Məhkəmə qərarları › İş №2-2(105)-80/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-80/2023

12.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-80/2023 12.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-76/2023 nömrəli, 03 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Taxta satışı ilə məşğul olan İddiaçı ilə Cavabdeh öz aralarında olan şifahi razılaşma əsasında 2018-2020-ci illər ərzində taxta satışı sahəsində birgə fəaliyyət göstərmişlər. Onların arasında hər hansı bir yazılı müqavilə olmamışdır. İddiaçı həmin illər ərzində cavabdehə hissə-hissə, ümumilikdə cəmi 1466 3000 rubl məbləğində pul göndərmiş və o, həmin pulun müqabilində də Rusiya Federasiyasında tədarük etdiyi taxtaları vaqonlarla Aqşinə göndərmişdir. Lakin, o, Aqşinin 14 663000 rubl məbləğində pulun yalnız 2 000 000 rubl hissəsi üzrə Aqşinin özünə taxta göndərə bilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (VÖEN **********) 25 noyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh (VÖEN **********) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 89100 (səksən doqquz min yüz) manat məbləğində pul, 358,50 (üç yüz əlli səkkiz manat 50 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və mediasiyaya ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 89858,50 (səksən doqquz min səkkiz yüz əlli səkkiz manat 50 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qədirov X2 şəhərində tikinti materiallarının satışı ilə məşğul olur. O, təxminən 2018-ci ildə tələbə yoldaşı Səidlə söhbəti əsnasında sonuncunun Hüseynağa adlı əmisi oğlunun Rusiya Federasiyasında tikinti materiallarının satışını həyata keçirdiyini, Hüseynağanın orada mağazasının olduğunu və taxta emal edib Azərbaycan Respublikasına göndərdiyini öyrənmiş və bundan sonra Səidin vasitəsilə Hüseynağa ilə tanış olmuşdu. Cavabdeh həmin vaxt Rusiya Federasiyasında Perm şəhərində yaşadığından onu şəxsən görməmiş və həmin vaxt onunla telefonla əlaqə saxlamışdır. Söhbət əsnasında Hüseynağadan iddiaçı üçün Azərbaycan Respublikasına Rusiya Federasiyasından taxta göndərməsini xahiş etmişdi. Hüseynağa ilə aradakı razılaşmaya əsasən iddiaçı əvvəlcədən taxtanın pulunu Hüseynağaya göndərməli, Hüsyenağa isə pul çatandan sonra taxtanı vaqonlarla iddiaçıya göndərməli idi. Həmin vaxt bir vaqon taxta ******* rubl edirdi. İddiaçı Hüseynağaya birinci dəfə ******* rubl pul göndərmiş və həmin pulun qarşılığında iddiaçıya iki dəfə taxta göndərilmişdi. İddiaçı daha sonra isə 2019-cu ilin əvvəllərinə kimi Hüseynağaya hissəhissə olmaqla, ümumilikdə ******* rubl pul vermişdir. Lakin, həmin pulu aldıqdan sonra Hüseynağa iddiaçını aladadaraq taxta göndərməmiş və pulu da geri qaytarmamışdır. Ümumilikdə Hüseynağaya ******* rubl (həmin dövrün məzənnəsi ilə 143100 manat) pul vermişdir. Həmin pulun ******* rubl (54000 manat) müqabilində Hüseynağa tərəfindən iddiaçıya taxta göndərilmiş olsa da, qalan pulun 89100 manat hissəsi müqabilində isə taxta göndərilməmiş və cavabdeh həmin pulu mənimsəmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq Cavabdeh bu günə kimi həmin pulu qaytarmamış və yaxud, pulun müqabilində söz verdiyi miqdarda taxta göndərməmişdir. Bununla bağlı Nərimanov rayon Polis İdarəsinə etdiyi şikayət aidiyyəti üzrə baxılması üçün Səbail rayon Polis İdarəsinə göndərilmiş və Bakı şəhəri Səbail RPİ-nin 41-ci Polis Bölməsinin təhqiqatçısı Vüqar Əmirovun 18 yanvar 2021-ci il tarixli qərarına əsasən şikayətində göstərilənlər mülki xarakterli olduğundan, cinayət işinin başlanılması rədd edilmişdir. Eyni zamanda, polisdə aparılan araşdırma zamanı X4 bildirmişdir ki, Cavabdeh onun əmisi olmaqla, uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. 2018-ci ildə əmisi Hüseynağa ona zəng edərək, Aqşin adlı tanışının onunla əlaqə saxlayacağını bildirmiş və qeyd etmişdir ki, özünün və Aqşin adlı şəxsin adına bank hesabı açaraq, Aqşinin ona verəcəyi pulları həmin kartların hesabına köçürsün. Bundan sonra İddiaçı adlı şəxs onunla əlaqə saxlamışdır. Memar Əcəmi metro stansiyasını yaxınlığında onunla görüşmüş və “VTB” Bankda hər ikisinin adına bank hesabı açmışlar. Bir neçə gün sonra əmisi Hüseynağanın dediyi kimi həmin kartları əmisinə göndərmişdir. Bundan sonra Aqşin ona müxtəlif vaxtlarda pullar vermiş, o, isə öz növbəsində həmin pulları kart hesabına köçürmüşdür. Təxminən 2018ci ilin ortalarından 2019-cu ilin əvvəllərinə kimi o, Aqşinin verdiyi 70000 manatdan çox pulu həmin kart hesablarına köçürmüşdür. Aqşin həmin pulları rubl şəklində müxtəlif şəxslər vasitəsilə şəhərin müxtəlif yerlərində, adətən isə Badamdar qəsəbəsi ərazisində ona vermişdir. Həmin polis araşdırmasından sonra da edilmiş müraciətlərə baxmayaraq Cavabdeh aldığı pulu qaytarmamışdır. Məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkan olmamış və Mediyasiya Təşkilatı 01 iyul 2022-ci il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayış vermişdir.

4. Cavabdeh 20 dekabr 2022-ci ildə məhkəməyə “iddia tələbinə qarşı yazılı Etiraz” təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddiasında göstərdiyi arqumentlərin hüquqi əsası yoxdur, həmin ərizə özündə hər hansı bir həqiqəti əks etdirmir, qanunsuz və əsassızdır və aşağıda göstərdiklərinə görə rədd edilməlidir. Belə ki, o (cavabdeh), sahibkarlıq fəaliyyəti ilə əlaqədar sifarişlər əsasında Rusiya Federasiyasından Azərbaycana taxta-şalban materialları göndərməklə məşğul olmuş və 2018-ci ildə Azərbaycanda taxta satışı ilə məşğul olan İddiaçı ilə qohumu Səid vasitəsi ilə telefonla əlaqə yaradaraq tanış olmuşdur. Aqşin ona təklif etmişdi ki, “birlikdə iş quraraq şərikinə işləyib, qazancı yarı bölsünlər”. O, Aqşinin təklifini qəbul etmişdi. 2018-ci ildə iddiaçı ona birinci dəfə ******* rubl pul göndərmiş və o, bu pul müqabilində Aqşinə 54700190 №-li vaqonla taxta göndərmişdir. Həmin vaqondan 300000 rubl gəlir əldə olunmuşdur. Aqşin daha sonra isə hissə-hissə ona 14 vaqonun pulunu göndərmişdir. Bunun müqabilində o, Aqşinə 14 vaqon taxta göndərmiş və həmin 14 vaqondan 11 vaqonu Aqşinin özü almış, 3 vaqon isə Bayramov Nadirə verilmişdir. Lakin, Nadir 2 vaqonun pulunu Bakı şəhərində vermiş olsa da, 1 vaqonun pulunu hələ də indiyənə kimi verməmiş və Nadirin ona 14800 ABŞ dolları, yəni 25000 manat borcu qalmışdır. Səbail rayon Polis İdarəsində bu iş araşdırılarkən “cinayət işinin rədd edilməsinə dair” 2 noyabr 2021-ci il tarixli qərarda göstərilmişdir ki, Astara rayon sakini Nadir Bayramov xəstə olduğu üçün istintaqa gələ bilməmiş və izahatının alınması üçün sağalandan sonra gələcəyi bildirilsə də, sonradan Nadirin izahatı alınmamış, bununla da 25000 manat pulun kimdə olmasına aydınlıq gətirilməmişdir. Bundan başqa, o, taxta sifarişini Rusiya Federasiyasında yaşayan Azərbaycan Respublikası vətəndaşı X3 vasitəsilə həyata keçirdiyinə görə ******* rubl (27400 manat) pul da Azər Hacıxanovdadır və bu barədə isə İddiaçı iddia ərizəsində heç bir şey göstərməmişdir. O, məhkəməyə bildirir ki, 2020-ci ildən dünyanı bürümüş “Covid” pandemiyası ilə əlaqədar Azərbaycana qayıtmış və ondan asılı olmayan fors-major səbəbindən öhdəliklərini tam yerinə yetirə bilməmişdir. O, hazırda yollar bağlı olduğundan müvəqqəti olaraq iş fəaliyyətini dayandırmışdır. İddiaçının iddiasında ona 5 milyon rubl göndərməsi barədə iddiası isə tamamilə əsassızdır. Belə ki, Aqşin tərəfindən ona ümumiyyətlə 14000000 rubl göndərilmiş və o, isə Aqşinə 14 vaqon taxta göndərmişdir. 1 milyon rubl pul isə Nadir Bayramov tərəfindən qaytarılmalıdır. İddiaçıya göndərilən 14 vaqon taxtanın satışından əldə edilən gəlir barəsində iddiaçı susmuş, bir kəlmə də olsun iddiasında qeyd etməmişdir. İddiaçı əldə edilən gəliri aramızda bölmək əvəzinə, mənimsəmiş və ona xeyli ziyan vurmuşdur. Buna görə də, o, hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir, ona vurulan ziyan tam ödənilməlidir.

5. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh taxta alınması üçün verilmiş 89100 manat məbləğində pul vəsaitinin, 358,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun və mediasiyaya görə ödənilmiş 400 manat məbləğində xidmət haqqının tutularaq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı ona qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, o, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydiyyatdan keçərək VÖEN almışdır. O, Azərbaycanda taxta satışı ilə məşğul olan İddiaçı ilə aralarında olan şifahi razılaşma əsasında 2018-2020-ci illər ərzində taxta satışı sahəsində birgə fəaliyyət göstərmişlər. Belə ki, onların arasında hər hansı bir yazılı müqavilə və s. olmasa da, İddiaçı həmin illər ərzində ona hissə-hissə olmaqla, ümumilikdə cəmi 14663000 rubl məbləğində pul göndərmiş və o, həmin pulun müqabilində də Rusiya Federasiyasında tədarük etdiyi taxtaları vaqonlarla Aqşinə göndərmişdir. Lakin, o, Aqşinin hissə-hissə göndərmiş olduğu 14663000 rubl məbləğində pulun yalnız ******* rubl hissəsi üzrə Aqşinin özünə taxta göndərə bilməmişdir. Buna səbəb isə hazırladığı 3 vaqon taxtanı Azərbaycanda satışı əlverişsiz olması səbəbindən Aqşin göndərilməsini istəmədiyinə görə, o, həmin taxtanı İranda satılması üçün Astara rayon sakini Nadirə göndərmişdir. Lakin, Nadir həmin vaqonların pulunu tam vermədiyinə görə və eləcə də, taxta verməsi üçün Rusiya Federasiyasında yaşayan Azər adlı şəxs almış olduğu pulu qaytarmadığına görə o, Aqşinə qaytarmalı olduğu ******* rubl məbləğində pulu qaytara bilməmiş və həmin pulları alan kimi Aqşinin də iki milyon Rubl pulunu qaytaracaqdır. Yəni, aralarında baş tutan birgə fəaliyyət nəticəsində onda Aqşinin iddia ərizəsində qeyd olunan “89100 manat məbləğində” deyil, cəmi “2000000 rubl məbləğində” pulu qalmışdır ki, Nadir və Azər adlı şəxslərdən borclarını alan kimi, həmin pulu da qaytaracaqdır. Bundan əlavə, Aqşinlə onun arasında heç bir vaxt manat və yaxud, dollarla hesabat aparılmamışdır. Aqşin ona həmişə pulu rus Rublu ilə göndərmiş və onlar da öz aralarında hesabatı həmişə “rubl”la aparmışlar. Lakin, hazırkı iddia ərizəsində ondan manatla pul tələb olunmasının səbəbini başa düşmür. Hesab edir ki, o, Aqşinin hissə-hissə göndərmiş olduğu cəmi 14663000 Rubl məbləğində pulun cəmi ******* Rubl hissəsinə görə taxta verə bilməmiş və həmin pulu da bu işlə əlaqədar Nadir və Azər adlı şəxslərdən alacaqlarını aldıqdan sonra qaytara bilər.

7. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-76/2023 nömrəli, 03 mart 2023cü il tarixli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın qismən təmin edilməsi, Cavabdeh (VÖEN **********) ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə ******* (iki milyon) rubl məbləğində pul vəsaiti, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 200 (iki yüz) manat hissəsi və 358,50 (üç yüz əlli səkkiz manat 50 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı (VÖEN **********) xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında öhdəliyin əmələ gəlməsinə əsas ola biləcək müvafiq yazılı müqavilə olmadan, İddiaçı tərəfindən qazanc əldə etmək məqsədi ilə 2018-2020-ci illər ərzində Cavabdeh ümumilikdə cəmi göndərilmiş 14663000 (on dörd milyon altı yüz altmış üç min) Rubl məbləğində pul vəsaitinin ******* (iki milyon) Rubl hissəsinə görə taxta göndərilməməsi və həmin məbləğin qaytarılmaması Cavabdeh ******* (iki milyon) Rubl həddində əsassız varlanmasına səbəb olmuşdur. Ona görə də, Cavabdeh “89100 (səksən doqquz min) manat məbləğində pul vəsaitinin İddiaçı qaytarılması” barədə iddia tələbi qismən əsaslıdır. Çünki, iddiaçı tərəf iddia tələbində qeyd olunan “89100 (səksən doqquz min) manat məbləğində” pul vəsaitinin həqiqətən də cavabdeh tərəfindən qaytarılmalı olmasını hər hansı bir mötəbər sübut hesab edilə biləcək rəsmi sənəd və yaxud, digər bir sübut əhəmiyyəti olan sənəd və ya sübut vasitəsi ilə sübut edə bilməsə də, cavabdeh məhkəmə araşdırması zamanı izahatlarında həqiqətən də taxta göndərilməsi üçün almış olduğu pulun ******* (iki milyon) Rubl hissəsini qaytarmadığını və həmin məbləğin müqabilində müvafiq miqdarda taxta vermədiyini etiraf etmiş və bununla da, iddiaçıya ******* (iki milyon) Rubl məbləğində pul qaytarmalı olduğunu təsdiq etmişdir. Bundan əlavə, qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bu fəaliyyət zamanı pullar yalnız “rus rublu” ilə verilmiş və tərəflər arasında hesabatlar “rus rublu” ilə aparılmışdır.

9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 439.1, 439.2, 1091.1, 1091.2,1092.1, 1093.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1. 106.3, 217.3, 217.4, 218.3, 119.1, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddələrinin tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır.

10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: - məhkəmə işi birtərəfli aparmış, tam araşdırma aparmamışdır, tərəflərin gətirdiyi sübutlara hüquqi qiymət verməmişdir. - məhkəmə iddiaçı ilə olan razılaşmanı araşdırmamış, iddiaçının əldə edilən gəlirdən cavabdehə çatacaq 20 000 AZN pulu qaytarmadığını nəzərə almamışdır. Belə olan halda cavabdehin iddiaçıya borcu yoxdur. Əksinə o cavabdehə çatacaq pulu mənimsəmişdir. Bütün yuxarıda göstərilən hallar təsdiq edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin ədalətli həllinə imkan verə biləcək hallara tələb olunan hüquqi qiymət verilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı iddiaçı yazılı etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

Tətbiq edilən hüquq

15.Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

16.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

36. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

39. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı taxta materiallarının alqı-satqısında iştirak etmək məqsədi ilə 2018-2020-ci illər ərzində Rusiya Federasiyasında yaşayan və hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh hissə-hissə olmaqla müəyyən məbləğlərdə rus Rublu göndərmiş və sonuncu tərəfindən də həmin pulun müqabilində İddiaçı satış üçün nəzərdə tutulan taxta materialları göndərilmişdir. Bununla belə, onların arasında baş tutmuş kommersiya xarakterli bu fəaliyyət üzrə hər hansı bir müqavilə bağlanmayaraq, müvafiq rəsmi sənədlər tərtib olunmamış və tərəflərin bu fəaliyyəti şifahi razılaşma əsasında həyata keçirilmişdir. Lakin sonradan onların arasındakı məlum fəaliyyət pozulmuş və İddiaçı “90000 manat pulun Cavabdeh tərəfindən qaytarılmaması” ilə əlaqədar şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Həmin şikayətlə əlaqədar Bakı şəhər Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş 02 noyabr 2021-ci il tarixli Qərarla cinayət işinin başlanması rədd edilmiş və şikayətçi İddiaçı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

20. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, bu dəlillər əsassızdır. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Bakı şəhər Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş 02 noyabr 2021-ci il tarixli cinayət işinin başlanması rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh izahatında Aqşinə 14 800 dollar(25 min manat) və 1.236.000 rubl (təqribən 27400 manat) borcu qaldığını bildirmişdir. Lakin qeyd etmişdir ki, o qeyd olunan pulları, yəni 14 800 dollar (25000 manat) dəyərində taxtanı Nadirə və ******* rubl (təqribən 27400 manat) pulu isə Azərə vermişdir. Həmin şəxslər isə bu günə qədər qeyd olunan pulları qaytarmamışlar. Bu barədə Aqşinin məlumatı vardır. Nadir həmin pulun iranlı bir nəfər şəxsdə olduğunu bildirmişdir. Azər isə hazırda Rusiyadadır və o Rusiyaya qayıdan kimi Azərdə qalan pulu ya nağd şəkildə, ya da taxta məhsulu şəklində alacağını və Aqşinə qaytaracağını bildirmişdir.

21. Cavabdeh apellyasiya baxışı zamanı da eyni məzmunlu izahat vermişdir və bildirmişdir ki, taxta materialları üçün iddiaçıya 2 milyon rubl borcu qalmışdır, 1 vaqon taxtanın pulu Bayramov Nadirdə qalmışdır. İddiaçı ilə bir yerdə iş görmüşlər. Amma o özü heç bir qazanc əldə etməmişdir. X8 ilə yol açılandan sonra, pulu alıb ona verəcək. İddiaçının razılaşması başqaları ilə yox, cavabdehin özü ilə olmuşdur, pul da ona verilmişdir. Nadir onun tanışı olmuşdur, malı ona vermiş, o isə satmışdır.

22. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı tələbini cavabdehə irəli sürməkdə və ondan tələb etməkdə haqlıdır. Belə ki, cavabdehin İstintaq Şöbəsində, birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı verdiyi izahatlarından da məlum olur ki, iddiaçı tərəfindən pul məhz cavabdehin özünə verilmişdir. Cavabdeh özü də iddiaçıya 2 milyon rubl borcunun olduğunu etiraf etmişdir. Birinci instansiya məhkəməsi də cavabdehin həmin məbləği etiraf etməsinə əsaslanaraq iddianı yalnız müvafiq hissədə təmin etmişdir. Cavabdehin bildirdiyi kimi, başqalarına iddiaçının pulunun verilməsi və ya taxtanın göndərilməsi isə cavabdehi iddiaçı qarşısında məsuliyyətdən azad etmir.

23. Kollegiya cavabdehin ona çatacaq iyirmi min manat pulun qaytarılmadığını məhkəmənin nəzərə almaması ilə bağlı apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edir. Belə ki, hazırki iş üzrə iddiaçı müvafiq iddianı qaldırmış, tərəflər arasında qazancın bölüşdürülməsi mübahisə predmeti olmamışdır. Cavabdeh iddiaçının əldə olunmuş qazancdan ona heç nə verməməsini iddia etsə də, bununla bağlı qanunvericiliyin yol verdiyi prosessual imkanlardan istifadə etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili iddianın rəddi üçün əsas deyildir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Buna baxmayaraq, hazırki mübahisə üzrə mübahisələndirilən pul vəsaitinin verilməməsini sübut etmək yükü tələb edən tərəfin-yəni iddiaçının üzərinə düşür. Bu hal sübuta yetirildikdə isə həmin vəsaitin iddiaçıya sonradan qaytarılmasını sübut etmək yükü cavabdeh tərəfin üzərində olur. Baxılan iş üzrə iddiaçının pulu cavabdehə verməsi cavabdehin özünün etirafı ilə təsdiq edildiyindən, cavabdehin isə həmin pul vəsaitini qaytarması müəyyən olunmadığından, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir.

25. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayət təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-76/2023 nömrəli, 03 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar