Məhkəmə qərarları › İş №2-2(105)-86/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-86/2021

29.06.2021 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-86/2021 29.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi İddiaçı və Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinə gediş-gəliş yolunun bərpa olunması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-24/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-24/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində, “Bakı-Qazax” yolunun 120-ci KM-də yerləşən İddiaçı (VÖEN **********) məxsus 0,034 ha torpaq sahəsinə giriş-çıxış yolundan istifadə edilməsinə maneə yaradan Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin inşa etdiyi tikilinin (Nəzarət-Buraxılış Məntəqəsi) öz hesabına sökülməsi və iddiaçıya məxsus həmin torpaq sahəsinə giriş-çıxış yolunun bərpa edilməsi, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən dövlət nəfinə tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı 22 iyun 2020-ci ildə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinə gediş-gəliş yolunun bərpa olunması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tikilmiş qeyri-qanuni yardımçı binanın cavabdehin öz hesabına sökülməsi, iddiaçıya məxsus torpaq sahəsinə giriş-çıxışın bərpa olunması və əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin 05.04.2006-cı il tarixli 06 saylı qərarı ilə 0.034 ha torpaq sahəsi kommersiya məqsədi üçün ayrılmışdır. Azərbaycan Respublikası Şamaxı Rayon İcra Hakimiyyətinin 29.05.1998-cı il tarixli 88 saylı sərəncamı ilə şəhər sakini İddiaçı şəhərin 48 nömrəli məhəlləsində Sənaye zonasında Şərq bazarından Şərq istiqamətində 17 x 20 metr (340m2) ölçüdə boş sahədə "Kommersiya məqsədi üçün icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət tikinti idarəsi və Arxitektura komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsinin 18 yanvar 2000-cı il tarixli 44 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı-Şamaxı yolunun kənarı Şərq bazarının Şərq istiqamətdə kommersiya məqsədi üçün qeydiyyata alınmışdır. Magistral yola giriş-çıxış üçün DYPİ tərəfindən icazə verilmişdir. Azərbaycan Avtomobil Yolları Agentliyinin Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 119+300 km magistiral yolunun çəkilişi ilə bağlı kommersiya obyektlərinə köməkçi yol verilmişdir. Azərbaycan Avtomobil Yolları Agentliyinin 29 aprel 2019-cu il tarixli 175/E saylı texniki şərtinə əsasən (Şamaxı şəhər Şəhriyar qəsəbəsi) yolun sol tərəfində ofis və anbar binasına giriş-çıxış yolunun tikintisinə dair respublika əhəmiyyətli avtomobil yollarında (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-cı il tarixli 298 nömrəli qərarı) yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən obyektə aid olan sahənin kənarına qədər olan məsafə 30 m-dən az olmamalıdır. Lakin "Cavabdeh" QSC tərəfindən ona məxsus kommersiya obyektinin qarşısı, giriş-çıxış yolu kəsilmiş və onun həmin obyektə yolu bağlanılmışdır. "Cavabdeh" QSC tərəfindən qanunsuz olaraq onun yolunun üstündə 2 mərtəbəli yardımçı bina tikilmiş və istifadəyə verilərək şlaqban qoyulmuş, Azərbaycan Avtomobil Yolları Agentliyinin 29 aprel 2019-cu il tarixli 175/E saylı texniki şərtinin İ bəndinə əməl etməyərək yolun hərəkət hissəsində 10 metr məsafədə qeyri-qanuni yardımçı bina tikərək onun giriş-çıxış yolunu bağlamışdır. Dəfələrlə şifahi xəbərdarlıq etməyinə baxmayaraq, obyektinə gələn giriş-çıxış yolunu bərpa etmirlər. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı öz iddia ərizəsində Bakı- Şamaxı magistral yolunun 120-ci kilometrliyində ona məxsus olduğunu bildirdiyi 0,034 ha torpaq sahəsinə magistral yoldan avtonəqliyyat vasitəsi ilə giriş-çıxış yolunun guya Cavabdeh QSC qonşuluqdakı əraziyə yerləşdikdən sonra məhdudlaşdırıldığını bildirmişdir. İddiasını əsaslandırarkən, İddiaçı AR BDYPİ tərəfindən 2002-ci il tarixli məktubla Bakı- Şamaxı yolunun 120-ci kilometrliyindən onun torpaq sahəsinə giriş-çıxış üçün icazə verildiyinə istinad etmişdir. Diqqət yetirilməli birinci məqam bundan ibarətdir ki, İddiaçı xüsusi mülkiyyətində olduğunu iddia etdiyi 0,034 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi - Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı məhkəməyə təqdim etməmişdir. Başqa sözlə, iddiaçının həmin torpaq sahəsinə dair hər hansı mülkiyyət hüququ mövcud deyil. Cavabdeh tərəfdən məhkəmənin gedişində Cavabdeh QSC-nə öz torpaq sahəsinə magistral yoldan giriş-çıxış verilməsinə dair Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən 175/1 saylı, 29.04.2019-cu il tarixli icazə və texniki şərt təqdim edilərək, aşağıdakı məqamlar məhkəmənin diqqətinə çatdırılmışdır: Cavabdeh QSC öz torpaq sahəsinə magistral yoldan giriş-çıxış yolunu məhz ona verilən texniki şərt üzrə müəyyən edilmiş yerdən çəkmişdir; 175/1 saylı, 29.04.2019-cu il tarixli texniki şərt üzrə verilən giriş-çıxış yolu, məxsusi olaraq, Cavabdeh QSC üçün nəzərdə tutulmuşdur. Belə ki, həmin icazə sənədində giriş-çıxış yolunun birgə və ya müştərək istifadəsinə dair heç bir vəzifə və ya öhdəlik, yaxud da şərt müəyyən edilməmiş, bununla bağlı hansısa qeyd-şərt edilməmişdir; 175/1 saylı, 29.04.2019-cu il tarixli texniki şərt üzrə giriş-çıxış yolunun inşası və ya istifadəsi hər hansı 3-cü şəxsin hüquqlarını pozmur. İddiaçı öz ərizəsində iddia tələblərini düzgün əsaslandırmamışdır. Belə ki, iddiaçı Bakı-Şamaxı avto magistralının məhz hansı hissəsindən özünə giriş-çıxış verildiyini təsdiq edən hər hansı sxem və ya texniki şərt təqdim etməmişdir. Belə olduğu halda, Bakı-Şamaxı yolunun 120-ci km-liyində məhz hansı hissədən ona giriş-çıxış verilməli olduğu müəyyən olunmur. Əgər xəritəyə diqqətlə nəzər salınsa, iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsinin Cavabdeh QSC-yə verilən giriş-çıxış yolu ilə hansısa formada kəsişmədiyini müəyyən etmək olar. Belə olduğu halda, nəyə görə məhkəmənin bu bariz faktı nəzərə almadığı sual doğurur. Əgər torpaq sahəsi yol qırağında yerləşirsə, adətən, o sahəyə giriş-çıxış yolu, həmin torpaq sahəsinə perpendikulyar istiqamətdə, yəni torpaq sahəsinin avtomobil yoluna paralel olan ən yaxın sahəsinə perpendikulyar olan şəkildə verilir. Belə formada giriş-çıxış yolu, onun hansı sahə üçün nəzərdə tutulduğunu rahat müəyyən etməyə imkan verməklə yanaşı, qonşuluqda yerləşən digər sahələrə münasibətdə hər hansı əngəlin yaranmasının qarşısını almağa xidmət edir. Lakin xəritədən də göründüyü kimi, Cavabdeh QSC-yə verilmiş giriş-çıxış yolu Cavabdeh QSC-nin yola paralel sahəsinə perpendikulyarlıq təşkil etsə də, İddiaçı məxsus torpaq sahəsinə heç bir aidiyyat göstərməməkdədir. Digər bir məqam ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin öz qətnaməsində istinad etdiyi 18.03.2021-ci il tarixli 10/2761 №-li ekspert rəyinin təyinatı “tikinti-texniki obyektlərin tədqiqatı” olmasına baxmayaraq, ekspert rəyində aparılmış hər hansı tədqiqata deyil, yalnız DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş 26.11.2021-ci il tarixli **********353 №-li məktuba istinad olunmuşdur. Ekspert rəyində adı çəkilən məktubda qeyd olunanlar “mütəxəssis rəyi” adlandırılmışdır. Lakin həmin DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin 26.11.2021 -ci il tarixli **********353 №-li məktubunda məhkəmə tərəfindən qoyulmuş sualların araşdırılması zamanı hər hansı vəzifəli şəxs və ya mütəxəssis tərəfindən mübahisələndirilən giriş-çıxış yolunun yerləşdiyi əraziyə baxış keçirilməmişdir. Belə ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystri Xidmətinin Sumqayıt Kommersiya Məhkəməsinə təqdim etdiyi 18.11.2021-ci il tarixli **********17 №-li məktub və həmin məktuba əlavə olunan arayışdan göründüyü kimi, tərəflərin iştirakı təmin olunmadığına görə, mübahisəli əraziyə baxış keçirilməmişdir. Məhkəmə ekspertizasının tədqiqatı obyektiv, hərtərəfli və tam həcmdə apardığını söyləmək mümkün deyil. Belə olan halda, tamamilə, əraziyə baxış keçirilmədən verilmiş şübhəli “mütəxəssis rəyi”nə istinad edilməklə tərtib olunan 18.03.2021-ci il tarixli 10/2761 nömrəli ekspert rəyində məhkəmə ekspertizasının fəaliyyətinin qanunla müəyyən edilmiş prinsiplərinin pozulduğu aşkar görünür. Lakin Sumqayıt Kommersiya Məhkəməsində işə baxılması zamanı ekspertiza rəyinin əsassızlığı faktına kifayət qədər diqqət yetirilməmiş, məhkəmə ekspert rəyini mötəbər sübut hesab etmişdir. Qətnamədən də başa düşmək mümkündür ki, məhkəmə iş üzrə gəldiyi nəticədə hər hansı digər sübutlara və ya məlumatlara deyil, məhz ekspert rəyinə istinad etməyə üstünlük vermişdir. Yuxarıda qeyd olunan işin faktiki hallarından birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehin hüquqlarının pozulmasına gətirib çıxaran bir sıra maddi və prosessual tələblərin pozulduğu aşkar görünməklə, belə pozuntuların aradan qaldırılması ədalət mühakiməsinin düzgün həyata keçirilməsi baxımından olduqca vacibdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 1701. və 170.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. İş materialları ilə müəyyən olunur ki, Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində, “Bakı-Qazax” yolunun 120-ci KM-də yerləşən 0,034 ha torpaq sahəsi kommersiya məqsədləri üçün hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN **********) mülkiyyətinə verilmişdir (25 may 2006-cı il tarixli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı (JN1326, KOD ********)). Şamaxı rayonu Şəhriyar qəsəbəsinin həmin ərazisində yerləşən 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsindəki ümumi sahəsi 278,5 kv.m olan qeyri-yaşayış binası isə hüquqi şəxs olan Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir (RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış (reyestr nömrəsi: **********60- 06301)). İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 18 yanvar 2021-ci il tarixli 10/2761 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus tikili yerləşmə yerinə görə İddiaçı məxsus 0,034 ha torpaq sahəsindən faktiki olaraq istifadə və sahiblik edilməsinə və eləcə də, həmin torpaq sahəsinin giriş-çıxış yoluna maneçilik törədir. Hər iki tərəfə məxsus torpaq sahələrinə girişçıxış yerinin eyni yerdən olduğu müəyyən olunur. Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində, “Bakı-Qazax” yolunun 120-ci km-də yerləşən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus torpaq sahəsinin (tikilinin) və İddiaçı məxsus 0,034 ha torpaq sahəsinin giriş-çıxış yolları bütün hissələrdə üst-üstə düşür. Cavabdeh QSC giriş-çıxış üçün Nəzarət-Buraxılış Məntəqəsi inşa etmişdir. Lakin, həmin Nəzarət-Buraxılış Məntəqəsinin tikintialtı sahəsi tərəflərə məxsus torpaq sahələrinin üzərində yerləşmir. Ekspert rəyindən göründüyü kimi mübahisələndirilən tikili İddiaçı məxsus 0,034 ha torpaq sahəsindən faktiki olaraq istifadə və sahiblik edilməsinə, torpaq sahəsinin giriş-çıxış yoluna maneçilik törədir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin edərək birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş materiallarında olan 44 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı-Şamaxı yolunun kənarı Şərq Bazarının Şərq istiqamətində yerləşən maye qaz yanacaq doldurma məntəqəsi şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına 18 yanvar 2000-ci il tarixdə 01 nömrəli reyestr kitabında 14 səhifədə 44 reyestr nömrəsi ilə qeydə alınmışdır. Apelyasiya şikayətinin İddiaçı 0,034 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun təsdiq edən sənədinin olmaması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan JN1326, KOD 41001004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Şamaxı rayonu, Şəhriyar bələdiyyəsinin 05.04.2006cı il tarixli 06 saylı qərarı ilə kommersiya məqsədi üçün İddiaçı 0,034 ha torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması işin mübahisəsiz halıdır. Apelyasiya şikayətinin iddiaçının Bakı-Şamaxı avto magistralının hansı hissəsindən özünə giriş-çıxış verildiyini təsdiq edən hər hansı sxemin və ya texniki şərtin təqdim edilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin 01.09.2020-ci il tarixli, 30 nömrəli arayışından görünür ki, Bakı-Qazax magistral avtomobil yolunda əsaslı təmir-bərpa işləri zamanı Şəhriyar bələdiyyəsinə məxsus ərazidə yeni inşa olunmuş Cavabdeh və İddiaçı məxsus torpaq sahəsinə giriş-çıxış üçün hər iki obyektə bir yol nəzərdə tutulmuşdur. Bundan başqa, yuxarıda qeyd olunan ekspert rəyi ilə də hər iki tərəfə məxsus torpaq sahələrinə giriş-çıxış yerinin eyni yerdən olduğu təsdiq olunur. Cavabdeh apelyasiya şikayətində mübahisələndirilən giriş-çıxış yolunun yerləşdiyi əraziyə baxış keçirilməməsini, məhkəmə ekspertizası tədqiqatının obyektiv aparılmadığını göstərsə də, mütəxəssis və ekspert rəyinin əsassız olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apelyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Qeyd edilənləri və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-24/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar