Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-59/2020 12.05.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər X1 və X2 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-294/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh “xxxx” ASC tərəfindən verilmiş şikayətə xx xxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx" ATSC cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC -nin əməkdaşları tərəfindən hazırlanan xx.xx.2020-ci il tarixli NQD 007225 saylı akt əsasında hesablanmış 213.150 (iki yüz on üç min yüz əlli) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan əlavə, “xxxx" ATSC məhkəməyə iddianı təmin etmə tədbiri barədə ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə naməlum şəraitdə "xxxx" ATSC-nin ərazisinə daxil olan şəxslər elektrik təchizatı avadanlıqlarına baxış keçirmiş və guya elektrik xəttinə qanunsuz qoşulma aşkar etmişlər. Halbuki, xx.xx.2020ci il tarixli NQD 007225 saylı aktda da qeyd olunmuşdur ki, "xxxx" ATSC-nin 6 Kv-luq elektrik sayğaclarının və cərəyan transformatorunun yerləşdiyi yuvanın qapısına vurulmuş 342843 saylı möhürün simi cavabdeh təşkilatın nümayəndələri tərəfindən qırılmışdır. Yəni, bu onu göstərir ki, "xxxx" ATSC tərəfindən mövcud elektrik enerji təchizatı qurğularına heç bir müdaxilə olunmamış, bütün möhür və ştamplar toxunulmaz qalmışdır. "xxxx" ATSC elektrik enerjisinin ödənilməsinə dair hesab faktura üzrə bir manat belə borcu olmasa da, cavabdeh “xxxx” ASC-nin əməkdaşları qanunsuz AKT tətbiq edərək heç bir araşdırma aparmadan elə qondarma aktı tərtib etdikləri gün (xx.xx.2020) “hesab ödəniş vərəqi” təqdim edərək, guya "xxxx" ASC-nin ƏDV 213.150 (iki yüz on üç min yüz əlli) borcunun olmasını göstərmişlər. Hesablanmış qanunsuz enerji borcu məhkəmə qaydasında mübahisələndirildiyi üçün cavabdeh təşkilat "xxxx" ATSC-yə elektrik enerjisinin verilişini dayandırmaqla bağlı bildiriş göndərmişdir. İddiaçı hesab edir ki, cavabdehin istehsalat prosesinin tamamilə pozulmasına gətirib çıxaracağı bu hərəkət sahibkar olaraq təkcə "xxxx" ATSC-yə yox, istehsal etdiyi məhsulun strateji məhsul olması baxımından bütün Sumqayıt şəhərinin çörək istehlakçılarına mənfi təsir etməklə yanaşı, hazırda dünyada yayılan virus infeksiyası ilə Azərbaycan dövləti tərəfindən aparılan qabaqlayıcı tədbirlərin icrasında və insanların ərzaq təminatında ciddi iğtişaş yarada bilər. Odur ki, ərizədə hazırkı kommersiya işi üzrə məhkəmə qətnaməsi qəbul edilib, qətnamənin qanuni qüvvəyə minməsinə qədər "xxxx" ATSC-yə elektrik enerjisinin verilişinin dayandırılmasının qadağan edilməsi xahiş edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-294/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə “xxxx" ATSC-nin cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya işi ilə bağlı “xxxx" ATSC-nin iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi iddiaçı "xxxx" ATSC-yə elektrik enerjisinin verilişinin dayandırılması cavabdehə qadağan edilmişdir. (hakim X.Tağıyev) Qərardaddan narazı qalan cavabdeh “xxxx” ASC şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-294/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən aydın olur ki, elektrik enerjisindən istifadə qaydalarının pozulması aşkar edilərək, faktla bağlı akt tərtib olunmaqla sərfiyyat hesablanmış, lakin ödəniş edilməmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.2-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam məbləğ ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. Konkret halda iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə elektrik enerjisinin verilişinin dayandırılmasının “xxxx” ASC-yə qadağan edilməsi enerji təchizatı müəssisəsinin həmin hüququnu məhdudlaşdırır, iddiaçının nəinki hazırkı borcunu, hətta işə baxılıb qurtaranadək aylarla istifadə edəcəyi elektrik enerjisinin dəyərini də ödəməməyə şərait yaradır. Qərardad qəbul edilərkən işə baxılıb qurtaranadək iddiaçının qeyri-yaşayış sahəsində istehlak olunacaq elektrik enerjisinin dəyərinin enerji təchizatı müəssisəsi olan “xxxx” ASC-yə hansı vəsait hesabına ödəniləcəyi də nəzərə alınmamışdır. İddiaçının tələbi borcun silinməsi ilə bağlı olduğu halda, qeyri-yaşayış sahəsinə elektrik enerjisinin verilməsinin dayandırılmasının qadağan olunmasının gələcəkdə qəbul ediləcək qətnamənin icrasının təmin edilməsi ilə əlaqəsi nədən ibarət olduğu da məhkəmə tərəfindən əsaslandırılmamışdır. Göstərilənləri nəzərə alaraq, şikayətdə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(119)294/2020 nömrəli qərardadının ləğv olunması xahiş edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-294/2020 saylı xx xxxxx 2020ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və kommersiya işi ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.(hakim X.Tağıyev) İddiaçının və cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və iddianın təmin tədbiri haqqında ərizəni araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı "xxxx" ATSC hazırkı iddia ərizəsi ilə cavabdeh “xxxx” ASC tərəfindən hesablanmış 213.150 (iki yüz on üç min yüz əlli) manat məbləğində borcu mübahisələndirmişdir. İddiaçının ərizəsinə əsasən qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(119)-06/2020 saylı qərardadına əsasən iddiaçı “xxxx" ATSC-nin cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya işi ilə bağlı “xxxx" ATSC-nin iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi iddiaçı "xxxx" ATSC-yə elektrik enerjisinin verilişinin dayandırılması cavabdehə qadağan edilmişdir. Kollegiya qeyd edir ki, mübahisələndirilən borc məbləğinə görə hüquqi şəxs olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı “xxxx" ATSC-yə elektrik enerjisinin verilməsinin dayandırılması sonuncunun sahibkarlıq fəaliyyətini həyata keçirməsinə maneələr yarada və həmin hüquqi şəxsə və digər şəxslərə zərər vura bilər. Bu səbəbdən iddianı təmin tədbiri barədə ərizə təmin edilməli, iddianın gələcəkdə təmin ediləcəyi təqdirdə hazırda iddiaçının əsassız yerə maddi ziyana düşməsinin qarşısını almaq məqsədilə, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi "xxxx" ATSC-yə elektrik enerjisinin verilişinin dayandırılması cavabdehə qadağan edilməlidir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə uyğun olaraq, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-158.1.3-cü maddələrinə əsasən, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək ilə iddianı təmin etmə tədbiri görülə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395- 396, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh “xxxx” ASC-nin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-294/2020 saylı xx xxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Telman Quliyev Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(105)-59/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-59/2020
12.05.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver