Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-76/2022 04.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Şirkətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, e-2-2(119)-260/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Şirkəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Şirkətinə məxsus ünvan 1 ünvanda yerləşən kommersiya obyektinə hesablanmış 1662 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC tərəfindən iddiaçının ünvan 1 ünvanda yerləşən “Çay evi” kimi fəaliyyət göstərən obyektə su sərfiyyatı və çirkab suların axıdılmasına görə 1662 manat borc hesablanmış və şəxsi hesabda bu borc qeydə alınmışdır (abonent kodu 156646). Həmin borcun yaranmasının hüquqi səbəbi (protokol, akt və ya qərar) iddiaçıya məlum deyil və iddiaçıya bu barədə hər hansı bir qərar təqdim edilməmişdir. Bu barədə iddiaçı Cavabdeh ASC-yə öz pretenzsiyasını göndərmiş olsa da, pretenziyaya hər hansı cavab verilməmişdir. Bu mübahisə ilə əlaqədar cavabdeh tərəfə mediasiya prosesi də təklif edilmiş, mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün cavabdehə bildiriş göndərilmiş və mediasiya prosesi 29 dekabr 2021-ci il tarixə təyin edilmişdir. Lakin, cavabdehin nümayəndəsi mediasiya prosesində iştirak etməmiş və bu barədə mediator tərəfindən 29 dekabr 2021-ci il tarixli arayış tərtib edilmişdir. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Obyektə gələn su xəttində quraşdırılmış sayğac 2021-ci ilin fevralında olan soyuq şaxtalar nəticəsində donaraq partlamış və sayğacdan su axını baş vermişdir. Bu barədə cavabdehin yerli təşkilatına məlumat verilsə də, aylarla heç bir tədbir görülməmiş və obyektə su verilişi müəyyən qədər məhdudlaşmışdı. Bir neçə ay keçdikdən sonra cavabdeh obyektə gələn sayğacı rəsmi olaraq götürüb laboratoriyaya göndərmiş və iddiaçıya su birbaşa xətlə verilmişdir. Laboratoriyada sayğacın sıradan çıxması və bərpasının qeyri-mümkünlüyü barədə rəy verildikdən sonra su xəttində yeni sayğac quraşdırılmışdı. Bundan bir qədər sonra iddiaçının şəxsi hesabında sudan istifadəyə görə böyük məbləğdə borc göstərilmiş və səbəbini soruşanda isə bildirilmişdi ki, sayğac çıxarılarkən üzərində olan göstəricilər əsasında iddiaçının borcu yaranmışdır. Cavabdehə bildirilmişdi ki, sayğac 2021-ci ilin fevralından yararsız hala düşmüş, ondan olan sızma nəticəsində su böyük həcmdə kənara axmış və bunun iddiaçının obyektinə heç bir aidiyyatı yoxdur və cavabdehin öz günahı ucbatından yaranmış su itkisinə görə iddiaçı borclu ola bilməz. Çünki həmin sayğacı işlək və saz vəziyyətdə saxlamaq cavabdehin borcudur və orda yaranmış nasazlığın aylarla aradan qaldırılmamasına görə olan su itkisinə iddiaçı cavabdeh ola bilməz. Buna baxmayaraq cavabdeh bu gün də həmin borcu iddiaçının şəxsi hesabında göstərir və hər dəfə karta ödənmiş pulun 70 faizini özlərinin əsasız hesabladıqları borca görə silir. Ona görə də cavadehin bu hərəkətlərinin qarşısı alınmalı və iddiaçıya hesablanmış əsasız su və çirkab sularına görə göstərilən borc ləğv edilməlidir. Qeyd edilməlidir ki, həmin su iddiaçının obyektinə daxil olmadan küçəyə axmışdır. Amma buna baxmayaraq cavabdeh həm suya görə iddiaçıya 800 manat borc hesablamış, həm də çirkab suların axıdılmasına görə 800 manat borc yazmışdır. Hansı ki, həmin su həcmi iddiaçının obyektinə daxil olmayıb və çirkab su xəttinə daxil olmamış, elə obyektdən kənarda olmaqla torpağa axmışdır. Cavabdeh isə sayğacın partlaması nəticəsində torpağa axıdılmış su həcmini də iddiaçının hesabına çirkab suların axıdılması borcu kimi hesablamışdır ki, bu da qanunsuzdur. Cavabdehin özünün tərtib etdiyi 14 iyul 2021-ci il tarixli “Smart-Kart tipli sayğacın laborator yoxlamadan keçirilməsi” barədə aktdan da görünür ki, “sayğacın elektron hissəsi işləmədiyindən, sayğac istismara yararsız olduğundan, sayğac çıxarılaraq Cavabdeh ASC-nin laboratoriya sınağına göndərilməsi üçün abonentə təhvil verildi. Birbaşa birləşmə verildi”. 01 sentyabr 2021-ci il tarixində isə yenidən sayğac quraşdırıldı. Cavabdehin laboratoriyasının 14 sentyabr 2021-ci il tarixli 15361/0112077 saylı Rəyindən görünür ki, “yoxlama nəticəsinə əsasən kipliyə davamlılıq pozulmuşdur, S-C-in elektron platası işləmir. S-C-in qapaqaltı platform hissəsi çatlaqdır. S-C-in daxilinə su sızması aşkar olundu. Nisbi xətanın təyini üçün yararlı deyil. Batareya işlək deyil. S-C təmirə və istismara yarasızdır”. İddiaçı "xxxx" tərəfindən cavabdehə ünvanlanmış ərizədən də görünür ki, 2021-ci ilin fevral ayında şaxtalar səbəbindən su sayğacının partlaması barədə məlumat verilmiş, lakin vaxtında tədbir görülməmiş, yalnız 14 iyul 2021-ci il tarixdə sayğac götürülərək birbaşa xətt verilmiş, 30 avqust 2021-ci il tarixdə yeni sayğac quraşdırılmışdır. Sayğac çıxarılarkən üzərində olan göstərici əsas götürülə bilməzdi, çünki bu aylar ərzində xarab sayğacdan su çölə axmışdır”. Qeyd edilməlidir ki, yeni sayğac qoyulduqda iddiaçıya 8 ton kredit suyu verilmişdir və iddiaçı həmin kredit suyu 30 avqust 2021-ci il tarixdən 15 sentyabr 2021-ci il tarixədək istifadə etmişdir. Sayğacın işlədiyi aylar ərzində də iddiaçının orta su sərfiyyatı təxminən bu miqdarda olmuşdur. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək xarab sayğacın üzərində olan göstəricilərlə deyil, bu aylar ərzində istifadə edilən suya uyğun orta sərfiyyat müəyyən edilməsini xahiş etmişdir. Lakin cavabdeh bu halları və reallığı nəzərə almadan yalnız 6 ay ərzində xarab olmuş və təmir edilməmiş sayğacdakı göstəriciləri əsas götürərək iddiaçıya borc hesablamışdır ki, hazırda iddiaçı bununla razılaşmır və bu əsassız borcun silinməsini xahiş edir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(119)-260/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov ). Qətnamədən narazı qalan iddiaçı "xxxx" Şirkəti apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, e-2-2(119)-260/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı "xxxx" Şirkəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə sayğacın qorunmasında və xarab olduqdan sonra 6 ay ərzində təmir edilməməsində yalnız iddiaçını təqsirli və cavabdeh hesab edərkən və bu əsasla da onun iddiasını rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddi normasının tələblərini pozmuş və onun məzmunundan irəli gələn “birgə hərəkət etməli” tələbini diqqətə almamış, şaxta nəticəsində partlamış və suyu kənara axıdan su sayğacının cavabdeh tərəfindən səhlənkarlıq və öz vəzifə borclarına etinasız yanaşmasına hüquqi qiymət verməmişdir.Hansı ki, 2021-ci ilin fevral ayında güclü şaxtalar səbəbindən sayğacın partlaması barədə həmin ərazinin nəzarətçilərinə məlumat verilmiş, lakin həmin şəxslər öz vəzifələrini yerinə yetirməyərək xarab olmuş sayğacı vaxtında dəyişməməklə, həm su itkisinə səbəb olmuşlar, həm də nəticədə iddiaçının işlətmədiyi suya görə maddi məsuliyyətə məruz qalmışdır. İddiaçı qeyd edir ki, hər ay stabil olaraq ən çoxu 20-30 manatlıq ( 10-15 ton) su işlətmişdir. Belə olan təqdirdə sayğac xarab olduğu müddət üçün sayğac hər aya 150 ton (adi qaydada istifadə edildiyindən 10 dəfədən də çox) su sərfiyyatı yazması mümkünsüzdü.Təkcə bu fakt sübut edir ki, həmin suyu iddiaçı işlətməmişdir, xarab sayğac olduğuna görə sayğacın göstəriciləri səhv olmuşdur. Lakin məhkəmə bu faktlara qiymət vermədən və yalnız mexaniki göstəricidə olan rəqəmlərə istinad edərək iddiaçıya o həcmdə borc hesablamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddi normasının da tələblərinə riayət etməmişdir.Belə ki, cavabdeh təşkilatın 6 ay ərzində öz vəzifə borclarını yerinə yetirməməsinə, xarab sayğacı vaxtında dəyişməməsinə düzgün hüquqi qiymət verməmiş və bütün cavabdehlikləri iddiaçının üzərinə qoymuşdur.Hansı ki,bu norma tələb edir ki, hər bir tərəf öz vəzifələrini vicdanlılığın tələb etdiyi tərzdə, lazımı şəkildə, işgüzar adətlərə müvafiq surətdə hərəkət etməlidirlər.Bu halda iddiaçı işgüzar adətlərə əsasən sayğacın xarab olması barədə cavabdeh təşkilatın nəzarətçilərinə müraciət etmiş və iddiaçıya şifahi qaydada məlumat verilmişdir ki, hazırda elə imkanlar yoxdur və imkan olan kimi gəlib sayğacı dəyişəcəklər. Belə olduğu təqdirdə, məhkəmə iddiaçını rəsmi müraciət etməməkdə günahlandırır və həmin dövr üçün xarab sayğacın mexaniki hissəsində yazılmış əsassız rəqəmlər əsasında hesablanmış əsasız borcu ödəməli olduğu qənaətinə gəlmişdir ki, bu halda iddiaçı məhkəmə qətnaməsini qanuni hesab etmir. İddiaçı prosessual hüquq normaların pozulması və düzgün tətbiq edilməməsinə dair əsaslanaraq qeyd edir ki, birinci instansiya məhkəməsi AR MPM-nin 218.1-ci maddəsinin tələblərinə riayət etməmişdir Belə ki, işin müəyyən olunan halları ondan ibarətdir ki, şaxta nəticəsində sayğac xarab olmuş, 6 aydan sonra sayğac dəyişiləndə qaydalara əsasən orta sərfiyyatla borc müəyyən edilməli olduğu halda, məhkəmə bu qaydaları tələb etməli olduğu halda, tətbiq edilməli olan maddi normanı düzgün müəyyən etməmiş, xarab sayğacda olan göstəricilərə əsaslanaraq iddiaçıya borcu həmin sayğacdakı göstərişlərlə müəyyən etmişdir. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməyərək MPM-nin 217.1-ci maddəsinin tələblərini pozmuşdur.Belə ki, məhkəmə həmin sayğacın xarab olmasına görə iddiaçının məsuliyyət daşımağını əsas götürsə də, borcun müəyyən edilməsi üçün normanı düzgün tətbiq etməmişdir.İddiaçı orta sərfiyyatla borcu ödəməli olduğu halda, məhkəmə sayğacla ödəməli olduğu qərarına gəlmişdir. İddiaçı sayğacı saz saxlamaqda və nasazlıq barədə vaxtında rəsmi məlumat verməkdə borclu olsa da, borcun hesablanması qaydası düz olmamışdır. Orta sərfiyyatla hesablanmalı olan borc xarab sayğaca əsasən hesablanmış və məhkəmə də maddi normaların tələblərini pozaraq bu hesablamanı qanuni hesab etmişdir ki,bu halda qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətində Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(119)-260/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: İddiaçı "xxxx" Şirkətinə (VÖEN **********) məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinin (“Çay evi”nin) su təchizatı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” Müqavilə (abonent kodu: 156646) əsasında həyata keçirilmiş və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun və “Sudan istifadə Qaydaları”nın tələbləri nəzərə alınmaqla tərtib edilmiş həmin Müqavilədə müvafiq olaraq hüquqi şəxs olan tərəflərin, yəni “İstehlakçı” (abonent) olaraq "xxxx" Şirkətinin və “Müəssisə” (təchizatçı) olaraq Cavabdeh ASC-nin hüquqları və öhdəlikləri təsbit olunmuşdur. “İstehlakçı” "xxxx" Şirkətinə məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektində (“Çay evi”) Cavabdeh ASC tərəfindən təchiz edilən su və kanalizasiya xidmətlərindən istifadə olunur və bununla əlaqədar “smartkart” tipli su sayğacı quraşdırılaraq, həmin sayğacla hesabatı aparılan su və kanalizasiya xidmətlərindən istifadə üçün hər kub metrə görə 2 (iki) manat olmaqla pul hesablanır. İş materiallarında olan 14 iyul 2021-ci il tarixli “Smart-Kart tipli su sayğacının laborator yoxlamadan keçirilməsi” haqqında Aktın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 14 iyul 2021-ci ildə istehlakçı "xxxx" Şirkətinə məxsus obyektdə (“Çay evi”) quraşdırılmış 50115361 nömrəli su sayğacı “sayğacın elektron hissəsi işləmədiyindən və sayğac istismara yararsız olduğundan” çıxarılaraq, həmin sayğac Cavabdeh ASC-nin laboratoriya sınağına göndərilməsi üçün abonent "xxxx" Şirkətinin özünə təhvil verilmiş və həmin obyektdə sudan istifadə üçün “birbaşa birləşmə” verilmişdi. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Nəzarət-Ölçü Cihazları İdarəsinin X1 Laboratoriyası tərəfindən tərtib edilmiş 14 sentyabr 2021-ci il tarixli 15361/0112077 nömrəli Rəyində göstərilir ki, Laborator avadanlıq üzrə yoxlama nəticəsinə əsasən "xxxx" Şirkətinə məxsus 50115361 nömrəli su sayğacının kipliyə davamlığı pozulmuşdur. Sayğacın elektron platası işləmir. Sayğacın qapaqaltı platform hissəsi çatlaqdır. Sayğacın daxilinə su sızması aşkar olundu. Nisbi xətanın təyini üçün yararlı deyil. Batareya ((E=3 6v) 0.0v) işlək deyil. Sayğac təmirə və istismara yararsızdır. İş materiallarında olan istehlakçı "xxxx" Şirkətinə məxsus sahibkarlıq obyektinin (“Çay evi”nin) su təchizatı ilə əlaqədar təchizatçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş Arayışdan görünür ki, istehlakçı "xxxx" Şirkətinə məxsus (kod 156646) “smart-kart” tipli 50115361 nömrəli su sayğacı istismara yararsız olduğundan 14 iyul 2021ci ildə sökülüb, yerinə 01 sentyabr 2021-ci il tarixdə 245336 nömrəli yeni su sayğacı quraşdırlmışdır. 50115361 nömrəli sökülən su sayğacı quraşdırıldığı müddətdən, yəni 10 may 2019-cu il tarixdən istifadə olunan suyun miqdarı 2739 m³ təşkil edir. Lakin abonentin ödəniş etdiyi miqdar isə 2125 m³ təşkil edir. Belə ki, sayğacın üzərində istifadə olunan, lakin ödənişi olmayan 614 m³ (1228 manat) sərfiyyat qalmışdır. 14 iyul 2021-ci ildə sayğac sökülüb laboratoriyaya göndərilmişdir, yeni sayğac isə 01 sentyabr 2021-ci ildə quraşdırılmışdır. Bu müddət üçün 187 m³ (374 manat) orta sərfiyyat hesablanmışdır. Orta sərfiyyat əvvəlki (köhnə) sayğacın normal işlədiyi 1 il ərzində hesablanmış sərfiyyatdır. Ümumi yaranmış borc 614 m³ + 187 m³ = 801 m³; - Manatla: - 1228 manat +374 manat = 1602 manat təşkil edir. İş materiallarında olan "xxxx" Şirkətinin su təchizatı ilə əlaqədar tərtib edilmiş Abonent haqqında Məlumatda əks olunmuş göstəricilərlə də 01 sentyabr 2021-ci ildə yeni sayğac quraşdırıldıqdan sonra ümumilikdə 1602 manat məbləğində borcun hesablanaraq abonentin hesabına daxil edildiyi təsdiq olunur. “Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 4-cü maddəsinin 3-cü bəndinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 30-ci maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 32-ci maddəsinin tələblərinə görə, 1. İstehlakçılar verilən suyun həcminin hesablanması ilə əlaqədar aşağıdakıları həyata keçirməlidirlər: - a) suölçən cihazın mühafizəsini təmin etmək və onu lazımi texniki vəziyyətdə saxlamaq; b) suölçən cihazın göstəricilərinin təhrif olunmasının qarşısını almaq məqsədi ilə zəruri tədbirlər həyata keçirmək; c) bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan səlahiyyətli nümayəndənin suölçən cihazların yanına buraxılmasını təmin etmək; ç) suölçən cihazın istifadə olunan suyun miqdarını əks etdirən göstəricisini və cihazın vəziyyəti haqqında lazımi məlumatı su təchizatı müəssisəsinə təqdim etmək. 2. İstehlakçı suölçən cihazların mühafizəsi tələblərinə əməl etmədikdə, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi istehlakçının vəsaiti hesabına onların təmirini, yenidən quraşdırılmasını və onların işinə mane olan səbəblərin aradan qaldırılmasını və ya su təchizatının ölçülməsi və düzgün qeydiyyatının təmin edilməsi üçün zəruri olan digər işləri yerinə yetirə bilər. Suölçən cihazın göstəricisi pozulduğu halda su təchizatı müəssisəsi bu dövrdə istifadə olunmuş suyun həcmini əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla, borunun suburaxma qabiliyyətinə əsasən müəyyənləşdirir. Suölçən cihazın göstəricisinin pozulması dövrünün müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. 3. Suölçən cihazın yenidən quraşdırılmasına ehtiyacı olan istehlakçı bu barədə həmin ehtiyacın yarandığı gündən yeddi gündən gec olmayaraq qabaqcadan su təchizatı müəssisəsinə yazılı müraciət etməlidir. Suölçən cihazın göstəricisi onun yenidən qurulması anında götürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin “Qaydalar”ın 6.5-ci bəndinə əsasən, istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə su təchizatı və kanalizasiya müəssisəsinin (STKM-in) vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Həmin “Qaydalar”ın 6.13-cü bəndinə əsasən, hüquqi şəxs olan istehlakçılar tərəfindən suölçən cihazın təmiz saxlanılmasına, avadanlığın qorunmasına, donvurmanın qarşısının alınmasına, su sayğacı və su xəttindəki siyirtmə, süzgəc üzərindəki plombların toxunulmazlığına cavabdeh olan şəxs müəyyən edilir. Həmin “Qaydalar”ın 7.3-cü bəndinə əsasən, smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Həmin Qaydaların 7.9-cu bəndinə əsasən, suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir. Birinci instansiya məhkəməsi işin konkret hallarına əsasən düzgün olaraq müəyyən etmişdir ki, iddiaçı "xxxx" Şirkətinin hazırkı iddia tələbində silinməsini tələb etdiyi “1662 manat məbləğində borc” hər hansı bir yoxlama nəticəsində hesablanmış borc məbləği deyil, sayğacın elektron hissəsinin müəyyən dövrlərdə sərfiyyatı qeydiyyata almaması, lakin həmin sərfiyyatın sayğacın mexaniki hissəsi tərəfindən qeydiyyata alması ilə əlaqədar yaranmış fərqə və eyni zamanda, 14 iyul 2021-ci ildən 01 sentyabr 2021-ci il tarixinədək birbaşa qoşulma müddətində istifadə olunmuş suya görə orta sərfiyyat əsasında hesablanmış borc məbləğidir və həmin borc məbləği iddia tələbində qeyd olunduğu kimi “1662 manat məbləğində” deyil, ümumilikdə 1602 manat təşkil edir. Yəni, mübahisə predmeti olan borc məbləğini - elektron hissə ilə mexaniki hissə arasında yaranmış fərqlə əlaqədar sayğac tərəfindən hesablansa da, ödənilməmiş 1228 manat dəyərində 614 m³ su sərfiyyatı (çirkab suyun axıdılması ilə birlikdə) və sayğac olmadığı üçün birbaşa birləşmə verildiyi dövrdə qanunvericiliyin tələblərinə uyğun orta sərfiyyat üzrə hesablanmış 374 manat dəyərində 187 m³ (çirkab suyun axıdılması ilə birlikdə) olmaqla, cəmi 1602 manat miqdarında ödənilməmiş borc təşkil edir. Bununla əlaqədar birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı tərəfin hazırkı iddia ərizəsində və məhkəmə araşdırması zamanı izahatlarında, eləcə də 01 sentyabr 2021-ci ildə yeni sayğac quraşdırıldıqdan sonra cavabdeh tərəfə ünvanlanmış 20 sentyabr 2021-ci il tarixli ərizəsində ifadə olunan mövqeyi sayğacın 2021-ci ilin fevral ayından düzgün işləməməsi (sayğacın quraşdırıldığı yerdə suyun kənara axması) halı olmuş və bu hala görə iddiaçı tərəf 2021-ci ilin fevral ayından 01 sentyabr 2021-ci il tarixində yeni sayğac quraşdırılanadək istifadə olunan suya görə ümumiyyətlə pul (borc) hesablanmasına deyil, borcun (pulun) yüksək həddə, yəni “1662 manat” məbləğində (əslində isə “1602 manat” məbləğində) hesablanmasına etiraz edərək, həmin müddətə ümumilikdə borcun “hər aya 32 manat olmaqla, 6 aya cəmi 192 manat məbləğində” müəyyən edilməli olduğunu tələb etmişdir. Yəni, ümumilikdə iddiaçı tərəf 2021-ci ilin fevral ayından yeni sayğac quraşdırılanadək “smart-kart” tipli sayğacın pul ödənmədən işləməsi, yəni düzgün işləməməsi faktını və həmin dövrdə istehlakçı olaraq özünə məxsus sahibkarlıq obyektində (“Çay evi”ndə) sudan istifadə edildiyini təsdiq etmiş olsa da, həmin istifadəyə görə hesablanmış borcun məbləğini mübahisələndirmişdir. Lakin, məhkəmə araşdırması zamanı yuxarıda qeyd olunanlarla müəyyən edilir ki, məlum sahibkarlıq obyektində sayğac “smart-kart” tipli sayğac olmuş və cavabdeh təşkilatın həmin sayğaca hər ay nəzarət etmək vəzifəsi olmamışdır. Halbuki, qanunvericiliyin tələblərinə görə iddiaçı hüquqi şəxs olaraq, mülkiyyətində olan su sayğacının texniki cəhətdən saz və işlək vəziyyətdə saxlanmasına cavabdeh olmuş və eyni zamanda, o, texniki problem olduqda isə dərhal təchizatçı Müəssisəyə rəsmi məlumat verməli və yeni sayğac alaraq quraşdırılmasını təmin etməli idi. Eləcə də, təchizatçı Cavabdeh ASC tərəfindən isə mübahisələndirilən məlum borc məbləği hər hansı bir cərimə və s. kimi deyil, 10 may 2019-cu il tarixdən istifadə olunan sayğacın göstəriciləri əsasında qeydiyyata alınmasına baxmayaraq ödənilməmiş 614 m³ (1228 manat) miqdarında sərfiyyata (sayğac göstəricisinə) və 14 iyul 2021-ci ildən 01 sentyabr 2021-ci il tarixinədək birbaşa qoşulma üzrə orta sərfiyyat kimi hesablanmış 187 m³ (374 manat) miqdarında sərfiyyata görə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448-ci maddəsinin1-ci bəndinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448-ci maddənin 2-ci bəndinə əsasən isə borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətində göstərilən 425.1-ci maddəsinin tələblərinin pozulması əsassızdır.Belə ki, sahibkarlıq obyektində sayğac “smart-kart” tipli sayğac olmuş və cavabdeh təşkilatın həmin sayğaca hər ay nəzarət etmək vəzifəsi olmamışdır. Birinci intansiya məhkəməsində işin halları araşdırılarkən müəyyən olunmuşdur ki, mübahisə predmeti olan borc məbləği iddiaçının 6 ay ərzində xarab sayğacda göstərilən sərfiyyatın məbləği deyil, həmin sərfiyyatın sayğacın mexaniki hissəsi tərəfindən qeydiyyata alması ilə əlaqədar yaranmış fərqə və eyni zamanda, 14 iyul 2021-ci ildən 01 sentyabr 2021-ci il tarixinədək birbaşa qoşulma müddətində istifadə olunmuş suya görə orta sərfiyyat əsasında hesablanmış borc məbləğidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Q Ə T E T D İ: İddiaçı "xxxx" Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, e-2-2(119)-260/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-76/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-76/2022
04.07.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver