Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-45/2025 04.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8 qızının katibliyi, iddiaçı H.Əliyev adına X6 nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı H.Əliyev adına X6 Cavabdehnə qarşı “tikilinin sökülməsi tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(119)- 22/2025 nömrəli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(119)-22/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı H.Əliyev adına X9 məxsus neft məhlulu nəql edilən Dş-250 mm-lik boru kəmərinin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində kəmərdən 4-9 metr məsafədə Cavabdeh tərəfindən inşa edilmiş 13 metr eni və 45 metr uzunluğu olan tikilinin (meydançanın) Cavabdeh MTK-nın hesabına sökülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdеh Cavabdeh MTK-dan tutularaq X2 ödənilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Qətnamədən Cavabdeh MTK tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı Heydər Əliyev adına X10 Cavabdehnə qarşı “tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Zavoda məxsus neft məhsulu nəql olunan boru kəmərlərinin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, kəmərdən təqribən 15 metr aralı məsafədə mühafizə zonasında Cavabdeh tərəfindən 50 metr uzunluğunda, 15 metr enində kiçik ölçülü futbol və ya voleybol meydançası üçün nəzərdə tutulmuş tikilinin sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 məxsus neft məhsulu nəql olunan boru kəmərlərinin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, kəmərdən təqribən 15 metr aralı məsafədə mühafizə zonasında Cavabdeh MTK tərəfindən 50 metr uzunluğunda, 15 metr enində kiçik ölçülü futbol və ya voleybol meydançası tikilməsi üçün nəzərdə tutulan betonlanmış ərazinin dəmir konstruksiyalardan istifadə edilməklə hasara alınması aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan işlərin qanunazidd olduğu özünü iş icraçısı kimi təqdim etmiş Qənbər adlı şəxsə izah edilmiş və görülən işlərin aparılmamasına dair ona şifahi xəbərdarlıq olunmuş, lakin həmin şəxs ərazinin Cavabdeh MTK-ya aid olduğunu bildirərək işləri davam etdirəcəyini bildirmişdir. Cavabdeh tikinti apardığı ərazinin ona aid olması barədə hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Bu barədə 30 iyul 2022-ci il tarixdə akt tərtib edilmişdir. 06 sentyabr 2022-ci il tarixdə həmin əraziyə yenidən baxış keçirilmiş və müəyyən olunmuşdur ki, cavabdehə edilmiş şifahi xəbərdarlığa baxmayaraq tikinti işlərini tam başa çatdırmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nizamnaməsinə əsasən H.Əliyev adına X10 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı, insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq mühafizə zonasının mövcudluğu olduqca zəruridir. X9 məxsus magistral boru kəmərlərinin mühafizə zonası, normativ sənədə əsasən, borulardan sağa və sola azı 50 metr olmalıdır. İddiaçı 18 noyabr 2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Dş-300 mm-lik nafta xəttinin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində kəmərdən təqribən 15 metr aralı məsafədə mühafizə zonasında Cavabdeh MTK tərəfindən 50 metr uzunluğunda, 15 metr enində kiçik ölçülü futbol və ya voleybol meydançası üçün nəzərdə tutulmuş tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 2(012)-490/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı H.Əliyev adına X9 məxsus neft məhlulu nəql edilən Dş-300 mm boru kəmərinin mühafizə zonasının 50 metrlik məsafəsində Cavabdeh MTK tərəfindən Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində özbaşına (qanunsuz) tikili olan meydançanın (futbol və voleybol) cavabdehin hesabına sökülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 oktyabr 2023-cü il tarixli 2(105)-1975/2023 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 2(012)-490/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı 5 aprel 2024-cü il tarixdə “məlumatın verilməsi haqqında” ərizə təqdim edərək bildirmişdir ki, X9 məxsus neft məhsulu nəql olunan boru kəmərlərinin mühafizə zonasında xəttin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində Cavabdeh MTK tərəfindən tikilmiş 50 metr uzunluğunda, 15 metr enində kiçik ölçülü futbol və ya voleybol meydançası üçün nəzərdə tutulmuş tikilidən 15 metr aralı məsafədə 2011-ci ildə istifadəyə verilmiş X5 “Azərkimya” İstehsalat Birliyinə (Sumqayıt) nafta məhsulu nəql olunan, uzunluğu 54.82 km olan Dş-250 mm-lik boru xətti keçir. Zavod tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə yanlışlığa yol verilərək sözügedən boru xəttinin ölçüsü Dş-250 mm-lik nafta əvəzinə Dş-300 mm-lik nafta xətti kimi göstərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsi iş üzrə yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh MTK ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK yüksəkmərtəbəli binalar inşa edir. Binaların tikintisi 2007-ci ildən bəri davam edir (2007-ci ildən "xxxx" MTK, 2015-ci ildən sonra isə hüquqi varisi kimi Cavabdeh MTK tərəfindən). Həmin ərazidə bir neçə bina inşa olunmuş, tam olaraq yaşayışa təhvil verilmiş və sakinlər üçün MTK tərəfindən abadlaşdırma işləri həyata keçirilmişdir. İş materiallarından aydın olur ki, Dş-250 mm (nafta) neft boru kəməri 2011-ci ildə çəkilmişdir. Halbuki, binaların tikilməsi 2007-ci ildən başlanmış və meydança həmin zamanlarda MTK tərəfindən sakinlər üçün quraşdırılmışdır. İddiaçı isə iddiasına dəqiqləşmə ərizələri verərək hər dəfə fərqli mm-lik boru kəmərlərinə istinad etmişdir. Məhz bu səbəbdən iş materiallarında olan 30 iyul 2022-ci il tarixli AKT sübut kimi qəbul edilməməli olduğu halda ona istinad edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin 05 iyun 2023-cü il tarixli, 10/789 saylı rəyində digər mm-lik boru kəmərindən bəhs edilir. Bu rəy də sübutlar siyahısından çıxarılmalı idi. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin 23 noyabr 2024-cü il tarixli, 10/2823 saylı rəyi reallığı əks etdirməməkdədir. Ortofoto görüntüyə istinad edib bu faktı təsdiq etmək nə dərəcədə realdır? Həmin ortofoto görüntüdə heç bir mənzərə aydın deyildir. Boru meydança mövcud olarkən çəkilmişdir. Görünən odur ki, iddianı təmin etmək üçün real sübutlar kifayət qədər deyildir. Mövcud sübutlar isə ya bir-biri ilə uyğun gəlmir, ya da mövcud reallığı əks etdirmir. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməyərək və sadəcə mülahizələrə əsaslanaraq qərar qəbul etmişdir. Məhkəmə qətnamə qəbul edərkən araşdırmanı tam aparmamış və bununla da mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Məhkəmə qətnamə qəbul edərkən araşdırmanı tam aparmamışdır və məhkəmə tərəfindən müəyyən edilmiş faktlar mövcud münasibətlərə tamamilə ziddiyət təşkil edir. Ona görə də Sumqayıt kommersiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(119)-22/2025 saylı qətnaməsini ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul etmək xahiş edilir. Apellyasiya baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Cavabdeh MTK məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası, MPM-in 376.2-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı H.Əliyev adına X6 nümayəndəsi Nümayəndə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin dəlilləri əsassız hesab etdiyini, boru kəməri 2011-ci ildə çəkildiyi halda mübahisəli tikilinin 2021-ci ildə və həm də, cavabdehə aid olan ərazi hüdudlarından kənarda inşa edildiyini bildirdi, ona görə də apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib bu nəticəyə gəlir ki, Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(119)-22/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materillarında olan 25 sentyabr 2020-ci il tarixli arayışdan görünür ki, H.Əliyev adına X5 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm (dizel yanacağı) və Dş-300 mm (reaktiv mühərrik yanacağı) diametrli boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm (quru qaz), Dş-250 mm (nafta) diametrli boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. İşdə olan Təhlükəsizlik İdarəsinin 30 saylı komandası tərəfindən tərtib edilmiş 30 iyul 2022-ci il tarixli aktdan görünür ki, həmin tarixdə, saat 16:00-da 19 saylı H.Əliyev adına NEZ-ə məxsus boru kəmərləri üzrə (saat 08:00-dan 20:00-a kimi müşahidə) postun ərazisində keçirilən monitorinq zamanı Abşeron rayonu, Güzdək qəsəbəsində NEZ-ə məxsus yeraltı DŞ-200 mm-lik nafta boru kəmərindən 5-10 metr aralı məsafədə Cavabdeh yaşayış kompleksinə məxsus köhnədən olan 50 m uzunluğunda, 15 m enində betonun 4 tərəfindən hündür dəmir konstruksiyalardan istifadə edilməklə metal tordan çəpərə alınması aşkar olunmuşdur. Cavabdeh yaşayış kompleksində müdir vəzifəsində çalışan, özünün bildirdiyinə görə, Qənbər adlı şəxsə aparılan tikinti işlərinin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilərək (şəxsiyyət vəsiqəsini təqdim etmədiyindən yazılı xəbərdarlıq etmək mümkün olmamışdır) şifahi xəbərdarlıq olunmuşdur. Lakin Qənbər adlı şəxs sözügedən ərazinin Cavabdeh yaşayış kompleksinə aid olduğunu və orada olan bir neçə yaşayış binalarını da göstərərək ərazinin onlara aid olduğunu qeyd edərək tikintini dayandırmayacağını bildirmişdir. Qənbər adlı şəxs Cavabdeh yaşayış kompleksinə aid heç bir rəsmi sənəd təqdim etməmişdir. Tikinti barədə NEZ-in MP-nin rəis müavini R.Nəcəfova məlumat verilmiş, o da öz növbəsində, sənədləşdirmə aparılacağını və müvafiq tədbir görüləcəyini bildirmişdir. Faktla bağlı 16 saylı sahənin rəisi A.Əsədova və TİXTŞ-nin növbə rəisinə məlumat verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli, 10/789 saylı rəyində göstərilir ki, cavabdeh tərəfindən inşa olunduğu iddia olunan meydançanın NEZ-ə məxsus Dş-300 mm-lik neft boru kəmərindən 15 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin təqdim olunmuş meydançanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “mühafizə zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olundu. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2024-cü il tarixli, 10/2823 saylı rəyində göstərilir ki, cavabdeh tərəfindən inşa olunduğu iddia olunan meydançanın NEZ-ə məxsus Dş-250 mm-lik neft boru kəmərindən 4-9 metr məsafədə yerləşdiyi nəzərə alaraq, həmin təqdim olunmuş meydançanın bütövlükdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004cü il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “mühafizə zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü aşkar olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, cavabdeh tərəfindən inşa olunduğu iddia olunan meydançanın Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən X4 məxsus 7 ha torpaq sahəsinin sərhədlərindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Habelə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, cavabdeh tərəfindən inşa olunduğu iddia olunan meydançanın H.Əliyev adına X9 məxsus Dş-250 mm-lik nafta xəttinin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsinin çəkilməsindən sonra inşa edildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməli olması ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki halları ilə müəyyən olunur ki, H.Əliyev adına X9 məxsus neft məhsulu nəql olunan Dş-250 mm-lik boru kəmərinin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində kəmərdən 4-9 metr məsafədə Cavabdeh tərəfindən 13 metr enində, 45 metr uzunluğunda dəmir-beton konstruksiyadan idman meydançası inşa edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2024-cü il tarixli, 10/2823 saylı rəyində göstərilir ki, həmin meydançanın H.Əliyev adına X9 məxsus Dş-250 mm-lik neft boru kəmərindən 4-9 metr məsafədə yerləşdiyi nəzərə alınaraq, sözügedən meydançanın bütövlükdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “mühafizə zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü, eyni zamanda, meydançanın NEZ-ə məxsus Dş-250 mm-lik nafta xəttinin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsinin çəkilməsindən sonra inşa edildiyi müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, iddiaçı H.Əliyev adına X9 məxsus neft məhlulu nəql edilən Dş-250 mm-lik boru kəmərinin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində kəmərdən 4-9 metr məsafədə Cavabdeh tərəfindən inşa edilmiş 13 metr eni və 45 metr uzunluğu olan tikili (meydança) Cavabdeh MTK-nın hesabına sökülməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin maddi-hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Torpaq Məcəlləsinin 22 və 111-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və belə nəticəyə gəlməsinin əsasları ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. - 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. - 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. - 22.5-ci maddəsinə əsasən, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. - 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin müəyyən olunmuş hallarından görünür ki, həqiqətən də iddiaçıya məxsus neft məhsulu nəql olunan Dş-250 mm-lik boru kəmərinin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində kəmərdən 4-9 metr məsafədə Cavabdeh MTK tərəfindən 13 metr eni və 45 metr uzunluğu (585 kv.m sahəsi) olan dəmir-beton konstruksiyadan idman meydançası inşa edilmişdir. Həmin meydança magistral neft kəmərinin hər tərəfə (saga və sola) 50 m təşkil edən mühafizə zonasına (mühafizə zolağının hüdudlarına) düşür. Digər tərəfdən, meydança Cavabdeh MTK-ya məxsus və tikinti aparmaq üçün icazə verilmiş ərazisindən (7,0 ha torpaq sahəsindən) də kənarda inşa edilmişdir. Göstərilənlərə əsasən sözügedən meydança qanunsuz və özbaşına tikinti kimi müəyyən olunur. Həm insanların təhlükəsizliyinin təmin olunması, həm də istismarına lazımi şərait yaradılması baxımından magistral neft kəmərlərinin normativ-hüquqi aktla müəyyən edilmiş mühafizə zonasında sosial təyinatlı obyektlərin tikintisi qadağan olunur. Cavabdeh apellyasiya şikayətində mübahisəli meydançanın tikintisinə 2007-ci ildən başlandığını və neft kəmərinin çəkilməsindən əvvəl inşa olunduğunu iddia etsə də, lakin həmin tikilinin məhz 2021-ci ildə inşa edilməsi, buna qədər sözügedən ərazidə mübahisələndirilən tikilinin mövcud olmaması mötəbər sübutlarla (ekspertin rəyi, ortofoto görüntüləri, iddiaçı NEZ-in işçiləri tərəfindən tərtib olunmuş yerində müayinə (baxış) aktları və s. ilə) təsdiqini tapır. Həmçinin, ekspert tərəfindən texniki-coğrafi vasitələrdən istifadə edilməklə yerində aparılmış tədqiqat zamanı mübahisələndirilən meydançanın magistral neft kəmərindən 4-9 m məsafə boyunca tam olaraq mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2024-cü il tarixli, 10/2823 saylı rəyini kifayət qədər əsaslı və əhatəli hesab etdiyindən cavabdehin yenidən tikinti-texniki ekspertizasının təyin edilməsi barədə vəsatətini təmin etməyə əsas və lüzum görməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli tikilinin sökülməsi barədə tələbi qanuni və əsaslı olduğundan birinci instansiya məhkəməsi həmin tələbi təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbulolunmazdır. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etmiş və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(119)-22/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli 2-2(119)- 22/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-45/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-45/2025
04.04.2025 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver