Məhkəmə qərarları › İş №2-2(105)-40/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-40/2020

17.03.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-40/2020 17.03.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin vəkili və nümayəndəsi Nümayəndə Şirzad oğlunun iştirakı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-115/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxx” MMCyə hesablanmış təbii qazın istehlakı ilə bağlı 215548,30 manat dəyərində qeyri-qanuni hesablanmış ziyanın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı iddianın təmin tədbirinin tətbiq edilməsi haqqında ərizə ilə müraciət edərək, iddianın təmin tədbiri olaraq işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin kəsilmiş təbii qazının bərpa olunması və dayanıqlı təbii qazla təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-115/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın təmin tədbiri kimi mülki işə mahiyyəti üzrə baxılanadək iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə təbii qazın verilməsinin dayandırılmasının Cavabdehnə qadağan edilməsi qərara alınmışdır. Qərardaddan Cavabdeh İB şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Birliyin nümayəndələri tərəfindən xx.xx.2017-ci il tarixli 29/1640-1271-1 saylı akta əsasən iddiaçıya məxsus “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, mexaniki hissənin üst qapağında olan yivli birləşmələrə vurulan Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin möhürləri dəyişdirilib və mənşəyi məlum olmayan plomblarla əvəzlənib, elektron hissəyə vurulan İTRİ-nin plombu (02997034) öz yivindən aralanmış və yapışqan vasitəsi ilə yenidən öz yerinə bərpa edilmişdir. Elektron hissə açıldı, daxildə olan İTRİ-nin nömrəli kağız plombu qoparılmışdı. Birliyin nümayəndələri tərəfindən xx.xx.2017-ci il tarixli ******* saylı akt tərtib edilərək iddiaçıya məxsus “xxxx”Məhdud Məsuliyyətli Cəmiyyətinin qaz işlədici və parametrləri əsasında dövlətə vurulan ziyan müəyyən edilərək 215548,30 manat cərimə hesablanmışdır. İddiaçının Birliyə 215548,30 manat borcu olduğundan, üstəlik təbii qazdan qanunsuz istifadə edərək dövlət əmlakını taladığından qaz təchizatının dayandırılması tam qanuni və əsaslıdır. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin vəkili və nümayəndəsi Nümayəndə Şirzad oğlu şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh İB-yə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-in 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün görülən tədbirlərdən biri də müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etməkdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülən və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbir olmaqla, müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Bundan əlavə, iddianı təminetmə tədbiri görülmədikdə işdə iştirak edən şəxslərin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı, onların qanuni mənafelərinin pozulmasının qarşısının alınmalı olması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda mübahisə məhkəmə qaydasında öz həllini tapanadək iddiaçıya məxsus obyektdə qaz təchizatının dayandırılması iddiaçıya maddi ziyan vurmaqla onun qanuni mənafelərini əhəmiyyətli dərəcədə poza bilər, onun fəaliyyətinin faktiki olaraq dayanmasına səbəb ola bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-115/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-115/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar