı abonent kodu ilə istifadəsində olan “Murad” çayxanasının abonent saldosu və “Cavabdeh" ASC Nəzarət Ölçü Cihazları İdarəsi “Suölçən X1”nın hazırladığı 21442/0043477 saylı rəyi əsasında hesablanmış su sərfiyyatı və ya borc barədə cavabdehin müvafiq sənədləri ona təqdim etməkdən imtina etməsini nəzərə alaraq həmin sənədlərin məhkəməyə təqdim olunması üçün Cavabdeh ASC-yə sorğu göndərilməsi, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 44 saylı binanın yanında yerləşən, 151909 abonent kodu ilə onun istifadəsində olan “Murad” çayxanasına əsassız olaraq borc kimi yazılmış olan 561 kub metr su sərfiyyatının və va 1122 manat borcun “Cavabdeh" ASC tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6600/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə mülki işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onu əsl İddiaçı və başqalarının tam ortaqlı “Abadlıq” firması ilə əvəz edilməsini xahiş etmiş, İddiaçı əsl İddiaçı və başqalarının tam ortaqlı “Abadlıq” firması ilə əvəz edilmişdir. Daha sonra, iddiaçının nümayəndəsi İddiaçı iddianın dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, 13-cü mkr, 44 saylı binanın yanında yerləşən iddiaçının istifadəsində olan “Murad” çayxanasına əsassız hesablanmış 1122 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 44 saylı binanın yanında “Murad” çayxanası xx xxxxxx 2008-ci il tarixdə iddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ASC tərəfindən su ilə təmin olunmaqdadır. xx xxxxxxxx 2012-ci il tarixdə həmin ünvanda 50121442 saylı Smart kart tipli suölçən sayğac quraşdırılmışdır. İddiaçı tərəfindən vaxtaşırı haqqı ödənilməklə həmin ünvan su ilə təmin olunmuşdur. xx xxxxx 2019-cu il tarixdə Cavabdeh ASC-nin əməkdaşları sayğaca baxış keçirərkən sayğacın beyninin pozulduğunu və format olunması üçün laboratoriyaya aparılmalı olduğunu bildirmişlər. Onun iştirakı ilə sayğac sökülərək laboratoriyaya aparılmış, həmin vaxt sayğacın plombu üstündə bütöv olmuşdur. Lakin 50121442 saylı su sayğacı ilə bağlı Cavabdeh ASC Nəzarət Ölçü Cihazları İdarəsi “Suölçən Cihazların Kalibrləınə laboratoriyasının hazırladığı 21442/0043477 saylı rəyə görə, guya sayğaca müdaxilə aşkar olunmuş, sayğacın təmirə və istismara yararsız olduğu müəyyən edilmişdir. Həmin rəy əsasında iddiaçıya əlavə olaraq əsassız şəkildə 561 kub metr su sərfiyyatı hesablanmışır ki, bu da 1122 manat təşkil edir. Halbuki, iddiaçı sayğaca heç bır müdaxilə etməmiş və həmişə öncədən hesaba pul yatırtmaqla sudan istifadə etmişdir. Müdaxilə olunduğu qeyd edilən sayğacın iddiaçının istifadəsində olan obyektin daxilində deyil, çöldə quraşdırılmış olması səbəbindən onun sayğacı kənar müdaxilələrdən qorumağı qeyri-mümkün olmuşdur. Müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, sayğac çıxarılan zaman müdaxilə Cavabdeh ASC əməkdaşları tərəfindən aşkar olunmadığından, plombların hamısı üzərində olduğundan və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, habelə Cavabdeh ASC Nəzarət Ölçü Cihazları İdarəsi “Suölçən X1”nın rəyi əsasında sayğaca müdaxilə olunması gözəyarı baxmaqla aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından hesablanmış borc qanunsuz olmuşdur. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Cavabdeh ASC birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin tələbinə əsasən cavabdeh tərəfindən iddiaçı üzrə keçirilmiş yoxlama reyestrdə qeydiyyata alınmamışdır. Göründüyü kimi, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qətnamənin qanuni və əsaslı olmasına böyük şübhə vardır, qətnamə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə cavab vermir. Bu da öz növbəsində qətnamənin yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilməsinə əsas verir. Belə ki, Azərbaycan Respublikası "Su təchizatı və tullantı suları haqqında" Qanunun 49 və 50-ci maddələrinə əsasən təchizatçı müəssisənin səlahiyyətli nümayəndələri su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edən obyektlərə baxış keçirmək hüququna malikdirlər. Həmin qanunun 72-ci maddəsinə əsasən qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsulliyət daşıyırlar. Sumqayıt şəhəri, 13-cü mikrorayon, 44 saylı binanın yanında yerləşən iddiaçıya məxsus "Murad" çayxanasında xx.xx/2012-ci il tarixli, 151909 saylı müqaviləyə əsasən "İçməli su təchizatı və kanalizasiya xidmətləri"ndən istifadə edilmişdir. Cavabdehin nümayəndələri tərəfindən sayğaca baxış keçirilən zaman iddiaçıya məxsus sayğac çıxarılaraq "Cavabdeh" ASC Nəzarət Ölçü Cihazları İdarəsi "Süölçən X1"na göndərilmişdir. Laboratoriya tərəfindən su sayğacında müdaxilə aşkar edilməsi, sayğacın təmirə və istismara yararsız olması barədə xx xxxxx 2019-cu il tarixli 21442/0043477 saylı rəy verilmişdir. İşə apelyasiya qaydasında baxılarkən məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X4 apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən məhkəmə iclasında iştirak edən iddiaçının direktoru İddiaçı apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı və başqalarının tam ortaqlı “Abadlıq” firması xx.xx.2005-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır (VÖEN **********). İş materiallarına əlavə edilmiş : Cavabdeh ASC ilə İddiaçı arasında Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsində yerləşən qeyri-yaşayış obyektinə dair su təchizatı sistemindən və kanalizasiya xidmətlərinin göstərilməsi ilə bağlı xx xxxxxx 2008-ci il tarixli 151909 saylı müqavilə imzalanmışdır. Cavabdeh ASC ilə İddiaçı arasında Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsində yerləşən qeyri-yaşayış obyektinə dair su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün xx.xx.2012-ci il tarixli 151909 saylı müqavilə imzalanmışdır. RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsində yerləşən 0.0020 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. xx.xx.2019-cu il tarixli smart kart tipli su sayğacının keçirilmiş laborator yoxlamanın nəticəsindən görünür ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən sayğac istismara yararsız hesab edildiyindən sökülərək iddiaçıya təhvil verilmiş və abonentin hesabına sayğac quraşdırılmışdır. xx.xx.2019-cu il tarixli 21442/0043477 saylı Cavabdeh ASC Nəzarət ölçü Cihazları İdarəsi Suölçən X1 tərəfindən verilmş rəydən görünür ki, iddiaçıya məxsus su sayğacında müdaxilə aşkar edilmiş, sayğacın təmirə və istismara yararsız olduğu nəticəsinə gəlinmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçıdan tələb edə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx xxxx 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. İş materiallarından görünür ki, Cavabdeh ASC tərəfindən yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl edilməmişdir və aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Odur ki, həmin yoxlamaya əsaslanaraq cavabdehin iddiaçıya borc hesablaması əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və başqalarının tam ortaqlı “Abadlıq” firmasının istifadəsində olan “Murad” çayxanasına əsassız hesablanmış 1122 manat borcun silinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apelyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh ASC-nin apelyasiya şikayəti təmin olunmasın. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-502/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar